Məhkəmə qərarları › İş №e-2(125)-568/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-568/2023

17.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-568/2023 17.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzi qismində 11.112 manat, ödənilməmiş əsas borcun əvəzi qismində 3.000 ABŞ dolları, faiz borcunun əvəzi qismində 1.256 manat 49 qəpik, hüquqi yardıma görə vəkilə ödənilmiş vəsaitin əvəzi qismində 400 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 200 manat, cəmi 18.069 manat 39 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, İddiaçı 2019-cu ildə cücə təsərrüfatının yaradılması üçün Cavabdeh 6.537 ABŞ dolları, yəni Azərbaycan manatı ekvivalentində 11.112 AZN məbləğində pul vermişdir. Cavabdeh eyni məbləğdə şərikli müəssisənin qurulması üçün pul qoyacağını söz vermişdir. Lakin cavabdeh aldığı pulların müqabilində heç bir iş görməmiş, təsərrüfatı yaratmamış, şəriklik üçün öz üzərinə düşən payı (pul məbləğini) şərikliyə qoymamış və nəticədə şərikli təsərrüfatı yaratmamışdır. Şifahi razılaşmaya əsasən cücə təsərrüfatınının yaradılması ilə bağlı bütün işləri cavabdeh özü şəxsən apararaq təsərrüfatın yaradılması ilə bağlı bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Lakin cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, şərikli təsərrüfatı qurmamış, hesabatları aparamamış və nəticədə iddiaçıya zərər vurmuşdur. Eyni zamanda İddiaçı 2020-ci ilin sentyabr ayında 3.000 ABŞ dolları məbləği borc şəklində cavabdehə vermişdir. Lakin cavabdeh həmin borc məbləğini iddiaçıya bu günə kimi geri qaytarmamışdır. Nəticə etibarı ilə cavabdeh iddiaçının ümumilikdə 16.212 manat 90 qəpik pul məbləğindən istifadə edərək bəhrələnmişdir. Bunun nəticəsində iddiaçı pulundan məhrum olmuşdur. Belə ki, əgər cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirsəydi, iddiaçı öz pulundan məhrum olmazdı və hazırki zərərlə üzləşməzdi. İddiaçı aldadıldığını bildikdən sonra 2020-ci ilin oktyabr ayında Gəncə şəhər Prokurorluğuna dələduzluq ilə bağlı ərizə ilə şikayət etmişdir. Lakin Gəncə şəhər Baş Polis İdarəsi İstintaq və Təhqiqat İdarəsi 15 iyul 2021-ci qərarı ilə cinayət işinin başlanmasını rədd etmişdir. Həmin qərarla mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Bu günə kimi iddiaçı cavabdehdən öz pulunu geri tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə pulunu geri qaytarmamışdır. İddiaçı haqlı olaraq dəymiş zərərin üzərinə Mərkəzi Bankın uçot dərəcəsi üzrə 7,75%, yəni ki, 1.256 manat 49 qəpik məbləğində cərimə hesablamışdır. Sonda Vəkil1 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 məhkəmədə iddianı qəbul etməyərək bildirdi ki, Cavabdeh uzun illər ev quşlarının yetişdirilməsi və satışı ilə məşğul olmuşdur. Cavabdeh İddiaçı dostu vasitəsilə tanımışdır. Tərəflər arasında qısa müddətdə dostluq münasibətləri yaranmışdır. Ağası Natiqin əvvəllər ev quşlarının satışı fəaliyyəti ilə məşğul olduğunu öyrəndikdən sonra ona şərikli müəssisə qurmağı təklif etmiş, Natiq isə həmin təklifi qəbul etmişdir. Onların hər ikisi təsərrüfatın inkişaf etməsi üçün pul vəsaiti sərf etmiş, hətta bir dəfə qazanc da əldə etmişlər. Belə ki, Cavabdeh satılmış cücədən əldə olunan pul vəsaitinin yarısını təşkil edən 1.100 manat məbləğində pulu İddiaçı vermişdir. Sonuncu dəfə 2019-cu ilin iyul ayında iddiaçı cavabdeh yeni partiya cücə alınması və yetişdirilməsi üçün 6.537 ABŞ dolları məbləğində pul vəsaitini cavabdehə vermişdir. Cavabdeh isə məbləğin üzərinə özü də pul əlavə edərək, 5.000 ədəd cücə sifariş etmişdir. Cavabdeh cücələrin saxlanması dərman, yem, odun almış və digər lazimi xərclər çəkmişdir. Cavabdeh 2019-cu ilin sentyabr ayında İddiaçın 2.000 ABŞ dolları və 1.700 manat məbləğində pul vəsaitini borc almış və onu da cücələrin saxlanması üçün sərf etmişdir. Sonuncu partiyada cəmi 7.612 baş cücə alınmış, onların saxlanmasına 33.007 manat xərc çəkilmişdir. Cavabdehin cücələrin yetişdirilməsi üçün gördüyü bütün tədbirlərə baxmayaraq, həmin partiyada olan cücələrə xəstəlik düşmüş və onlar kütləvi şəkildə məhv olmağa başlamış, cəmi 84 baş cücə sağ qalmışdır. Bu isə tərəflərin təsərrüfatlarının müflis olmasına səbəb olmuşdur. Cücələr məhv olduqdan sonra cavabdeh onları kisələrə doldurmuş və sonradan iddiaçıya da həmin kisələri göstərmişdir. Beləlikə, bütün bu göstərilənlərə əsasən belə bir nəticəyə gəlmək olar ki, tərəflər şərik olaraq cücə yetişdirilməsi və satışı işi ilə məşğul olmaq qərarına gəlmişlər. Hər iki tərəf təsərrüfatlarının inkişaf etdirilməsi üçün sərmayə qoyarkən, cücələrin məhv olması və ya hər hansı bir səbəbdən ziyan çəkmək riskini gözə almalı idilər. Belə ki, biznes fəaliyyətində gəlir əldə edilə bildiyi kimi, ziyan da vurula bilir. Cücələrin xəstələnmasə və kütləvi şəkildə məhv olması Cavabdeh iradəsindən asılı olmadığı üçün, onların alınması üçün sərf edilmiş pul vəsaitinin Cavabdeh tələb edilməsi düzgün deyil. Çünki cavabdeh iddiaçının pulunu təmsilçisi olmuş və lazım gəldikdə özü də həmin təsərrüfata pul xərcləmişdir. Əgər sonuncu partiya cücələr məhv olmasaydılar, cavabdeh iddiaçının ilkin pulunu geri qaytaracaqdı. Sonda Vəkil2 iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini (vəkillərini) dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, o, baytar aptekində baytar həkimi işləyir və əczaçılıqla məşğul olur. Cavabdeh o, 3 ildən artıqdır ki, tanıyır. Natiq uzun illərdir ki, cücə yetişdirməklə məşğul olur. Natiq tez-tez onun çalışdığı aptekə gəlib cücələrə dərman almış və cücələrdə xəstəlik olanda Natiqin xahişi ilə Samux rayonunda yerləşən fermaya gedib cücələri müayinə etmişdir. O, 2020-ci ilin qış aylarında həmin fermaya getdikdə, fermanın içərisini tüstü olduğu görmüşdür. Buna görə o, Cavabdeh irad bildirərək, tüstüyə görə içəridə nəfəs almağın mümkün olmadığını bildirmişdir. Növbəti gün getdikdə isə sobanın işləmədiyini və içərinin çox soyuq olduğunu aşkar etmişdir. Cəmi həmin ərəfələrdə 2 dəfə ora getmiş və 2 kisə cücənin məhv olduğunu görmüşdür. O, kütləvi qırğına şahid olmamışdır. Sonuncu dəfə Cavabdeh ondan 550 manat məbləğində dərmanı nisyə almış, bundan qabaq isə 650 manat məbləğində dərmanı əldə etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, Cavabdeh 2017-ci ildən tanıyır. Onlar Azərbaycan Beynəlxalq Hava Limanında tanış olmuşlar. 2019cu ildən etibarən o Cavabdehla birlikdə cücə yetişdirilməsi və satışı ilə məşğul olmuşdur. Onlar şərik olmuşlar və əldə etdikləri gəliri öz aralarında bölmüşlər. O, İddiaçı 2020-ci ilin avqust ayında tanımışdır. Cücələrin kütləvi şəkildə məhv olması halı baş verməmişdir. 4 partiya cücə olmuşdur və 2.346 ədəddən ibarət olan sonuncu partiya 2020-ci ilin mart ayında satılmışdır. 1 cücənin qiyməti 4 manat 20 qəpik təşkil etmişdir. Heç vaxt təsərüffatda 5.000 ədəd cücə olmamışdır. Qeyd edilən 2.346 ədəd cücə isə Göyçay rayonunda 2020-ci ilin fevral ayında alınmışdır. İş materiallarında olan 15 iyul 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, İddiaçı və X1 ərizələri əsasında toplanmış materialda Azərbaycan Respublikası CM-in 178-ci maddəsinin nəzərdə tutulmuş dələduzluq cinayətinin tərkib əlamətləri olmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı və X3 Cavabdeh ilə aralarında yaranmış pul mübahisəsinə görə mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdeh izahatında göstərmişdir ki, 2019-cu ilin yay aylarında dostunun vasitəsilə Ağası İsmayılov ilə tanış olmuşdur. Ağası ona təklif etmişdir ki, birlikdə cücə təsərrüfatı qursunlar və gəlir əldə etsinlər. O, həmin vaxt özündə kifayət qədər pul olmadığı üçün düşünmüşdür ki, Ağasının puluna ayrıca birgə təsərrüfat qursun, əldə edilən gəliri iki yerə bölsünlər. O özü bu işlərdə təcrübəli olduğu üçün bütün təşkilati işləri özü görəcəkmiş və təsərrüfatın qurulmasında və idarə edilməsində əziyyəti böyük olduğu üçün pul qoymasa da əldə ediləcək gəlirdən Ağası ilə birlikdə o da pul götürməlidir. Ağası onunla şərt kəsmişdir ki, təsərrüfatda yalnız iki nəfər, o və Ağası olacaqdır. 2019-cu ilin avqust ayının əvvəllərində Hüseynəli ilə aldıqları cücələrin satışı bitdiyi üçün qardaşının fermasından çıxıb özlərinə ayrıca ferma axtarmağa başlamışlar. Hüseynəlinin onda 2000 manat pulu qaldığı üçün ona demişdir ki, əlavə 1000 manat pul qoysun, özü də əlavə 1000 manat qoyacaq və 6000 manata yeni təsərrüfat quracaqlar. Hüseynəli 1000 manat pulu ona 2019-cu ilin avqust ayının əvvəlində vermişdir. Ağası və Hüseynəlinin bir-birindən xəbəri olmadan Ağası və Hüseynəlinin pulları ilə ümumi təsərrüfat qurmaq qərarına gəlmiş, onlar bu işi bilmədikləri, işin bütün əziyyətini özü çəkəcəyi üçün düşünmüşdür ki, gəliri üç yerə bölsün. 2019-cu ilin avqust ayında icarəyə götürdükləri yerə əlində olan 5000 manat və 6537 ABŞ dolları puldan lazımi avadanlıqları Bakı şəhərindən alıb gətirmişdir. Bundan sonra Hüseynəlidən 3000 manat bir, 1500 manat bir (həmin pula hinduşka almaq fikri olsa da sonradan cücələrin xərcləri üçün Hüseynəlinin iştirakı ilə sərf edəsi olmuşdur) almışdır. Həmin partiyadan xərclər çıxıldıqdan sonra 2160 manat gəlir əldə edilmişdir. Əldə edilən pulun yarısını Ağasıya Bakı şəhərində vermiş, qalan pulu təsərrüfata xərcləmişdir. Həmin ərəfədə Ağası və Hüseynəlinin onda ümumilikdə təxminən 18000 manat pulu olmuşdur. Həmin pulla 5000 ədəd cücə sifariş vermişdir. Həmin cücələri 2020-ci ilin fevral ayında satmış, ümumilikdə 31000 manat qazanc əldə etmişdir. Xərclər çıxıldıqdan sonra 2546 manat xalis gəlir qalmışdır. Həmin pula Ağası ilə Hüseynəlinin mayalarını, eləcə də Ağasıdan borc aldığı pulu birlikdə qoyub eləcə də əlavə 2000 manat Hüseynəlidən alıb yeni partiya cücələr almışdır. 2020-ci ilin fevral ayında 5000 ədəd cücə sifariş vermişdir. Sonuncu partiya onların təsərrüfatının müflisləşməsinə səbəb olmuşdur. Cücələrə xəstəlik düşdüyü üçün kütləvi məhv olmağa başlamışlar. Əlavə 2000 cücə də sifariş vermiş, cücələrin hamısı qısa müddətdə xəstəlikdən məhv olmuşdur. Geriyə isə 100-ə yaxın cücə qalmışdır. Bununla da təsərrüfatları müflis olmuş, Ağası və Hüseynəlidən aldığı pullar da cücələrin saxlanmasına və yetişdirilməsinə xərclənmişdir. İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 26 dekabr 2022-ci il tarixli, MİHO/1.2-2.-2022-8924 nömrəli məktubundan görünür ki, 2020-ci ilin fevral ayında Samux rayonu, Gəncə-Navağalı yolunun sağ tərəfində yerləşən X6 məxsus quşçuluq fermasında 5.000 ədəd quşun kütləvi şəkildə xəstəlikdən məhv olması ilə bağlı müvafiq məlumatların təqdim edilməsi barədə baytarlıq nəzarəti xidmətinə məlumat daxil olub-olmaması, Cavabdeh tərəfindən quşların xəstəlikdən məhv olması barədə baytarlıq nəzarəti xidmətinə müraciət edilib-edilməməsi və 2020-ci ilin yanvar-iyun aylarında Gəncə, Samux, Şəmkir şəhərlərində quşlara təsir edən yoluxucu xəstəliklərin yayılmasının müşayiət edilib-edilməməsi barədə sorğuya Kənd Təsərrüfatı Nazirliyində baxılmışdır. Sorğuda qeyd edilən məsələlərlə bağlı Nazirliyə müvafiq məlumat və müraciətlər daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 556.1-ci maddəsinə əsasən icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında müqavilədən irəli gələn və əsassız varlanmadan irəli gələn öhdəliklə bağlı mübahisə vardır. Belə ki, sadə şəriklik barədə müqavilə mülki qanunvericilikdə nəzərdə tutulmasa da mülki qanunvericiliyin tələblərinə də zidd deyildir və belə müqavilənin formasına dair də hər hansı tələb yoxdur. Bu baxımdan həmin müqavilənin şifahi formada bağlanması mümkündür. Müqavilənin şərtlərinə görə tərəflər hər biri maya kimi müəyyən pul məbləği qoymalı, cücə təsərrüfatı üçün lazımi avadanlıqlar alınmalı, cücələr alınaraq yetişdirilməli və satılmalı, bu zaman çəkilən xərclər və əldə edilən gəlir tərəflər arasında bərabər bölünməlidir. Cücə təsərrüfatına ümumi rəhbərlik və vəsaitin xərclənməsinə nəzarət cavabdeh tərəfindən həyata keçirilir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, tərəflər öz aralarında şərikli təsərrüfat qurulmasına dair razılıq əldə etmiş və 3 partiyada cücə saxlamışlar. İlk partiyada cücələrin alışı 2019-cu ilin ayında, satışı 2019-cu ilin noyabr ayında; ikinci partiyada cücələrin alışı 2019-cu ilin noyabr ayında, satışı 2020-ci ilin fevral ayında olmuşdur. İlk partiyada və ikinci partiyada təsərrüfatın işlədilməsində İddiaçı və Cavabdeh qazanc əldə etmişdir. Hətta ikinci partiyada cücələrin satışından ümumilikdə 31.000 manat qazanc əldə edilmiş, həmin qazancdan X2 və X1 ilkin mayaları, nisyə qaydada alınmış yem və s. xərclər, həmçinin Cavabdeh İddiaçı aldığı borc çıxıldıqdan sonra xalis 2.546 manat məbləğində pul qalmışdır. Cavabdeh həmin pula, yəni İddiaçı və H.E.Əslibəyovun mayalarını, eləcə də İddiaçı aldığı borc pulu qoyub yeni üçüncü partiya cücə almışdır. Qeyd olunan xüsusatlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsi İstintaq və Təhqiqat İdarəsinin icraatında olmuş HK-1/1644, 1675 nömrəli materialın araşdırılması zamanı Cavabdeh izahatında da göstərilmiş və 15 iyul 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda öz əksini tapmışdır. Göründüyü kimi təsərrüfatın yaradılmasına İddiaçı tərəfindən sərf olunmuş 6.537 ABŞ dolları, yəni 11.112 manat məbləğində pul vəsaiti (maya) ikinci partiyada xalis pul şəklində əldə olunmuş və yenidən təsərrüfatın inkişafına (üçüncü partiyada cücələrin alışına) cəlb edilmişdir. Beləliklə də sonuncu partiya ilk partiyada sərf olunan bəzi xərclərdən (yem qablarının, sobanın və s. təsərrüfat əşyalarının alınması) azad şəkildə fəaliyyətə başlamış və İddiaçı məxsus 6.537 ABŞ dolları, yəni 11.112 manat məbləğində pul vəsaiti təsərrüfatın işlədilməsinə yenidən cəlb edilmişdir. Bundan başqa, Cavabdeh İddiaçı 2.000 ABŞ dolları və 1.700 manat məbləğində pul vəsaitini borc almış və həmin pul vəsaitini İddiaçı qaytarmamışdır. Mülki işin məhkəmə tədqiqi zamanı cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 sonuncu partiyada cücələrin tələf olması ilə əlaqədar tərəflərin zərərə məruz qaldıqlarını bildirsə də, buna dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Cavabdeh üçüncü, yəni sonuncu partiyada 7.612 baş cücə aldıqlarını, onların saxlanmasına 33.007 manat xərc çəkdiklərini və cücələrin hamısının məhv olub cəmi 84 baş cücənin sağ qaldığını bildirmişdir. Məhkəmə qeyd edir ki, təsərrüfata rəhbərlik edən şəxs kimi cavabdeh iddiaçıya təsərrüfatın vəziyyəti barədə dürüst hesabat verməyə borcludur. Ağlabatan miqdarda cücənin tələf olması işin xüsusiyyətlərinə uyğun olsa da alınmış 7.612 baş cücədən 7.528 başının, yəni demək olar ki, hamısının məhv olması adi təsərrüfat fəaliyyətinin nəticəsi ola bilməz. Cavabdeh bunun xəstəlik nəticəsində baş verdiyini bildirsə də cücələrin kütləvi məhv olması barədə heç bir sübut təqdim etməmişdir. Hətta cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş E.Məmmədov da tərəflərin birgə təsərrüfatında cücələrin kütləvi (minlərlə) ölməsinin şahidi olmadığını, belə hal baş verərsə, baytarlıq idarəsinə məlumat verilməli olduğunu bildirmişdir. Göründüyü kimi cavabdeh iddiaçının onda olan 6.537 ABŞ dolları, yaxud 11.112 manat pulunun taleyi barədə ağlabatan izahat verə bilmir. Halbuki, prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Hazırki halda Cavabdeh İddiaçı 6.537 ABŞ dolları, yəni 11.112 manat məbləğində pul vəsaitini təsərrüfata sərf etməklə qazanc əldə olunması üçün aldığını bildirdiyindən, İddiaçı həmin pulun vəsaitinin verilməsini sübut etmək vəzifəsindən azad olmuş, Cavabdeh isə həmin pul vəsaitinin sərf olunduğunu təsərrüfatın həqiqətən zərərə məruz qalmasını sübutetmə vəzifəsi yaranmışdır. Digər tərəfdən pula nəzarət və təsərrüfata ümumi rəhbərlik cavabdehdə olduğundan cavabdeh həmin pulun sərf olunma yeri, eləcə də müflis olma halında bunun səbəbləri və bu faktı təsdiq edən sübutları iddiaçıya təqdim etmək vəzifəsi daşıyır. Lakin cavabdeh bu barədə heç bir sübut təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia 11.112 manat məbləğində pul tələbinə dair hissədə təmin edilməli, 11.112 manat məbləğində pul vəsaiti Cavabdeh alınıb, İddiaçı verilməlidir. Bundan başqa, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh İddiaçı 2.000 ABŞ dolları və 1.700 manat məbləğində pul vəsaitini borc almış, Cavabdeh qeyd olunan xüsusatları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsi İstintaq və Təhqiqat İdarəsinin icraatında olmuş HK-1/1644, 1675 nömrəli materialın araşdırılması zamanı öz izahatında təsdiq etmiş və mülki işə məhkəmədə baxılarkən həmin hal mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 1091.1 və 1091.2-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qanunvericilinin qeyd olunan normalarının tələbindən göründüyü kimi qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır və borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa, yazılı formada bağlanmalıdır. Hazırki halda isə tərəflər arasında predmetinin məbləği 3.000 manatdan çox olan borc müqaviləsi bağlansa da, həmin müqavilə qanunla müəyyən olunmuş qaydada yazılı formada bağlanmamış, Cavabdeh İddiaçı 2.000 ABŞ dolları və 1.700 manat məbləğində pul vəsaitini borc almasını bildirmişdir. Buna görə də tərəflər arasında bağlanmış borc müqaviləsi etibarsızdır və Cavabdeh həmin əqd üzrə aldıqlarını İddiaçı qaytarmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, 2.000 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anına Azərbaycan manatı məzənnəsi ilə manat ekvivalentində və 1.700 manat məbləğində pul vəsaiti Cavabdeh alınıb, İddiaçı verilməlidir. Bundan başqa, İddiaçı pul öhdəliyinin icra edilməməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq, 1.256 manat 49 qəpik məbləğində pul vəsaitinin və hüquqi yardıma görə vəkilə ödənilmiş vəsaitin əvəzi qismində 400 manat məbləğində pul vəsaitinin Cavabdeh alınıb ona verilməsini xahiş etsə də, Cavabdeh həmin pul vəsaitindən istifadə edərək, qazanc əldə etməsinə və hazırki mülki işlə əlaqədar hüquqi yardıma görə vəkilə 400 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia faiz borcunun əvəzi qismində 1.256 manat və hüquqi yardıma görə vəkilə ödənilmiş vəsaitin əvəzi qismində 400 manat məbləğində pul tələbinə dair hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 115.0.6-cı maddəsinin tələbinə görə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqəqdar məsrəflərə daxildir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 200 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2.000 ABŞ dolları pul vəsaiti ödəniş anına Azərbaycan manatı məzənnəsi ilə manat ekvivalentində və 13.012 manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh 2.000 (iki min) ABŞ dolları pul vəsaiti ödəniş anına Azərbaycan manatı məzənnəsi ilə manat ekvivalentində və 13.012 (on üç min on iki) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar