Məhkəmə qərarları › İş №e-2-2(113)-1098/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1098/2024

06.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1098/2024 06.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, mediasiya xərci və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 26261 manat məbləğində borcun və mediasiya prosesi zamanı çəkilmiş 200 manat xərcin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli, 19-017 PM saylı podrat müqaviləsi bağlanmış, müqavilə ilə müqaviləyə əlavə olan qiymətlərin razılaşdırılma protokolunda göstərilən işlərin podratçı İddiaçı MMC tərəfindən yerinə yetirilməsi, sifarişçi Cavabdeh MMC-nin isə öz növbəsində yerinə yetirilmiş işlərin dəyərini ödəməsi razılaşdırılmışdır. Müqavilədə yerinə yetirilmiş işlərin dəyərinin müqaviləyə əlavə edilmiş qiymətlərin razılaşdırılma protokoluna əsasən müəyyən edilməsi nəzərdə tutulmuşdur. İddiaçı qiymətlərin razılaşdırılma protokolunda nəzərədə tutulmuş işləri keyfiyyətlə yerinə yetirərək təhvil vermiş, bu barədə təhvil təslim aktları tərtib olunmuş, həmin aktlarda görülən işlərin tam olaraq təhsil verilməsi və tərəflərdən heç birinin iddiasının olmaması qeyd olunmuş və işlər iddiaçı tərəfindən tam təhvil verilmişdir. Bundan sonra iddiaçı tərəfindən elektron qaimələr göndərilmiş cavabdeh şirkət hərəkətsizlik göstərərək qaimələri təsdiq etmədiyindən və ya rədd etmədiyindən, qaimələr sistem tərəfindən təsdiq edilmişdir. Lakin, ödənişlər bu günədək icra edilməmişdir. İddiaçı cavabdehə dəfələrlə şifahi və yazılıq xəbərdarlıq edərək borcun ödənilməsini tələb etmiş, telefon zənglərində cavabdeh tərəfindən möhlət istənildiyindən iddiaçı onların vədlərinə inanaraq borcun ödənilməsi üçün möhlət vermişdir. İddiaçı cavabdehə yazılı müraciət edərək, borcun ödənilməsini tələb etmiş, həmin məktub cavabdehin nümayəndəsi tərəfindən qəbul edilərək imzalanmışdır. Cavabdeh əvvəllər borcun ödəniləcəyini bildirsə də, artıq ilkin mediasiya sessiyası keçirilən zaman cavabdehin nümayəndəsi tərəfindən borcun ödənilməyəcəyi bildirilmişdir. İşlər faktiki olaraq yerinə yetirilmiş, iddiaçının inamından sui-istifadə edilmiş, görülən işlərin dəyəri ödənilməmişdir. Cavabdeh qaimələri təsdiq etməməklə, əgər hər hansı bir narazılığı olmuşdursa rədd etməməklə, borcun ödəniləcəyini bildirməklə məhz ödənişin icrasından yayınmaq məqsədi güdmüş, buna nail olunduqdan sonra isə borcun ödənilməyəcəyini bildirilmişdir.

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh MMC-dən 26261 manat məbləğində əsas borcun, 4726,98 manat məbləğində ƏDV borcunun, mediasiya prosesi zamanı çəkilmiş 200 manat xərcin, ödənilmiş 67,27 manat dövlət rüsumunun tutularaq “Sadə LTD" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ile iddiaçı arasında bağlanmış müqaviləyə əsasən 2 ərazidə, Ramana qəsəbəsində və Abşeron rayonunda işlər yerinə yetirilmiş, hər bir ərazi üçün bir təhvil-təslim aktı tərtib edilib, imzalanmışdır. Ramana qəsəbəsində görülən işlərin ümumi dəyəri 24538,20 manat təşkil etmiş, cavabdeh şirkət tərəfindən 22954,20 manat ödənilmiş, yerdə ödənilməyən 1584 manat borc qalmışdır. Abşeron rayonunda görülən işlərin ümumi dəyəri 24677.60 manat təşkil etmiş, cavabdeh şirkət tərəfindən bu ərazidə görülmüş işlərin dəyəri ümumiyyətlə ödənilməmiş, borc tam məbləğdə (24677,60 manat) qalmışdır. Göründüyü kimi, Ramana qəsəbəsində görülən işlərdən qalıq borc 1584(24538,20-22954,20) manat və Abşeron rayonunda görülmüş işlərin dəyərindən qalan 24677,60 manat borcu topladıqda, ümumi 26261,60 manat, yəni iddia tələbində nəzərdə tutulan və tələb edilən məbləğ edir. Cavabdeh şirkət tərəfindən edilmiş ödənişlərin qəbzləri ərizəyə əlavə edilir. Ərizənin məzmununda yekun məbləğ, ədv məbləği, və əsas məbləğ (əsas=yekun - edv) anlayışlarından istifadə edilmişdir. Əsas məbləğ və ədv məbləği birlikdə deyil, ədv məbləği ayrıca olaraq şirkətin ədv hesabına ödənilir. Təhvil-təslim aktlarında yalnız əsas məbləğlər göstərilmişdir. Çünki həmin aktlarda məhz hansı məbləğdə, dəyərdə olan işin təhvil verildiyi qeyd edilmişdir. Lakin əsas məbləğ ödənərkən, əsas məbləğin 18%-i həcmində ədv məbləği də ayrıca olaraq ədv hesabına ödənilməlidir. Bu səbəbdən qaimələrə diqqət yetirdikdə, təhvil-təslim aktlarında göstərilən məbləğin yekun-ədv yolu ilə əldə edildiyi görünür. Göndərilən qaimələrdən 29119,57 manat məbləğində olan qaimə, bütövlükdə Abşeron rayonunda görülmüş işlərin dəyəridir. Həmin qaimə üzrə cavabdeh şirkət heç bir ödəniş ətməmişdir. Edilən bütün ödənişlər Ramana qəsəbəsində görülmüş işlərə aid olmuşdur. 10565,96 manat məbləğindəki qaimənin nəzərə alınmması xahiş edilir. Həmin qaimədə təxniki yalnışlığa yol verilmişdir.Yerdə qalan 1869,12 ,16465.99, 10620 manat məbləğlərində, Ramana qəsəbəsinə aid olan 3 qaimə üzrə cavabdeh şirkət ödənişləri qismən etmiş, 1584 manat (əsas borc) borcu qalmışdır. Qiymətlərin razılaşdırılma protokollarında göstərilən əsas (cəmi qəyd olunub) məbləğləri topladıqda da, təhvil təslim aktlarında göstərilən ümumi məbləğlər əldə olunur. Göründüyü kimi bütün sənədlərdə qəyd olunmuş məbləğlər, biri digərinə uyğun gəlir, tamamlayır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

6. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir.

7. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 19-017 PM saylı podrat müqaviləsinə əsasən:

10. Müqavilənin 1.1-ci bəndinə əsasən podratçı öz tərəfindən təmin edilən materiallardan istifadə etməklə qiymətlərin razılaşdırılma protokolunda göstərilən məhəccərlərin hazırlanması və quraşdırılması işlərini yerinə yetirir və sifarişçi tərəfindən təyin olunan ünvanına öz hesabına çatdırır.

11. Müqavilənin 1.2-ci bəndinə əsasən sifarişçi öz növbəsində yerinə yetirilmiş işlərin dəyərini bu müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir.

12. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə üzrə göstəriləcək işlərin dəyəri sifarişçinin sifarişi əsasında və müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılma protokoluna əsasən müəyyən edilir.

13. Müqavilənin 2.2-ci bəndinə əsasən tərəflərin qarşılıqlı razılığına əsasən müqavilənin ümumi dəyərinin 60%-ni müqavilə imzalandığı tarixdən etibarən 5 bank günü müddətində avans olaraq podratçıın bank hesabına azərbaycan manatı ilə köçürülür.

14. Müqavilənin 2.3-cü bəndinə əsasən müqavilənin ümumi dəyərinin 40%i podratçı tərəfindən quraşdırma işləri yekunlaşdıqdan sonra yerinə yetirilmiş işlərin qəbulu aktı əsasında 15 gün ərzində sifarişçi tərəfindən qəbul edilmiş elektron qaimə fakturanın əsasında podratçının bank hesabına azərbaycan manatı ilə ödənilir.

15. Müqavilənin 2.4-cü bəndinə əsasən yerinə yetirilmiş işlərin dəyəri müqaviləyə əlavə edilmiş qiymətlərin razılaşdırma protokoluna əsasən müəyyən edilir.

16. Müqavilənin 4.1-ci bəndinə əsasən sifarişçi aşağıdakılara təminat verir:

17. Müqavilənin 4.1.1-ci bəndinə əsasən podratçıdan bu müqavilənin şərtlərinə və dövlət standartların uyğun olaraq keyfiyyətlə icra edilmiş işləri aktla qəbul edərək faktiki görülmüş işlərin haqqını ödəmək;

18. Müqavilənin 4.2-ci bəndinə əsasən:

19. Müqavilə 4.2.1-ci bəndinə əsasən sifarişçi tərəfindən təqdim olunmuş qiymətlərin razılaşdırılma protokoluna və smeta sənədlərinə uyğun işləri yerinə yetirmək.

20. Müqavilənin 4.2.4-cü bəndinə əsasən görülmüş işləri aktla sifarişçiyə təhvil vermək.

21. xx.xx.2020-ci il tarixli, 19-017 PM saylı podrat müqaviləsinin 1 saylı əlavəsi olan qiymət razılaşdırma protokoluna əsasən müqavilənin 1.1-ci bəndinə əsasən Abşeron rayonunda görüləcək işlərin qiyməti ƏDV daxil 27728,1 manat və Ramana qəsəbəsində görüləcək işlərin qiyməti 27086 manat, 2 saylı əlavə üzrə isə Abşeron rayonundan görüləcək işlərin qiyməti ƏDV daxil 1391,45 manat və Ramana qəsəbəsində isə 1869,12 manat müəyyən edilmişdir.

22. 30.07.2020-ci il tarixli, EBAN065636 saylı e-qaimə üzrə (təsdiqlənmiş) iddiaçı tərəfindən 10620 manat məbləğində işlər görüldüyü qeyd olunmuşdur.

23. 19.09.2020-ci il tarixli, EBAQ194002 saylı e-qaimə üzrə iddiaçı tərəfindən Ramana qəsəbəsində 10565,96 manat məbləğində (düzəlişlə göndərilmiş), xx.xx.2020-ci il tarixli EBAV583841 saylı e-qaimə üzrə (təsdiqlənmiş) 16465,99 manat məbləğində, xx.xx.2021ci il tarixli EBBB494523 saylı e-qaimə üzrə (sistem tərəfindən təsdiqlənmiş) 1869,12 manat məbləğində, və xx.xx.2021-ci il tarixli EBBB494534 saylı e-qaimə üzrə (sistem tərəfindən təsdiqlənmiş) Abşeron rayonunda 29119,57 manat məbləğində işlər görüldüyü qeyd olunmuşdur.

24. Hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq edilmiş işlərin görülməsi, xidmətlərin göstərilməsinə dair təhvil-təslim aktlarına əsasən Abşeron rayonu ərazisində görülmüş işlərin dəyəri 24677,6 manat təşkil etdiyi (bu akt üzrə heç bir ödəniş edilməmiş), Ramana qəsəbəsində isə görülmüş işlərin dəyəri 24538,2 manat təşkil ediyi (ərizədə qeyd olunduğu kimi bu akt üzrə 1584 manat ödənilməmiş borc qalmış), görülən işlərin tam olaraq verildiyi və tərəflərdən heç birinin iddiasının olmadığı qeyd olunmuşdur.

25. İddiaçı MMC-yə məxsus hesabdan çıxarışa əsasən müqavilə üzrə Cavabdeh MMC tərəfindən xx.xx.2020-ci il tarixində 9000 manat məbləğində, xx.xx.2020-ci il tarixində 5000 manat və xx.xx.2020-ci il tarixində 8954,20 manat məbləğində ödənişlər edilmişdir.

26. İddiaçı MMC-yə məxsus xx.xx.2024-cü il tarixli ƏDV sub-uçot hesabından çıxarışa əsasən Cavabdeh MMC tərəfindən xx.xx.2020-ci il tarixində 1620 manat məbləğində, xx.xx.2020-ci il tarixində 900 manat məbləğində və xx.xx.2020-ci il tarixində 1611,76 manat məbləğində ƏDV ödənişləri edilmişdir.

27. Hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq edilmiş iş həcimləri cədvəllərinə əsasən Abşeron rayonu ərazisində icra olunmuş dəmir işləri üzrə ƏDV daxil yekun məbləği 29119,5 manat və Ramana qəsəbəsində isə 28955 manat müəyyən edilmişdir.

28. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

30. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

31. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

32. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

33. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının":

35. 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir;

36. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.

37. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.

38. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

39. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

40. Bununla bağlı məhkəmə qeyd edir ki, xidmətlərin göstərilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən xidmətin qəbul edilməsi mənasına gəlir. Həmçinin cavabdeh tərəfindən bunun əksini təsdiq edən hər hansı bir sübut təqdim olunmamışdır.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

42. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, tərəflərin razılaşması əsasında müəyyən olunmuş xidmətlər həm müqavilə şərtlərinə uyğun olaraq faktiki görülmüş işlərin aktları ilə, həmçinin, Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada iddiaçı tərəfindən caabdehə təhvil verilmiş, sonuncu tərəfindən xidmətlər qəbul olunsa da, 26261 manat məbləğində borcu (ƏDV üzrə 4726,98 manat) ödənilməmiş qalmışdır.

43. Plenum qərarında qeyd olunan mövqeyi nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın əsas borcun ödənilməsi barədə hissəsinin əsaslı olması yalnız elektron vergihesab fakturaları deyil, həmçinin xidmətlərin göstərilməsinə dair aktlar ilə də təsdiqini tapır. Eyni zamanda cavabdeh tərəfindən qismi ödənişlərin edilməsi də iddiaçı tərəfin müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini sübut edən hal kimi qiymətləndirilir.

44. Buna görə də məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ƏDV daxil 30987,98 (26261 manat əsas+4726,98 manat ƏDV) manat məbləğində borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

45. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərci və 67.27 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

46. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

47. Digər tərəfdən MPM-in:

48. 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

49. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

50. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

51. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.

52. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

53. Odur ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin və dövlət rüsumunun məbləği iddia tələbinin təmin edilən məbləğinə münasibətdə 183 manat həddində müəyyən edilərək cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2020-ci il tarixli müqavilə üzrə ƏDV daxil ümumilikdə 30987,98 manat (26261 manat əsas borc, 4726,98 manat ƏDV məbləği) borc məbləği, mediasiya xərcinin və dövlət rüsumunun əvəzi olaraq 183 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar