Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10085/2025 17.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədov Fərid Elçin oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş zərərin əvəzi kimi 10000 (on min) manat pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun əvəzinin, cəmi 10120 (on min bir yüz iyirmi) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra “İddiaçı”) ilə Cavabdeh arasında AQSZX 45/0725 saylı, xx.xx.2025-ci il tarixli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə,İddiaçı tərəfindən verilmiş sifariş(lər) əsasında, Cavabdeh Müqavilənin tərkib hissəsi olan əlavə(lər)də göstərilən X2 Zavodu ərazisində çiller sisteminin təmir edilməsi və digər işləri yerinə yetirməyi, başa çatdırmağı və İddiaçıya tam hazır vəziyyətdə təhvil verməyi, İddiaçı isə bu xidmətin müqabilində hər sifariş üzrə Cavabdehə qaimə-fakturalarda/hesab-fakturalarda/və ya əlavələrdə razılaşdırılmış məbləğdə xidmət haqqını ödəməyi öhdəsinə götürür. İddiaçı, müqaviləyə uyğun olaraq, ümumilikdə 10000 (on min) manat pulu avans şəklində cavabdehə ödəmişdir. Lakin cavabdeh tərəfindən Müqavilənin şərtləri pozulmuşdur. Belə ki, cavabdeh ödənişin müqabilində xidməti (işləri) bu günə kimi tam şəkildə icra etməli olduğu halda, ümumiyyətlə işlərin icrasından boyun qaçırmışdır. İddiaçı cavabdehə müraciət edərək müqavilə üzrə işlərin 15 gün ərzində icra olunaraq təhvil verilməsini tələb etsə də, cavabdeh bu istiqamətdə hər hansı addım atmamış, nəticədə müqavilə üzrə öhdəliyinin icra edilməməsi nəticəsində İddiaçıya maddi zərər vurulmuşdur. Beləliklə, cavabdeh tərəfindən Müqavilənin əhəmiyyətli dərəcədə pozuntusuna yol verilmişdir ki, nəticədə İddiaçının Müqavilənin birtərəfli qaydada ləğv edilməsinə dair hüququ yaranmışdır. İddiaçı cavabdehə bildiriş ünvanlayaraq, AQSZX 45/0725 saylı, xx.xx.2025-ci il tarixli xidmət müqaviləsini ləğv etdiyini bildirmiş və avans şəklində cavabdehə ödənilmiş 10000 (on min) manat məbləğində pulun 3 (üç) iş günü ərzində geri qaytarılmasını tələb etmişdir. Lakin cavabdeh ödənilmiş pulu iddiaçıya geri qaytarmamışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış AQSZX 45/0725 nömrəli, 25 iyul 2025-ci il tarixli xidmət müqaviləsindən görünür ki, sifariş(lər) əsasında, icraçı müqavilənin tərkib hissəsi olan əlavə(lər)də göstərilən X2 Zavodu ərazisində çiller sisteminin təmir edilməsi və digər işləri yerinə yetirməyi, başa çatdırmağı və sifarişçiyə tam hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə bu xidmətin müqabilində hər sifariş üzrə icraçıya qaimə-fakturalarda/hesab-fakturalarda/və ya əlavələrdə razılaşdırılmış məbləğdə xidmət haqqını ödəməyi öhdəsinə götürür.
7. AQSZX 45/0725 nömrəli, 25 iyul 2025-ci il tarixli xidmət müqaviləsinə 1 nömrəli (qiymət razılaşdırma protokolu) əlavədən görünür ki, tərəflər razılaşmışlar ki, Çiller sisteminin təmir edilməsi üçün tələb edilən 15000 manat məbləğin, 10000 manatı avans qismində əvvəlcədən, qalan hissəsi ilə işlər yekunlaşıb təhvil-təslim aktı üzrə tam təhvil verildikdən sonra hesablanmaqla, elektron qaimə faktura əsasında nağdsız, bank köçürmə yolu ilə ödəniləcəkdir.
8. "xxxx" ASC-yə məxsus xx.xx.2025-ci il tarixli A00002 nömrəli qəbzdən görünür ki, İddiaçı MMC (VÖEN: **********) tərəfindən AQSZX 45/0725 nömrəli, 25 iyul 2025-ci il tarixli xidmət müqaviləsinə əsasən təmir xərci üçün avans olaraq Cavabdeh "xxxx" ASCyə məxsus (VÖEN: **********) hesabına 10000 manat məbləğində vəsait köçürülmüşdür.
9. İddiaçı MMC-nin texniki direktoru X1, texniki işlər üzrə şöbəsinin rəisi Cavid Nəsibov və kommunikasıya xətləri təmiri qrupunun rəhbəri Vüqar Əliyev tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli Qüsur aktından görünür ki, zavodun ərazisində çiller sisteminin təmir edilməsi üçün İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış AQSZX 45/0725 nömrəli, 25 iyul 2025-ci il tarixli xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq xx.xx.2025-ci il tarixdə Cavabdeh hesabına 10000 manat avans ödənilmişdir. xx.xx.2025-ci il tarixdə təmir işlərinə başlanılmış, lakin nəzərdə tutulan işləri yerinə yetirə bilməmişlər. Belə ki, çiller sisteminin təmiri həyata keçirilmədi və işlək vəziyyətə gətirilmədi, elektrik sistemi və çillerin işlək vəziyyətdə olan 2 ədəd kompressoru isə yararsız hala salınmışdır. Əlavə olaraq təmir işləri üçün İddiaçı MMC tərəfindən müqavilə predmetinə daxil olmayan freon qazı – 635.58 manat və fan 12 ədəd – 2640 manat məbləğində mal-materiallar alınmışdır.
10. İşə əlavə edilmiş pretenziyadan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydalarına əməl edilmişdir.
11. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır.
12. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh təşkilat arasında xx.xx.2025-ci il tarixli, AQSZX 45/0725 nömrəli xidmət müqaviləsi bağlanmış və həmin müqaviləyə uyğun olaraq iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan avans qismində 10000 manat məbləğində pulu cavabdehə ödəmiş, lakin cavabdeh ona ödənilmiş pulun müqabilində çiller sistemini təmir etməmiş və bununla da, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir.
13. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
16. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
17. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
20. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
21. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur.
22. Həmin Məcəllənin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.
23. Beləliklə, yuxarıda qeyd edilənlərdən göründüyü kimi tərəflər arasında yazılı podrat müqaviləsinin bağlanması və İddiaçı MMC-nin çiller sisteminin təmir edilməsi üçün Cavabdeh hesabına 10000 manat məbləğində pul ödəməsi işin mübahisəsiz halıdır.
24. Məlum olduğu kimi, podrat müqaviləsinə görə, podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.
25. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
26. İlk olaraq, mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan podrat müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır.
27. Bu müqavilənin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini ehtiva edir.
28. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda yaranmış mübahisə həmin müqavilə şərtləri çərçivəsində həll edilməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələri hərtərəfli araşdırılmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğu dəqiqliklə müəyyən edilməlidir.
29. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi.
30. Hazırda iddiaçı tələbini cavabdehin müqavilə öhdəliyini icra etməməsi ilə əsaslandırır. Nəzərə alınmalıdır ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir (Mülki Məcəllənin 399, 425-ci maddələri). Bu, cəmiyyətdə olan hüquq qaydasını, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Bu məqsədlərə nail olunması müvafiq olaraq müqavilə öhdəliyinin lazımınca icrasını, öhdəliyin pozulmasının qarşısının alınması üçün təminatların yaradılmasını tələb edir və qanunvericilik bu məqsədə nail olmaq üçün mülki hüquq məsuliyyəti müəyyən edir. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Göründüyü kimi, cavabdeh öhdəliyini icra etməmiş və iddiaçının bu səbəbdən məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququ vardır.
31. Beləliklə, yuxarıda qeyd olunan maddi hüquq normalarına və işin hallarına əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2025-ci il tarixli, AQSZX 45/0725 nömrəli xidmət müqaviləsinə əsasən, Cavabdeh üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyindən, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Odur ki, tələb edilən 10000 manat məbləğində pul vəsaiti tam olaraq sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, Cavabdeh 10000 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı MMC-yə ödənilməlidir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi оlaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia təmin edilsin. xx.xx.2025-ci il tarixli, AQSZX 45/0725 nömrəli xidmət müqaviləsinə əsasən 10000 (on min) manat əsas borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 10120 (on min yüz iyirmi) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fərid Hətəmzadə