Məhkəmə qərarları › İş №e-2-2(113)-1160/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1160/2023

19.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1160/2023 19.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı əmlaka dəymiş zərərə görə sığorta ödənişinin tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC cavabdeh "xxxx" ASC-yə qarşı əmlaka dəymiş zərərə görə sığorta ödənişinin tutulması tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən əmlaka dəymiş zərərə görə 1.580 manat məbləğində sığorta ödənişinin, 94,80 manat dəbbə pulunun, qiymətləndirmə ilə bağlı xərc - 150 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə 350 manat xidmət haqqı və ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin mülkiyyətində olan **-AL-*** dövlət qeydiyyat nişanlı “BMW 750” (buraxılış ili-2016) minik markalı avtomobilə dəymiş ziyanın məbləği "X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən (VÖEN:**********; Sığorta sahəsində yardımçı hüquqi şəxslərin və müstəqil ekspertlərin reyestrinə daxil edilib) 1.580 manat məbləğində hesablanmışdır. İddiaçı ASC tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarla (pretenziya qaydasında) müraciət edilərək, mübahisənin məhkəməyədək həll edilməsi təklif edilmişdir. xx.xx.2023-cü il tarixli arayışa əsasən tərəflər,arasında ilkin mediasiya sessiyası təşkil edilmişdir. İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 60 manat haqq iddiaçı tərəfindən ödənilmişdir. Qeyd etmək istəyirlər ki, “BMW 750” (buraxılış ili-2016) minik markalı **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı ASC tərəfindən qismən təmir edilmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh yazılı etirazla məhkəməyə müraciət edərək, İddiaçı ASC –nin "xxxx" ASC-yə qarşı sığorta ödənişi tələbinə dair iddiasının rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarından da göründüyü kimi, xx.xx.2022-ci il tarixində üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASCdə icbari qaydada sığortalanmış “VAZ21074” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobilin və iddiaçıya məxsus olan “BMW 750” markalı, ** AL *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermiş, YNH-nin təfərrüatları barədə Bakı şəhər DYPŞ-nın arayışından və xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından da göründüyü kimi, sığortalı avtomobilin sürücüsü təqsirli bilinmişdir. Hadisə nəticəsində “BMW 750” markalı, ** AL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər sığortaçının ümumiyyətləsığorta hadisəsi barədə məlumatı olmadan qiymətləndirilmişdir, yalnız pretenziya göndərilən zaman sığorta hadisəsi sığortaçıya məlum olmuşdur. Pretenziyaya cavab olaraq isə, həmin məbləğdə sığorta ödənişinin həyata keçirilməsinin mümkün olmadığı bildirilmişdir. Lakin iddiaçı özünün sifarişi ilə aldığı qiymətləndirməyə istinad edərək real zərər məbləğindən dəfələrlə artıq olan 1580 manat tələb etmiş və təklif olunan 620 manat sığorta ödənişini almaqdan imtina edərək, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “İcbari sığortalar haqqında” Qanunu ilə müəyyən edilmiş konkret tənzimləmə qaydalarına riayət etmədən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Zərərçəkən (iddiaçı) tərəfindən isə Mülki Məcəllə və “İcbari sığortalar haqqında” qanunla təsbit edilmiş hüquqlardan istifadə edilmədən, yəni sığortaçı tərəfindən aparılmış qiymətləndirmə məbləği ilə razı olmadığı təqdirdə, müstəqil ekspertin təyin edilməsini tələb etmədən və belə ekspertizanın keçirilməsindən sığortaçının imtinasını almadan bilavasitə məhkəməyə müraciət etmişdir. Halbuki iddiaçı yalnız iddia etdiyi hüquqlarının pozulmasını sübut etməklə həmin iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərdi. İddia tələbindən belə çıxır ki, icbari sığorta üzrə istənilən zərərçəkmiş şəxs qanunla və Mülki Məcəllə ilə təsbit edilmiş hüquqların həyata keçirilməsinə cəhd belə etmədən birbaşa məhkəməyə müraciət edərək, ona dəymiş zərərin müstəqil ekspert tərəfindən deyil, özünün təyin etdiyi və ya digər qərəzli rəyə istinad etməklə, həqiqi zərər məbləğindən dəfələrlə çox pul tələb edə bilər. Halbuki zərərin daha dəqiq qiymətləndirilməsi üçün qanunverici sığorta sahəsində məhz müstəqil ekspert subyektlərini nəzərdə tutmuşdur və belə fəaliyyət lisenziyalaşdırılan fəaliyyət olmaqla, müstəqil ekspertlərin reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərirlər. Sübut etməyə ehtiyac yoxdur ki, şəxsin məhkəməyə müraciət etməsi üçün ilkin şərt “mübahisə”nin olmasıdır. Mübahisənin olması isə qanundan və ya digər normativ aktlardan irəli gələn hüquqların pozulmasını ehtiva edir. İddiaçının istinad etdiyi hazırkı güman edilən “pozuntu” məhkəmədə baxılmalı olan “mübahisə” hesab edilə bilməz. Başqa sözlə desək, mübahisə həqiqi və ciddi olmalıdır. Belə olan halda, mövcud olmayan mübahisə üzrə iddiaçının həqiqi və ciddi olmayan tələbi ilə bağlı məhkəmənin hazırda mübahisələndirilən qətnaməni qəbul etməsi yuxarıda istinad edilən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyini bir daha təsdiq edir. İddiaçı qanunla müəyyən edilmiş qaydalara riayət etmədən məhkəməyə müraciət etmişdir ki, bu səbəbdən də “başqa şəxslərdən tələb etmək hüququnun” yaranmasından söhbət gedə bilməz. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinə əsasən, əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir: 15.3.1. zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri. İstinad edilən normaların tələblərindən də göründüyü kimi, sığorta ödənişi zərərə məruz qalmış əmlakın yenisi ilə əvəz edilməsini deyil, həmin əmlakın təmiri və ya bərpasını ehtiva edir. Hazırkı halda, nə avtomobil, nə də onun zərərə uğramış hissəsi “məhv olmuş” hesab edilmədiyi üçün sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərinin ödənilməsi tələbi tamamilə əsassızdır. Həmçinin nəzərə almaq lazımdır ki, sığorta təminatı, xüsusilə də icbari sığorta üzrə sığorta təminatı zərər nəticəsində əmlakın bazar qiymətinin aşağı düşməsi hallarından təminat vermir. Hazırkı işdə cavabdehin öz öhdəliyini vaxtında icra etməsinə səbəb kimi, iddiaçının ona təklif edilən icranı qəbul etməməklə və “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının qanununvericiliyinin tərkib hissəsi olan Mülki Məcəllənin 445.5, 446.1, 446.3, 448.2-ci maddələrində müəyyən edilən yaratmaqla dəbbə pulu tələb etmək hüququnu itirmişdir. Göründüyü kimi sığorta ödənişinin verilməsinin gecikdirilməsi iddiaçının özünün təqsiri üzündən baş vermişdir. Həmçinin nəzərə alınmalıdır ki, öhdəliklərin icrası “Təqsirli pozuntu” nəticəsində olmadığı üçün cavabdeh "xxxx" ASC-dən mövcud olmayan pozuntu üçün məsuliyyət (dəbbə pulu ödənilməsi) müəyyən edilə bilməz. Hesab edirlər ki, yuxarıda qeyd etdikləri hallara əsasən mübahisənin olmadığı aşkar surətdə görünür. "xxxx" ASC zərər məbləği olaraq 620 manatı "xxxx" ASC-yə ödəməyə hazırdır. İşin məhkəmə müstəvisində baxılması "xxxx" ASC-nin zərər məbləğindən daha daha artıq pulu istəməsidir. Bunun üçün də vəkilə göstərdiyi hüquqi yardıma görə xidmət haqqının verilməsinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tələb etməsi olduqca absurtdur. Digər tərəfdən iddiaçı vəkilə göstərdiyi hüquqi yardıma görə xidmət haqqının verilməsi ilə bağlı heç bir mötəbər sübut təqdim etməmişdir. Bakı Kommersiya Məhkəməsinin 14 fevral 2023-cü il tarixli qəradadı ilə İddiaçı ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı əmlaka dəymiş zərərə görə sığorta ödənişinin tutulması tələbinə dair kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında baxılması barədə ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirərək, etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: AC N 676459 nömrəli X1 Şəhadətnaməsinə əsasən **-AL-*** dövlət qeydiyyat nömrəli, “BMW 750” minik markalı avtomobil İddiaçı ASC-nin mülkiyyətindədir. Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola və xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən müəyyən olunur ki, “Vaz 21074” minik markalı, ** KB *** dövlət qeydiyyat nişanlı (özünə məxsus) nəqliyyat vasitəsini idarə edən X5 xx.xx.2022-ci il tarixdə əks istqamətli hərəkət zolağına çıxmadan manevr etmə halına yol verməklə yol nəqliyyat hadisəsi nəticəsində inzibati xəta törətmişdir. “Rich Service” Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktına əsasən **-AL-*** dövlət qeydiyyat nömrəli, “BMW 750” minik markalı avtomobilinin ehtiyat hissələrinə tələb olunan xərc 40 manat, işçilik (digər) xərclər 580 manat olmaqla, cəmi 620 manat təşkil edir. “Yeni Dövr” Qiymətləndirmə Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qiymətləndirilmə hesabatına əsasən **-AL-*** dövlət qeydiyyat nömrəli, “BMW 750” minik markalı avtomobilinə dəymiş zərərin məbləği (təmir-bərpa işlərinə 1.520 manat və ehtiyat hissələrinə çəkilən xərc 60 manat) cəmi 1.580 manat təşkil edir. Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin xx.xx.2022-ci il tarixli 046-45314 nömrəli məktubu ilə təsdiq olunur ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı “Vaz-21074” minik markalı, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobilin, “BMW 750” minik markalı, **-AL-*** dövlət qeydiyyat nömrəli avtomobilin iştirakı ilə baş vermiş maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsinə dair araşdırma aparılmışdır. İcbari Sığorta Bürosunun xx.xx.2022-ci il tarixli məktubu ilə təsdiq olunur ki, “Vaz 21074” minik markalı, ** KB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid "xxxx" ASC tərəfindən rəsmiləşdirilmiş PXA********** nömrəli sığorta şəhadətnaməsinin xx.xx.2022-ci il tarixdə qüvvədə olduğu məlum olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyul 2023-cü il tarixli, 9/2713 saylı ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, iş materiallarında olan Avtomobillərin Texniki Xidmət Mərkəzi və “Yeni Dövr” Qiymətləndirmə Mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “BMW” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 730 manat (o cümlədən dəyişilməli hissələrin qiyməti 100 manat, təmir-bərpa işlərinin qiyməti 630 manat) müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə müəyyən edilir ki, “BMW 750” markalı, **-AL- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərəri müəyyən etməyə görə 150 manat məbləğində pul vəsaiti İddiaçı ASC tərəfindən “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin hesabına ödənilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə müəyyən edilir ki, göstəriləcək hüquqi yardıma görə 350 manat məbləğində pul vəsaiti İddiaçı ASC tərəfindən “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına ödənilmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı ASC xəbərdarlıq məktubu ilə cavabdehə müraciət edərək, əmlaka dəymiş zərərə görə 1580 manat məbləğində sığorta ödənişinin 3 iş günü ərzində ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 904.1-ci maddəsinə əsasən sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. 904.2-ci maddəsinə əsasən sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. “İcbari sığortalar haqqında” 24 iyun 2011-ci il tarixli AR Qanununun: 50.1-ci maddəsinə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 52.1-ci maddəsinə görə avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 53.1-ci maddəsinə görə mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. 53.4-cü maddəsinə görə icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. 20.2-ci maddəsinə görə bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. 20.7-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına dəymiş zərərlə əlaqədar sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən zərərçəkənə ödənilmiş məbləğ zərər məbləğindən az olduqda, sığortaçı sığorta ödənişini ödənilmiş məbləğlə zərər məbləği arasındakı fərq həcmində zərərçəkənə, ödənilmiş məbləğin əvəzini isə sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verməklə həyata keçirir. 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. İşin yuxarıda göstərilən hallarına və göstərilən qanunvericilik normalarına əsasən müəyyən edilir ki, mülki məsuliyyəti cavabdeh "xxxx" ASC tərəfindən sığortalanmış “Vaz- 21074” minik markalı, ** KB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X5 tərəfindən törədilmiş mülki hüquq pozuntusu - delikt nəticəsində İddiaçı ASC-yə məxsus avtomobilə maddi zərər dəymişdir. Nəticədə zərərçəkmiş şəxs İddiaçı ASC-nin zərərvurmuş şəxs X3 mülki məsuliyyətini sığortalamış cavabdeh "xxxx" ASC-dən sığorta məbləği həddində dəymiş zərərin ödənilməsini (sığorta ödənişini) tələb etmək hüququ yaranmışdır. İşin mübahisəli halı isə sözügedən avtomobilə dəymiş zərərin və belə olan halda ödənilməli olan sığorta ödənişinin məbləği ilə bağlıdır. Belə ki, iddiaçı məhkəməyə “Yeni Dövr” Qiymətləndirmə Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qiymətləndirilmə hesabatını (qüsur aktını) təqdim edərək, **- AL-*** dövlət qeydiyyat nömrəli, “BMW 750” markalı avtomobilinin ehtiyat hissələrinə tələb olunan xərcin 60 manat, təmir-bərpa işlərinə (digər) çəkilən xərclərin 1.520 manat olmaqla, cəmi 1.580 manat olmasını iddia edir, cavabdeh isə məhkəməyə “Rich Service” Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktını təqdim edərək, **-AL-*** dövlət qeydiyyat nömrəli, “BMW 750” minik markalı avtomobilinin ehtiyat hissələrinə tələb olunan xərcin 40 manat, işçilik (digər) xərclərin 580 manat olmaqla, cəmi 620 manat olmasını iddia edir və həmin məbləğdə sığorta ödənişinin verilməsinə etiraz etmir. Bu səbəbdən məhkəmə tərəfindən yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş maddi zərərin məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyul 2023-cü il tarixli, 9/2713 saylı ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, iş materiallarında olan Avtomobillərin Texniki Xidmət Mərkəzi və “Yeni Dövr” Qiymətləndirmə Mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “BMW” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 730 manat (o cümlədən dəyişilməli hissələrin qiyməti 100 manat, təmir-bərpa işlərinin qiyməti 630 manat) olması müəyyən edilmişdir. 03 iyul 2022-ci il tarixli, 9/2713 saylı ekspert rəyinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmənin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyul 2022-ci il tarixli, 9/2713 saylı ekspert rəyi ilə razılaşmaması üçün heç bir əsas yoxdur, odur ki, həmin rəy iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir (Qeyd: iddiaçı təkrar məhkəmə qiymətləndirmə eskpertizasının təyin edilməsi barədə vəsatət versə də məhkəmənin xx.xx.2023-cü il tarixli əsaslandırılmış qərardadı ilə vəsatət rədd edildiyindən məhkəmə həmin hissəyə təkrar münasibət bildirilməsinə lüzum görmür). Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı ASC cavabdeh "xxxx" ASC-dən 730 manat məbləğində sığorta ödənişinin tutulmasını tələb etməkdə haqlıdır. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində 1.580 manat borcun ödənilməsinin gecikdirilməsinə görə 94,8 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 934.2-ci maddəsinə görə sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Məhkəmə hesab edir ki, "xxxx" ASC sığorta ödənişi qanunla müəyyən olunmuş müddətdə ödəmədiyindən, qanunda isə sığorta ödənişin gecikdirildiyi hər gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən 1.580 manat borcun ödənilməsinin gecikdirilməsinə görə 94,80 manat dəbbə pulunun deyil, məhkəmə tərəfindən müyyən olunmuş ödənilməyən 730 manat sığorta ödənişin gecikdirildiyi hər gün üçün 43,8 manat (730 X 0,1%=0,73; 60 X 0,73=43,8) dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddiaçının cavabdehdən dəbbə pulu tələb ilə bağlı cavabdehin etirazında göstərdiyi dəlillərə münasibətdə qeyd edir ki, işin araşdırılması zamanı təsdiq olundu ki, iddiaçı cavabdeh "xxxx" ASC-dən 730 manat məbləğində sığorta ödənişinin tələb etməkdə haqlıdır və belə olan halda iddiaçı cavabdeh tərəfindən ona təklif edilən 620 manat sığorta ödənişini (icranı) qəbul etməməkdə haqlı olmuşdur. Odur ki, iddiaçıya sığorta ödənişinin verilməsinin gecikdirilməsi cavabdehin təqsiri üzündən baş vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə iddiaçının qanunla müəyyən edilmiş tənzimləmə qaydalarına riayət etməməsi ilə bağlı cavabdehin etirazında göstərdiyi dəlillərə münasibətdə qeyd edir ki, cavabdehin özünün də etirazında göstərdiyi kimi əmlaka dəyən zərərin sığortaçı tərəfindən müəyyənləşdirilmiş həcmi ilə razılaşmadıqda, bu məqsədlə müstəqil ekspertin təyin edilməsini tələb etmək, zərərçəkənin hüquqlarına aid edilmişdir, yəni, zərərçəkənin əmlaka dəyən zərərin həcminin müəyyən edilməsi məqsədilə müstəqil ekspertin təyin edilməsini tələb etmək vəzifəsi olmamışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.4-cü maddəsinə əsasən müvafiq hallarda, o cümlədən sağlamlığa və (və ya) əmlaka dəyən zərərin sığortaçı tərəfindən müəyyənləşdirilmiş həcmi ilə razılaşmadıqda, bu məqsədlə müstəqil ekspertin təyin edilməsini tələb etmək zərərçəkənin hüququdur. Belə olan halda iddiaçı (zərərçəkən) avtomobilinə dəymiş ziyanın müəyyən edilməsi üçün “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinə müraciət etməklə və bundan sonra həmin qiymətləndirmə aktına (rəyinə) istinad etməklə məhkəmədə iddia qaldırmaqla qanunvericiliyin hər hansı tələblərini pozmamışdır. Azərbaycan Respublikası MPM-in: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə əmlak tam məhv olmadığı halda iddiaçının zərər qismində sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərini tələb etməsinə dair cavabdehin etirazında göstərdiyi dəlillərə münasibətdə qeyd edir ki, həm cavabdehin özünün təqdim etdiyi “Rich Service” Avtomobillərin Texniki Xidmət Mərkəzinin qüsur aktında, həm iddiaçının təqdim etdiyi “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatında (qüsur aktında), həm də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyul 2023-cü il tarixli, 9/2713 saylı ekspert rəyində avtomobilin bəzi ehtiyat hissələrinin (arxa buferin sağ yan kantı və s.) dəyişdirilməsi, eləcə də bəzi hissələrin təmiri nəzərdə tutulmuş, bu da hər üç rəydə zərərin məbləğinin əmlakın təmiri və ya bərpası xərcləri formasında hesablanmasına dəlalət edir. Belə olan halda iddiaçı tərəfindən təqdim edilmiş rəydə zərərin əmlakın sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri formasında hesablanması barədə cavabdehin etirazının dəlilləri də əsassızdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 15.3.1-ci maddəsinə görə zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri zərərin məbləğinə aiddir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 60 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 38,24 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 60 (altmış) manat məbləğində pul vəsaiti və işə baxılması ilə bağlı məsrəflərin (qiymətləndirmə rəyinin alınması xərclərinin) əvəzi olaraq 70 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini, eləcə də hazırkı qətnamə ilə iddianın təmin edildiyini və belə olan halda məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməli olduğunu nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 350 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun 25 manat hissəsi iddiaçıdan, 25 manat hissəsi isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 730 (yeddi yüz otuz) manat məbləğində sığorta ödənişi, 43,80 (qırx üç manat səksən qəpik) manat məbləğində dəbbə pulu, cəmi 773,80 (yeddi yüz yetmiş üç manat səksən qəpik) manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 60 (altmış) manat, işə baxılması ilə bağlı məsrəflərin əvəzi olaraq 70 (yetmiş) manat pul vəsaiti vəkil xərclərinin əvəzi olaraq 350 (üç yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun 25 manat hissəsi İddiaçı ASC-dən, 25 manat hissəsi isə cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar