Məhkəmə qərarları › İş №e-2-2(113)-1048/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1048/2022

21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1048/2022 21.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndələri (qanuni təmsilçiləri) X2 və Duman Sinanın, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 4.895.301,44 manat borc məbləğinin və məhkəmə xərclərinin əvəzi qismində 3.637,65 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 4.895.301,44 manat borc məbləğinin və məhkəmə xərclərinin əvəzi qismində 3.637,65 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, özünün yeni inzibati binasının son tamamlama (tikinti-quraşdırma, interyer, landşaft, elektromexanika, yoxlama və sazlama) işlərinin satınalmasına dair 20.09.2020-ci ildə açıq tender elan etmiş və iddiaçı həmin tenderdə iştirak edərək 04.11.2020-ci il tarixdə qalib gəlmişdir. Bundan sonra iddiaçı ilə cavabdeh arasında 30.11.2020-ci il tarixli, LWC-2020/92 saylı “işlər üzrə satınalma Müqavilə”si və “Müqavilənin xüsusi şərtləri”nə dair Əlavə bağlanılaraq, müqavilə üzrə dəyəri ƏDV daxil 10.532.655,34 manat məbləğində cavabdehin yeni inzibati binasının son tamamlama (tikinti-quraşdırma, interyer, landşaft, elektromexanika, yoxlama və sazlama) işlərinin görülməsi üzrə qarşılıqlı razılığa gəlinmişdir. Həmin Müqaviləyə əsasən cavabdeh Sifarişçi, iddiaçı isə İcraçıdır. Müqaviləyə əsasən, “Müqavilənin xüsusi şərtləri”nə uyğun olaraq İcraçı tikinti işlərin yerinə yetirilməsini, Sifarişçi isə həmin işlərin (malların və xidmətlərin) İcraçıdan qəbul edilməsini və İcraçının təqdim etdiyi Forma 2 aktına əsasən yerinə yetirilən işlərin məbləğini ödəməsini üzərinə öhdəlik götürmüşlər. Cavabdeh ilə podrat müqaviləsi imzalandıqdan dərhal sonra ilkin razılaşdırılmış iş qrafikinə uyğun olaraq iddiaçı üzərinə götürdüyü öhdəliyinin icrasına başlamışdır. Həmin öhdəliklər üzrə layihənin mobilizasiya işləri tamamlanmış, tələb olunan işçi heyət cəlb edilmiş, mal, material və avadanlıqlar “Müqavilənin xüsusi şərtləri”nə uyğun olaraq cavabdehlə razılaşdırıldıqdan sonra qismən sifariş verilmiş, subpodratçı təşkilatlar ilə razılaşmalar əldə edimişdir. Nəticədə 2020-ci ilin dekabr ayında icra edilmiş işlər üzrə ƏDV daxil 1.413.398,76 manat dəyərində işlərin qəbul edilməsinə dair Forma 2 aktı təsdiq edilmişdir. Buna dair 2020-ci ilin dekabr ayı üzrə yerinə yetirilmiş tikinti-quraşdırma ilşərinin qəbulu Aktı və həmin ayda yerinə yetirilən podrat işlərinin müqavilə qiyməti ilə dəyəri haqqında Arayış tərtib olunaraq həm iddiaçı və cavabdeh tərəfidən təsdiq olunmuşdur. 2020-ci ilin dekabr ayı üçün təsdiq olunmuş məbləğdən cavabdeh tərəfindən yalnız az qismi, yəni 15.03.2021-ci il tarixli, **********/********** saylı ödəniş tapşırığı üzrə 42.372,88 manat, 17.03.2021-ci il tarixli, 000İCZ********** saylı ödəniş tapşırığı üzrə 42.372,88 manat, 18.03.2021-ci il tarixli, **********/205748523 saylı ödəniş tapşırığı üzrə 55.000 manat və 15.04.2021-ci il tarixli, **********/216335352 saylı ödəniş tapşırığı üzrə 100.000 manat, cəmi 239.745,76 manat məbləğində pul vəsaiti və həmin vəsaitlərin 18 % ƏDV qismində cəmi 43.154,24 manat, ümumilikdə isə 282.900 manat ödənilmişdir. Beləliklə də, 2020-ci ilin dekabr ayı üçün təsdiq olunmuş 1.413.398,76 manat məbləğdən, cavabdeh bu günədək cəmi 282.900,00 manat pul vəsaiti iddiaçının bank hesabına köçürmüşdür. Tərəflər arasında bağlanmış Müqavilənin 2.3-cü bəndinə uyğun olaraq, iddiaçının təqdim etdiyi və cavabdeh tərəfindən təsdiq olunmuş Forma 2 aktı üzrə ödəniş 15 gün ərzində ödənilməli olduğu halda cavabdeh tərəfindən 2020-ci ilin dekabr ayı üçün təsdiq olunmuş 1 nömrəli Forma-2 məbləğindən 1.130.498,76 manat və 2021-ci ilin mart ayında cavabdehə təqdim olunmuş, lakin cavabdeh tərəfindən qəsdən təsdiq edilməmiş 2 nömrəli Forma-2 məbləğindən 383.183,88 manat bu günədək ödənilməmiş qalır. 2021-ci ilin mart ayında cavabdeh tərəfindən layihənin icrası üçün ödəniş üzrə müvafiq büdcənin hələ ayrılmadığı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı cavabdehin nizamnaməsinə əsasən onun bütün səhmlərinin dövlətə məxsus, eyni zamanda əhəmiyyətli və nüfuzlu təşkilat olmasını, həmçinin müqavilə üzrə risklərin azaldılması məqsədi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyi müddət ərzində aylıq elektrik və kommunikasiya xərclərinin ödənişini, sahənin mühafizəsini, mobilizasiya qurğularına və müvəqqəti elektromexaniki sistemlərə texniki xidməti, tamamlama işlərinin qorunması kimi təxirəsalınmaz tədbirləri icra etməyə davam etmişdir. Beləliklə də, həmin tarixdən xeyli müddətin keçməsinə baxmayaraq cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi səbəbindən iddiaçı tərəfindən aparılan işlərin icrası müvəqqəti olaraq dayandırılmış və tərəflər arasında 30.05.2021-ci il tarixədək razılaşdırılmış icra müddətində işlərin uğurlu icrası mümkün olmamışdır. Bundan başqa, qeyd olunmuş layihə üzrə iddiaçının təchizatçı və subpodratçı şirkətlər qarşısında yaranmış borcların ödənilməsi barədə sonuncular mütəmadi olaraq iddiaçıya müraciətlər etməyə davam edirlər. Həmçinin, müqavilə təminatçısı olan banklar da işlərin dayandığını nəzərə almadan icra zəmanəti ilə bağlı meydana gələn xərclərin ödənişini iddiaçıdan bu gün də tələb edirlər. Qeyd olunanlar barədə cavabdehin sabiq sədri Qorxmaz Hüseynova ünvanlanmış 26.04.2021-ci il tarixli, AZM-2021-04-005 saylı iddiaçının məktubunda göstərilərək, cavabdehin “X7 tikintisi layihəsi”-nin son tamamlama işlərinin uğurlu icrasının təmin edilməsi, həmin vəziyyətlə bağlı xərclərin optimallaşdırılması məqsədi ilə qalıq məbləğin ödənişi və layihə üzrə Sifarişçinin cari ildəki gözləntiləri barədə məlumat verilməsi üçün müvafiq göstəriş verilməsi xahiş olunmuşdur. Buna cavab olaraq cavabdeh tərəfindən təkrar bildirilmişdir ki, layihənin icrası üçün ödəniş üzrə müvafiq büdcə hələ ayrılmamışdır. 04.05.2021-ci il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilmiş və onun səlahiyyətlərini müavini həyata keçirməyə başlamışdır. Tərəflər arasında bağlanmış 30.11.2020-ci il tarixli, LWC-2020/92 saylı “işlər üzrə satınalma” müqaviləsinə cavabdeh tərəf 27.05.2021-ci il tarixli, 1 nömrəli Əlavə Razılaşma tərtib edərək, müqavilənin icra müddəti 28.12.2022-ci il tarixədək uzadılmasını təklif etmişdir. Cavabdehin məsul vəzifəli şəxslər ilə razılaşdırılmış həmin Əlavə Razılaşma cavabdeh tərəfindən imzalansa da, iddiaçı tərəfindən qəbul edilmədiyinə görə, ona imza atmaqdan imtina edilmişdir. Belə ki, tərəflər arasında bağlanmış 30.11.2020-ci il tarixli, LWC-2020/92 saylı Müqavilənin son icra müddəti Müqavilənin xüsusi şərtlərinin 18-ci bəndində qeyd olunduğu kimi 6 ay, yəni 30.05.2021-ci il təsdiq olunmuşdur. Həmin müddət ərzində iddiaçı tərəfindən üzərinə götürülmüş öhdəliklər lazıminca yerinə yetirilmişdir. Lakin iddiaçıdan asılı olmayan və cavabdeh tərəfindən ödənişlərin qəsdən edilməməsi səbəblərinə görə, qeyd olunmuş müqavilənin icra müddətinin uzadılması, xərclərin optimallaşdırılması, işlərin dayandırılması, nəticədə isə iddiaçıya dəyən ziyanın və icra olunmuş işlərlə bağlı qalıq məbləğin ödənişi ilə əlaqədar 01 iyun və 09 iyun 2021-ci il tarixlərində tərəflərin nümayəndələri ilə birlikdə müzakirələr aparılmış və qeyd olunanlarla bağlı bilgi və hesabatların təqdim olunması iddiaçıdan tələb olunmuşdur. İddiaçı tərəfindən tələb olunan sənədlər hazırlanaraq 09 iyun 2021-ci il tarixdə cavabdehin nümayəndələrinə təqdim edilmişdir. Beləlilklə təsdiq edilmiş forma 2-dən borc – 1.130.498,76 manat, yeni forma 2nin dəyəri – 383.183,88 manat, işlərin dayanması nəticəsində iddiaçının 2021-ci ilin may ayına qədər olan zərəri - 182.931,95 manat, cəmi 1.696.614,59 manat. Qeyd olunan borc məbləğinin 769.065,00 manat hissəsi layihənin icrası ilə bağlı subpodratçı və təchizatçı şirkətlərə olan borcdur. Bundan başqa təchizatçı şirkətlər tərəfindən 870.000,00 manat dəyərində mal, material və avadanlıqlar təmin edilmiş, lakin sonunculara vəsait ödənilməməsi səbəbindən qeyd olunanlar həmin şirkətlərin özlərində saxlanılmışdır. Subpodratçı və təchizatçı şirkətlər həmin məbləğlərin ödənilməsini iddiaçıdan tələb edirlər. 09.06.2021-ci il tarixdə tərəflərin nümayəndələrinin görüşü zamanı, müqavilə üzrə icra müddəti bitdiyindən, iddiaçıya həmin müddətin uzadılması ilə bağlı cavabdehə müraciət etməsi təklif olunsa da, iddiaçı tərəfindən bildirilmişdir ki, qeyd olunan borcun ödənilməməsinə görə, habelə bir sıra məsələlərdə qeyri-müəyyənlik mövcud olduğu üçün, müqavilənin icra müddətinin uzadılması məqsədə uyğun deyil və iddiaçı həmin təklifi cavabdehdən qəbul etməmişdir. Belə ki, iddiaçıya olan borcun cavabdeh tərəfindən ödəniləcəyi dəqiq tarixin müəyyən edilməsi, işlərin dayandığı müddət ərzində tikinti sahəsinə kim tərəfindən nəzarət etməsi ilə bağlı qərarın verilməsi, nəzarətin iddiaçı tərəfindən həyata keçirildiyi təqdirdə həmin müddətdə enerji və zəruri işlərlə əlaqəli aylıq xərclərin ödənişinə dair tərəflərin razılaşması, layihənin tamamlanması üçün lazım olan büdcənin ayrılacağı tarix və məbləğ barədə məlumat verilməsi, işlərin müvəqqəti olaraq dayandığı tarixdə bank xərclərinin azaldılması üçün icra zəmanətinin iddiaçıya qaytarılması, havalandırma (iqlimləndirmə) sisteminin işlədilməməsi nəticəsində zərər görmüş üzləmə materialarının təmiri və epoksi, UPS batareyaları, kimyəvi maddələr, yapışdırıcılar kimi istifadə müddəti keçmiş mal, material və avadanlıqların yenidən satınalınması ilə bağlı meydana gələcək əlavə xərclərin müqavilədə nəzərə alınması, işlərin dayandığı müddət ərzində tikinti materiallarının qiymətində meydana gələn artımların müqavilədə nəzərə alınması zəruridir. Qeyd olunan suallara dəqiq və yazılı cavab verilməyəcəyi müddətdə müqavilənin uzadılması məqsədə müvafiq deyil. Göstərilənlərlə bağlı müvafiq göstərişlərin verilməsi üçün iddiaçı tərəfindən cavabdehə 17.06.2021-ci il tarixli, 06/002 saylı məktub göndərilmişdir. Lakin cavabdeh tərəfindən göstərilənlər problemlərin həlli ilə bağlı nə görüşlərdə, nə şifahi və nə də yazılı qaydada iddiaçıya bu günədək əsaslı məlumat verilməmişdir. Bundan başqa, tərəflərin işçi nümayəndələrinin arasında 09.06.2021-ci il tarixdə sonuncu keçirilmiş görüşdə qeyd olunan məsələlərin həll ediləcəyinin və ya müqaviləyə xitam veriləcəyinin son tarixi olaraq 31 avqust 2021-ci il qeyd olunmuş və buna görə də həmin tarixədək bina ilə bağlı işlərin davam etdirilməsi iddiaçıdan xahiş olunmuşdur. Lakin qeyd olunan tarixin bitməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaçıya heç bir məlumat verilməmişdir. Buna görə də, iddiaçı cavabdehə müraciət edərək, 31.08.2021-ci il tarixdən etibarən bina ilə bağlı heç bir öhdəliyin daşımadığını, bununla da heç bir işçi personal işə cəlb etməyəcəyini və heç bir əlavə xərc çəkməyəcəyini bildirmişdir. Həmçinin binanın saxlanılma xərclərini, avadanlıqların işlədilməsi xərclərini, komunal xərclərin qarşılanmasını və bunlarla məhdudlaşmayan bütün xərcləri iddiaçı tərəfindən qarşılandığı, nəticədə cavabdehin iddiaçıya 1.761.164,59 manat məbləğində borcu yarandığını qeyd etmişdir. Həmin borcun ödənilməməsi iddiaçının digər layihələrində maliyyə problemləri yaratdığına görə, tərəflər arasında bağlanmış müqavilənin dəyişdirilməsi və müvəqqəti olaraq dayandırılması, o cümlədən binanın müvəqqəti olaraq iddiaçıdan təhvil alınması üçün müvafiq göstəriş verilməsi cavabdehdən xahiş olunmuşdur. Qeyd olunanlar barədə iddiaçının 02.09.2021-ci il tarixli, AZMP09/21 saylı məktubu cavabdehə həmin tarixdə çatdırılmışdır. Tərəflərin nümayəndələri ilə həyata keçirilmiş görüşlərdə iddiaçının tələbləri nəzərə alınmaqla müqavilənin müvəqqəti uzadılmasına dair şifahi razılıq əldə olunmuşdur. Lakin iddiaçıya təqdim olunmuş və cavabdeh tərəfindən imzalanaraq, möhürlənmiş 30.11.2020-ci il tarixli, LWC-2020/92 saylı Müqavilənin uzadılmasına dair 1 nömrəli Əlavə Razılaşmasında iddiaçı ilə razılaşdırılmış tələblər orada qeyd edilməmişdir. Beləliklə də cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş sənədlərdə böyük ziddiyyətlər mövcud olması ilə bağlı iddiaçı cavabdehin rəhbər şəxsləri ilə görüş keçirmək istəsə də bu mümkün olmamışdır. Göstərilənlər barədə cavabdehə 03.11.2021-ci il tarixdə pretenziya məktubu göndərilmiş və iddiaçıya olan borc məbləğinin 10 gün müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Bundan əvvəl, yəni 02.11.2021-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə mediasiya prosesinin tətbiqi barədə də təklif olunmuşdur. Lakin cavabdeh mediasiya prosessində iştirak etməkdən imtina etmiş və buna dair mediator tərəfindən “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə Arayış tərtib olunmuşdur. Cavabdehin iddiaçıya qarşı edilmiş qanuna zidd hərəkətlərinə və tərəflər arasında bağlanmış Müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri dəfələrlə kobud pozmasına baxmayaraq, iddiaçı bununla bağlı bu günədək heç bir quruma şikayətlə müraciət etməmiş və məsələnin cavabdeh ilə öz aralarında həll edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada mövcud olan bütün tədbirlərdən istifadə etmişdir. Lakin, qeyd olunanların qarşılığında cavabdeh qərəzli olaraq iddiaçının çoxsaylı yazılı və şifahi müraciətlərinə cavab verməmiş, mövcud mübahisənin müsbət həlli ilə bağlı hər hansı bir addım atmamış və bu günədək iddiaçıya olan borcunu ödəməkdən qəsdən boyun qaçırır. Göründüyü kimi, tərəflər arasında podrat müqaviləsi və həmin müqaviləyə Əlavələr imzalanmışdır. Müqavilədə və onun Əlavələrində görüləcək işlər, işin yerinə yetirilmə müddəti, ödənişin məbləği, ödəmə şərtləri, podratçı və sifarişçinin öhdəlikləri, digər müddəalar öz əksini tapmışdır. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan podrat müqaviləsinin bağlanması, icra olunması, habelə həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır. Bunlara baxmayaraq, cavabdeh bu günədək öz üzərinə düşən öhdəliyini yerinə yetirməkdən qəsdən boyun qaçırır. Belə olan halda isə tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən görülmüş işlər üzrə muzdun, sifariş əsasında satın alımış malın dəyərinin, çəkilmiş xərclər üzrə pulun, ödəmənin gecikdirilməsi üçün cərimənin və pulun tələbetmə hüququnun yarandığı tarixdən sonrakı dövrdə ödəməli olan pul vəsaitinin ödənilməsini gecikdirdiyinə faizin, əldən çıxmış faydaya görə mənfəətin cavabdehdən tələb etməsi tam qanuni və əsaslıdır. Beləliklə də, tərəflər arasında bağlanmış 30.11.2020ci il tarixli, LWC-2020/92 saylı “işlər üzrə satınalma Müqavilə”sinin şərtləri cavabdeh tərəfindən kobud şəkildə pozulduğuna görə, cavabdehin iddiaçıya bu günədək ödənilməmiş 1 nömrəli Forma-2 üzrə - 1.130.498,76 manat, 2 nömrəli Forma-2 üzrə - 383.183,88 manat, təsdiq edilmiş əlavə xərclər (aylıq enerji, rabitə və zəruri işlərlə bağlı digər xərclər) üzrə cəmi 247.481,95 manat (30.05.2021-ci il tarixədək 182.931,95 manat və həmin tarixdən 31.08.2021- ci il tarixədək 64.550 manat), ümumilikdə 1.761.164,59 manat məbləğində borcu yaranmışdır. Buna görə də, cavabdehdən 1.761.164,59 manat məbləğində pul vəsaiti məhkəmə qaydasında tutularaq iddiaçıya ödənilməlidir. Əlavə olaraq iddiaçının tələbetmə müddətində ödənilməsini gecikdirdiyinə görə cavabdehdən qeyd olunmuş Forma-2-lər və çəkilmiş aylıq xərclər üzrə ödənilməli pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə faiz məbləği tutulmalıdır: 1 nömrəli Forma-2 üzrə 1.130.498,76 manat (cavabdehin ödənilməsini gecikdirdiyi məbləğ) x 7.25 (məhkəmə qətnaməsinin çıxarılan günə Mərkəzi Bankın uçot faiz dərəcəsi) / 365 (maliyyə ili əsasında günlük faiz) x 365 (gecikdirilmiş günlərin sayı (şərti olaraq 01.01.2022-ci il tarixə) = 81.961,16 manat (müqavilə üzrə ödənilməli pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə faiz məbləği). 2 nömrəli Forma-2 üzrə 383.183,88 manat (cavabdehin ödənilməsini gecikdirdiyi məbləğ) x 7.25 (məhkəmə qətnaməsinin çıxarılan günə Mərkəzi Bankın uçot faiz dərəcəsi) / 365 (maliyyə ili əsasında günlük faiz) x 275 (gecikdirilmiş günlərin sayı (şərti olaraq 01.01.2022-ci il tarixə)) = 20.930,76 manat (müqavilə üzrə ödənilməli pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə faiz məbləği). 30.11.2020-30.05.2021-ci il dövr üzrə çəkilmiş aylıq xərclər 182.931,95 manat (cavabdehin ödənilməsini gecikdirdiyi məbləğ) x 7.25 (məhkəmə qətnaməsinin çıxarılan günə Mərkəzi Bankın uçot faiz dərəcəsi) / 365 (maliyyə ili əsasında günlük faiz) x 245 (gecikdirilmiş günlərin sayı (şərti olaraq 01.01.2022-ci il tarixə) = 8.902,27 manat (müqavilə üzrə ödənilməli pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə faiz məbləği). · 30.05.2020-01.08.2021-ci il dövr üzrə çəkilmiş aylıq xərclər 64.550 manat (cavabdehin ödənilməsini gecikdirdiyi məbləğ) x 7.25 (məhkəmə qətnaməsinin çıxarılan günə Mərkəzi Bankın uçot faiz dərəcəsi) / 365 (maliyyə ili əsasında günlük faiz) x 123 (gecikdirilmiş günlərin sayı (şərti olaraq 01.01.2022-ci il tarixə) = 1.577,05 manat (müqavilə üzrə ödənilməli pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə faiz məbləği). Habelə tərəflər arasında bağlanmış Müqavilənin xüsusi şərtlərinin 20.2 və 25-ci bəndlərinə əsasən Sifarişçi tərəfindən ödəmələrin gecikdirilməsinə görə hər gecikmə günü üçün gecikdirilən məbləğin 0.1% həcmində cərimə üzrə 1 nömrəli Forma-2 üzrə (iddia verilən tarixə kimi şərti olaraq 01.01.2021- 01.01.2022-ci il dövrü götürülərək, 365 gün hesablanmışdır) 412.632,05 manat, 2 nömrəli Forma-2 üzrə (iddia verilən tarixə kimi şərti olaraq 01.04.2021-01.01.2022-ci il dövrü götürülərək, 275 gün hesablanmışdır) 105.375,57 manat, 30.11.2020-ci il tarixindən 30.05.2021-ci il tarixədək iddiaçı tərəfindən çəkilmiş aylıq xərclər üzrə (iddia verilən tarixə kimi şərti olaraq 01.05.2021-01.01.2022-ci il dövrü götürülərək, 245 gün hesablanmışdır) 44.818,33 manat, 01.06.2020-ci il tarixindən 01.09.2021-ci il tarixədək iddiaçı tərəfindən çəkilmiş aylıq xərclər üzrə (iddia verilən tarixə kimi şərti olaraq 01.09.2021-01.01.2022-ci il dövrü götürülərək, 123 gün hesablanmışdır) 7.939,65 manat, ümumilikdə 570.765.60 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, cavabdehin sifarişi əsasında satın alınmış mallar üzrə 870.000 manat, tərəflər arasında bağlanmış müqavilənin 15% dəyərində mənfəət tələbi üzrə 1.580.000,00 manat, həmçinin iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 3.237,65 manat və mediasiya xərcləri əvəzi qismində 400 manat, cəmi 3.637,65 manat məbləğində pul vəsaiti də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 30.11.2020-ci il tarixli, LWC-2020/92 saylı Müqavilənin 2.1, 2.2 və 2.3-cü bəndlərinə əsasən, cavabdehin yeni inzibati binasının son tamamlama (tikinti-quraşdırma, interyer, landşaft, elektromexanika, yoxlama və sazlama) işlərinin satın alınması üçün iddiaçının 10.532.655,34 manat məbləğində təklifinə qəbul etmiş, iddiaçı Müqavilənin 2.1 bəndinə uyğun olaraq tikinti işlərinin yerinə yetirilməsini öhdəsinə götürmüş və yerinə yetirilmiş işlər iddiaçının təklifinə və həmin Müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, iddiaçı aşkar olunan qüsurların “Müqavilənin Xüsusi Şərtləri”ndə göstərilmiş qaydada aradan qaldırılmasına zəmanət vermişdir. Cavabdeh Müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında işlərin (malların və xidmətlərin) iddiaçıdan qəbul edilməsini və Müqaviləyə əsasən yerinə yetirilən işlərə görə razılaşdırılmış məbləği iddiaçının təqdim etidiyi Forma-2 Aktlarına əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 5.4-cü bəndinə uyğun olaraq, cavabdeh müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlrərin təxirə salınmadan (aşkar olunan qüsurların iddiaçı tərəfindən aradan qaldırılması şərti ilə) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürmüşdür. Müqavilənin 20.2-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən olunmuş müddət ərzində və “Müqavilənin Xüsusi Şərtləri”ndə göstərilmiş qaydada ödəmələri aparmasa, iddiaçı “Müqavilənin Xüsusi Şərtləri”ndə müəyyən edilmiş məbləğdə cərimə sanskiyaları tətbiq edə bilər. Tərəflər arasında 30.11.2020-ci il tarixdə bağlanmış LWC-2020/92 saylı müqavilənin ayrılmaz tərkib hissəsi olan “Müqavilənin Xüsusi Şərtləri”nin 18-ci bəndinə uyğun olaraq, Müqavilənin icra müddəti müqavilə imzalandığı gündən etibarən 6 (altı) ay müddətində, həmin “Müqavilənin Xüsusi Şərtləri”nin 25-ci bəndinə əsasən, satınalma müqaviləsi üzrə cavabdeh tərəfindən ödəmələrin gecikdirilməsinə görə cərimə sanksiyaları və məbləği hər gecikmə günü üçün gecikdirilən məbləğin 0.1% müəyyən olunmuşdur. Cavabdeh tərəflər arasında bağlanmış müqaviləyə zidd olaraq, öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirməmiş və bu günədək müqavilənin yerinə yetirilməsi üçün zəmin yaratmaqdan imtina edir. Beləliklə görünür ki, iddiaçı ilə cavabdeh arasında 30.11.2020-ci il tarixli, LWC-2020/92 saylı“işlər üzrə satınalma” müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehin yeni inzibati binasının son tamamlama (tikintiquraşdırma, interyer, landşaft, elektromexanika, yoxlama və sazlama) işlərinin görülməsi müqavilənin şərtlərinə uyğun olaraq təhvil verməyi, cavabdeh isə müqavilənin şərtlərinə əsasən müqavilədə və onun tərkib hissəsi olan Əlavələrdə nəzərdə tutulmuş işləri (xidmətləri, malları və sair) iddiaçıdan qəbul etməyi və dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən 2020-ci ilin dekabr ayında dəyəri ƏDV daxil 1.413.398,76 manat, 2021-ci ilin mart ayında dəyəri ƏDV daxil 383.183,88 manat, habelə cavabdehin sifarişi əsasında satın alınmış mallar üzrə 870.000 manat, təsdiq edilmiş əlavə xərclər üzrə 247.481,95 manat, cəmi 2.914.064,59 manat dəyərində işlər görülmüş, cavabdeh isə həmin məbləğdən yalnız az qismini yəni cəmi 282.900 manat məbləğində pul vəsaiti ödəmişdir. Cavabdeh ilə iddiaçı arasındakı müqavilə üzrə sifariş verilmiş işlərin iddiaçı tərəfindən icrası, yəni razılaşdırılmış işlərin görülməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyində nəzərdə tutulmuş podrat münasibətlərinə aiddir. Beləliklə, cavabdehin görülmüş işlərin dəyərini ödəmək vəzifəsi müqavilə öhdəliyindən irəli gələn tələbdir. İddiaçı tərəfindən cavabdehə borc məbləğinin ödənilməsinə dair sonuncu dəfə Təklif (Pretenziya) göndərilərək borcun bu təklifi aldıqdan 10 gün müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Təklif (Pretenziya) cavabdehə çatdırılmış, lakin 10 gündən də artıq müddətin keçməsinə baxmayaraq, hazırki vaxtadək borc məbləği cavabdeh tərəfindən ödənilməmişdir. İddiaçı tərəfindən 2020-ci ilin dekabr və 2021-ci ilin mart aylarında təqdim edilmiş 1 və 2 nömrəli Forma-2 aktlarından, yalnız 1 nömrəli Aktın təsdiq olunması ilə bağlı qeyd etmək zəruridir ki, cavabdeh həm tərəflər arasında bağlanmış müqaviləyə görə, həm də işin xarakterinə əsasən iddiaçı tərəfindən yerinə yetirilmiş işi qəbul etdiyinidən 2 nömrəli Forma-2 də təsdiq edilmiş hesab olunur. Çünki hazırki mübahisəyə ilə bağlı 2 nömrəli Forma-2 Aktının cavabdeh tərəfindən təsdiq olunmamasına baxmayaraq, o, faktiki olaraq həmin akt üzrə işi iddiaçıdan qəbul etmişdir. Bu da öz növbəsində onu deməyə əsas verir ki, cavabdeh qəsdən həmin akta imza etməmiş və bununla da hesab etmişdir ki, aktın təsdiq olunmaması onu həmin akt üzrə iddiaçı qarşısında ödənişdən və məsuliyyətdən azad edəcəkdir. İddiaçı tərəfindən çəkilmiş əlavə xərclər bağlı qeyd etmək lazımıdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehin xeyrinə iş görülməsi zamanı, qeyd olunan ərazidə iddiaçı tərəfindən çəkilmiş enerji, rabitə və sair xidmətlər üzrə aylıq xərclər ümumi iş fəaliyyətini ehtiva etdiyindən, həmin xərclər üzrə də iddiaçının cavabdehdən pul tələbi haqlı və qanunidir. Çünki, Azərbaycan Respublikası Konstıtusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 iyun 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir.” Buna görə də, iddiaçı tərəfindən 2020-ci ilin dekabr və 2021-ci ilin mart aylarında təqdim edilmiş 1 və 2 nömrəli Forma-2 aktları üzrə tələb edilən muzd, həmçinin cavabdehin xeyrinə iddiaçı tərəfindən çəkilmiş əlavə xərclərin tələbi haqlı və qanunidir. Beləliklə, cavabdehin 282.900,00 manat məbləğində ödənişi nəzərə alınmaqla, iddiaçının görülmüş işlər üzrə cəmi 1.513.682,64 manat, çəkilmiş xərclər üzrə 247.481,95 manat və cavabdehin sifarişi əsasən satın alınmış mallar üzrə 870.000 manat, ümumilikdə 2.631.164,59 manat məbləğində pul vəsaitini cavabdehdən tələb etmək hüququ haqlı və qanunidir. Bundan başqa, cavabdeh müqavilənin icrası ilə bağlı pozuntunun, yəni müqavilə üzrə ödənilməli olan pul vəsaitinin iddiaçıya ödənilməməsinin onun cavabdeh olmadığı haldan irəli gəldiyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığına dair hər hansı bir sübut təqdim etmədiyindən və belə halın ümumiyyətlə mövcud olmasını təsdiq edən hər hansı bir dəlil gətirə bilmədiyindən, cavabdehin müqavilə üzrə öhdəliyini könüllü yerinə yetirməməsi və onun icrasından qərəzli olaraq boyun qaçırması birmənalı olaraq sübut olunur. Eyni zamanda müqavilə üzrə ödənilməli pul vəsaitini iddiaçıya ödəməməklə və ya onun ödənilməsini hər hansı formada gecikdirməklə cavabdeh həmin məbləğdən istifadə etmiş və ondan gəlir əldə etmişdir. İddiaçının nümayəndəsi (qanuni təmsilçisi) X5 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi (qanuni təmsilçisi) Duman Sinan məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 əvvəl keçirilmiş məhkəmə iclasında iddianı qəbul etməyərək, izahatında bildirdi ki, qarşı tərəfin iddia ərizəsində göstərilənlər əsassızdır. Qarşı tərəf iddia etdiyi tələbi sübut etməyə borcludur, lakin qarşı tərəf iddiaya əsaslı sübut, arqument gətirə bilmir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirdi ki, cavabdeh tərəfindən təsdiq edilmiş Forma-2 hissəsində iddianı etiraf edir, qalan hissədə iddianı qəbul etmir. Ona görə də iddianın qismən, yəni birinci Forma-2 hissəsində təmin edilməsi, qalan hissədə rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışdan görünür ki, İddiaçı 14.05.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. 30.11.2020-ci il tarixli, LWC-2020/92 saylı Müqavilənin xüsusi şərtlərindən görünür ki, iddiaçı bu müqavilə üzrə götürdüyü öhdəlikləri icra etməyi, cavabdeh isə müqavilə üzrə ödəmələri iddiaçının təqdim etdiyi ödəniş sertifikatları əsasında aparmağı üzərinə öhdəlik götürmüşlər. Şərtlərin 25-ci bəndinə əsasən satınalma müqaviləsi üzrə cavabdeh tərəfindən ödəmələrin gecikdirilməsinə görə cərimə sanksiyaları və məbləği hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1%-i, cərimə məbləğinin yuxarı həddi ümumi müqavilə məbləğinin 10%-i məbləğində cərimə ödəməyi cavabdeh öhdəlik götürmüşdür. 2020-ci ilin dekabr ayı üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktından görünür ki, iddiaçı tərəfindən 1.413.398,76 manat dəyərində yerinə yetirilmiş tikinti-quraşdırma işləri cavabdeh tərəfindən təhvil alınmışdır. 2021-ci ilin mart ayı üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktından görünür ki, iddiaçı tərəfindən 383.163,88 manat dəyərində tikinti-quraşdırma işləri yerinə yetirilmişdir. Akt cavabdeh tərəfindən təsdiq olunmamışdır. Əlavə xərclər barədə aktdan görünür ki, iddiaçının çəkdiyi əlavə xərcləri 2021-ci ilin yanvar-may aylarında 182.931,95 manat, iyun-avqust aylarında isə 64.550 manat təşkil etmişdir. Cavabdehin tələbi əsasında satınalınmış, lakin Forma-2 aktlarına daxil edilməmiş materialların siyahısı və qiymətindən görünür ki, cavabdehin tələbi əsasında satınalınmış, lakin Forma-2 aktlarına daxil edilməmiş materialların dəyəri 870.000 manat təşkil etmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin sədr müavini tərəfindən təsdiq edilmiş “18 iyun 2021-ci il tarixli 347 nömrəli əmr əsasında yaradılmış komissiyanın gördüyü işlər barədə” Protokoldan və arayışdan görünür ki, 18 iyun 2021-ci il tarixli 347 nömrəli əmr əsasında yaradılmış komissiyanın üzvləri qeyd edilən təsdiqedici sənədlər üzrə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin yeni inzibati binasında görülən işlər, mal-material və avadanlıqlar müvafiq qaydada yoxlamış və öz rəylərini təqdim etmişlər. Son podrat müqaviləsi üzrə müqavilənin dəyəri 10.53 mln manat, təsdiq edilmiş Forma 2 dəyəri 1.40 mln manat, bundan daxil vəsaitdən ödənilmiş 0.28 mln manat, ödənilməmiş 1.13 mln manat, təsdiq üçün təqdim edilmiş yeni Forma 2 dəyəri 0.38 mln manat, təsdiq edilmiş Forma 2-dən qalıq borc 1.13 mln manat, 2020-ci ilin dekabr ayından 2021-ci ilin may ayına qədər əlavə yaranmış xərclər 0.18 mln manat, 2021-ci ilin may ayından cari ilin sonuna qədər təsdiq üçün təqdim edilmiş yeni Forma 2 dəyəri 0.38 mln manat, 2021-ci ilin may ayından cari ilin sonuna qədər iddiaçının tələbi (21.5 min manat/ay) 0.15 mln manat, idxal edilmiş, lakin tikinti meydançasına çatdırılmayan mal-material və avadanlıqların dəyəri 0.87 mln manat təşkil etmişdir. Komissiya üzvləri mövcud Podratçı ilə işləri davam etdirməyi və yaranmış borcları ödəməyi təklif etmişdir. 15.03.2021-ci il tarixli, 17.03.2021-ci il tarixli, 18.03.2021-ci il tarixli və 15.04.2021-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya 239.745,76 manat ödəniş edilmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci və 449.2-ci maddələrinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank faizinin uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MMin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərin hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə isə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir...Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər”. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, ... qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 30.11.2020-ci il tarixli, LWC-2020/92 saylı “İşlər üzrə satınalma Müqavilə”si bağlanmış, müqaviləyə əsasən iddiaçı müqavilə üzrə dəyəri ƏDV daxil 10.532.655,34 manat məbləğində cavabdehin yeni inzibati binasının son tamamlama (tikinti-quraşdırma, interyer, landşaft, elektromexanika, yoxlama və sazlama) işlərini görməyi, cavabdeh isə həmin işləri (malların və xidmətləri) iddiaçıdan qəbul etməyi və iddiaçının təqdim etdiyi Forma 2 aktına əsasən yerinə yetirilən işlərin məbləğini ödəməyi öhdələrinə götürmüşlər. Eyni zamanda tərəflər arasında 30.11.2020-ci il tarixli, LWC-2020/92 saylı Müqavilənin xüsusi şərtlərinə dair Əlavə bağlanmış, həmin əlavəyə əsasən iddiaçı bu müqavilə üzrə götürdüyü öhdəlikləri icra etməyi, cavabdeh isə müqavilə üzrə ödəmələri iddiaçının təqdim etdiyi ödəniş sertifikatları əsasında aparmağı üzərinə öhdəlik götürmüşlər. Tərəflər arasında “İşlər üzrə satınalma Müqavilə”si bağlansa da, həmin müqavilənin məzmunundan müəyyən edilən şərtlər baxımından məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri podrat müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtələrinə) uyğun gəlir. Məhkəmə qeyd edir ki, podrat müqaviləsi iki tərəfin, podratçının və sifarişçinin birbiri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən sifarişçi işi qəbul etmək hüququ və onun razılaşdırılmış muzdunu ödəmək öhdəliyi, podratçı üçün müqavilədə nəzərdə tutulan işi icra etmək öhdəliyi və onun razılaşdırılmış muzdunun ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, işləri görmüş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, 30.11.2020-ci il tarixli, LWC-2020/92 saylı “İşlər üzrə satınalma Müqavilə”si bağlanmış, müqaviləyə və Müqavilənin xüsusi şərtlərinə əsasən yaranmış borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Müqaviləyə əsasən yaranmış borcun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən həmin borc məbləği üzrə tələb 7 hissədən ibarətdir:

1. 1 nömrəli Forma-2 üzrə 1.130.498,76 manat;

2. 2 nömrəli Forma-2 üzrə 383.183,88 manat;

3. təsdiq edilmiş əlavə xərclər üzər 247.481,95 manat;

4. cavabdehin sifarişi əsasında satın alınmış mallar üzrə 870.000 manat;

5. müqavilə üzrə cərimə 570.765,60 manat;

6. müqavilə üzrə mənfəət tələbi üzrə 1.580.000,00 manat;

7. Ödəmələrin gecikdirdirilməsinə görə faiz (Mərkəzi Bankın uçot faiz dərəcəsi üzrə) cəmi 113.371,25 manat. Birinci hissə üzrə tələb (1 nömrəli Forma-2 üzrə 1.130.498,76 manat) 2020-ci ilin dekabr ayı üzrə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin qəbul aktı, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin sədr müavini tərəfindən təsdiq edilmiş “18 iyun 2021-ci il tarixli 347 nömrəli əmr əsasında yaradılmış komissiyanın gördüyü işlər barədə” Protokoldan və arayış təsdiq olunur. Eyni zamanda məhkəmə iclasında cavabdehin nümayəndəsi həmin borc məbləğini etiraf etmişdir. Buna görə də məhkəmə hesab edir ki, 1 nömrəli Forma-2 üzrə 1.130.498,76 manat məbləğində borc məbləği cavabdeh tərəfindən mübahisələndirilmədiyindən iddia həmin hissədə təmin edilməlidir. Tələbin ikinci, üçüncü və dördüncü hissələri ilə bağlı məhkəmə qeyd edir ki, göstərilən hissələr üzrə borc məbləğləri Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin sədr müavini tərəfindən təsdiq edilmiş “18 iyun 2021-ci il tarixli 347 nömrəli əmr əsasında yaradılmış komissiyanın gördüyü işlər barədə” Protokoldan və arayışdan göründüyü kimi cavabdeh tərəfindən yaradılmış komissiya tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmiş və komissiya üzvləri mövcud Podratçı, yəni iddiaçı ilə işləri davam etdirməyi və yaranmış borcları ödəməyi təklif etmişdir. Cavabdeh tərəfindən isə göstərilən protokol və arayışda qeyd olunanları təkzib edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, eyni zamanda cavabdehin nümayəndəsi, cavabdeh tərəfindən tərtib edilməklə təsdiq olunmuş protokol və arayışda göstərilən xüsusatları təkzib edərək, münasibət bildirə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, göstərilən hissələr üzrə borc məbləğləri təsdiq olunduğundan iddia həmin hissələrdə də təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin beşinci, yəni cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış 30.11.2020-ci il tarixli, LWC-2020/92 saylı Müqavilənin xüsusi şərtlərindən irəli gəlir. Belə ki, Şərtlərin 25-ci bəndinə əsasən satınalma müqaviləsi üzrə cavabdeh tərəfindən ödəmələrin gecikdirilməsinə görə cərimə sanksiyaları və məbləği hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1%-i, cərimə məbləğinin yuxarı həddi ümumi müqavilə məbləğinin 10%-i məbləğində cərimə ödəməyi cavabdeh öhdəlik götürmüşdür. Lakin məhkəmə hesab edir ki, tələb olunan 570.765,60 manat dəbbə pulu məbləği yaranmış borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 90.000 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Məhkəmə tələbin altıncı hissəsinə, yəni müqavilə üzrə mənfəət tələbinə münasibətdə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı, müqavilə üzrə mənfəət tələbi üzrə 1.580.000,00 manat tələb etsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə tələbin yeddinci hissəsi olan ödəmələrin gecikdirdirilməsinə görə faiz hissəsinə münasibətdə qeyd edir ki, 30.11.2020-ci il tarixli, LWC-2020/92 saylı “İşlər üzrə satınalma Müqavilə”sinin və müqavilənin xüsusi şərtlərinin cavabdeh tərəfindən icra edilməməsi nəticəsində iddiaçının hüquqları pozulmuş və bu pozuntu nəticəsində iddiaçı maddi itkilərə məruz qalmışdır. Belə ki, həmin maddi itkilər cavabdehin iddiaçıya məxsus olan pul vəsaitinin ödənilməsini gecikdirməsindən yaranan maddi itkilərdir. Cavabdeh müqavilənin icrası ilə bağlı pozuntunun, yəni müqavilə üzrə ödənilməli olan pul vəsaitinin iddiaçıya ödənilməməsinin onun cavabdeh olmadığı haldan irəli gəldiyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirə bilməmiş və bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda cavabdehin müqavilə üzrə öhdəliyini könüllü yerinə yetirməməsi və onun icrasından qərəzli olaraq boyun qaçırması birmənalı olaraq sübut edir ki, müqavilə üzrə ödənilməli pul vəsaitini iddiaçıya ödəməməklə və ya onun ödənilməsini hər hansı formada gecikdirməklə cavabdeh həmin məbləğdən istifadə etmiş və ondan gəlir əldə etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən müqavilə üzrə ödənilməli pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə faizlər, hazırki iş üzrə məhkəmə qətnaməsinin çıxarıldığı gün üçün bank faiz uçot dərəcəsi əsas götürülməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet saytından əldə olunan məlumata əsasən hazırda bank uçot dərəcəsi 7.75 faiz təşkil edir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı tərəfindən pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə faiz məbləği 1 nömrəli Forma-2, 2 nömrəli Forma-2 və çəkilmiş aylıq xərclər üzrə hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbetmə hüququnun yarandığı tarixlərdən sonrakı dövrdə cavabdehin ona ödəməli olduğu pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə cavabdehdən 119.504,13 manat məbləğində pul vəsaiti (87.613,65 manat (1 nömrəli Forma-2 üzrə 1.130.498,76 manat (cavabdehin ödənilməsini gecikdirdiyi məbləğ) x 7.75% (məhkəmə qətnaməsinin çıxarılan günə Mərkəzi Bankın uçot faiz dərəcəsi) / 365 (maliyyə ili əsasında günlük faiz) x 365 (gecikdirilmiş günlərin sayı (01.01.2022-ci il tarixə) + 22.374,26 manat (2 nömrəli Forma-2 üzrə 383.183,88 manat (cavabdehin ödənilməsini gecikdirdiyi məbləğ) x 7.75% (məhkəmə qətnaməsinin çıxarılan günə Mərkəzi Bankın uçot faiz dərəcəsi) / 365 (maliyyə ili əsasında günlük faiz) x 275 (gecikdirilmiş günlərin sayı (01.01.2022-ci il tarixə) + 9516,22 manat (30.11.2020- 30.05.2021-ci il dövr üzrə çəkilmiş aylıq xərclər 182.931,95 manat (cavabdehin ödənilməsini gecikdirdiyi məbləğ) x 7.75% (məhkəmə qətnaməsinin çıxarılan günə Mərkəzi Bankın uçot faiz dərəcəsi) / 365 (maliyyə ili əsasında günlük faiz) x 245 (gecikdirilmiş günlərin sayı (01.01.2022-ci il tarixə) + 1685,81 manat (30.05.2020- 01.08.2021-ci il dövr üzrə çəkilmiş aylıq xərclər 64.550 manat (cavabdehin ödənilməsini gecikdirdiyi məbləğ) x 7.75% (məhkəmə qətnaməsinin çıxarılan günə Mərkəzi Bankın uçot faiz dərəcəsi)/ 365 (maliyyə ili əsasında günlük faiz) x 123 (gecikdirilmiş günlərin sayı (01.01.2022-ci il tarixə) alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən ümumilikdə 2.840.668,72 manat (1 nömrəli Forma-2 üzrə 1.130.498,76 manat + 2 nömrəli Forma-2 üzrə 383.183,88 manat + təsdiq edilmiş əlavə xərclər üzər 247.481,95 manat + cavabdehin sifarişi əsasında satın alınmış mallar üzrə 870.000 manat + cərimə üzrə 90.000 manat + ödəmələrin gecikdirdirilməsinə görə faiz 119.504,13 manat) borc iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi iddia tələbinin 58,02 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 3.637,65 manat məbləğində məhkəmə xərcinin 2110,56 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 1527,09 manat məbləği isə iddiaçıya aid edilməlidir. Şərh olunan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 2.840.668,72 manat borc məbləği və məhkəmə xərclərinin əvəzi qismində 2110,56 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir.

NƏTİCƏ HİSSƏSİ

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. 2.840.668,72 manat borc məbləği və məhkəmə xərclərinin əvəzi qismində 2110,56 manat məbləğində pul vəsaiti Cavabdeh açıq səhmdar cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar