Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1008/2022 07.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Mustafayev Ramil Elbrus oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı (MMC) Cavabdehnə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 69730,91 manat məbləğində əsas borc, 5006,48 manat dəbbə pulu, mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat və vəkilə ödənilmiş 1000 manat olmaqla ümumilikdə 76137,39 manat pul vəsaitinin "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır kı, "xxxx" MMC ilə "xxxx" MMC (əvvəlki adı "xxxx" MMC) arasında bağlanmış 01 oktyabr 2020-ci il tarixli, 03/20 saylı işlərin görülməsi haqqında podrat müqaviləsinə əsasən podratçı tam təfsilatı, xüsusi şərtləri, yeri, təsviri, qiyməti və icra müddəti müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələr -qiymət razılaşma protokollarına əsasən sifarişçi ilə razılaşdırılmış ayaqqabı istehsalı ilə bağlı bütün növ işləri öz işçi qüvvəsi və resursları hesabına görməyi öhdəsinə götürür, sifarişçi isə həmin protokola əsasən razılaşdırılmış işin həcminə uyğun ödəniş etməyi öz öhdəsinə götürür. Müqavilənin 7.1-ci bəndinə əsasən, podratçı bütövlükdə və ya hissə-hissə tamamlanma tarixindən 3 təqvim günü əvvəl işlərin yekunlaşması barədə sifarişçiyə məlumat verəcək və tərəflərin səlahiyyətli nümayəndələri müvafiq işlər başa çatdırıldıqdan sonra 3 iş günü müddətində yekun işlərin yoxlamasını aparacaq və yoxlamaların nəticəsi olaraq tərəflərin səlahiyyətli nümayəndələri podratçının öhdəliklərinin tam və ya bəzi qüsurlarla icra olunduğunu müəyyən edən yekun təhvil-təslim aktı tərtib və təsdiq edəcəklər. 13 avqust 2021-ci il tarixli 19 saylı Əlavənin 3-cü bəndinə əsasən müqavilənin 9.3-cü maddəsinə dəyişiklik edilmişdir. Razılığa əsasən sifarişçi bu müqaviləyə uyğun olaraq təhvil verilmiş malları tam ödənişini, təhvil verilməsindən ən gec 30 təqvim günü müddətində ödəyir. "Sifarişçi" bu müqaviləyə uyğun olaraq işin dəyərinin ödənişini gecikdirdikdə, hər təqvim günü üçün gecikdirilmiş məbləğin 0,1%-i miqdarında cərimə ödəyir. Dövlət Vergi Xidmətinin elektron informasiya sistemindən təqdim edilmiş 13 avqust 2021-ci il tarixli, 344710 saylı, 23 avqust 2021-ci il tarixli, 782794 saylı, 26 avqust 2021-ci il tarixli, 072473 saylı, 30 avqust 2021 tarixli, 234768 saylı elektron qaimə-faktura sənədlərinə əsasən, "xxxx" MMC-nin İddiaçı MMCyə ümumi dəyəri 70969,92 manat məbləğində qalıq borcu tam olaraq qeyd edilmişdir. Həmçinin qaimə-faktura sənədləri cavabdeh cəmiyyət tərəfindən imza və möhürlə təsdiq edilmişdir. 13 avqust 2021-ci il tarixli, 20 saylı, 23 avqust 2021-ci il tarixli, 21 saylı, 26 avqust 2021-ci il tarixli 23 saylı, 30 avqust 2021-ci il tarixli 25 saylı podrat müqaviləsinə əlavə sayılan "təhvil-təslim" aktlarına əsasən, sifarişçi tərəfindən sifariş olunan mallar cavabdehə təhvil verilmişdir. İddiaçı üzərinə düşdüyü öhdəlikləri icra etsə də, cavabdeh tərəfindən üzərinə götürülən öhdəliklər bu günə kimi yerinə yetirilməmişdir. Təqdim edilmiş 29 noyabr 2021-ci il tarixli, 04-21N-li maliyyə arayışına əsasən, 03/20 saylı podrat müqaviləsinin 9.3-cü bəndinə əsasən 29 noyabr 2021-ci il tarixinədək "xxxx" MMC-nin dəbbə pulu 5006,48 manat təşkil edir. Təqdim edilmiş hesab çıxarışlarından da göründüyü kimi, cavabdehin 69730,91 manat əsas borc, 5006,48 manat dəbbə pulu olmaqla ümumilikdə 74737,40 manat qalıq borcu qalmışdır. Cavabdehə borcun ödənilməsi məqsədilə bir neçə dəfə xəbərdarlıqlar və müraciətlər edilsə də öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. 04 dekabr 2021-ci il tarixdə cavabdehin ünvanına rəsmi qaydada pretenziya məktubu göndərilmiş və qalıq borcun 10 gün ərzində ödənilməsi tələb olunmuşdur. Cavabdeh MMC tərəfindən daxil olmuş 27 dekabr 2021-ci il tarixli cavab məktubuna əsasən, cavabdeh "xxxx" MMC-yə olan borcunu etiraf etmiş, lakin razılıq əldə edilməsi üçün heç bir ödəniş etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli məqsədilə mediasiya sessiyasının tətbiq edilməsi məqsədilə cavabdehə təklif məktubu göndərilmiş, lakin o, 18 yanvar 2021-ci il tarixdə Mediasiya Şurası tərəfindən təyin edilmiş iclasda da iştirak etməmişdir. İddiaçının nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi və əlavə olaraq izahatında göstərdi ki, cavabdehə ümumilikdə 138616,89 (ƏDV daxil) manat məbləğində mal təhvil verilmiş, onlardan ümumi dəyəri 10805,69 manat məbləğində mal geri qaytarılmışdır. Beləliklə, geri qaytarılan malların dəyəri çıxıldıqdan sonra cavabdehin 127811,20 manat borcu qalmış, həmin borcdan 58080,18 manat məbləğində hissəsi ödənilmişdir. Cavabdehin nümayəndəsi Vəkil2 iddianı qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı öz tələbini tərəflər arasında bağlanmış 01 oktyabr 2020-ci il tarixli, 03/20 saylı işlərin görülməsi haqqında podrat müqaviləsi ilə əsaslandırmışdır. Həqiqətən 13.08.2021-ci il tarixli 20 saylı təhvil təslim aktı ilə 1200 cüt ƏDV daxil 25488 manat dəyərində, 23.08.2021-ci il tarixli 21 saylı təslim aktı ilə 1000 cüt ƏDV daxil 21240 manat dəyərində, 30.08.2021-ci il tarixli 25 saylı təslim aktı ilə 1083 cüt ƏDV daxil 23002,92 manat dəyərində, cəmi 3283 cüt ümumi dəyəri ƏDV daxil 69730 manat olmuşdur. İddiaçının tələb etdiyi əsas borc isə 70969,92 manat olmayıb, 69730 manatdır. Həmin 69730 manat məbləğindən 28441 manat 07 may 2021-ci il tarixli 795872/00183 saylı ödəniş tapşırığı ilə cavabdeh tərəfindən iddiaçıya avans formasında ödənilib. Hal-hazırda cavabdehin iddiaçıya qalan əsas borcu 41289 manatdır. Bundan başqa tərəflər öz arasında danışıqlar apararaq sübut etmişdir ki, İddiaçı müqavilə üzrə ayaqqabıları vaxtında, yəni 18 iyun 2021-ci il tarixində təhvil verməmiş və bu səbəblə cavabdeh də öz sifarişçilərinə həmin ayaqqabıları vaxtında təhvil verə bilmədiyi üçün həmin sifarişçilər müqavilə üzrə cavabdehə müqavilənin gecikmə məsuliyyəti ilə bağlı qaydalarını tətbiq etmiş və bununla ödəməli olduğu puldan daha az pul ödəmişdir. Yəni iddiaçının ayaqqabıları vaxtında təhvil verməməsi səbəbi ilə cavabdeh əldən çıxmış fayda formasında maddi zərərə məruz qaldığı kimi, işgüzar nüfuzu da sarsılmışdır. Hətta bəzi ayaqqabılar isə cavabdehin sifarişçiləri tərəfindən keyfiyyət şərtlərinə uyğun olmadığı, qüsurlu olduğu səbəbi ilə geri qaytarılmışdır. Bu səbəbdən cavabdehin itirdiyi əldən çıxmış gəlir təxminən 10000 manatdır. Danışıqlar zamanı cavabdeh tərəfindən iddiaçıdan həmin zərərin də bir qisminin ödənilməsini tələb edilsə də, iddiaçı bunu qəbul etməmiş və məhkəməyə müraciət etmişdir. Sonda cavabdehin nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın qismən, yəni 31289 manat məbləğində təmin edilməsinə etiraz etmədiyini bildirdi. İş materiallarında olan: - İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanılmış 01 oktyabr 2020-ci il tarixli, 03/20 nömrəli podrat müqaviləsinə əsasən podratçı tam təfsilatı xüsusi şərtləri, yeri, təsviri, qiyməti və icra müddəti müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələr - qiymət razılaşma protokollarına əsasən sifarişçi ilə razılaşdırılmış - ayaqqabı istehsalı ilə bağlı bütün növ işlən öz işçi qüvvəsi və resurslar hesabına görməyi öhdəsinə götürür, sifarişçi isə həmin protokola əsasən razılaşdırılmış, işin həcminə uyğun ödənişi etməyi öhdəsinə götürmüşdür. - Podrat müqaviləsinə 13 avqust 2021-ci il tarixli 19 nömrəli qoşmaya əsasən malların təhvil yeri İddiaçı MMC-nin istehsalat sahəsi, yəni Abşeron rayonu Güzdək yolu razılaşdırılmışdır. Podrat müqaviləsinin 9.3-cü maddəsinə dəyişiklik olunaraq: “Sifarişçi” bu müqaviləyə uyğun olaraq təhvil verilmiş malların tam ödənişini, təhvil verilməsindən ən gec 30 təqvim günü müddətində ödəyir. “Sifarişçi” bu müqaviləyə uyğun olaraq işin dəyərinin ödənişini gecikdirdikdə, hər təqvim günü üçün gecikdirilmiş məbləğin 0,1 %-i miqdarında cərimə ödəyir.” bəndi əlavə olunmuşdur. - 13.08.2021-ci il tarixli, EBBG seriyalı, 344710 saylı elektron qaiməyə əsasən 25488 manat, 23.08.2021-ci il tarixli, EBBG seriyalı, 782794 saylı elektron qaiməyə əsasən 21240 manat, 26.08.2021-ci il tarixli, EBBH seriyalı, 072473 saylı elektron qaiməyə əsasən 1239 manat, 30.08.2021-ci il tarixli, EBBH seriyalı, 234768 saylı elektron qaiməyə əsasən 23002,92 manat məbləğində Cavabdeh MMC-nin borcu yaranmışdır. - 13.08.2021-ci il tarixli 20 saylı təhvil təslim aktı ilə 1200 cüt ƏDV daxil 25488 manat dəyərində, 23.08.2021-ci il tarixli 21 saylı təslim aktı ilə 1000 cüt ƏDV daxil 21240 manat dəyərində, 26.08.2021-ci il tarixli 23 saylı təslim aktı ilə 50 cüt ƏDV daxil 1239 manat dəyərində 30.08.2021-ci il tarixli 25 saylı təslim aktı ilə 1083 cüt ƏDV daxil 23002,92 manat dəyərində, cəmi 3283 cüt ümumi dəyəri ƏDV daxil 70969,92 manat olmuşdur. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İddia ərizəsinin və əlavə olunmuş sənədlərin məzmunundan görünür ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. - 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Tərəflər arasında bağlanmış 01 oktyabr 2020-ci il tarixli, 03/20 nömrəli podrat müqaviləsinə əsasən 69730,91 manat məbləğində malın təhvil verilməsi, işin faktiki halları ilə təsdiqini tapdığından və mübahisələndirilmədiyindən məhkəmə qeyd olunan xüsusata işin mübahisələndirilməyən halı kimi qiymət verir. Cavabdehin iddiaya etirazını 2 hal təşkil edir: - ödənilməli olan məbləğin 28441 manat hissəsi cavabdeh tərəfindən iddiaçıya 07 may 2021-ci il tarixli, 795872/00183 saylı ödəniş tapşırığı əsasında avans formasında ödənilib. - iddiaçı müqavilə üzrə ayaqqabıları vaxtında, yəni, 18 iyun 2021-ci il tarixində təhvil verməmiş və bu səbəblə cavabdeh də öz sifarişçilərinə həmin ayaqqabıları vaxtında təhvil verə bilmədiyi üçün həmin sifarişçilər müqavilə üzrə cavabdehə müqavilənin gecikmə məsuliyyəti ilə bağlı qaydalarını tətbiq etmiş və bununla ödəməli olduğu puldan daha az pul ödəmiş, hətta bəzi ayaqqabılar isə cavabdehin sifarişçiləri tərəfindən keyfiyyət şərtlərinə uyğun olmadığı, qüsurlu olduğu səbəbi ilə geri qaytarılmış və bu səbəbdən cavabdehin itirdiyi əldən çıxmış gəlir təxminən 10000 manatdır. Cavabdeh tərəfindən sübut kimi qəbul olunmuş 07 may 2021-ci il tarixli, 795872/00183 saylı ödəniş tapşırığını nəzərdən keçirərkən görünür ki, sənədin ödənişin təyinatı hisəsində “07 may 2021 tarixli Z1/005 saylı hesab fakturaya əsasən mal – material üçün ödəniş” və “30% avans ödəniş” sözləri qeyd olunmuşdur. Göründüyü kimi 28441 manat məbləğində pul vəsaiti 01 oktyabr 2020-ci il tarixli, 03/20 nömrəli podrat müqaviləsinə əsasən görülmüş işlərə görə ödənnilməmşdir. Digər tərəfdən qəbzdə “30% avans ödəniş” sözləri qeyd olunduğuna və məbləğ 28441 manat olduğuna görə ümumi ödənilməli olan məbləğ 94803 manat olmalı idi. Buna görə də məhkəmə hesab edir ki, həmin qəbz mübahisə predmeti olan müqavilə üzrə qismən ödəniş aparılmasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Bundan başqa işin halları və təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, cavabdehə ümumilikdə 138616,89 manat məbləğində mal təhvil verilmiş, 10805,69 manat məbləğində mal geri qaytarılmış və bundan sonra borcun məbləği 127811,20 manat təşkil etmişdir. Həmin məbləğin isə 58080,18 manat məbləğində hissəsi ödənilmişdir və qalıq borc 69731,02 manatdır. Etirazın digər hissəsi 10000 manat məbləğində əldən çıxmış fayda qimsmində zərərin mövcudluğu ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İlkin olaraq onu qeyd etmək lazımdır ki, hazırkı mübahisənin predmetini Cavabdeh MMC-yə vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil etmir. Qeyd olunan xüsusata etirazın əsasını təşkil edən hal kimi qiymət verildiyi təqdirdə belə, qeyd olunan halları təsdiq edən, yəni, iddiaçının müqavilə üzrə ayaqqabıları vaxtında təhvil vermədiyi üçün sifarişçilər ödəməli olduğu puldan daha az pul ödəməsi, bəzi ayaqqabıların qüsurlu olduğu səbəbi ilə geri qaytarılması, əldən çıxmış faydanın hansı səbəbdən 10000 manat təşkil etməsi ilə bağlı cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bununla da, məhkəmə hesab edir ki, iddia əsas borcun ödənilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, məhkəmə 69730,91 manat əsas borca 5006,48 manat dəbbə pulu hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış 5006,48 manat dəbbə pulunun miqdarı azaldılaraq 500 manat miqdarında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - 122.2-ci maddəsinə əsasən iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən həmin Qanuna uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1 və 122.2-ci maddələrinin tələbini və iddianın qismən təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 376 manat məbləğində pul vəsaiti və hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 800 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddiası qismən təmin edilsin. 69730,91 manat məbləğində əsas borc və 500 manat məbləğində dəbbə pulu olmaqla ümumilikdə 70230,91 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 800 manat və ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 376 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1008/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1008/2022
07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver