Məhkəmə qərarları › İş №e-2-2(113)-10171/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-10171/2025

23.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10171/2025 23.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə bağlanmış 21 yanvar 2025-ci il tarixli 112 saylı müqavilə üzrə 3.014,20 manat məbləğində əsas borcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 51 manat dövlət rüsumunun, ümumilikdə 3.065,20 manat məbləğin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında məhsulların alqı-satqısına dair 21 yanvar 2025-ci il tarixli 112 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən İddiaçı MMC malları Cavabdeh MMC-ə təhvil verməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən isə cavabdeh qeyd olunan malların dəyərini 30 gün ərzində ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC müqavilədən əmələ gələn öhdəliklərini tam yerinə yetirərək müxtəlif vaxtlarda cavabdehə yüksək keyfiyyətdə məhsulları təhvil vermişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam şəkildə və vaxtında icra etməmiş və ümumilikdə müqavilə üzrə öhdəliklərini kobud şəkildə pozmuşdur. Nəticədə, Cavabdeh MMC İddiaçı MMC-yə ümumilikdə təhvil verilmiş mallar üzrə 3014,20 (üç min on dörd tam yüzdə iyirmi) manat borcu yaranmışdır.

II. Tərəflərin mövqeləri:

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

III. Məhkəmə baxışının hədləri:

4. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2-ci maddəsinə əsasən Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən rizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. - 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər.

IV. Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

6. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

7. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (satıcı) Cavabdeh (alıcı) xx.xx.2025-ci il tarixli 112 saylı müqavilə bağlanmışdır.

8. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilədə müəyyən olunmuş şərtlərlə Dondurulmuş Balıq və Ət məhsulunu təhvil verməyi, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür.

9. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. Məhkəmə qeyd edir ki, ilk növbədə alqı-satqı münasibətləri üzrə malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan, İddiaçı üzərinə düşür.

11. İş materiallarından görünür ki, iddiaçı cavabdehə MT2504 seriyalı, 11726380 nörməli xx.xx.2025-ci il tarixli dəyəri 940,5 manat, MT2509 seriyalı, 11623852 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 955,87 manat, MT2504 seriyalı, 11129583 nömrəli, xx.xx.2025ci il tarixli dəyəri 1.451,83 manat məbləğində olan elektron qaimə göndərmişdir.

12. Yuxarıda qeyd olunan elektron qaimələrin sadə riyazi hesablama ilə ümumi məbləği 3.348,2 manat təşkil edir.

13. Hazırda iddiaçı tərəf cavabdehin 3.014,2 manat borcunun qaldığını bildirir.

14. Məhkəmə qeyd edir ki, qeyd edilən elektron qaimə ilə bağlı cavabdeh tərəfindən etiraz verilmədiyi nəzərə alındığında elektron qaimədə qeyd edilmiş dəyərdə olan mallar iddiaçı tərəfindən cavabdehə verilmişdir.

15. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.

16. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə dəyəri 3.014,2 manat olan mallar verilmiş və alıcının da, qeyd edilmiş malların dəyərini ödəmək vəzifəsi yaranmışdır.

17. Cavabdeh tərəf iddiaya münasibət (etiraz) bildirməmiş, malların dəyərinin ödənildiyini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.

18. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia 3.014,2 manat əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və təmin olunmalıdır.

19. Məhkəmə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

20. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 54 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

21. İddia tələbi nəzərə alındığında məhkəmə hesb edir ki, ödənilmiş dövlət rüsumun əvəzi olaraq 50,14 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

22. Beləliklə, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. VI. Nəticə:

23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. xx.xx.2025-ci tarixli müqaviləyə əsasən əsas borc üzrə 3.014 (üç min on dörd) manat 20 (iyirmi) qəpik qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat 14 (on dörd) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar