Məhkəmə qərarları › İş №e-2(125)-563/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-563/2024

23.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-563/2024 23.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan doğulmuş 21 sentyabr 2023-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancının dörddə bir hissəsi miqdarında alimentin tutulması, eyni zamanda X1 3 yaşı tamam olana qədər çəkilən əlavə xərcin, yəni 120 (yüz iyirmi) manat, eyni zamanda mediasiya xərci üçün ödənilmiş 55 manat pulun Cavabdehdan tutularaq İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 22 oktyabr 2022-ci il tarixində 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən nikah bağlanılmışdır. Bu nikahdan 21 sentyabr 2023-cü il tarixdə anadan olmuş X3 anadan olmuşdur. Tərəflər arasında olan nikah ər-arvadın birgə ərizəsi ilə pozulmuş, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cu il tarixli, № 60 ilə qeyd edilmiş nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Halhazırda yetkinlik yaşına çatmayan 21 sentyabr 2023-cü il tarixdə anadan olmuş X3 İddiaçı himayəsində saxlanılır. Cavabdeh uşaq doğulandan bu yana zəruri ehtiyaclarının ödənilməsi üçün heç bir maddi köməklik etməmişdir. İddiaçı heç bir yerdə işləmir və əlavə gəliri yoxdur. Hal-hazırki vəziyyət üçün isə göz qabağındadır ki, tək və işsiz bir qadın kimi övlad böyütmək həqiqətən də çox çətindir. Hal-hazırda azyaşlı uşağın tələbatının ödənilməsi üçün iddiaçının davamedici hüququ olan aliment almağı vacibdir. 21 sentyabr 2023-cü il tarixdə anadan olmuş X3 indi 2 aylıqdır və məsrəfləri yetərincə çoxdur. Bu da əlavə xərc deməkdir. Bunun üçün alimentdən əlavə olaraq da 21 sentyabr 2023-cü il tarixdə anadan olmuş X1 3 yaşı tamam olana qədər hər ay 120 (yüz iyirmi) manat əlavə xərc cavabdehdən tutulmalıdır. Odur ki, cavabdehlə birgə nikahdan doğulmuş 21 sentyabr 2023-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancının dörddə bir hissəsi miqdarında alimentin tutulması, eyni zamanda X1 3 yaşı tamam olana qədər çəkilən əlavə xərcin, yəni 120 (yüz iyirmi) manat, eyni zamanda mediasiya xərci üçün ödənilmiş 55 manat pulun Cavabdehdan tutularaq İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehlə birgə nikahdan 21 sentyabr 2023-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancının dörddə bir hissəsi miqdarında alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiklərinin həqiqətlə yaxından uzaqdan heç bir əlaqəsi yoxdur. Belə ki, iddiaçı onun uşaqla bağlı ona köməklik etmədiyini bildirsə də, övladı dünyaya gəlməmişdən əvvəl o, iddiaçıyla əlaqə saxlayaraq doğuşdan əvvəl ona xəbər verilməsini və doğuşla bağlı bütün xərcləri qarşılamaq istədiyini bildirsə də, iddiaçı ehtiyac olmadığını bildirərək doğuşun vaxtını gizlətmişdir. Buna da, əsas səbəb Laura xanıma çalışdığı iş yeri tərəfindən analıq məzuniyyətinə çıxmamışdan qabaq bütün xərcləri qarşılayacaq qədər məbləğin birdəfəlik onun əməkhaqqı hesabına köçürülməsidir. Hətta İddiaçı həkiminə belə doğuşdan qabaq müraciət etmiş və o, ona əsassız şəkildə boşandıqları üçün doğuşun vaxtı ilə bağlı məlumat verə bilməyəcəyini bildirmişdir. O, uşağın anadan olmasını biləndən dərhal sonra uşağı görmək üçün hədiyyələrlə valideynləri ilə birlikdə yaşadığı evə getsə də, iddiaçının özü və valideynləri heç nəyi qəbul etməyərək uşağı ona göstərməmişlər və əsassız yerə mübahisə salmışlar. Ona görə də o, məcbur olub övladını görmək üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Çətinliklə olsa da, həftədə 1 dəfə uşağı 5-10 dəqiqə görə bilir və hər dəfə gedəndə uşağın ehtiyacları, hansı həkimdə yoxlanıldığını soruşsa da, hər şeyi qarşılamağa hazır olduğunu bildirsə də, məlumatlar ondan gizlədilir. Ehtiyacları üçün maddi vəsait verməyə çalışsa da iddiaçı onları qəbul etməkdən imtina edir. Yəni göründüyü kimi o, valideyn kimi imkanı çatdığı qədər valideynlik vəzifəsini yerinə yetirməyə çalışsa da, eyni zamanda məhkəmə mübahisəsi olmadan ona hər ay mütəmadi yardım etmək istəsə də, iddiaçı buna razı olmamış və əsassız yerə məhkəməyə müraciət edərək mediasiya qurumuna və vəkil xidmətinə qədərindən artıq məbləğlər xərcləmişdir. Bundan başqa, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, heç bir yerdə işləmir. Bu tamamilə yalandır. Belə ki, iddiaçı Azərbaycan Beynəlxalq Bank ASC-nin Gəncə ASAN xidmət mərkəzində əməliyyatçı-xəzinədar vəzifəsində işləyir və hal-hazırda analıq məzuniyyətindədir. Eyni zamanda da tək yaşamır, hər iki valideyni ilə birlikdə qalır və onların da hər ikisi işləyir. İddiaçının uşaq 3 yaşına çatanadək işləməmək hüququ olsa da, onun 3 il olaraq işləməyəcəyi də sual altındadır. O, iddiaçının tələb etdiyi 120 manat əlavə xərcin və 55 manat mediasiya xərcinin ödənilməsinə etiraz edir və bildirir ki, o, əlavə xərc olaraq iddiaçıya 30 manat pul verə bilər. 55 manat mediasiya xərci isə iddiaçının özü tərəfindən qarşılanmalıdır. Qeyd edilənlərdən də, göründüyü kimi iddiaçının iddiası tamamilə əsassızdır, o, əmək haqqının qeyri-sabit dəyişkən olması ilə bağlı sabit məbləğin tutulmasını xahiş edir. Əlavə xərc hissəsində isə qismən 30 manat ödəməyə razıdır. Odur ki, İddiaçı ona qarşı aliment tələbinə dair iddiasının onun əmək haqqının qeyri-sabit olmasını nəzərə alaraq sabit məbləğ şəklində təyin edilərək ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İV № 935613 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X3 21 sentyabr 2023-cü ildə doğulmuşdur, atası Cavabdeh, anası X2r. İş materiallarına əlavə edilmiş Elektron portaldan çıxarışdan görünür ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətində mütəxəssis vəzifəsində işləyir, əmək haqqı 500 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında 22 oktyabr 2022-ci il tarixində 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikah bağlanılmışdır. Birgə nikahlarından 21 sentyabr 2023-cü il tarixdə X3 adlı uşaq doğulmuşdur. Aralarında baş vermiş narazılıqlara görə tərəflər ayrılmış, ayrıldıqdan sonra uşaq iddiaçının himayəsində qalmışdır. İddiaçı maddi vəziyyətinin yaxşı olmadığını qeyd edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. İş materiallarından görünür ki, uşaq iddiaçının himayəsindədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, azyaşlı uşaqların saxlanması üçün həm cavabdehin, həm də iddiaçının üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşaqların saxlanmasına kömək göstərmək və uşağa qayğı göstərmək iddiaçı və cavabdehin valideynlik borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə - qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulur. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, iddiaçının azyaşlı uşağın saxlanmasında maddi cəhətdən çətinlik çəkdiyini nəzərə alır və hesab edir ki, hazırda Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərcin 25 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 23 noyabr 2023-cü ildən başlayaraq, 21 sentyabr 2023-cü il tarixdə anadan olmuş X3 adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 (əlli) manat xərcin 25 manatı cavabdehdən İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar