Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1075/2022 13.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13.09.2012-ci il tarixli, 302 saylı müqavilə üzrə yaranmış ƏDV daxil 7965 manat borc məbləğinin (6077 manat (ƏDV daxil) texniki dəstək xidmətinin göstərilməsi ilə bağlı və 1888 manat (ƏDV daxil) qaytarılmamış modemlərə görə cərimə məbləği) və 100 manat ödənilmiş ilkin mediasiya sessiyası haqqının, ümumilikdə, 8065 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 13.09.2012-ci il tarixində tərəflər arasında 302 saylı Müqavilə imzalanmışdır. Həmin Müqaviləyə əsasən iddiaçı cavabdehin xidmət göstərdiyi bankların ATM-lərini GPRS modem xidməti vasitəsilə qoşulmasını və texniki dəstəklənməsini (trafik daxil olmaqla) təmin edir. Cavabdeh isə göstərilən xidmətlərin müqabilində iddiaçı qarşısında hər bir GPRS modemin və ya sim kartın təhvil təslim aktı imzalandığı andan qoşulmasına görə birdəfəlik 50 manat + ƏDV və hər növbəti ay üçün texniki dəstəklənmə və trafik daxil olmaqla 50 manat + ƏDV-ni ödəməyi öhdəsinə götürür. Tərəflər arasında xidmət haqqının azaldılmasına dair imzalanan Razılaşma Protokoluna uyğun olaraq 13.10.2014-cü il tarixindən etibarən cavabdeh hər bir GPRS modemin və ya sim kartın təhvil təslim aktı imzalandığı andan qoşulmasına görə hər növbəti ay üçün texniki dəstəklənmə və trafik daxil olmaqla 25 manat + ƏDV-ni ödəməyi öhdəsinə götürür. Eyni zamanda, Müqavilənin 3.2-ci və 3.3-cü bəndlərinə əsasən GPRS modemlərini yalnız istifadəyə götürüldüyü və Sifarişçidən asılı olan səbəblərə görə nasaz vəziyyətə və yararsız hala düşməsi ilə bağlı xərclərin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. Tərəflər arasında tərtib olunan təhvil-təslim aktına əsasən hazırda Sifarişçinin istifadəsində olan modemlərin sayı 8-ə bərabərdir. Həmin modemlərə texniki dəstək xidmətlərinin göstərilməsi ilə bağlı xidmət haqqı müvafiq dövrlər üzrə iddiaçıya ödənilməmiş və modemlər geri qaytarılmamışdır. Bu öhdəliyini icra olunmaması nəticəsində cavabdehin iddiaçı qarşısında yaranan borc məbləği 2021-ci ilin dekabr ayı daxil olmaqla ƏDV daxil 6077 AZN təşkil edir. Müqavilənin 3.7-ci bəndinə əsasən iddiaçının mülkiyyətində olan modemlərin sıradan çıxmasına və itməsinə görə Sifarişçi cavabdehə 200 manat (ƏDV xaric) cərimə ödəməyi öz öhdəsinə götürür. Hazırda 8 ədəd istifadəyə verilmiş və yararsız hala salınmış modemlərə görə cərimə məbləği ƏDV daxil 1888 AZN təşkil edir. Sifarişçiyə borcun ödənilməsi barədə dəfələrlə yazılı və şifahi xəbardarlıq edilmişdir. Lakin buna baxmayaraq, sifarişçi borcun ödənilməsindən imtina etmişdir. Hazırda ümumi borc (dekabr ayı da daxil olmaqla) ƏDV daxil 7965 AZN təşkil edir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında olan müqavilə ləğv edilməmiş, iddiaçı üzərinə düşən öhdəliyi icra edərək cavabdehin xidmət göstərdiyi bankların ATM-lərini GPRS modem xidməti vasitəsilə qoşulmasını və texniki dəstəklənməsini (trafik daxil olmaqla) təmin etmiş, cavabdehə təhvil verilmiş modemlər istifadəyə tam yararlı vəziyyətdə olmuşdur. Müqavilə üzrə onların öhdəlikləri həmin modemlərin işlək vəziyyətdə saxlanılmasını təmin etməkdən ibarətdir. Belə ki, nə tərəflər arasında imzalanmış müqavilədə, nə də ona əlavədə modemlərin məhz "xxxx" ASC-yə məxsus ATM-lərə qoşulması razılaşdırılmamışdır. Cavabdehə təhvil verilmiş modemlərin əksəriyyəti qaytarılmış, hazırda təhvil verilməyən modemlərin sayı səkkizdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında imzalanmış 13 sentyabr 2012-ci il tarixli Müqavilə bankların konkret olaraq "xxxx" ASC-nin bankomatlarını GPRS modem xidməti vasitəsi ilə qoşulması təmin edilmişdir. Atabank ASC ləğv prosesində olduğundan 01 iyun 2020-ci il tarixində "xxxx" MMC-yə müraciət edərək bankomatlara GPRS trafik xidmətinin göstərilməsi barədə müqavilənin ləğv olunmasını xahiş etmişdir. 01 iyun 2020-ci il tarixindən AtaBank ASC-nin bütün bankomatları ləğv edilmişdir. Bundan sonra həmin bankomatlardan "xxxx" MMC-yə məxsus avadanlıqların sökülməsi prosesi başlamış və sökülən avadanlıqlar aktlarla "xxxx" MMC-yə təqdim edilmişdir. Lakin "xxxx" ASC ləğv edilməsi ilə əlaqədar işçiləri ilə əmək müqavilələrinə xitam verildiyindən, orada cavabdeh məsul şəxslər olmadığından "xxxx" MMC-yə məxsus 8 ədad modemi qaytarmaq mümkün olmamışdır. Həmin modemlər qaytarılmadığından "xxxx" MMC tərəfindən heç bir xidmət göstərilmədiyi halda 13 sentyabr 2012-ci il tarixli müqavilə üzrə "xxxx" MMC-yə hesab yazmaqda davam etmişdir. Halbuki 13 sentyabr 2012-ci il tarixli Müqavilə modem icarə müqaviləsi deyil, bankomata texniki dəstək müqaviləsidir. Bankomatlar 01 iyun 2020-ci il tarixindən mövcud olmadığı halda "xxxx" MMC tərəfindən həmin bankomatlara necə texniki dəstək göstərilə bilər. “Caspel" MMC 23 avqust 2021-ci il tarixində "xxxx" MMC-yə müraciət edərək Müqaviləyə xitam verilməsini xahiş etmiş və qaytarılmayan modemlərə görə kompensasiya ödənilməsini təklif etmişdir. Hətta "xxxx" MMC-nin rəsmi məktubunun göndərilməsindən sonra da bügünə kimi 8 modem qaytarılmadığı üçün "xxxx" MMC "xxxx" MMC-yə hesab yazmaqda davam edir. "xxxx" MMC ilə "xxxx" MMC arasında imzalanmış 13 senytabr 2012-ci il tarixli Müqavilə rəsmi olaraq ləğv edilməsə də, 01 iyun 2020-ci il tarixində bu Müqavilə üzrə xidmət göstərilən bankomatlar ləğv edildiyindən və mövcud olmadığından 13 senytabr 2012-ci il tarixli 302 saylı Müqavilə üzrə öhdəliklərə də 01 iyun 2020-ci il tarixindən xitam verilməlidir. Bundan əlavə, iddiaçı "xxxx" MMC-nin təqdim etdiyi maliyyə arayışına əsasən iddia tələbindən "xxxx" MMC-nin 118 manat noyabr 2012-ci il, 118 manat aprel 2013-cü il, 118 manat may 2013-cü il, 118 manat dekabr 2014-cü il, 118 manat yanvar 2015-ci il dövrü üçün təqdim edilmiş xidmətlərə görə yaranmış borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2.-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda qeyd edilənlərə əsasən idda tələbindən 590 manat məbləğinin iddia müddəti keçdiyi üçün, digər hissədə əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 13 sentyabr 2012-ci il tarixli 302 nömrəli müqavilədən görünür ki, sifarişçi (iddiaçı) şirkətə onun xidmət göstərdikləri bankların ATMlərini GPRS modem xidməti vasitəsi ilə qoşulmasını həvalə edir. GPRS modem (modemlərin sifarişçi tərəfindən təmin olunduğu hallar istisna olmaqla) və sim kart şirkətin mülkü sayılır və sifarişçiyə yalnız istifadə üçün verilir. Müqavilənin 3.2-ci bəndinə əsasən sifarişçi GPRS modemlərin yalnız istifadə üçün Şirkətdən götürüldüyünü qəbul edir. Müqavilənin 3.8-ci bəndinə əsasən modemdə yarana bilən nasazlıqlar və sairə nəticəsində Sifarişçi Şirkətə modemin dəyərini 200 manat (ƏDV xaric) ödəməyi öhdəsinə götürür. 13 sentyabr 2012-ci il tarixli 302 nömrəli müqaviləyə dəyişiklik edilməsi barədə 13 oktyabr 2014-cü il tarixli 1 nömrəli razılaşma protokoluna əsasən hazırki müqaviləyə əsasən sifarişçi hər bir GPRS modemin və ya sim kartın təhvil təslim aktı imzalandığı andan qoşulmasına görə, hər növbəti ay üçün texniki dəstəkləmə və trafik daxil olmaqla 25 manat + ƏDV-ni şirkətə ödəməyi öz öhdəsinə götürür. 19.01.2022-ci il tarixli 06-01/009 nömrəli maliyyə arayışında tərəflər arasında bağlanmış 302 saylı, 13.09.2012-ci il tarixli müqaviləyə dair vergi hesab fakturaları üzrə cavabdehin ödəməli olduğu xidmət haqları üzrə borcunun ümumi məbləği göstərilmişdir. LPO "xxxx" ASC tərəfindən cavabdehə göndərilmiş 01 iyun 2020-ci il tarixli **********014 nömrəli məktubdan görünür ki, "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış 0**-XA-***6-cı il tarixli müqaviləyə əsasən cədvəldə göstərilən xidmətlərə 31.05.2020-ci il tarixindən xitam verilməsi xahiş olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 23 avqust 2021-ci il tarixli 15120 nömrəli məktubdan görünür ki, tərəflər arasında imzalanmış 13 sentyabr 2012-ci il tarixli 302 saylı müqavilə üzrə göstərilən xidmətlər son istifadəçi "xxxx" ASC-yə məxsus bankomatlar üçün nəzərdə tutulmuşdur. "xxxx" ASC bir ildən artıqdır ki, fəaliyyət göstərmədiyindən faktiki olaraq bu müqavilə üzrə də xidmətlər göstərilmir. Odur ki, tərəflər arasında imzalanmış 302 saylı müqaviləyə xitam verilməsini və faktiki olaraq xidmətlər son istifadəçi "xxxx" ASC-yə təqdim edilmədiyi üçün 31 dekabr 2020-ci il tarixindən sonra yazılmış hesabların ləğv edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 07.01.2022-ci il tarixli M 200001944, 07.12.2021-ci il tarixli M ********* nömrəli, 02.11.2021-ci il tarixli M ********* nömrəli, 12.01.2015-ci il tarixli M ********** nömrəli, 03.05.2013-cü il tarixli M ********* nömrəli, 03.06.2013-cü il tarixli M ********* nömrəli, 02.05.2013-cü il tarixli M ********* nömrəli, 04.12.2012-ci il tarixli M ********* nömrəli, 05.02.2015-ci il tarixli M ********* nömrəli, 02.07.2020-ci il tarixli M ********* nömrəli, 04.08.2020-ci il tarixli M ********* nömrəli, 02.09.2020-ci il tarixli M ********* nömrəli, 01.10.2020-ci il tarixli M ********* nömrəli, 03.11.2020-ci il tarixli M ********* nömrəli, 02.12.2020-ci il tarixli M ********* nömrəli, 05.01.2021-ci il tarixli M ********* nömrəli, 03.02.2021-ci il tarixli M ********* nömrəli, 03.03.2021-ci il tarixli M ********* nömrəli, 02.04.2021-ci il tarixli M ********* nömrəli, 02.04.2021-ci il tarixli M ********* nömrəli, 04.05.2021-ci il tarixli M ********* nömrəli, 04.06.2021-ci il tarixli M ********* nömrəli, 02.06.2021-ci il tarixli M ********* nömrəli, 05.07.2021-ci il tarixli M ********* nömrəli, 04.08.2021-ci il tarixli M ********* nömrəli, 08.09.2021-ci il tarixli M ********* nömrəli, 05.10.2021-ci il tarixli M ********* nömrəli hesab fakturalarda iddiaçı tərəfindən göstərilən xidmətlərə görə cavabdeh tərəfindən ödənilməli olan məbləğlər göstərilmişdir. 31.03.2016-cı il tarixli 451 nömrəli, 25.05.2018-ci il tarixli 556 nömrəli, 07.12.2020-ci il tarixli, 12.06.2020-ci il tarixli, 08.06.2020-ci il tarixli, 22.11.2019-cu il tarixli, 31.10.2019cu il tarixli, 31.10.2019-cu il tarixli, 29.10.2019-cu il tarixli, 22.01.2015-ci il tarixli 353 nömrəli, 29.01.2015-ci il tarixli 355 nömrəli, 22.12.2014-cü il tarixli 342 nömrəli, 26.12.2014-cü il tarixli 346 nömrəli, 10.05.2016-cı il tarixli 465 nömrəli, 25.08.2015-ci il tarixli 408 nömrəli, 03.07.2015-ci il tarixli 399 nömrəli, 21.05.2015-ci il tarixli 381 nömrəli, 12.03.2015-ci il tarixli 368 nömrəli, 10.03.2015-ci il tarixli 367 nömrəli, 06.03.2015-ci il tarixli 366 nömrəli, 19.02.2015-ci il tarixli 360 nömrəli, 02.02.2015-ci il tarixli 357 nömrəli, 16.02.2015-ci il tarixli 359 nömrəli, 12.01.2015-ci il tarixli 351 nömrəli, 29.02.2016-cı il tarixli 436 nömrəli, 12.06.2020-ci il tarixli, 12.06.2020-ci il tarixli, 08.06.2020-ci il tarixli, 23.11.2017-ci i tarixli 542 nömrəli, 14.08.2017-ci il tarixli 532 nömrəli, 16.06.2017-ci il tarixli 524 nömrəli, 26.05.2017-ci il tarixli 521 nömrəli, 22.06.2018-ci il tarixli avadanlığın təhviltəslim aktlarından görünür ki, müqavilə üzrə avadanlıqlar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 13 sentyabr 2012-ci il tarixli 302 saylı xidmət müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya xidmət müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin xidmət müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 6077 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə əsaslıdır. Bununla yanaşı, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən iddia tələbindən 118 manat noyabr 2012-ci il, 118 manat aprel 2013-cü il, 118 manat may 2013-cü il, 118 manat dekabr 2014-cü il, 118 manat yanvar 2015-ci il dövrü üçün təqdim edilmiş xidmətlərə görə yaranan borcuna görə iddia müddətinin tətbiq olunnmasını və iddia tələbinin 590 manat məbləğinin iddia müddəti keçdiyi üçün təmin edilməməsini xahiş edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Belə ki, tərəflər arasında imzalanmış 13 sentyabr 2012-ci il tarixli 302 saylı müqavilənin 1.2-ci bəndinə əsasən hazırkı müqaviləyə əsasən sifarişçi şirkətə hər bir GPRS modemin və ya sim kartın təhvil-təslim aktı imzalandığı andan qoşulmasına görə birdəfəlik 50 manat + ƏDV, və hər növbəti ay üçün texniki dəstəklənmə və trafik daxil olmaqla 50 manat + ƏDV-ni ödəməyi öz öhdəsinə götürür. Bununla da müəyyən olunur ki, iddiaçı 2012-ci ilin noyabr ayı, 2013-cü ilin aprel, may ayları, 2014-cü ilin dekabr ayı, 2015-ci ilin yanvar ayı üçün xidmət haqlarının ödənilməsi ilə bağlı cavabdehə qarşı hazırkı iddia ilə 13 sentyabr 2012-ci il tarixli müqavilə üzrə 2018-ci ilə qədər məhkəməyə müraciət edə bilərdi. Lakin mülki işin materiallarından görünür ki, iddiaçı hazırkı iddia ilə 26.01.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda aydın olur ki, iddiaçı tərəfindən hazırkı iddianın noyabr 2012-ci il, aprel 2013-cü il, may 2013-cü il, dekabr 2014-cü il, yanvar 2015-ci il dövrü üçün qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış və cavabdeh tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir ki, bu da hazırkı iddianın noyabr 2012-ci il, aprel 2013-cü il, may 2013-cü il, dekabr 2014-cü il, yanvar 2015-ci il dövrü üçün tələb edilən xidmət haqları (590 manat) hissədə rədd edilməsi üçün əsasdır. Bununla bağlı Məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Qanuna görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur (MM, maddə 372.1.), hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (MM, maddə 372.2.). Tələb, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa (icraata) qəbul edilir (MM, maddə 375.1.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Belə vəziyyətdə iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (MM, maddə 375.2.). Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İddia müddətləri müvafiq tərəfin iddia qaldırması üçün nəzərdə tutulan vaxt məhdudiyyətini müəyyən edir. İddia qaldırması üçün ağlabatan müddətlərin tətbiq edilməsi və iddia qaldırmanın prosessual şərtlərinin müəyyən edilməsi hüquqi müəyyənlik prinsipini və qərarların qətiliyini təmin etməklə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə şərait yarada və potensial cavabdehləri zaman keçdiyinə görə təkzib edilməsi çətin olan biləcək köhnə iddialardan qoruya bilər (AİHM, “MPP Qolub Ukraynaya qarşı iş üzrə 18.10.2005-ci il tarixli qərarı). Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarına əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Odur ki, cavabdehdən 13 sentyabr 2012-cü il tarixli müqavilə üzrə tutulmalı olan əsas borcun məbləği 5487 manat (6077-590=5487) müəyyən edilməlidir. Məhkəmə, cavabdehin 01 iyun 2020-ci il tarixindən "xxxx" ASC-nin bütün bankomatlarının ləğv edilməsi səbəbindən həmin dövrdən sonra iddiaçı tərəfindən ona hər hansı xidmət göstərilmədiyi, bu səbəbdən hər hansı vəsait ödənilməli olmaması barədə dəlilini əsassız hesab edir. Belə ki, cavabdeh qaytarılmayan həmin 8 modemin "xxxx" ASC-yə məxsus ATM-lərə qoşulduğunu bildirsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, tərəflər arasında olan müqavilə üzrə öhdəliklərin 01 iyun 2020-ci il tarixindən etibarən bitdiyini iddia etsə də, tərəflər arasında müqavilənin ləğv edilməsi barədə təkliflə iddiaçıya 23.08.2021-ci il tarixdə müraciət etmiş, bundan əlavə, iddiaçı tərəfindən təqdim edilmiş hesab-fakturalara hər hansı etiraz bildirilməmiş, müqavilənin ləğv edilməsi ilə bağlı hər hansı tədbir görülməmişdir. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində qaytarılmayan modemlərə görə tərəflər arasında bağlanmış hazırkı müqavilənin 3.8-ci bəndinə əsasən hesablanmış 1888 manat (ƏDV daxil) məbləğində cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Cavabdeh iddia ərizəsinə dair etirazda, habelə cavabdehin nümayəndəsi öz izahatında iddiaçı tərəfindən onlara verilmiş modemlərin əksər hissəsini qaytardıqlarını, lakin 8 modemi qaytara bilmədiklərini göstərmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qaytarılmayan 8 ədəd modemə görə tələb edilən 1888 manat hissədə də əsaslıdır və təmin edilməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 5487 manat məbləğində əsas borc və 1888 manat cərimə tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 06.12.2021-ci il tarixli 2021-007137 nömrəli arayışdan görünür ki, iddiaçı tərəfindən 100 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Göründüyü kimi cavabdehin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100 manat mediasiya xərci bu səbəbdən iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 5487 (beş min dörd yüz səksən yeddi) manat məbləğində əsas borc, 1888 (bir min səkkiz yüz səksən səkkiz) manat cərimə, ümumilikdə 7375 (yeddi min üç yüz yetmiş beş) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1075/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1075/2022
13.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver