Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10247/2025 04.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri şəhərlərin X1 Xidməti” X2ə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əsassız hesablanmış borcun silinməsi) Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədova Gülnarə Malik qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh “İri şəhərlərin X1 Xidməti” X2ə (əvvəlki adı ilə "xxxx" ASC) qarşı “istehlakçı olaraq pozulmuş hüquqlarının bərpası, əsassız olaraq hesablanmış borcun silinməsi və hesabdan tutulmuş pulun geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra tələbini dəqiqləşdirərək, məhkəmədən 25 iyul2025-ci il tarixli 603446 nömrəli akt əsasında hesablanmış 1610 manat borcun silinməsi, həmçinin ödənilmiş 36 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov Rayonu, Məmməd Araz küçəsində yerləşən 247 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Sözügedən əmlakdan sahibkarlıq fəaliyyəti üçün istifadə edilir. Həmin evlə bağlı bütün kommunal xərclər onun tərəfindən ödənilir. Qeyd etmişdir ki, ona məxsus evin üzərinə quraşdırılan su sayğacının istismar müddəti bitdiyi üçün müraciəti əsasında həmin su sayğacı cavabdeh “İri Şəhərlərin Su Təhcizatı Xidməti Publik Hüququi Şəxsi”-nin əməkdaşları tərəfindən dəyişdirilərək yeni su sayğacı ilə əvəz edilmişdir. Lakin cavabdeh qurum həmin gün su sayğacının yenisi ilə əvəz edilməsi ilə bağlı Aktı ona təqdim etməmişdir. Daha sonra isə su sayğacı quraşdırıldıqdan bir neçə gün sonra cavabdeh qurumun əməkdaşları heç bir rəsmi icazə sənədi təqdim etmədən və yoxlama müddətlərinə riayət etmədən ardıcıl olaraq bir neçə dəfə qanunsuz və əsassız olaraq mənə məxsus fərdi yaşayış evinin ətraf ərazisində yoxlamalar aparmış yoxlama və araşdırmalar nəticəsində guya kənar su xətdinin olmasını müəyyən edərək 25 iyul 2025-ci il tarixdə 603446 saylı Akt tərtib etmişlər. Həmin Akta əsasən guya tərəfindən abonent sayğacından kənar olan boru xətti ilə sudan qeyri-qanuni istifadə olunduğu üçün cavabdeh orqan tərəfindən 1600 (bir min altı yüz) manat məbləğində cərimə hesablanmışdır. Qanunvericiliyin tələblərinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilməli, yoxlamanın hüquqi əsasları barədə məlumat verilməlidir. Digər tərəfdən Akt tərtib olunarkən kənar su xəttinin müəyyən olunması mütəxəssis tərəfindən araşdırılmalı, həmin su xəttinin ümumiyyətlə sanitar cəhətdən istifadəyə yararlı olub-olmaması, əsas su xəttinə qoşulub-qoşulmaması və onun onun tərəfindən istifadəsinin mümkün olub-olmaması məsələləri araşdırılmalı idi. Lakin qeyd olunan hallar cavabdeh qurum tərəfindən ümumiyyətlə araşdırılmamış, qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq onun razılığı və iştirakı olmadan dəfələrlə yoxlama müddətlərinə riayət etmədən yoxlamalar aparmış və nəticədə qanunsuz və əsassız olaraq Akt tərtib edilmişdir. Onuda qeyd etmişdir ki,sözügedən aktda cavabdeh tərəfindən ona aid olan imza qeydi hissəsində “imtina” sözü qeyd edilmişdir. Halbuki, həmin akt tərtib olunarkən cavadeh qurumun əməkdaşları tərəfindən onun iştirakı təmin edilməmiş, həmin akt ona sonradan təqdim edilmişdir. Qeyd etmişdir ki, yaranmış zərurətlə əlaqədar işin hərtərəfli araşdırılması baxımından, yəni sözügedən kənar su xəttinin hansı əsas boru xəttinə birləşdirilməsinin müəyyən olunması ilə bağlı tərəfindən cavabdeh orqana, eyni zamanda digər müvafiq orqanlara müraciət etsə də, müraciətinin heç bir nəticəsi olmamış, cavabdeh qurum tərəfindən müraciəti ilə bağlı ümumiyyətlə heç bir araşdırma aparılmamışdır. Onu da qeyd etmişdir ki, yeni su sayğacı quraşdırıldığı tarixdən bugünədək hər dəfə balansı artırmaq üçün kart vasitəsi ilə hesaba pul vəsaiti köçürərkən əsassız hesablanmış borca görə hesabdan hissə-hissə olmaqla ümumilikdə 600 manat məbləğində pul vəsaiti çıxılmışdır. Qeyd olunanlardan göründüyü kimi cavabdeh tərəfindən onun həm sahibkarlıq, həm də istehlakçı hüquqları bir deyil, bir neçə dəfə kobud şəkildə pozulmuşdur. Bu səbəbdən pozulmuş hüquqlarının bərpası ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur.
3. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və bundan əlavə bildirmişdir ki, su ilə təchiz edilən tikili fərdi yaşayış evi olsa da, bağça olaraq qeyri-yaşayış sahəsi kimi istifadə edilir. 10-12 il əvvəl həmin obyekti icarədə olmuş və həmin vaxt icarədar qanunsuz qoşulma etmişdir. Bununla bağlı su idarəsi tərəfindən müvafiq cərimə yazılmış və həmin qanunsuz xəttin ağzı bağlanmışdır. Atasına məxsus obyekti 2019-cu ildən isə özü işlədir və hər hansı qanunsuz qoşulma etməmişdir. Orada rəsmi lisenziya əsasında fəaliyyət göstərir. Özləri istədiyi vaxt yoxlamaya gəlirlər, obyek isə uşaq bağçasıdır, bu düzgün deyil. Reyestrdən çıxarışı ona göstərmirlər. Cərimdən sonra o, rəsmi şəkildə məktub göndərmişdir, idarə heyətinin rəisi tərəfindən verilən cavab isə etdikləri hərəkətləri təsdiq etmir. Onlara bir müddət əvvəl müraciət edərək bildirmişdir ki, hal hazırda iş məhkəmədədir. Məhkəmə yekun aktını qəbul edənə qədər cərimədən tutlumalar dayandırılsın. Lakin ona bildirmişlər ki, bu mümkün deyil. Daha sonra yenidən yoxlama oldu. Bir məsələni də qeyd etmişdir ki, yoxlama zamanı yoxlama proseduruna əməl edilmir. Yoxlama aktları tərtib edilərkən heç bir yoxlama prosesində o iştirak etməmişdir.
4. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə iştirakları olmadan baxıb qətnamə çıxarılmasını xahiş etmişdir.
Tədqiq olunan sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları
5. İş materillarında olan:
6. “İri Şəhərlərin X1 Xidməti” PHŞ-nin Nərimanov rayon nümayəndələri tərəfindən xx.xx.2025-ci il tarixli, 603446 Nömrəli AKT-ından görünür ki, X2 nümayəndələri xx.xx.2025-ci il tarixdə obyektin su təchizatı və kanalizasiya sisteminə baxış keçirmiş və abonentin sayğacdan kənar d=15 m boru vasitəsilə sudan qeyri-qanuni istifadə olunduğu müəyyən edilmişdir. AKT-da obyektin nümayəndəsinin imza etməkdən imtina edildiyi qeyd edilmişdir.
7. “İri Şəhərlərin X1 Xidməti” PHŞ-nin 29 iyul 2025-ci il tarixli qanunsuz istifadə fakturasından görünür ki, 25 iyul 2025-ci il tarixli, 603446 saylı akta əsasən su təhcizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə haqqının ödənişi üçün suya görə 805 manat, şirkab suya görə 805 manat olmaqla, cəmi 1610 manat borc hesablanmışdır.
8. Abonentin saldosundan görünür ki, abonentə 2025-ci ilin iyul ayında 1610 manat borc yazılmışdır.
9. 09.12.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh “İri Şəhərlərin Su Təhcizatı Xidməti Publik Hüququi Şəxsi” tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 1600 manat məbləğində borcun silinməsi və abonent hesabından silinmiş 600 manat pulun iddiaçıya ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
10. 09.12.2025-ci il tarixli, ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 36 manat dövlət rüsumu ödənilmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Konstitusiyasının:
12. 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
13. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin 4-cü hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
15. “Su təhcizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun:
16. 12-ci maddəsinə görə su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
17. 34-cü maddənin 3-cü bəndinə əsasən kanalizasiya müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
18. 49-cu maddəsinin 4-cü bəninə səlahiyyətli nümayəndələr sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
19. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun:
20. 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.
21. 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.
22. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
23. 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır.
24. 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
25. 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.
26. 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir.
27. 20.2-ci maddəsinə əsasən bu Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər.
28. 34.1-ci maddəsinə əsasən yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati (yuxarı dövlət orqanına və ya yuxarı dövlət orqanı olmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)) və məhkəmə qaydasında şikayət verə bilər. Yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
29. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:
30. 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
31. 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
32. 1.7-ci bəndə əsasən reyestrin informasiya resursu vahid məkanda saxlanılmaqla öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – Ədliyyə Nazirliyi) tərəfindən aparılır.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın:
34. 2.2-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsinin (STKM) səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
35. 6.18-ci bəndinə əsasən STKM-in səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
36. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 6.3-cü bəndinə əsasən İri Şəhərlərin X1 Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir.
Məhkəmə baxışının hədləri
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
38. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
41. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
44. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir.
45. Belə ki, “İri şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsi su təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), sayğaca müdaxilə, habelə su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma, o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.
46. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc “İri şəhərlərin X1 Xidməti” X2in əməkdaşları tərəfindən iddiaçıya məxsus abonent kodu 095082 olan obyektdə sayğacdan kənar qoşulma ilə bağlı keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda, həmin yoxlamanın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Halbuki, cavabdehin məhkəmə iclasları barədə xəbəri olmuş, iştirakları olmadan baxılmasını tələb etmişlər. Yəni əgər bu barədə cavabdehin sübutu var idisə, həmin sübutu özündə saxlayıb təqdim edilməməsi onun ziyanına olan hal kimi təfsir edilməli və digər tərəfin bildirdiyi məlumatlar iş üçün əhəmiyyətli olan hal kimi müəyyən edilməlidir.
47. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci bəndinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır və heç bir hüquqi nəticəsi yoxdur.
48. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq İddiaçı 1610 manat məbləğində borc hesablamaqda haqlı olmamışdır.
49. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, hesablanmış 1610 manat borc abonentin hesabından silinməlidir.
50. Bundan başqa məhkəmə iddianın təmin olunduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş 36 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə
51. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “İri şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsi tərəfindən 25 iyul 2025-ci il tarixli, 603446 nömrəli akt əsasında hesablanmış 1610(min altı yüz on) manat borc İddiaçı abonent hesabından(abonent kodu:095082) silinsin. Ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumunun əvəzi cavabdeh “İri Şəhərlərin X1 Xidməti” X2dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən İlkin Əliyev