Məhkəmə qərarları › İş №e-2(125)-7809/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-7809/2023

30.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-7809/2023 30.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixdə İddiaçı MMC Cavabdeh qarşı inzibati xəta haqqında protokola görə ödənilmiş pulun əvəzi qismində 608 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat 40 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş xx.xx.2023-cü il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehlərə izah edilmiş, lakin iddia tələbinə cavabdehlər tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, MAS-3001 saylı daxili lizinq müqaviləsindən və ona 1 saylı əlavədən görünür ki, İddiaçı MMC ümumi dəyəri 16.700 manat olan 2020-ci il buraxılışlı, 1 ədəd «Khazar SD» markalı, **-PS-*** qeydiyyat nişanlı, «NVAW01HHFLE231817» ban nömrəli avtomobili öz mülkiyyətinə əldə edərək, həmin avtomobili R.Q.Muxtarovun müvəqqəti sahiblik və istifadəsinə vermişdir. R.Q.Muxtarov isə öz növbəsində illik 16.700 manat məbləğində pul vəsatini və həmin vəsaitə illik 19 faiz dərəcəsi ilə hesablanan mükafat məbləğini, 36 ay müddətinə, müəyyənləşdirilmiş qrafik üzrə hissə-hissə, İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.2-ci bəndinə görə bu Müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla), həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır. İşdə olan xx.xx.2021-ci il tarixli MAS 3001 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsinin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli, MAS-3001 saylı daxili lizinq müqaviləsi üzrə öhdəliklər X3 tərəfindən X2 ötürülmüşdür. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-352/2023 saylı qətnaməsindən görünür ki, X1 İddiaçı MMC-nin xeyrinə xx.xx.2020ci il tarixli, MAS-3001 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə hesablanmış əsas borc qismində 859 manat 68 qəpik, gecikdirilmiş mükafat qismində 96 manat 25 qəpik, ödənişin gecikdirilməsinə görə hesablanmış dəbbə pulu qismində 20 manat, həmçinin lizinq obyekti olan «Khazar SD» markalı, **-PS-*** qeydiyyat nişanlı, «NVAW01HHFLE231817» ban nömrəli avtomobilin təmir-bərpası xərci qismində 754 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzinin bir hissəsi qismində 30 manat 10 qəpik, cəmi 1.760 manat 03 qəpik məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli Daxili İşlər Nazirliyinin elektron xidmətlər portalından elektron çıxarışdan görünür ki, Cavabdeh avtomobili idarə edərkən EQ 10669019 saylı protokola görə 9 manat, EQ 10669022 saylı protokola görə 36 manat, EQ 10669027 saylı protokola görə 45 manat, EQ 10669034 saylı protokola görə 9 manat, EQ 10669047 saylı protokola görə 9 manat, EQ 10669045 saylı protokola görə 45 manat, EQ 10669053 saylı protokola görə 36 manat, EQ 10669056 saylı protokola görə 36 manat, EQ 10669054 saylı protokola görə 9 manat, EQ 10669050 saylı protokola görə 36 manat, EQ 10669051 saylı protokola görə 36 manat, EQ 10669021 saylı protokola görə 36 manat, EQ 10669059 saylı protokola görə 36 manat, EQ 10669058 saylı protokola görə 36 manat, EQ 10711677 saylı protokola görə 9 manat, EQ 10985018 saylı protokola görə 16 manat, EQ 11230010 saylı protokola görə 9 manat, EQ 11480591 saylı protokola görə 160 manat, cəmi 608 manat cərimə olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzlərinin surətlərindən görünür ki, İddiaçı MMC tərəfindən inzbati cərimələrə görə cəmi 605 manat ödəniş edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, mülki işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı MMC X3 ilə bağladığı 03 noyabr 2020-ci il tarixli, MAS-3001 saylı daxili lizinq müqaviləsinə əsasən ümumi dəyəri 16.700 manat olan 2020-ci il buraxılışlı, 1 ədəd «Khazar SD» markalı, **- PS-*** qeydiyyat nişanlı, «NVAW01HHFLE231817» ban nömrəli avtomobili öz mülkiyyətinə əldə edərək, həmin avtomobili R.Q.Muxtarovun müvəqqəti sahiblik və istifadəsinə vermişdir. R.Q.Muxtarov isə öz növbəsində illik 16.700 manat məbləğində pul vəsatini və həmin vəsaitə illik 19 faiz dərəcəsi ilə hesablanan mükafat məbləğini, 36 ay müddətinə, müəyyənləşdirilmiş qrafik üzrə hissə-hissə, İddiaçı MMC-nə ödəməyi öhdəsinə götürmüşdür. Sonradan xx.xx.2021-ci il tarixli MAS 3001 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixli, MAS-3001 saylı daxili lizinq müqaviləsi üzrə öhdəliklər X3 tərəfindən X2 ötürülmüşdür. Sonradan müxtəlif vaxtlarda Ə.İ.Nəcəfov «Khazar SD» markalı, **-PS-*** qeydiyyat nişanlı avtomobillə inzibati xətalar törətmiş və həmin inzbati xətalara görə cəmi 608 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. İddiaçı MMC «Khazar SD» markalı, **-PS-*** qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olduğundan həmin avtomobilin dayanacaqda saxlanılmaması üçün həmin məbləğdə cəriməni ödəmiş və iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd olunan məbləğdə pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 85-ci maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən əməkdaş nəqliyyat vasitəsini idarə edən şəxslərdən nəqliyyat vasitəsini dayandırmağı tələb edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.1.6-ci maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda, fiziki şəxslər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır. Beləliklə, məhkəmə hesab edir ki, ödənilmiş inzibati tənbeh növündə cərimənin əvəzi qismində 608 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat 40 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin iddiası təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə ödənilmiş inzibati tənbeh növündə cərimənin əvəzi qismində 608 (altı yüz səkkiz) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 (otuz) manat 40 (qırx) qəpik, cəmi 638 (altı yüz otuz səkkiz) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar