Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-115/2023 10.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi , Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ******* manat məbləğində əsas borc, 512607,9 manat faiz borcu olmaqla, ümumilikdə 2953597,9 manat borcun, 2267 manat ödənilmiş dövlət rüsumunun və 400 manat mediasiya xərcinin "xxxx" ASCdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" ASC arasında 18 fevral 2019-cu il tarixində “GəncəQazax-Gürcüstan sərhəd yolunun dörd zolağa genişləndirilməsi” layihəsinə dair xidmət müqaviləsi bağlanmışdır. İcraçı tərəf olan İddiaçı MMC müqavilənin şərtlərinə müvafiq olaraq öhdəsinə götürdüyü işləri tam icra edərək təhvil vermiş, görülmüş işlərin təhvil-təsliminə dair 31 mart 2019-cu il tarixdə ******* manat əsas məbləğ, 685350 manat ƏDV məbləği olmaqla ümumi ******* manat məbləğə təhviltəslim aktı imzalanmışdır. "xxxx" ASC tərəfindən təhvil verilmiş işlərin ümumi dəyərindən 27 mart 2019-cu il tarixdə 685350 manat ƏDV məbləği, 04 yanvar 2019-cu il tarixdən 01 iyul 2019-cu il tarixədək ******* manat əsas məbləğ ödənilməklə ******* manat əsas məbləğ üzrə borc qalmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankı ASC-nin 2019-2022-ci illər üçün mövcud olan illik uçot dərəcəsinə uyğun olaraq 512607,9 manat faiz olmaqla, ümumilikdə 2953597,9 manat dəfələrlə şifahi müraciət olunmasına baxmayaraq ödənilməmişdir. Borclu tərəfə ödəniş edilməsi üçün 12 noyabr 2021-ci il tarixdə pretenziya məktubu göndərilsə də, heç bir ödəniş olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, ərizə ilə müraciət edərək qeyd etmişdir ki, iddia ərizəsində qeyd edilən ödəniş tarixlərində texniki səhv olaraq xx.xx.2019 əvəzinə xx.xx.2019 yazılmışdır. Eyni zamanda iddiaçının nümayəndəsi və vəkilli cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə qeyd etmşdir ki, cavabdeh tamamilə yalnışlıqla ərizə yazıb. "xxxx" ASC 2019-cu ilin noyabr ayında son ödənişi edərək qalıq borcunu hissə-hissə ödəyəcəyi haqda vədlər verərək onları 2 il 4 ay aldatmışdır. Nəticədə xx.xx.2022-ci il tarixində Bakı 9 saylı Mediasiya Təşkilatına müraciət edərək problemin həll edilməsini xahiş etmiş,xx.xx.2022-ci il tarixində isə Bakı 9 saylı Mediasiya Təşkilatı arayış təqdim edərək problemin həlli istiqamətində cavabdeh tərəfindən tədbir görülməməsini bildirmiş, nəticədə məhkəməyə yönəlmişlər. Faktiki olaraq iddia müddəti son ödəmə tarixindən hesablanmaqla 2022-ci ilin noyabr ayına qədər müddət var ki, həmin müddət də ötürmədən iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Cavabdeh yazdığı ərizə ilə dolayı yolla iddianı qəbul etdiyini açıq-aşkar sübut etməklə ödəmədən yayınmaq niyyətini əks etdirir. Ərizə əsassızdır. İddiaçının nümayəndəsi iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavadeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmiş, eyni zamanda elektron qaydada iddia müddətinin tətbiq edilməsinə dair ərizə verərək, iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan: "xxxx" ASC və “icraçı” İddiaçı MMC arasında imzalanmış 18 fevral 2019-cu il tarixli AX 80/0619 saylı xidmət müqaviləsinə əsasən sifarişçinin tapşırığı əsasında icraçı, sifarişçiyə (bundan sonra “Akkord” adlandırılacaq) məxsus qum çınqıl karxanasından malmaterialların yüklənib tikinti ərazisinə daşınması, stoklanmasını və yararsız malmaterialların tikinti ərazisindən qazılaraq “Akkord” tərəfindən təyin olunmuş ərazilərə boşaldılması işlərini (bundan sonra “Xidmətlər” adlandırılacaq və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə(lər)də göstəriləcək) həyata keçirir, sifarişçi isə göstərilən xidmətlərin razılaşdırılmış dəyərini icraçıya ödəyir. 2.1 bəndə əsasən müqavilənin ümumi məbləği icraçı tərəfindən göstərilən xidmətləri və bu xidmətlərin dəyərini özündə əks etdirən əlavə(lər) ilə müəyyən olunacaq. 10.1 bəndə əsasən bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 1 (bir) il müddətində qüvvədədir. 18 fevral 2019-cu il tarixli AX 80/0619 saylı xidmət müqaviləsinə xx.xx.2019-cu il tarixli əlavə 1-ə əsasən yekun məbləğ ƏDV daxil olmaqla 4.492.850 manat təşkil edir. Əlavə hər iki tərəfin möhürü ilə təsdiqlənmişdir. 937147125 nömrəli xx.xx.2022 tarixli ödəniş tapşırığına əsasən 2.267 manat dövlət rüsumu ödənilmişdir. HZ seriyalı 274008 nömrəli xx.xx.2019 tarixli elektron vergi hesab-fakturasına əsasən İddiaçı MMC tərəfindən 4.492.850 manat "xxxx" ASC-yə ödənilməsi üçün təqdim edilmişdir. 18 fevral 2019-cu il tarixli AX 80/0619 saylı müqavilə əsasında tərtib edilmiş subpodratçının görülmüş işlərə dair qəbul aktlarından məlum olur ki, müxtəlif tarixləri əhatə edən aktlarda görülmüş işlərin yekunu olaraq ödənilməli olan məbləğ qeyd edilmiş həmin aktları hər iki tərəf təsdiqləmişdir. Əlavə olaraq xx.xx.2019-xx.xx.2019 tarixlərini əhatə edən xx.xx.2019 tarixli aktda cəmi ödənilməli olan məbləğ 4.492.850 manat göstərilmişdir. İddiaçı MMC tərəfindən təqdim edilmiş bank hesabından çıxarışlardan məlum olur ki, müxtəlif tarixlərdə xx.xx.2019-tarixli müqavilə əsasında "xxxx" ASC tərəfindən ödənişlər olmuşdur. Beləliklə, araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xidmətlərin göstərilməsinə dair müqavilə imzalanmışdır. İddiaçı müqavilə üzrə xidmətləri göstərmiş, bununla bağlı tərəflər arasında görülmüş işlərin qəbul edilməsi barədə aktlar tərtib edilmişdir. İddiaçı müqavilə üzrə öhdəliklərini tam olaraq icra etmiş, cavabdeh müqavilə öhdəliklərini pozmuş, göstərilmiş xidmətlərin dəyərini tam olaraq ödəməmişdir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya müqavilədən və Mülki Məcəllənin normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 752.1. maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1 maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 175.1.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları ,irəlşi) xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaiməfaktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Məhkəmə qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən ******* manat məbləğində əsas borc iddiaçının iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş işlərin görülməsi barədə qəbul aktlarını hər iki tərəf təsdiqləmişdir. Bundan başqa cavabdeh tərəfindən ödənişlərin bir qisminin icra edilməsi öz təsdiqini tapsa da müqavilə öhdəliyinin tam olaraq icra edilməsi öz təsdiqini tapmır. Belə olan halda məhkəmə iş materiallarına məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi borc məbləği hissəsində əsaslı olduğundan təmin edilməlidir. Qeyd edilənlərdən əlavə cavabdeh iddia tələbindən məlumatlı olmasına baxmayaraq, borc məbləğini mübahisələndirməmişdir ki, bu hal da iddianın əsaslı olmasını təsdiq edir. Digər tərəfdən cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə verildiyindən məhkəmə həmin hala münasibət bildirilməsini də zəruri hesab edir. AR Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış müqavilənin 10.1 bəndində razılaşdırılmışdır ki, bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 1 (bir) il müddətində qüvvədədir. Məhkəmə imzalanmış müqavilənin 18 fevral 2019-cu il tarixi olmasını eyni zamanda iddiaçı tərəfindən məhkəməyə xx.xx.2022 tarixində müraciət edilməsini nəzərə alaraq, qeyd edir ki, hazırki iddia tələbi üzrə iddia müddətinin tətbiq edilmə əsası mövcud deyil. Qeyd edilənlərdən başqa iddiaçı 512607,9 manat faiz borcunun da tutulmasını tələb etmişdir. İddia ərizəsinin məzmunundan həmçinin iddiaçının nümayəndəsinin məhkəməyə izahatından məlum olmuşdur ki, iddiaçı qeyd edilən məbləği bank uçot dərəcəsinə uyğun olaraq, yəni Mülki Məcəllənin 449-cu maddəsinin tələblərinə uyğun olaraq tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair“ 09 iyul 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1- ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında qeyd edilir ki, həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin ödəməli olduğu pul məbləğini hər-hansı formada istifadə etməsini təsdiq edən hallar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Qeyd olunanlara əsasən 2.267 manat dövlət rüsumu, 400 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-dən 2.440.990 (iki milyon dörd yüz qırx min doqquz yüz doxsan manat) əsas borc, 2.267 (iki min iki yüz altımış yeddi) manat dövlət rüsumu, 400 (dörd yüz) manat mediasiya xərci İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-115/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-115/2023
10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver