Məhkəmə qərarları › İş №e-2-2(102)-134/2025

Ali Məhkəmə Qərar — İş №e-2-2(102)-134/2025

27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-2(102)-134/2025 27.01.2025 ALİ MƏHKƏMƏ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti barədə şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, Mülki kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlu və İnzibati kollegiyasının hakimi Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 23 dekabr tarixli e-2-2(113)-8482/2024 nömrəli qərardadından cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Ş irkəti (SOCAR) tərəfindən verilmiş şikayətə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1.593.072 manat məbləğində borcun, hüquqi yardım üçün ödənilən 1000 manatın və dövlət rüsumu kimi ödənilən 1592,39 manatın cavabdeh - Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) (bundan sonra – cavabdeh) tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdehin nümayəndəsi vəsatət ilə məhkəməyə müraciət edərək işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Vəsatət onunla əsaslandırılmışdır ki, iddia verilərkən aidiyyət qaydaları pozulmuşdur. Belə ki, işin kommersiya məhkəməsinə aidiyyəti yoxdur və işə ümumi məhkəmədə baxılmalıdır. Subyektiv tərkibinə görə SOCAR dövlət müəssisəsidir, mübahisənin predmeti tərəflər arasında bağlanmış xidmət müqaviləsidir. Göstərilən müqavilə üzrə SOCAR-ın “SOCAR TOWER” adlı inzibati binasında ümumi təmizlik, texniki qulluq, binanın daxili və xarici qurğu və texnikalarına nəzarət və idarəedilməsi xidmətləri iddiaçı tərəfindən aparılmalı idi. Göründüyü kimi bu müqavilə üzrə SOCAR-ın sahibkarlıq fəaliyyətini həyata keçirməsi təsdiq olunmur. SOCAR ona məxsus inzibati binasında yuxarıda göstərilən xidmətlərin icrası üçün iddiaçı ilə hüquq münasibətlərinə girmişdir. Hüquq münasibətinin xarakteri də sahibkarlıq fəaliyyətindən irəli gəlmir. İşin kommersiya məhkəməsinə aidiyyətinin müəyyən edilməsi üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmalı olduğundan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən aidiyyət qaydalarını pozmuş, iddia ərizəsini ümumi məhkəməyə verməli olduğu halda, kommersiya məhkəməsinə göndərmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 23 dekabr tarixli e-2-2(113)-8482/2024 nömrəli qərardadı ilə işin məhkəmə aidiyyatı üzrə göndərilməsi barədə cavabdehin nümayəndəsinin vəsatəti təmin edilməmişdir (hakim – G.Namazova).

5. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ********** saylı VÖEN-ə sahi b olmaqla kommersiya hüquqi şəxsi kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində qeydiyyata alınmışdır. Beləliklə, həm iddiaçı, həm cavabdeh kommersiya hüquqi şəxsləridir.

6. İş materiallarına əsasən hazırkı iş üzrə iddiaçının ödənilməsini tələb etdiyi borc məbləği tərəflər (iki kommersiya hüquqi şəxsləri) arasında bağlanmış 2019-cu il 27 sentyabr tarixli, SOCAR **********20020182B00007 nömrəli “Ümumi təmizlik və texniki qulluq, binanın daxili və xarici qurğu və texnikalarına nəzarət və idarəetmə xidmətlərinin göstərilməsi barədə” xidmət müqaviləsi əsasında yaranmışdır.

7. Məhkəmə cavabdehin arqumentlərini əsassız hesab edərək qeyd etmişdir ki, yuxarıda qeyd edilənlərə əsasən cavabdeh kommersiya hüquqi şəxsi kimi Vergi orqanında qeydiyyata alınmış dır və müqavilə əsasında göstərilən xidmətlər məhz onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı (cavabdehə məxsus binada müvafiq xidmətlərin göstərilməsi) olmuşdur.

8. Beləliklə, hazırkı işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla məhkəmə hesab etmişdir ki, işə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır.

9. Cavabdeh şikayət verərək həmin qərardadın ləğv olunmasını xahiş etmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 7 yanvar tarixli e-2-2(113)-924/2025 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim – G.Namazova).

11. Qərardad 2024-cü il 23 dekabr tarixli e-2-2(113)-8482/ 2024 nömrəli qərardadla eyni məzmunda əsaslandırılmışdır. Şikayət a) Şikayətin dəlilləri

12. Şikayətçi “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı qərarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə istinadla qeyd etmişdir ki, işin kommersiya məhkəməsinə aidiyyəti yoxdur və işə ümumi məhkəmədə baxılmalıdır. Subyektiv tərkibinə görə SOCAR dövlət müəssisəsidir, mübahisənin predmeti tərəflər arasında bağlanmış xidmət müqaviləsidir. Göstərilən müqavilə üzrə SOCAR-ın “SOCAR TOWER” adlı inzibati binasında ümumi təmizlik, texniki qulluq, binanın daxili və xarici qurğu və texnikalarına nəzarət və idarəedilməsi xidmətləri iddiaçı tərəfindən aparılmalı idi.

13. Göründüyü kimi bu müqavilə üzrə SOCAR-ın sahibkarlıq fəaliyyətini həyata keçirməsi təsdiq olunmur. SOCAR ona məxsus inzibati binasında yuxarıda göstərilən xidmətlərin icrası üçün iddiaçı ilə hüquq münasibətlərinə girmişdir. Hüquq münasibətinin xarakteri də sahibkarlıq fəaliyyətindən irəli gəlmir. İşin kommersiya məhkəməsinə aidiyyətinin müəyyən edilməsi üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmalı olduğundan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən aidiyyət qaydalarını pozmuş, iddia ərizəsini ümumi məhkəməyə verməli olduğu halda, kommersiya məhkəməsinə göndərmişdir. b) Şikayətə qarşı etirazın dəlilləri

14. İddiaçı tərəfindən şikayətə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

13. Sahibkarlıq fəaliyyəti Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir”.

16. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Nizamnaməsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “İ. Ümumi müddəalar... 1.2. Şirkət kommersiya fəaliyyətini həyata keçirir. Şirkət hasil edilmiş bütün karbohidrogenlərə və onların emalından alınan neft, neft-kimya və qaz məhsullarına münasibətdə sahibliyi həyata keçirir....”

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

24. Mübahisələrin məhkəməyə aidiyyəti... 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir....” “Maddə

25. Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məh kəmələr baxır....” “Maddə

26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır....”

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 nömrəli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “...

11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həya ta keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq f əaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır....” Ali Məhkəmənin mövqeyi

19. Şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, cavabdehin şikayəti aşağıdakı səbəblərdən mübahisələndirilən qərardadın ləğvi üçün əsas deyildir.

20. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin əlaqəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisənin kommersiya məhkəməsinin aiddiyyətində olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüqu q münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır.

21. Plenum Qərarının 11 və 12-ci bəndində (bax § 10) formalaşdırılmış hüquqi mövqelərdən aydın olur ki, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. İşin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlməli olması nəzərə alınmalıdır.

22. Mülki Məcəllənin 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqi l surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. MPM-in 1-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür.

23. Yuxarıda qeyd edilənləri rəhbər tutaraq qarışıq məhkəmə tərkibi qeyd edir ki, cavabdeh kommersiya hüquqi şəxsi kimi vergi orqanında qeydiyyata alınmışdır və müqavilə əsasında göstərilən xidmətlər məhz onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı (cavabdehə məxsus binada müvafiq xidmətlərin göstərilməsi) olmuşdur. Bu xidmətlər müvafiq olaraq SOCAR-ın "SOCAR TOWER" binasında göstərilir və bunlar SOCAR-ın iş şəraitini yaxşılaşdırmaq, binanın təhlükəsizliyini və funksionallığını təmin etmək məqsədilə həyata keçirilir. Belə ki, binanın təmizliyi və texniki baxımı SOCAR-ın fəaliyyətinin effektivliyini artırmaqla yanaşı uzun müddətli istismarının artmasına yönəlmişdir. Buna görə də SOCAR-ın "SOCAR TOWER" binasında göstərilən xidmətlər onun uzunmüddətli mənfəətinə xidmət edir.

24. Qarışıq məhkəmə tərkibi cavabdehin şikayətinin subyektiv tərkibinə görə SOCAR-ın dövlət müəssisəsi olması dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Nizamnaməsinin 1.2-ci bəndində göstərilmişdir ki, şirkət kommersiya fəaliyyətini həyata keçirir. Şirkət hasil edilmiş bütün karbohidrogenlərə və onların emalından alınan neft, neft-kimya və qaz məhsullarına münasibətdə sahibliyi həyata keçirir.

25. Göründüyü kimi SOCAR-ın nizamnaməsi ilə də təsdiq edilmişdir ki, o sahibkarlıq fəaliyyəti ilə məşğul olur və kommersiya hüquqi şəxsi kimi vergi orqanında qeydiyyata alınmışdır. Belə olan təqdirdə cavabdehin tərəflər arasında olan münasibətlərinin xidmətlə bağlı yarandığına və sahibkarlıq fəaliyyətindən irəli gəlməməsinə dair dəlili yuxarıda göstərilən qanunvericilik normalarının məzmunu baxımından məqbul hesab edilə bilməz.

26. Qeyd edilənlərə əsasən qarışıq məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfində məhkəmə aidiyyətinə aid olan normalar hazırkı mübahisəyə tətbiq olunmaqla doğru nəticə yə gəlinmişdir. Cavabdehin şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyil.

27. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-nin 403-1.6, 403-1.7, 403-1.8 və 4031.8.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 23 dekabr tarixli e-2-2(113)-8482/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar