Məhkəmə qərarları › İş №e-2-2(113)-1134/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1134/2025

02.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1134/2025 02.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (İddiaçı QSC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixli, 7827 saylı alqı-satqı müqaviləsi üzrə əsas borc üzrə 9402,64 (ƏDV 1434,3) manat, 977,88 manat dəbbə pulu, maddi zərərə görə Mərkəzi Bankın saytında təsdiq edilmiş 7.25% bank uçot dərəcəsinə əsasən 185,28 manat və 123,32 manat dövlət rüsumu olmaqla, ümumilikdə 10687,50 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulub ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli, 7827 saylı alqı-satqı müqaviləsi baglanmışdır. xx.xx.2024-cü il tarixli, 7827 saylı müqaviləyə əsasən İddiaçı QSC tərəfindən 06 may 2024-cü il tarixindən - 21 may 2024-cü il tarixinə qədər ümumi dəyəri 9402,64 (ƏDV 1434,3) manat olan ofis və dəftərxana malları cavabdehə satılmışdır. Cavabdeh müqavilə üzrə borcdan bugünə kimi heç bir ödəniş etməmişdir. Borcun ödənilməsi üçün Cavabdeh MMC ilə dəfələrlə şifahi görüşlər təşkil olunmuş, borcun ödənilməsi tələbi ilə 21 noyabr 2024-cü il tarixli, 080 nömrəli pretenziya məktubu poçtla və elektron qaydada göndərilmiş, xx.xx.2024-cü il tarixinə qədər borcun ödənilməsi üçün vaxt verilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 7827 saylı alqı-satqı müqavilənin 6.2 və 6.3-cü bəndlərinə əsasən tərəflər arasında öhdəliklər yerinə yetirilmədiyi təqdirdə dəbbə pulu (hər gecikən gün üçün 0,05%) və cərimə ödənilməsi razılaşdırılmışdır. Buna görə də İddiaçı QSC həmin müqavilənin bəndlərinə istinad edərək, Cavabdeh MMC-dən 9402,64 manat borcu ödəmədiyinə və gecikdirdiyinə görə 06 may 2024-cü il tarixdən 21 noyabr 2024-cü il tarixinə qədər 208 gecikdirilmiş gün üçün 977,88 manat dəbbə pulu tələb edir. Bundan əlavə, İddiaçı QSC Cavabdeh MMC-dən maddi zərər, ziyan və əldən çıxmış faydaya görə Mərkəzi Bankın müəyyən eydiyi və məhkəməyə təqdim edilən, Mərkəzi Bankın saytında təsdiq edilmiş 7.25% bank uçot dərəcəsinə əsasən 185,28 manat faiz tələb edilir. Cаvаbdеh xx.xx.2024cü il tarixli, 7827 saylı alqı-satqı müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pоzmuş və vurduğu zərər nəticəsində ”İnci Group of Companies” QSC-ni müqаvilə bаğlаnаrkən ümid еtməyə hаqqı çаtаnlаrdаn məhrum еtmişdir..

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 385.1, 386.1, 386.2, 421.2, 425.1, 425.2, 439.3, 442, 443.1, 443.2, 443.5, 445.1, 445.2, 445.2.1, 445.2.2, 445.3, 445.4, 446.1, 448.1, 448.2, 449.1, 449.2, 450.1, 462.1, 463.1, 463.2, 464.1, 465.1, 465.2, 466.1, 466.2, 466.2.1, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında izahat verərək, iddia tələbini 7960 manat hissədə qəbul etdiklərini, ƏDV məbləğini ödədiklərini qeyd etmiş, dəbbə pulunun azaldılmasını xahiş etmişdir.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı QSC ilə alıcı qismində Cavabdeh MMC arasında 08 fevral 2024-cü il tarixli, 7827 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin şərtlərinə əsasən satıcı hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qiymətlərin razılaşdırma protokollarında göstərilən malları razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcıya satmağı, alıcı isə həmin malları çatdırıldıqdan sonra təhvil alıb dəyərini müvafiq protokolda müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə malların ümumi dəyəri protokol ilə müəyyən edilir. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən alıcı malları təhvil aldıqda sonra onların dəyərini ilk iş günü ərzində satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən satıcının müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişlərin həyata keçirilməsini alıcıdan tələb etmək hüququ, alıcının isə hazırkı müqavilənin şərtlərinə uyğun təchiz olunmuş malları qəbul etmək və həmin malların dəyərini müqavilə ilə müəyyən olunmuş qaydada satıcıya ödəmək vəzifəsi vardır. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən müqavilə üzrə öz öhdəliklərini tam icra etməyən və ya lazımınca icra etməyən tərəf bununla digər tərəfə vurduğu zərərə görə qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyacaq və qarşı tərəfə zərəri tam həcmdə ödəyəcək. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən mallar alıcıya təhvil verildikdən sonra müqavilə ilə müəyyən edilmiş müddət ərzində malların dəyəri ödənilmədikdə, alıcı ödənişi gecikdirdiyi hər günə görə 0,05% məbləğində dəbbə pulu ödəməlidir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

8. xx.xx.2024-cü il tarixli, 7827 nömrəli alqı-satqı müqaviləsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli qiymətlərin razılaşdırılması protokolunun məzmunundan müəyyən olunur ki, tərəflər xx.xx.2024-cü il tarixli, 7827 nömrəli alqı-satqı müqaviləsi üzrə protokolda adıçəkilən və ümumi dəyəri 9402,64 manat (ƏDV daxil) olan mallar barədə razılığa gəlmişlər. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. xx.xx.2024-cü il tarixli, MT2404 seriyalı, 00786126 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 9402,6392 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2024-cü il tarixli, ST041/04-98 nömrəli hesab-faktura göstərilmişdir. Qaimə xx.xx.2024-cü il tarixli, 7827 nömrəli müqaviləyə uyğun olaraq tərtib edildiyi qeyd edilmişdir.

10. xx.xx.2024-cü il tarixli, **********433829 nömrəli köçürmənin aparılması haqqında köçürmənin məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə 1434,3 manat ödəniş edilmişdir. Ödənişin təyinatı kimi MT2404 seriyalı, 00786126 nömrəli qaimə göstərilmişdir.

11. İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli, 080 nömrəli pretenziya məktubundan görünür ki, Cavabdeh MMC-nin İddiaçı QSC-yə olan 9402,62 (1434,3) manat borcun xx.xx.2024-cü il tarixinə qədər ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı, belə olan halda borca əlavə olaraq müqavilənin 6.2 və 6.3-cü bəndlərə əsasən hər gecikmiş gün hesablanmaqla dəbbə pulu, cərimə, əldən çıxmış fayda, dəymiş maddi ziyana görə illik 5 faiz maddi zərər, 200 manat mediasiiya xərci və digər nəzərdə tutulmamış xərclənəcək xərclərin də tələb ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.3-ci maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

14. İşin faktiki hallarından müəyyən edilir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən müqavilənin şərtlərinə əsasən satıcı hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qiymətlərin razılaşdırma protokollarında göstərilən malları razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcıya satmağı, alıcı isə həmin malları çatdırıldıqdan sonra təhvil alıb dəyərini müvafiq protokolda müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edib, malları alıcıya təhvil versə də, cavabdeh qəbul etdiyi malın dəyərini iddiaçıya ödəmək barədə öhdəliyini lazımınca icra etməmişdir. Həmin hal işdə olan sübutlarla (qiymət razılaşdırma protokolu, elektron qaimə) öz təsdiqini tapır. Müqavilənin bağlanması, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə ümumi dəyəri 9402,64 manat olan malların təhvil verilməsi işin mübahisəsiz hallarını təşkil edir.

15. İddia tələbinin bir hissəsini cavabdehdən 9402,64 manat məbləğində əsas borcun tutulması təşkil edir.

16. İddiaçı QSC ilə Cavabdeh MMC arasında bağlanmış 08 fevral 2024-cü il tarixli, 7827 nömrəli müqavilənin 3.5-ci bəndinə əsasən alıcı malları təhvil aldıqda sonra onların dəyərini ilk iş günü ərzində satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin nümayəndəsi Qanuni nümayəndə öz izahatında iddia tələbini 7960 manat hissədə qəbul etdiklərini qeyd etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, **********433829 nömrəli köçürmənin aparılması haqqında ödəniş sənədindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli, MT2404 seriyalı, 00786126 nömrəli elektron qaimənin ƏDV-si olan 1434,3 manat məbləğ ödənilmişdir. Belə olan halda ödənilməli olan borc məbləği 9402,64-1434,3=7968,34 manat təşkil edəcəkdir.

17. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, borcun mövcudluğu öz təsdiqini tapdığından iddia qeyd edilən hissədə qismən təmin edilməli və Cavabdeh MMCdən 7968,34 manat (yeddi min doqquz yüz altmış səkkiz manat otuz dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı QSC-nin xeyrinə tutulmalı, qalan hissədə isə təmin olunmamalıdır.

18. İddiaçı eyni zamanda ödənişinin gecikdirilməsinə görə Mərkəzi Bankın müəyyən etdiyi 7.25% (yeddi tam yüzdə iyirmi beş faiz) uçot faiz dərəcəsinə əsasən ödənilməmiş borc üzrə hesablanan 185,28 manat faiz məbləğinin cavabdehdən tutulmasını tələb etmişdir.

19. Məhkəmə hesab edir ki, MM-nin 598.3-ci maddəsinə əsasən alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb etmək hüququna malik olduğudan iddia həmin hissədə də təmin edilməli, 185,28 manat (yüz səksən beş manat iyirmi səkkiz qəpik) məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

20. İddia tələbinin digər hissəsini cavabdehdən 977,88 manat cərimə borcunun tutulması təşkil edir.

21. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Tərəflər arasında imzalanmış müqavilənin müqavilənin 6.2-ci bəndinə əsasən mallar alıcıya təhvil verildikdən sonra müqavilə ilə müəyyən edilmiş müddət ərzində malların dəyəri ödənilmədikdə, alıcı ödənişi gecikdirdiyi hər günə görə 0,05% məbləğində dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq cərimə məbləği azaldılaraq 400 (dörd yüz) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

22. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 123,32 manatın tutulmasını xahiş etmişdir.

23. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq 98,5 manat (doxsan səkkiz manat əlli qəpik) dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən xx.xx.2024-cü il tarixli, 7827 saylı müqavilə üzrə 7968,34 manat (yeddi min doqquz yüz altmış səkkiz manat otuz dörd qəpik) əsas borc, 400 (dörd yüz) manat dəbbə pulu, 185,28 manat (yüz səksən beş manat iyirmi səkkiz qəpik) faiz məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 98,5 manat (doxsan səkkiz manat əlli qəpik) olmaqla, ümumilikdə 8652,12 manat (səkkiz min altı yüz əlli iki manat on iki qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar