Məhkəmə qərarları › İş №e-2(125)-6025/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6025/2025

25.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6025/2025 25.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 İsa oğlunun sədrliyi, Bayramova Zöhrə Oktay qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, məhkəmə bu qətnaməni qəbul etdi; İşin halları; Mülki işin materiallarında olan, doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2017-ci ildə anadan olmuş X5 adında yetkinlik yaşına çatmayan bir uşaq vardır. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı nikahları xx.xx.2020-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan Mediasiya Şurasının xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, İddiaçı və Cavabdeh birgə nikahdan xx.xx.2017-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 175 manat aliment məbləğinin xx.xx.2023cü ildən başlayaraq, hər ayın 26-sı tarixindən növbəti ayın 5-i tarixinə kimi Cavabdeh tərəfindən İddiaçı ödənilməsinə razılaşmışlar. İddia tələbi barədə məlumatlar; İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müəyyən olunmuş aliment məbləğinin dəyişdirərək, xx.xx.2017-ci təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 artımlar nəzərə alınmaqla,hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,507 misli həddində sabit pul məbləğində alimentin müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.2017ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində alimentin müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-134/2020 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2017-ci ildə anadan olmuş X1 üçün hər ay 140 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixdə onlar cavabdehlə alimentin tutulması ilə bağlı Gəncə 1 saylı Mediasiya Təşkilatında barışıq sazişi bağlamışlar. Həmin Sazişə görə xx.xx.2017-ci ildə anadan olmuş X1 üçün alimentin məbləği 175 manat müəyyən olunmuşdur. X6 aliment məbləğinin gələcək artımları nəzərdə tutulmamışdır. Hal-hazırda alimentin məbləğinin dəyişdirilməsinə zərurət vardır. 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat müəyyən edilmişdir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarının 8.4.3-cü bəndində göstərilmişdir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əməkhaqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Tərəflərin izahatları; Məhkəmədə İddiaçı iddia ərizəsində qeyd edilən xüsusatlara uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını və yekun qərar çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmənin iş üzrə mövqeyi və tətbiq edilən hüquq. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2023-cü il tarixli barışıq sazişi ilə müəyyən edilən alimentin ödəniş qaydası dəyişdirilməli, hazırki iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlayaraq xx.xx.2017-ci ildə anadan olmuş X5 adında yetkinlik yaşına çatmayan bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 248 (iki yüz qırx səkkiz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Аilə Məcəlləsinin 78-ci maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, uşaqlar üçün yaşayış minimumunun 2025-ci ildə 246 manat məbləğində müəyyən edilməsini, Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan bir uşağın saxlanılması üçün tutulmalı olan aylıq alimentin məbləğinin hər ay ölkə üzrə uşaqlar üçün 2025-ci il üçün müəyyən edilən yaşayış minimumu həddində, yəni, 246 manat məbləğində müəyyən edilməsi məqsədə müvafiq sayılmalıdır. Bundan başqa, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 ”dekabr 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər edilmiş, Qərarın 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 ”dekabr 2024-cü il tarixli qərarına əlavə edilmiş, “8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında 2025-ci il üçün minimum əmək haqqı 400 manat məbləğində müəyyən edilmişdir. Adi riyazi hesablamadan müəyyən edilir ki, 246 manat məbləği 400 manat məbləğin 0,615, yəni yuvarlaqlaşdırılmış 0,62 mislini təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə qeyd edir ki, hazırki iddia alimentin sabit pul məbləğində tutulması barədə, yəni alimentin müəyyən edilən məbləğinin dəyişdirilməsi barədə deyil, məhz yeni qaydada tutulması barədə qaldırıldığından, alimentin tutulmasının başlanması da iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən hesablanmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən ilkin mediasiya sessiyasına çəkdiyi xərcin əvəzini tələb etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən, Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 234.2.1-cü maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə dərhal icra edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2.-ci maddəsinə əsasən, iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda Dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar Dövlət rüsumunun ödənilməsindən azaddırlar. Azərbaycan Respublikasının MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 113.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Hazırki işdə aliment alınması haqqındakı iddianın qiyməti (248 manat x 12 ay)=2976 manat məbləğini təşkil edir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinin tələblərinə əsasən, hazırki işdə ödənilməli olan dövlət rüsumu (30+19,76)=49,76 manat məbləğini təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinin tələblərinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Baxılan işdə iddiaçı alimentin alınması tələbi hissədə dövlət rüsumunu ödəməkdən azad edildiyindən, ödənilməli olan 49,76 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən cavabdehdən alınıb dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2017-ci ildə anadan olmuş X5 adında yetkinlik yaşına çatmayan bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi ilə müəyyən olunmuş alimentin ödəniş qaydası dəyişdirilsin. Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2017-ci ildə anadan olmuş X5 adında yetkinlik yaşına çatmayan bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay sonrakı artımlar nəzərə alınmaqla, minimum əmək haqqı məbləğinin 0,62 mislinə uyğun sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulması iddia ərizəsinin məhkəməyə verildiyi 06 oktyabr 2025-ci il tarixdən hesablansın. İş üzrə ödənilməli olan 49,76 (qırx doqquz) manat 76 qəpik məbləğində dövlət rüsumu Cavabdeh alınıb, dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissədə dərhal icra edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar