Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1029/2025 19.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, xx-xx/2023 saylı “müqavilə üzrə ƏDV daxil 37.832,31 manat, xx.xx.2024-cü il tarixinə gecikdirilmiş hər gün üçün borcun 1%-i həcmində 115.388,5455 manat dəbbə pulunun, cəmi 153.220,9 manatın və ödənilmiş 443,22 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, xx-xx/2023 saylı müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən iddiaçı olan “İcraçı” özünə məxsus texnikalar ilə cavabdeh olan “Sifarişçi”nin verdiyi sifarişlər əsasında xidmət göstərir və bunun müqabilində xidmət haqqı alır. Xidmət haqqı, texnikaların siyahısı, icra müddəti xx.xx.2023-cü il tarixli, xx-xx/2023 saylı “Xidmət müqaviləsi”nin ayrılmaz hissəsi hesab edilən X2 Protokoluna əsasən müəyyən edilir. Qeyd edilən müqavilənin 1 və 2 saylı X2 Protokoluna əsasən “İcraçı” “Sifarişçi”yə 5 texnika ilə xidmət göstərib. Tərəflər arasında imzalanmış 1 saylı təhvil-təslim aktına əsasən görülmüş işlərin dəyəri ƏDV daxil olmaqla15 576 manat, 2 saylı təhvil-təslim aktına əsasən görülmüş işlərin dəyəri 34 056.31 manat olmaqla cəmi: 49 632,31 manat təşkil edib. Cavabdeh olan “Sifarişçi” tərəfindən xx.xx.2023-cü il tarixində 10 000 manat avans, 1 800 manat isə avans məbləğin ƏDV-i ödənilmişdir. Hər iki akt üzrə cavabdehin iddiaçıya olan borcu ƏDV daxil37 832.31 manat təşkil edir. Lakin borc bu günə kimi ödənilməyib. Bu isə cavabdehin müqavilə üzrə öz öhdəliklərini yerinə yetirilməməsi deməkdir. Qeyd edilən məbləğə uyğun iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli, EBDV seriyalı, 569454 nömrəli və EBDU seriyalı, 708392 nömrəli elektron qaimə fakturalar göndərilmişdir. Hal-hazırda ödənilməmiş xidmət haqqı üzrə borc məbləği ƏDV daxil 37 832.31 manat təşkil edir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, elektron məhkəmə sisteminə ərizə göndərərək, məhkəmə baxış iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və ekspertizanın keçirilməsi ilə bağlı vəsatətin təmin edilməsi barədə qərardaın qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1029/2025 saylı qərardadı ilə Cavabdeh MMC-nin vəsaətəti rədd edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. - 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 697.3-cü maddəsinə əsasən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəyə verən hər hansı müddət üçün qabaqcadan verilmiş kirayə haqqını qaytarmalıdır. - 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
9. İşin müəyyən olunmuş halı ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, 04.-04/2023 nömrəli müqaviləsi bağlanmışdır.
10. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə və onun ayrılmaz hissəsi sayılan X1 əsasən icraçı ona məxsus texnikalar ilə sifarişçinin verdiyi sifarişlər əsasında xidmət göstərir və bu xidmət müqabilində sifarişçi icraçıya xidmət haqqı ödəyir.
11. Tərəflər xx.xx.2023-cü il tarixli 01 nömrəli və xx.xx.2023-cü il tarixli 02 nömrəli razılaşma protokolu ilə görüləcək işlərin yeri, məzmunu, ölçü vahidi, qiyməti barədə razılığa gəlmişlər.
12. Müqavilə və protokollar hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
13. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də, məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir.
14. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə xidmət müqaviləsi adlansa da, onun əsl mahiyyətinə nəzər yetirdikdə aydın olur ki, qeyd edilmiş müqavilə icarə müqaviləsidir.
15. Belə ki, məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçıya məxsus texnikaları icarəyə götürdüyünü və üçüncü bir şəxsə xidmət etmək üçün istifadə etdiyini bildirmişdir.
16. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyindən onun obyektdən istifadəyə görə icarə haqqı ödəmək vəzifəsi və iddiaçının da, müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.
17. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 01 nömrəli təhviltəslim aktına əsasən ƏDV daxil 15.576 manat məbləğində və 02 nömrəli təhvil-təslim aktına əsasən ƏDV daxil 34.056,31 manat məbləğində xidmətlərin icraçı tərəfindən sifarişçiyə təhvil verilməsini tərəflər öz imza və möhürü ilə təsdiq etmişlər.
18. Bundan başqa iddiaçı tərəfindən cavabdehə EBDV seriyalı 569454 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 15.576 manat, EBDU seriyalı 708392 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 34.056,31 manat olan elektron qaimələr göndərilmişdir.
19. Yuxarıda sadalanmış elektron qaimələrin sadə riyazi hesablama ilə ümumi məbləği 49.632,31 manat təşkil edir.
20. Hazırda iddiaçı cavabdeh tərəfindən 11.800 manat (49.632,31-11.800) məbləğində ödəniş edildiyini, nəticədə 37.832,31 manat borcunun qaldığını bildirir.
21. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı əsas borcun tələb edilməsi hissəsində qəbul etdiyini bildirmişdir.
22. Belə olan halda Məhkəmə hesab edir ki, 37.832,31 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. Məhkəmə 115.388,54 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
24. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
25. Hazırkı işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 1.900 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
26. Məhkəmə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 443,22 manat məbləğində pulun tələb olunması ilə bağlı aşağıdakıları qeyd edir.
27. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 443,22 manat məbləğində pul iddiaçı tərəfindən dövlət büdcəsinə ödənmişdir.
28. Lakin, Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənməli olan dövlət rüsumunun məbləği 209,20 manat təşkil edir.
29. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
30. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən əsas borc üzrə 37.832 (otuz yeddi min səkkiz yüz otuz iki) manat 31 (otuz bir) qəpik, cərimə borcu üzrə 1.900 (bir min doqquz yüz) manat olmaqla, ümumilikdə 39.732 (otuz doqquz min yeddi yüz otuz iki) manat 31 (otuz bir) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 209 (iki yüz doqquz) manat 20 (iyirmi) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov