Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1016/2025 07.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: subroqasiya, sığorta hadisəsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Sığorta Şirkəti ASC (bundan sonra – iddiaçı) cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 949,88 manat məbləğində dəymiş zərər, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat qəpik xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə X2 məxsus olan ünvan 1 ünvanında yerləşən əmlaka "xxxx" ASC-nin işçiləri tərəfindən su borusunun blomplanması zamanı su axması nəticəsində zərər dəymişdir. "xxxx" MMC-nin təqdim etdiyi arayışda "xxxx" ASC-nin işçiləri tərəfindən su borusunun blomplanması zamanı X2 məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə suyun axıdılması faktı öz əksini tapmışdır. Hadisə nəticəsində əmlakın zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatında əmlaka dəymiş zərərin məbləği 1200 manat məbləğində müəyyən edilmişdir. İddiaçı Sığorta Şirkəti” ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq, ünvan 1 mənzilin sahibinə 250 (iki yüz əlli) manat azadolma məbləği və 0,12 (on iki) qəpik bərpa məbləği çıxmaqla, 949.88 (doqquz yüz qırx doqquz manat səksən səkkiz) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Hesab edilir ki, 949,88 (doqquz yüz qırx doqquz manat səksən səkkiz) manat məbləğində sığorta ödənişi cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 İddiaçıSığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır.
3. Cavabdeh iddia əizəsinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsalandırılmışdır ki, iddiaçı "xxxx" SŞ ASC iddia ərizəsində sözügedən ünvanda baş vermiş su basma hadisəsi ilə bağlı sığorta ödənişini cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 tələb etmişdir. Qeyd olunan su basma hadisəsi ilə bağlı ümumi məlumat versə də, həmin hadisənin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi ilə bağlılığına dair heç bir sübut təqdim etməmişdir. Bildirilir ki, 29 aprel 2024-cü il tarixində X2 məxsus olan ünvan 1 ünvanında yerləşən əmlaka su axıdılması faktı ilə bağlı hər hansı bir məlumat idarəyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq iclasın iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. 129924 nömrəli sığorta aktına görə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Məhəmməd Hadi küçəsində yerləşən X2 məxsus daşınmaz əmlak susızma nəticəsində zədələnmişdir. Dəymiş zərərin məbləği 1200 manat, sığorta ödənişinin məbləği isə 250 manat franşiza və 0,12 manat bərpa məbləği çıxılmaqla 949,88 manat müəyyən edilmişdir.
10. 13.05.2024-cü il tarixli ödəniş tapşırığı ilə X2 949,88 manat məbləğində ödəniş edilmişdir.
11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa görə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 35,70 kv.m olan qeyri-yaşayış sahəsi X1 mülkiyyətindədir (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022).
12. "xxxx" MMMC tərəfindən X2 verilmiş arayışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 35,70 kv.m olan qeyri-yaşayış sahəsinə yuxarı 2-ci mərtəbədə 92-ci mənzilin su borcunun olması ilə bağlı "xxxx" ASC-yə məxsus işçilər tərəfindən su borusunun plomblanması zamanı su axması baş vermişdir.
13. 01.05.2023-cü il tarixli əmlak hadisəsi nəticəsində zədələnmə ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata görə ünvan 2 ünvanında yerləşən əmlaka dəymiş zərərin cəmi məbləği 1200 mana təşkil edir.
14. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
16. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
17. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
18. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
19. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
20. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
21. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
22. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
23. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
24. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
25. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).
26. MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
27. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
28. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).
29. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.
30. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, MM-in 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.
31. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, M.Məmmədov ona məxsus daşınmaz əmlakla bağlı İddiaçı Sığorta Şirkəti ASC ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sığorta müqaviləsi bağlamış, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində sığorta hadisəsi (subasma) baş vermiş, hadisə nəticəsində sığortalının mülkiyyətində olan obyektə 1200 manat zərər dəymiş, həmin zərərə görə iddiaçı tərəfindən sığorta müqaviləsinin şərtlərinə əsasən 250 manat azadolma məbləği və 0,12 manat bərpa məbləği çıxılmaqla, ümumilikdə 949,88 manat məbləğində sığorta ödənişi ödənilmişdir.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetin 21 dekabr 2012-ci il tarixli, 345a Sərəncamına əsasən “Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyul tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”na əsasən su təchizatı, kanalizasiya şəbəkəsi və qurğularının idarə edilməsi məqsədi ilə Nazirlik, Komitə, şəhər, rayon icra hakimiyyəti orqanları və digər aidiyyəti dövlət təşkilatlarının balansında olan xarici su təchizatı və kanalizasiya şəbəkə qurğuları və həmin təşkilatların mənzil fondunda olan çoxmənzilli yaşayış binalarının daxili su təchizatı və kanalizasiya sistemləri "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansına verilmişdir.
33. “Sudan istifadə qaydaları”nın 2.1-ci bəndinə əsasən balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək cavabdehin vəzifəsidir.
34. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən sığortalı M.Məmmədovun qeyri-yaşayış sahəsinə su axmasına səbəbin həmin sahənin üstündə yerləşən mənzilin su xəttinin plomblanmasının olması göstərilmişdir.
35. İddiaçı həmin hadisənin cavabdehin əməkdaşlarının təqsirli hərəkətləri nəticəsində baş verdiyini iddia etsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
36. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 75-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.
37. Həmin Məcəllənin 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur.
38. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən əmlaka suyun axıdılmasında cavabdehin təqsirli olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
39. Bu səbəbdən dəymiş zərərin cavabdehdən tələb edilməsi barədə iddia tələbi əsassızdır və təmin edilməməlidir.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
41. Bu səbəbdən Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. V. Nəticə:
42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu İddiaçı Sığorta Şirkəti ASC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova