Məhkəmə qərarları › İş №e-2(125)-6323/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6323/2024

11.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6323/2024 11.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «subroqasiya qaydasında pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" ASC Cavabdeh qarşı ödənilmiş sığorta ödənişinin əvəzi qismində 1.550 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 36 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il saat 21:10 radələrində Gəncə şəhəri, S.Əliyev küçəsi ərazisində Cavabdeh tərəfindən PXA********** nömrəli sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış «Mercedes Benz markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobil «Mercedes Benz» markalı, ** DF ***» və «İveco Genlyon» markalı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə sonunculara maddi zərər vurmuşdur. Həmçinin xx.xx.2021-ci il tarixində saat 23:37 radələrində Gəncə şəhəri, Mehmandarov küçəsi ərazisində Cavabdeh tərəfindən idarə olunan və PXA********** nömrəli sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış «Ford Transit» markalı, ** KE *** dövlət qeydiyyat nişanlı avtomobil «Volkswagen Crafter» markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Hadisə nəticəsində «Volkswagen Crafter» markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 550 manat təşkil edir. Bundan başqa «Mercedes Benz E220» markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər isə 1.000 manat təşkil edir. Baş vermiş hadisələrlə əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə sığorta aktları tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə ümumilikdə 1.550 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Lakin hazırkı tarixədək cabadeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbi təmin olunmadığından həmin tələbin məhkəmə qaydasında təmin olunması zərurəti yaranmışdır. xx.xx.2024-cü il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi Nümayəndə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci tarixli, PXA********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, «Ford Transit» markalı, ** KE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" ASC-də sığorta təminatı almışdır. İşdə olan xx.xx.2021-ci il, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, «Ford Transit» markalı, ** KE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilinmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-ci maddəsi ilə təqsirli bilinərək, ona 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İşdə olan xx.xx.2022-ci il, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, «Mercedes Benz E220» markalı ** CV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilinmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, İP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilinərək, ona 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İşdə olan Cavabdeh Gəncə şəhər BPİ-nin DYPŞ-nin rəisinə verdiyi izahatının surətindən görünür ki, «Ford Transit» markalı, ** KE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edən zaman xx.xx.2021-ci il tarixdə, saat 23:37 radələrində Gəncə şəhəri 28 may küçəsi istiqamətindən X5 küçəsi ilə düzünə Təbriz küçəsi istiqamətində hərəkətdə olan zaman «Bizim çörəkçi» mağazasının paralel istiqamətinə yaxınlaşan zaman fikirli olduğundan yolun sağ tərəfində dayanmış vəziyyətdə olan «Volkswagen Crafter» markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan tərəfindən və sol yan güzgüsünü sürtmüşdür. Həmin vaxt hava şəraiti yağmurlu olmuşdur və tələsdiyindən hadisə yerində gözləyə bilməmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən Gəncə şəhər BPİ-nin DYPŞ-də verilmiş izahatın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 21:10 radələrində etibarnamə olmadan idarə etdiyi «Mercedes Benz» markalı ** CV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə S.Əliyev küçəsi ilə hərəkətdə olarkən yolun sağ kənarında olan «Mercedes Benz» markalı, ** DF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sol hissəsi ilə toqquşmuşdur. Bu zaman idarəetməni itirərək öz yolu ilə hərəkətdə olan «İveco Genlyon» markalı, ** UF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa hissəsi ilə toqquşmuşdur. Hadisə zamanı üz nahiyəsi zədələndiyindən həkimə getmək məqsədi ilə hadisə yerini tərk etmişdir. Sonradan səhhəti yaxşı olduğu üçün xəstəxanaya yox evinə istirahət etməyə getmişdir. İşdə olan PXA 99641 nömrəli sığorta aktının surətindən görünür ki, xx.xx.2021-ci il tarixində saat 23:37 radələrində Gəncə şəhəri, Mehmandarov küçəsində sığortalanmış «Ford Transit» markalı, ** KE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi «Volkswagen Crafter» markalı ** TK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində X1 550 manat məbləğində zərər dəmiş və həmin məbləğdə sığorta ödənişinin ödənilməsi olması müəyyən edilmişdir. İş materiallarında olan PXA 105330 nömrəli sığorta aktının surətindən görünür ki, xx.xx.2022-ci il tarixində saat 21:10 radələrində Gəncə şəhəri, S.Əliyev küçəsində sığortalanmış «Mercedes Benz» markalı, ** CV *** dövlət qeydiyyat nişanlı avtomobil ** DF *** dövlət qeydiyyat nişanlı, «Mercedes Benz CDİ» markalı və ** UF *** dövlət qeydiyyat nişanlı, «İveco Genlyon» markalı avtomobillərlə toqquşmuşdur. Hadisə nəticəsində X2 1.000 manat məbləğində sığorta ödənişi edilmişdir. İşdə olan aktın surətindən görünür ki, «Volkswagen Crafter» markalı ** TK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 550 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 293 nömrəli qiymətləndirmə aktının surətindən görünür ki, «Mercedes Benz» markalı, ** DF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1.000 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 9426 nömrəli və xx.xx.2022-ci il tarixl, 2386 nömrəli ödəniş tapşırıqlarının surətlərindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində "xxxx" ASC tərəfindən cəmi 1.550 manat məbləğində sığorta ödənişi edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli pretenziyaların surətindən görünür ki, "xxxx" ASC subroqasiya qaydasında vurulan zərərin əvəzinin ödənilməsi barədə Cavabdeh borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə görə bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə hesab edir ki, tərəflər arasındakı hüquq münasibətləri «subroqasiya hüququ» ilə bağlıdır və «subroqasiya hüququ» sığorta ödənişi almış şəxsin sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs(lər)ə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun sığortaçıya keçməsidir. Yəni «subroqasiya hüququ» müqavilə əsasında deyil, vurulmuş zərərin əvəzinin ödənilməsi nəticəsində, yaxud qanunun tələbi ilə əmələ gəlmişdir. Göründüyü kimi, qanunvericilik faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçməsini nəzərdə tutmuşdur. Sığorta hadisəsi Cavabdeh qanunazidd hərəkətlərinin nəticəsində baş vermiş, hadisə zamanı «Volkswagen Crafter» markalı ** TK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 550 manat məbləğində və «Mercedes Benz» markalı, ** DF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1.000 manat məbləğində zərər dəymiş, Cavabdeh yol nəqliyyat hadisəsindən sonra hadisə yerini tərk etmiş, vurulmuş zərər avtomobilin sığortaçısı "xxxx" ASC tərəfindən ödənilmişdir. Buna görə də "xxxx" ASC-nin «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən Cavabdeh qarşı 1.550 manat məbləğində pul tələbi hüququ yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, faydalanan şəxsin zərərvuran şəxslərə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ, əmlak sığortası üzrə sığorta ödənişini etmiş sığortaçıya, yəni iddiaçıya subroqasiya qaydasında keçdiyi üçün iddia təmin edilməli, Cavabdeh "xxxx" ASC-nin xeyrinə ödənilmiş sığorta ödənişinin əvəzi qismində 1.550 manat məbləğində pul vəsaiti tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 36 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilmiş sığorta ödənişinin əvəzi qismində 1.550 (bir min beş yüz əlli) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 36 (otuz altı) manat, cəmi 1.586 (bir min beş yüz səksən altı) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar