Məhkəmə qərarları › İş №e-2(125)-6742/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-6742/2025

21.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-6742/2025 21.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03 noyabr 2015-ci il tarixli, 2(044)-3030/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin, yəni iddiaçının adına hesablanmış 13992 manat aliment borcunun tam olaraq silinməsi, ödənilmiş 132 manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vavabdehlə nikahları xx.xx.2015-ci il tarixdə formal olaraq pozulmuşdur, birlikdə yaşamış, eyni təsərrüfatda olmuşlar. Hesab edir ki, əgər boşandıqdan sonra tərəflər yenidən birgə yaşayırdısa və uşaq faktiki olaraq hər iki valideynin himayəsində idisə, bu gələcəkdə aliment borcunun silinməsi üçün qanuni əsas ola bilər. Hazırda isə cavabdeh onunla ayrılmaq qərarına gəlmiş, bununla da yığılmış borcla bağlı məhkəməyə müraciət etmişdir. Bundan başqa cavabdeh alimentin indeksasiyası ilə bağlı məhkəməyə müraciət etmiş, Gəncə şəhər Məhkəməsinin 8(125)- 367/2025 saylı qərardadına əsasən ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.58 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Halbu ki, xx.xx.2025-ci il tarixli Gəncə şəhər Məhkəməsinin qətnaməsinə əsasən hər uşağa 75 manat olmaqla cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Hazırda aliment məbləği 13992 manat təşkil edir. Lakin bu vaxta qədər də alimentin ödənilməməsi barədə Cavabdeh hərhansı bir tələbi olmamışdır. İndi isə bütün gün qərarın icrasının təmin olunmasını istəyir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 106.5. İcra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 153.2.1. Ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Hazırkı iş üzrə İddiaçı cavabdehlə birgə yaşadıqları dövr üçün hesablanmış aliment borcunun silinməsi tələbini onunla əsaslandırır ki, həmin dövrdə uşaqların maddi ehtiyaclarını təmin etmişdir. Belə olan halda həmin aylar üzrə ona yenidən aliment borcu hesablana bilməz. Vahid məhkəmə təcrübəsini müəyyən edən qərarlar sırasında olan, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1637/2024 nömrəli, xx.xx.2024 tarixli qərarında əks olunmuş hüquqi mövqeyi nəzərə alaraq, Məhkəmə qeyd edir ki, aliment borcundan tam və ya qismən azad edilmə barədə tələbə iddia icraatı qaydasında baxılması mümkündür. Lakin bu zaman iddia tələbinin mahiyyətinə diqqət yetirilməli və nəzərdə saxlanılmalıdır ki, qanunvericiliyin tələblərinə görə aliment borcunun silinməsi ilə bağlı tələb yalnız iddiaçının bu borcun şəxsin xəstəliyi, maddi vəziyyəti və ya digər üzrlü səbəblərə görə ödəmək iqtidarında olmaması ilə bağlı verilmiş olsun. Hazırkı iddia tələbində isə iddiaçı borcun olmadığını bildirir, icra məmuru tərəfindən borcun hesablanması ilə razılaşmır, borcun silinməsi ilə bağlı tələbinin əsasını hansısa xəstəliyi və ya digər üzrlü səbəbinin nəzərə alınması təşkil etmir. Məhkəmə hesab edir ki, iddiaçı nikah pozulduqdan sonra övladı və ailəsi üçün kifayət qədər xərc çəkdiyini bildirərək cavabdehlə birgə yaşadıqlarını bildirdiyi dövrü əhatə edən borcun silinməsi ilə bağlı icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etməli, sübutlarını ona təqdim etməli və qeyd edilən mübahisə məhz icra qaydasında öz həllini tapmalıdır. Əgər iddiaçı icra məmuru tərəfindən yenə də aliment üzrə həmin dövrü əhatə edən borcun müəyyən edilməsi ilə razılaşmazsa, bu zaman qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə müraciət etmək hüququ vardır. Belə ki, iddia ərizəsindən görünür ki, aliment borcunun silinməsi tələbinin əsasında onun üzrlü səbəblərdən icra edilməməsi ilə bağlı dəlillər dayanmır. Tələb müəyyən olunan borc məbləğindən aliment öhdəliklərinin faktiki olaraq yerinə yetirilməsi ilə dövrə hesablanan məbləğin silinməli olması ilə əsaslandırılır. Bu barədə sübutlar təqdim edilməsinə baxmayaraq icra məmuru tərəfindən müəyyənləşdirilən aliment borcunun məbləği ilə razılaşmayan borclu icra məmurunun hərəkətlərindən məhkəməyə şikayət verə bilər. Qanunda bu qaydada şikayət vermək imkanının nəzərdə tutulması mübahisəli məsələyə iddia icraatı qaydasında baxılmasını istisna edir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, hazırkı ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar