Məhkəmə qərarları › İş №e-2-2(113)-105/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-105/2022

15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-105/2022 15.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndələri Vəkil və Bayram Alinin, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbi, Cavabdeh İddiaçınə qarşı pul tələbi barədə iddia ərizələrinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə müqavilədən irəli gələn 95000 manat məbləğində əsas borcun (17100 manat ƏDV daxil olmaqla), borcu vaxtında icra etmədiyi üçün illki 7,25 faiz olmaqla 6887,5 manat məbləğində öhdəliyin icrasını gecikdirməyə görə faiz və ödənilmiş dövlət rüsumu qismində 30 manat vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 18 noyabr 2019-cu il tarixli 1733-A.Bay-001 nömrəli podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə və müqaviləyə 1-nömrəli əlavəyə əsasən Podratçı ümumi dəyəri 180000 manat (32400 manat ƏDV daxil olmadan) olmaqla 60000 ton miqdarında bərk dağ süxurnun-daşların qırılmasını öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə əsasən sifarişçi olaraq Cavabdeh MMC sifariş olunan işin dəyərinin 100% həcmində avans ödənişini podratçının bank hesabına köçürmə ilə həyata keçirilməli idi. Lakin həmin müqavilə şərtləri pozularaq cəmi 85000 manat məbləğində vəsait ödənilmişdir ki, bu da müqavilə razılaşdırılmış məbləğin 47 faizini təşkil etmişdir. Lakin buna baxmayaraq, işgüzar münasibətləri və cavabdeh təşkilatın rəhbərinin şəxsi xahişini nəzərə alaraq, iddiaçı tərəfindən müqavilə şərtləri tam olaraq icra edilmiş, cavadehin öz avtomaşınları ilə iddiaçıya məxsus daşqıran kompleksinə gətirilmiş 60000 tondan artıq daş, müqaviləyə 1 nömrəli əlavəyə uyğun olaraq qırılmışdır. Müaqavilənin icrası çərçivəsində daşların qırılması həyata keçirildikdən sonra cəmiyyət tərəfindən 14200 ton həcmində qırımış daş aparılmış, qalan 46000 tona yaxın qırılmış daş hal-hazırda daşqıran avadanlığın yaxınlığında yığılmış vəziyyətdə qalmaqdadır. Podratçı olaraq iddiaçının müqavilə şərtləri tam icra edilməsinə və xidmət haqqının ödənilməsi ilə bağlı cavabdehlə aparılmış telefon danışıqlarına baxmayaraq cavabdeh tərəfindən müqavilə üzrə ödəməli olduğu 95000 manat hal – hazıra kimi ödənilməmişdir. Halbuki, tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndinə əsasən, müqavilə üzrə işlər tam həcmdə başa çatdıqdan sonra podratşçı ilə sifarişçi arasında təhvil-təslim aktı imzalanır. Lakin müraciət edilməsinə baxmayaraq, cavabdeh nə təhvil-aktını imzalamış, nə də ödənişi həyata keçirməmişdir. Cavabdeh MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 18 noyabr 2019-cu il tarixli, 1733-A.BAY-001 nömrəli podrat müqaviləsi və onun 1 saylı əlavəsinə əsasən daşların qırılması üçün cavabdehin hesabına köçürülmüş 85000 manat məbləğindən cavabdehin icra etdiyi 13369 ton daşın qırılması üçün müqaviləyə uyğun olaraq hər ton üçün nəzərdə tutulmuş 3 manat işçilik qiyməti hesablanmaqla, 40107 manat məbləğində hissəsinin çıxarılaraq, qalan 44893 manat məbləğində vəsaitin İddiaçı MMC-dən alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 18 noyabr 2019-cu il tarixli 1733-A.Bay-001 nömrəli podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC (podratçı) Cavabdeh MMC-nin (sifarişçi) Bakı şəhərində yerləşən “Crescent cofferdam” tikinti obyektində təsdiq olunmuş lahiyəyə uyğun daşın qırılmasını öhdəsinə götürmüş, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən Podrat müqaviləsinin 1 saylı əlavəsinə əsasən, ümumilikdə 60000 ton daşın qırılması nəzərdə tutulmuş, 1 ton daşın qırılması üçün işçilik qiyməti 3 manat razılaşdırılmışdır. Beləliklə, müqavilənin ümumi qiyməti 180000 manat və 18% ƏDV olmaqla, 32400 manat, ümumilikdə 212400 manat təşkil etmişdir. Həmin müqavilənin icrasına başlanılması məqsədilə Cavabdeh MMC tərəfindən avans olaraq cavabdeh İddiaçı MMC-nin hesabına bank vastəsilə 29 noyabr 2019-cu il tarixdə ƏDV-siz 85000 manat ödəniş edilmişdir. Tərəflər arasında bağlanılmış müqavilənin 2.4.4-cü maddəsinə əsasən sifarişçi tərəfindən alınmış və podratçıya verilmiş hər hansı material keyfiyyətsiz və yararsız olduqda, eləcə də, materialın möhkəmliyi və yararlılığı barədə şübhə yarandıqda sifarişçiyə bu barədə dərhal məlumat vermək podratçının öhdəliyidir. Bundan əlavə, tərəflər arasında bağlanan müqavilənin 2.4.5-ci maddəsinə əsasən sifarişçi tərəfindən verilmiş materialların istifdə edilməsi barədə sifrişçiyə yazılı hesabat vermək və işlər yerinə yetirildikdən sonra qalan materialları və fərdi mühafizə vasitələrini təhvil-təslim aktına əsasən sifarişçiyə geri qaytarmaq podratçının öhdəliyidir. Həmçinin, tərəflər arasında bağlanan 18 noyabr 2019-cu il tarixli 1733-A.BAY-001 nömrəli podrat müqaviləsinin 5-ci maddəsi işlərin təhvil-təslim aktına əsasında həyata keçirilməli olduğunu bildirir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən, işlər tam həcmdə başa çatdıqdan sonra, podratçı ilə sifarişçi arasında “Təhvil-Təslim aktı” imzalanır. Bunun ilə əlaqədar, Podratçının müraciəti alındıqdan sonra, Sifarişçi ya təhvil-təslim aktını imzalayır, ya da yeddi təqvim günü ərzində yazılı surətdə podratçıya hər hansı aradan qaldırılmamış qüsurlar barəsində məlumat verir və bu qüsurların aradan qaldırılmasını tələb edir. Cavabdeh MMC tərəfindən 09.12.2020-ci il tarixli pretenziya məktubu göndərilərək, cavabdeh tərəfindən cəmi 13369 ton daşın qırılaraq Cavabdeh MMC-nə verildiyi bildirilmiş, bundan əlavə İddiaçı MMC-dən hansı səbəblərə görə işlərin tam həcmdə yerinə yetirilmədiyi barədə hesabat təqdim edilməsi tələb etmişdir. Həmçinin, pretenziya məktubunda cavabdehə ödənilmiş 85000 manat avans məbləğindən cavabdehin icra etdiyi 13369 ton daşın qırılması üçün sərf edilmiş məbləğin 40107 manat hissəsinin çıxılaraq, 44893 manat məbləğində vəsaitin “Gilan İnşaat" MMC-yə geri qaytarılması tələb etmişdir. Bakı Kommersiya Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, e-2-2(113)-2164/2021 nömrəli qərardadı ilə Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı pul tələbinə dair e-2- 2(113)-2164/2021 nömrəli kommersiya mübahisəsinə dair iş e-2-2(113)-1472/2021 nömrəli kommersiya mübahisəsinə dair işlə bir icraatda birləşdirilmişdir. Daha sonra Cavabdeh MMC iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 18 noyabr 2019-cu il tarixli, 1733-A.BAY-001 nömrəli podrat müqaviləsinə xitam verilməsi, müqavilə və onun 1 saylı əlavəsinə əsasən daşların qırılması üçün cavabdehin hesabına köçürülmüş 85000 manat məbləğindən cavabdehin icra etdiyi 13369 ton daşın qırılması üçün müqaviləyə uyğun olaraq hər ton üçün nəzərdə tutulmuş 3 manat işçilik qiyməti hesablanmaqla, 40107 manat məbləğində hissəsinin çıxarılaraq, qalan 44893 manat məbləğində vəsaitin İddiaçı MMCdən alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə etdiyini, "xxxx" MMC-nin iddiasını isə qəbul etmədiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, 18 noyabr 2019-cu il tarixli 1733-A.Bay-001 nömrəli podrat müqaviləsinə əsasən 100% avans ödənilməsi nəzərdə tutulduğuna görə 1 №-li əlavədə nəzərdə tutulan məbləğ əvvəlcədən ödənilməli idi. Lakin Cavabdeh MMC tərəfindən bu öhdəlik yerinə yetirilməsə də, İddiaçı MMC tərəfindən bütün öhdəliklər yerinə yetirilmişdir. İddiaçının nümayəndəsi Bayram Ali məhkəmə iclasında iddianı müdafiə etdiyini, "xxxx" MMC-nin iddiasını isə qəbul etmədiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədiyini, "xxxx" MMC-nin iddiasını isə müdafiə etdiyini bildirərək ərizə ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, İddiaçı MMC süxurların drabilkada qırılmasını öhdəsinə götürsə də, məhkəməyə drabilkanın mövcudluğuna, parametrləri, həmçinin, drabilkanın işləməsi üçün enerjiyə sərf olunan vəsaitlə bağlı heç bir sübut təqdim olunmamışdır. Çünki, süxurlar müqavilə şərtinə uyğun olaraq drabilkada qırılmamış, ələnmişdir. İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə təhvil – təslim aktı verilməmiş, elektron qaimələr göndərilməmişdir. Belə olduğu təqdirdə İddiaçı MMC-nin hər hansı vəsaiti tələb etmək hüququ yoxdur. Buna baxmayaraq “Gilan İnşaat" MMC tərəfindən avans olaraq "xxxx" MMC-nin bank hesabına 29 noyabr 2019-cu il tarixdə ƏDVsiz 85000 manat ödəniş edilmişdir. Buna baxmayaraq, podratçı “A.Bayramoğlu" MMC tərəfindən işlər tam həcmdə yerinə yetirilməmişdir. Bu səbəbdən, hər ton üçün nəzərdə tutulmuş 3 manat işçilik qiyməti hesablanmaqla, 40107 manat məbləğində hissəsinin çıxarılaraq, qalan 44893 manat məbləğində vəsait geri qaytarılmalıdır. İş materiallarında olan: - 18 noyabr 2019-cu il tarixli, 1733-A.BAY-001 nömrəli podrat müqaviləsinə əsasən İddiaçı MMC (podratçı) Cavabdeh MMC-nin (sifarişçi) Bakı şəhərində yerləşən “Crescent cofferdam” tikinti obyektində təsdiq olunmuş lahiyəyə uyğun daşın qırılmasını, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. - 18 noyabr 2019-cu il tarixli, 1733-A.BAY-001 nömrəli podrat müqaviləsinə 1 nömrəli əlavəyə əsasən ümumilikdə 60000 ton daşın qırılması nəzərdə tutulmuş, 1 ton daşın qırılması üçün qiymət 3 manat razılaşdırılmışdır. - Abşeron rayon İcra Hakimiyyətinin “İmpuls” firmasına ünvanlanmış 26 noyabr 2019-cu il tarixli, 1884 №-li məktubunda qeyd olunmuşdur ki, ərazidə süxurların xırdalanması məqsədi ilə partlayış işlərinin aparılmasına etiraz edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. - 756.1-ci maddəsinə əsasən əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Bakı Kommersiya Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 06 aprel 2021-ci il tarixli qərardadına əsasən məhkəmə mühəndis-tikinti-texniki ekspertizası təyin olunmuşdur. Məhkəmə mühəndis – texniki ekspertizasının 23 avqust 2021-ci il tarixli, 10/1943 №-li rəyində qeyd olunmuşdur ki, “Qələndərtəpə dolomit yatağında istismar olunmuş xammalın hesablanması haqqında arayış”a uyğun olaraq İddiaçı MMC-yə məxsus daşqıran kompleksinin yaxınlığında 17224 m3 həcmində, 45643600 kq çəkidə qırılmış dolomit süxurunun olduğu müəyyən edilir. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş 08 dekabr 2021-ci il tarixli, 01- 126/21 №-li mütəxəssis rəyində qeyd olunmuşdur ki, doğranmış bərk süxurlar orta hesabla 150 tona, doğranmamış iri ölçülü süxurlar isə orta hesabla 20 tona bərabərdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. İşin hallarından görünür ki, ilkin iddianın əsasını podrat müqaviləsi üzrə öhdəliklər yerinə yetirildiyinə görə şərtləşdirilmiş muzdun ödənilməsi, Cavabdeh MMC-nin iddiasının əsasını isə müqavilə üzrə öhdəliklər yerinə tam yetirilmədiyinə görə ödənilmiş pul vəsaitinin icra edilməmiş öhdəliyə uyğun olaraq geri qaytarılması təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, hər iki iddia müqavilənin şərtləri, bu şərtlərə riayət olunub – olunmaması baxımından araşdırılmalıdır. Müqavilənin “Hesablaşma qaydası adlanan” 3-cü maddəsinin məzmunu aşağıda kimi müəyyən olunmuşdur: “3.1. Görülən işlərə görə muzdun məbləği bu müqavilənin tərkib hissəsi olan əlavlərdə müəyyən edilir. Tərəflər razılaşırlar ki, bu məbləğə Azərbaycan Respublikasının qanunvericiliyi ilə tətbiq edilən bütün vergilər və digər ödənişlər, o cümlədən podratçı tərəfindən cəlb edilən işçi heyətinin vergiləri və digər məcburi ödənişləri muzda daxildir və sifarişçi bu ödənişlərə görə heç bir məsuliyyət daşımır. 3.2. Avans 100% ödəniş.” Müqaviləyə 1 №-li əlavədə 60000 ton daşın qırılmasına görə işçilik haqqı hər ton üçün 3 manat müəyyən olunmaqla 180000 manat, ƏDV məbləği 32400 manat nəzərdə tutulmaqla ümumilikdə 212400 manat məbləğində pul vəsaitinin ödənilməsi nəzərdə tutulmuşdur. İddia ərizəsinin məzmunundan da müqavilənin 3.2-ci bəndinə istinad edilərək 100% həcmində avans ödənişinin podratçının bank hesabına köçürülməli olduğu qeyd edilmişdir. Ümumiyyətlə, “avans” fransız sözü olub, həmin dildən tərcümədə “əvvəlcədən” mənasını verir və mülki hüquqda əvvəlcədən ödənilmiş xərc, yəni, iki əks öhdəliyin olması halında tərəflərdən biri qarşı öhdəliyin icrasına başlamazdan əvvəl öhdəliyini yerinə yetirmək üçün digərinə köçürən müəyyən pul və ya digər əmlak dəyəri kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. - 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. - 404.4-cü maddəsinə əsasən müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Tərəflər arasında bağlanmış müqavilənin “Sifarişçinin öhdəlikləri” adlanan 2.2-ci bəndinin 1-ci yarımbəndində “müvafiq qaydada təhvil verilmiş işlərə görə muzd ödəmək” Cavabdeh MMC-nin öhdəliyi kimi müəyyən olunmuşdur. Beləliklə müəyyən olunur ki, müqavilənin 3.2-ci bəndi ilə 2.2.1-ci bəndi arasında bir – birini istisna edən ifadələr mövcuddur. 3.2-ci bənddə yalnız “Avans 100% ödəniş” sözləri qeyd olunsa da, 2.2.1-ci bəndində sifarişçinin dəqiq öhdəliyi “müvafiq qaydada təhvil verilmiş işlərə görə muzd ödəmək” kimi müəyyən olunmuşdur. Buna görə də məhkəmə qeyd olunan xüsusatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404-cü maddəsinin yuxarıdakı bəndlərinin məzmunu baxımından qiymətləndirərək hesab edir ki, 2.2.1-ci bəndində öhdəlik dəqiq müəyyən olunduğuna görə işin halları qiymətləndirilərkən məhz bu bənddə göstərilən mənaya üstünlük verilməlidir. Həmin bənd isə sifarişçinin müvafiq qaydada təhvil verilmiş işlərə görə muzd ödəmək öhdəliyini nəzərdə tutduğundan işlərin müqaviləyə uyğun təhvil verilib – verilməməsi məsələsi aydınlaşdırılmalıdır və bu baxımdan işlərin müqaviləyə uyğun təhvil verilməsini sübut etmək yükü Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə (Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.) əsasən İddiaçı MMC-nin üzərinə düşür. Müqavilənin “İşlərin gedişatı” adlanan 6-cı maddəsinin məzmunu aşağıdakı kimi müəyyən olunmuşdur: “6.1. Podratçı işlərin gedişatı barədə həftəlik hesabatları tərtib edib iş həftəsindən sonrakı həftənin 2-ci iş günündən gec olmayaraq sifarişçiyə hesabatı təqdim etməlidir. Hesabatda aşağıdakı məlumat əksini tapır: - işlərin gedişatını əks etdirən fotoşəkillər; - işlərin görülməsi sahəsinə gətirilmiş materiallar və materialların təchizatçı üçün verilmiş sifarişlərin yerinə yetirilməsi vəziyyəti; - hesabat həftəsi ərzində çəkilmiş xərclər və yerinə yetirilmiş işlərin qiyməti; - yoxlama və sınaq işləri üzrə hesabatlar. 6.2. Sifarişçinin əsaslandırılmış mülahizəsi əsasında işlərin gedişi qeyri – məqbul olduqda və ya podratçı işləri bu müqavilə ilə müəyyən olunmuş vaxt çərçivəsində yerinə yetirmədikdə podratçı dərhal sifarişçiyə ləngitmənin hansı səbəbdən baş verməsi barədə məlumat təqdim edir. Əgər ləngitmə podratçının təqsiri üzündən baş verərsə belə olan halda sifarişçi onun nəticələrinin podratçı tərəfindən aradan qaldırılmasını tələb etmək hüququ vardır.” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 767.2-ci maddəsinə əsasən podratçı sifarişçinin materiallarından yanlış istifadə üçün məsuliyyət daşıyır. Podratçı materialların işlədilməsi haqqında sifarişçiyə hesabat verməyə və qalan materialı ona qaytarmağa borcludur. Lakin İddiaçı MMC tərəfindən məhkəməyə nəinki müqavilənin 6.1-ci bəndində göstərilən hesabatın Cavabdeh MMC-yə verilməsi barədə, həmin hesabatda göstərilməli olan məlumatların, sənədlərin (işlərin gedişatını əks etdirən fotoşəkillər, işlərin görülməsi sahəsinə gətirilmiş materiallar və materialların təchizatçı üçün verilmiş sifarişlərin yerinə yetirilməsi vəziyyəti, çəkilmiş xərclər və yerinə yetirilmiş işlərin qiyməti, yoxlama və sınaq işləri üzrə hesabatlar) mövcudluğuna dair heç bir sübut təqdim olunmamışdır. Müqavilənin “Təhvil – təslim aktı” adlanan 5-ci maddəsinin məzmunu aşağıdakı kimi müəyyən olunmuşdur: “5.1. Müqavilə üzrə işlər tam başa çatdırıldıqdan sonra podratçı ilə sifarişçi arasında təhvil – təslim aktı imzalanır. Bunun ilə əlaqədar podratçının müraciət alındıqdan sonra sifarişçi ya təhvil – təslim aktını imzalayır, ya da 7 təqvim günü ərzində yazılı surətdə podratçıya hər hansı aradan qaldırılmamış qüsurlar barəsində məlumat verir və bu qüsurların aradan qaldırılmasını tələb edir. 5.2. Belə qüsurlar mövcud olduqda sifarişçinin hər hansı hüququna xələl yetirmədən podratçı əsassız yubanmayan yol vermədən qüsuru aradan qaldırmalı və təhvil – təslim aktının imzalanması üçün yenidən sifarişçiyə müraciət etməlidir. Bu qayda belə bir zamana kimi təkrar olunur ki, işlər son olaraq müqavilə tələblərinə uyğun olaraq tamamlansın və yalnız bundan sonra sifarişçi təhvil – təslim aktını təsdiq edir.” Müqavilənin 5.1-ci bəndinə əsasən təhvil – təslim aktı podratçı tərəfindən tərtib olunaraq imzalanması üçün sifarişçiyə təqdim edilməli olduğu halda, belə bir akt da mövcud olmadığından sübut olaraq məhkəməyə təqdim olunmamışdır. İddiaçı MMC-nin istinad etdiyi digər hal qırılmış daşların hal – hazırda da həmin sahədə olması və Cavabdeh MMC tərəfindən təhvil götürülməməsidir. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, qırılmalı olan daşlar “İmpuls” firması tərəfindən İddiaçı MMC-yə verilməli idi. 18 noyabr 2019-cu il tarixli, 1733-A.BAY-001 nömrəli podrat müqaviləsi üzrə "xxxx" MMC tərəfindən 85000 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-yə ödənilməsi işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilmədiyindən məhkəmə qeyd olunan xüsusata işin mübahisləndirilməyən halı kimi qiymət verir. 40107,6 manat dəyərində malın Cavabdeh MMC tərəfindən təhvil alınması da sonuncu tərəfindən təqdim olunmuş sübutlarla təsdiqini tapır. İş materiallarında olan Sumqayıt Kommersiya Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2-2(119)-543/2021 saylı və Sumqayıt Apellyasiya Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qətnamələrinin məzmunundan görünür ki, Cavabdeh MMC ilə “İmpuls” firmasının bir – birinə qarşı olan iddialarının əsasını dağ süxurunun satılması ilə bağlı müqavilə və həmin müqavilə üzrə öhdəliklərin icrası təşkil edir. Həmin qətnamələr qanuni qüvvəyə minməsə də, bu qətnamələrə əsasən “İmpuls” firması tərəfindən 46800 ton daşın verilməsi təsdiqini tapmadığından ilkin və qarşılıqlı iddialar rədd edilmişdir. Hazırkı mübahisə üzrə də həmin daşın “İmpuls” firması tərəfindən İddiaçı MMC-yə təhvil verilməsini təsdiq edən sənəd təqdim olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, dağ süxurlarının “İmpuls” firması tərəfindən İddiaçı MMC-yə təhvil verilməsinin sübuta yetirilməməsi də İddiaçı MMC-nin iddiasının əsassız olması qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 16.1.11-6-cı maddəsinə əsasən aşağıdakı şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsi kimi qeyd olunmuşdur. - 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. - 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesabfakturasını verməyə borcludur. Qeyd olunan normaların məzmununa əsasən elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən olunsa da, İddiaçı MMC tərəfindən bu tələbə də əməl olunmamış, Cavabdeh MMC - yə elektron qaimə-faktura göndərilməmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, "xxxx" MMC-nin iddiası rədd olunaraq həmin iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu özünə aid olunmalı, "xxxx" MMC-nin iddiası isə təmin olunaraq, 44893 manat və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti "xxxx" MMC-dən tutularaq ona ödənilməli, məhkəmə mühəndis – texniki ekspertizasının keçirilməsinə xərclənmiş 102 manat məbləğində pul vəsaiti "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddiası rədd edilsin. Cavabdeh İddiaçınə qarşı pul tələbi barədə iddiası təmin edilsin. 44893 manat məbləğində pul vəsaiti İddiaçındən tutularaq Cavabdehnə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti İddiaçındən tutularaq Cavabdehnə ödənilsin. Məhkəmə mühəndis – texniki ekspertizasının keçirilməsinə xərclənmiş 102 manat məbləğində pul vəsaiti İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar