Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-7008/2025 02.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahlarından xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,25 misli sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı və Cavabdeh nikahlarını 2010-cu il tarixdə qeydə aldırmışlar. Onların birgə nikahından xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X3 adlı iki uşaqları anadan olmuşdur. İddiaçı ilə cavabdeh arasındakı ailə münasibətləri bir müddət yaxşı olsa da, sonradan həmin münasibətlər pozulmuş və 2023-cü il tarixdə məhkəmə qətnaməsi əsasında aralarında olan nikah pozulmuşdur. Hazırda birgə nikahdan doğulmuş uşaqlar iddiaçı ilə birlikdə yaşayır. Keçən müddət ərzində Cavabdeh birgə nikahdan anadan olmuş uşaqların saxlanmasında bir ata kimi heç bir maddi dəstək göstərməmişdir. Belə ki, Cavabdeh Rusiya Federasiyasında biznes fəaliyyəti ilə məşğul olur, rəsmi gəlirinin təxminən 17.500 manat məbləğində olduğu güman edilir. Lakin Cavabdeh maddi imkanı kifayət qədər yaxşı olsa uşaqların maddi təminatlarının ödənilməsində ər hansı maddi yardım göstərmir. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, cavabdeh bir ata kimi məsuliyyətini dərk edir və birgə nikahdan anadan olmuş uşaqların saxlanması üçün hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment ödəməyə razıdır. Belə ki, Cavabdeh əvvəllər biznes fəaliyyəti ilə məşğul olsa da, hazırda taksi sürücüsü kimi çalışır. Bundan başqa, sonuncunun vergi orqanlarına külli miqdarda verdi borcu da yarandığından maddi vəziyyəti daha da çətinləşmişdir. Sonda cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrini (vəkillərini) dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan V-МЮ seriyalı 880750 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin tərcüməsinin təsdiqlınmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikaha xx.xx.2023-cü il tarixli məhkəmə qərarına əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan V-МЮ seriyalı 880750 nömrəli və İX- МЮ seriyalı 657342 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan xx.xx.2021-ci il tarixli, 01/09 nömrəli yaşayış olmayan subicarəsi haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh Volqoqrad şəhəri, Nevskaya küçəsi, 12B ünvanında yerləşən qeyri-yaşayış binasında olan ərzaq mağazasını aylıq icarə haqqı 250.000 Rus rublu qarşılığında icarəyə vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli,BGT-009 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, Cavabdeh Volqoqrad şəhəri, Dzerjinski meydanı, 16 ünvanında yerləşən «Yeddi ulduz» ticarət-əyləncə kompleksinin binasının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsini aylıq icarə haqqı 309.496 Rus rublu qarşılığında icarəyə vermişdir. İşdə olan xx.xx.2026-cı il tarixli arayışın tərcüməsinin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdən hal-hazıradək fərdi sahibkar X7 yanında taksi sürücüsü kimi işləyir və aylıq 30.000 Rus rublu əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.1-ci maddəsinə görə aliment almaq hüququ olan şəxs ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2026-cı ildə yaşayış minimumu haqqında» 09 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2026-cı il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 260 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaysan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə görə alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini və Cavabdeh hazırki maddi vəziyyətinə dair İddiaçı tərəfindən sübutların təqdim edilməməsini, Cavabdeh hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində aliment ödəməyə razılığını, eləcə də Cavabdeh ilə yanaşı İddiaçı da uşağı saxlamaq vəzifəsini, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini, uşaqlar üçün yaşayış minimumunun 2026-cı il üzrə 260 manat olmasını nəzərə alaraq, hesab edir ki, xx.xx.2025-cı il tarixdən başlayaraq, xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşağa görə 0,6 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. xx.xx.2025-ci tarixdən başlayaraq, xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşağa görə 0,6 (sıfır tam onda altı) misli həddində sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-7008/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-7008/2025
02.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver