Məhkəmə qərarları › İş №e-2(125)-562/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-562/2024

24.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-562/2024 24.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Tahir oğlunun sədrliyi, Salmanzadə Ülkər Hikmət qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndələri və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və cavabdehin azyaşlı uşaqları və onlara məxsus ev əşyaları ilə birlikdə mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, azyaşlı övladları xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Ozan küçəsi, 4-cü dalan, 2 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarına 10000 manat kompensasiya ödənilməklə xitam verilməsi, Cavabdeh azyaşlı övladları və onlara məxsus ev əşyaları ilə birlikdə mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, Gəncə şəhəri, Ozan küçəsi, dalan 4, 2 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında iddiaçılar İddiaçı2 və İddiaçı1 məxsusdur. Cavabdeh iddiaçılardan İddiaçı2 gəlini, İddiaçı1 arvadıdır. Cavabdeh İddiaçı1 ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikaha girərək evlənmişdirlər. Evləndikdən sonra iddiaçılar cavabdehi öz mülkiyyətlərində olan evə qeydiyyata saldırmışlar və birgə təsərrüfat idarə etmişlər.Birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü Zakir və xx.xx.2021-ci il təvəllüdlü Məhəmməd adlı övladları vardır. Hazırda nikahın pozulması barədə məhkəmədə işləri vardır. Tərəflər hazırki mübahisə ilə bağlı mediasiaya müraciət etsələr də, mediasiyada cavabdeh tərəf gəlmədiyindən razılıq əldə edilməmişdir. Odur ki, hazırda cavabdehin və azyaşlı övladlarının onların mülkiyyətində olan evdən istifadə hüquqlarına 10.000 manat məbləğində kompensasiya ilə xitam verilməsi, cavabdehin, azyaşlı uşaqların və onlara məxsus ev əşyaları ilə birlikdə mənzildən çıxarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət edilmişlər. Hesab edirlər ki, iddia tam əsaslıdır və cavabdehə ödəniləcək kompensasiya bu günkü bazar qiymətlərinə uyğundur. Belə ki, alınmış qiymətləndirmə rəyindən də görünür ki, cavabdeh eyni şəraitli evdə 180 manat ödəməklə kirayədə qala bilər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndələri və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf edərək bu barədə məhkəməyə ərizə təmin etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş- xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********75-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə ½ hissədə İddiaçı2 və ½ hissədə İddiaçı1 adına rəsmi reyestrdə qeydə alınmışdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, İddiaçı2 və İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 0,0240 ha torpaq sahəsinin üzərində inşa edilmiş, 74,9 kv.m ümumi, 37,4 kv.m yaşayış, 37,5 kv.m yardımçı sahədən ibarət, 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixə aylıq kirayə haqqı 180 manat təşkil edir. xx.xx.2023-cü il tarixli, MŞG/MT033/2023-00329 nömrəli ilkin mediyasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə saat 16:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı2 ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. AZ-İV650890 nömrəli və AZ-İV893428 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı1 ilə Cavabdeh birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X5, xx.xx.2021-ci il təvəllüdlü X3 anadan olmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, iddia tələbini qəbul edərək, 10 000 manat kompensasiya əvəzində mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxmağı qəbul etmiş, etirazı olmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçılardan İddiaçı1 ilə cavabdeh xx.xx.2018-ci ildə nikaha daxil olmuşlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Yuxarıda qeyd olunanlarla müəyyən olunur ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququ vardır, iddiaçı özü cavabdehin istifadə hüququnun olmasını mübahisələndirməmişdir və onun tərəfindən təklif olunan kompensasiyanın məbləği cavabdehin istifadə hüququna xitam verilməsi üçün yetərlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 52.5-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa məhkəmə belə hərəkəti qəbul etmir. Qeyd olunan müddəaları rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə məhkəmə tərəfindən qəbul edilməlidir. MPM-in 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan isti fadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından, həmçinin iddiaçılar tərəfindən cavabdehə təklif edilən 10000 (on min) manat məbləğində pul cavabdehə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkan verilməsi üçün kifayət hesab edilə bildiyindən iddia təmin olunmalı, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh 10000 (on min) manat kompensasiya məbləği ödənilməli, kompensasiya məbləği Cavabdeh ödənildikdən sonra onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilməli, Cavabdeh azyaşlı övladları xx.xx.2019-cu il təvəllüdlü X5, xx.xx.2021-ci il təvəllüdlü X4 və onlara məxsus ev əşyaları ilə birlikdə fərdi yaşayış evindən çıxarılmalıdırlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh 10000 (on min) manat kompensasiya məbləği ödənilsin. Kompensasiya məbləği Cavabdeh ödənildikdən sonra onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilsin, Cavabdeh azyaşlı övladları xx.xx.2019-cu il təvəllüdlü X5, xx.xx.2021-ci il təvəllüdlü X4 və onlara məxsus ev əşyaları ilə birlikdə fərdi yaşayış evindən çıxarılsınlar. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar