Məhkəmə qərarları › İş №e-2(125)-6415/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6415/2025

15.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6415/2025 15.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması, uşağın iddiaçının yanında saxlanması və aliment» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı və Cavabdeh xx.xx.2022-ci il tarixdə 2 saylı Gəncə regional «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində nikah bağlamışlar. Tərəflərin birgə nikahından xx.xx.2024-cü ildə anadan olmuş X4 adlı 1 uşaq vardır. İddiaçı Cavabdeh qarşı nikahın pozulması, birgə nikahdan xx.xx.2024-cü ildə anadan olmuş X2 iddiaçının yanında saxlanması və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında alimentin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək və nikahın pozulmasına təkid edərək, bildirdi ki, İddiaçı və Cavabdeh nikahlarını xx.xx.2022-ci il tarixdə 2 saylı Gəncə regional «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində qeydə aldırmışlar. Onların birgə nikahından xx.xx.2024-cü ildə anadan olmuş X4 adlı 1 uşaqları var. Onlar arasında olan ailə münasibətləri bərpa olunmayacaq dərəcədə pozulmuşdur. Cavabdeh bir ailə başçısı, bir ata kimi məsuliyyətini dərk etmir, nə ailəsi ilə, nə uşağı ilə maraqlanmır. Maddi və mənəvi üzərinə düşən heç bir vəzifəni icra etmir. Hazırda İddiaçı nikahın pozulmasına təkid edir. Buna görə də tərəflərin aralarında olan nikah pozulmalı, birgə nikahdan xx.xx.2024-cü ildə anadan olmuş X4 azyaşlı olduğundan və anasına daha çox bağlı olduğundan onun yanında qalmalıdır. Həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Sonda iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddianı qəbul etdiyini, İddiaçı ilə aralarındakı nikahın pozulmasına və birgə nikahdan anadan olmuş uşağın iddiaçının yanında qalmasına, həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin iddiaçının xeyrinə tutulmasına razı olduğunu bildirdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Bununla əlaqədar məhkəmə hesab edir ki, tərəflərin qarşılıqlı razılığına uyğun olaraq nikah pozulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci maddəsinə görə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 60.4-cü maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məjhkəməsi Plenumunun 7.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Həmin Qərarın 7.6-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacıqardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Bununla əlaqədar məhkəmə hesab edir ki, cavabdeh tərəfin birgə nikahından doğulmuş uşağın nikahın pozulmasından sonra iddiaçının yanında qalmasına razı olduğuna və həmin hal uşağın mənafeyinə zidd olmadığına görə həmin uşağın iddiaçının yanında qalması müəyyən edilməlidir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(125)-229/2025 nömrəli qərardadından görünür ki, xx.xx.2025-ci il tarixdən başlayaraq bir ay müddətində Cavabdeh xx.xx.2024-cü ildə anadan olmuş X1 üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(125)-229/2025 nömrəli qərardadından görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(125)- 229/2025 nömrəli qərardadı ilə müəyyən olunmuş müvəqqəti təminat tədbiri müddəti Gəncə Şəhər Məhkəməsinin icraatında olan e-2(125)-6415/2025 nömrəli mülki iş yekunlaşanadək uzadılmışdır. xx.xx.2025-ci il tarixdən başlayaraq başlayaraq Gəncə Şəhər Məhkəməsinin icraatında olan e-2(125)-6415/2025 nömrəli mülki iş yekunlaşanadək, Cavabdeh xx.xx.2024-cü ildə anadan olmuş X1 üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə valideyndən məhkəmə tərəfindən hər ay qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur. «Azərbaycan Respublikasında 2025-ci ildə yaşayış minimumu haqqında» 16 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2026-cı ildə yaşayış minimumu haqqında» 09 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2026-cı il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 260 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini və cavabdehin sabit qazanca malik olmasını nəzərə alaraq, hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan 1 uşağın saxlanması üçün hər ay qazancın (başqa gəlilərin) dörddə bir hissəsi miqdarında pul məbləğində aliment tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsinə görə məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. İş materiallarında olan Gəncə 2 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞG/MT033/2025-00593 nömrəli «Mediasiya sessiyasında iştirak edilməməsi barədə» arayışın surətindən görünür ki, mediasiyanın tətbiqi barədə təklifin tarixi xx.xx.2025-ci il tarix kimi qeyd olunmuşdur. Buna görə də məhkəmə İddiaçı aliment almaq üçün məhkəməyə müraciət edənədək, yəni xx.xx.2025-ci il tarixdə alimentlə əlaqədar mediasiyanın tətbiqi barədə təklif göndərməklə alimentin alınması üçün tədbirlər görsə də, Abbasov Səbu Hicran oğlunun onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını nəzərə alaraq, hesab edir ki, alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə görə nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Həmçinin həmin Qərarda məhkəmələrə nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyinin izah edilməsi tövsiyyə edilmişdir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, hazırda ərarvadın ümumi əmlakının bölünməsi haqqında iddia tələbi mövcud deyildir. Buna görə də tərəflərə izah edilməlidir ki, onlar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə müvafiq olaraq 3 illik iddia müddəti nəzərə alınmaqla ər-arvadın ümumi əmlakının bölünməsi tələbinə dair məhkəmədə iddia qaldırmaqda haqlıdırlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı və Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 2 saylı Gəncə regional «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 995 nömrəsi ilə qeyd edilmiş nikah pozulsun. xx.xx.2024-cü ildə anadan olmuş X2 anası İddiaçı yanında qalması müəyyən edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2024-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında İddiaçı xeyrinə aliment tutulsun. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(125)-229/2025 nömrəli və xx.xx.2025-ci il tarixli, 16(125)-229/2025 nömrəli qərardadları üzrə ödənilmiş aliment ödənişlərinin hesablanması zamanı nəzərə alınsın. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. İddiaçı və Cavabdeh izah edilsin ki, onlar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə müvafiq olaraq 3 illik iddia müddəti nəzərə alınmaqla ərarvadın ümumi əmlakının bölünməsi tələbinə dair məhkəmədə iddia qaldırmaq hüququna malikdirlər. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar