Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1165/2023 24.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, görülmüş işlərin qəbul aktı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Qanuni nümayəndə, nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1232326,4 manat məbləğində borcun, pul öhdəliyinin gecikdirilməsi üçün illik 5% olmaqla 52.217,22 manat; vəkil xərcinin əvəzi olaraq 510 manat; ödənilmiş dövlət rüsumlarının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli AVX 008/1021 nömrəli Xidmət Müqaviləsi bаğlаnmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, iddiaçı cavabdehin sifarişi ilə yol-təmir-tikinti asfalt işlərinin görülməsi zamanı torpaq qazılması daşınması işlərinin görülməsini, cavabdeh isə bu işlərinin görülməsi müqabilində ərizəçiyə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı subpodratçı olaraq Əhmədbəyli-Horadiz-Mincivan avtomobil yolunun tikintisi ilə bağlı ümumi dəyəri 1.503.728,29 manat təşkil edən işləri yerinə yetirib cavabdehə təhvil verimiş, cavabdeh isə həmin işləri qəbul etmişdir. Bununla bağlı tərəflər arasında ”yerinə yetirilmiş işlər haqqında” Arayış və ”yerinə yetirilmiş işlərin” Qəbul Aktları (Forma2) imzalanaraq möhürlə təsdiq edilmişdir. O cümlədən, 2022-ci ilin yanvar ayında yerinə yetirilmiş işlərin ümumi dəyəri -71.996,83 AZN; 2022-ci ilin fevral ayında yerinə yetirilmiş işlərin ümumi dəyəri 131.511,41 AZN; 2022-ci ilin mart ayında yerinə yetirilmiş işlərin ümumi dəyəri 264.614,66 AZN; 2022-ci ilin aprel ayında yerinə yetirilmiş işlərin ümumi dəyəri 292.954,91 AZN; 2022-ci ilin may ayında yerinə yetirilmiş işlərin ümumidəyəri 187.150,83 AZN; 2022-ci ilin iyun ayında yerinə yetirilmiş işlərin ümumi dəyəri 182.191,27 AZN; 2022-ci ilin iyul ayında yerinə yetirilmiş işlərin ümumi dəyəri 143.926,11 AZN ümumilikdə 1.274346,02 manat. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lаzımıncа icrа еtməmiş, nəticədə iddiaçı qarşısında bоrcu yaranmışdır. Belə ki, iddiaçı tərəfindən yerinə yetirilmiş və təhvil verilmiş ümumi dəyəri 1.274346,02 manat təşkil edən işlərin müqabilində cavabdeh tərəfindən iddiaçıya cəmi 230001,60 manat ödəniş edilmişdir. Nəticədə cavabdehin iddiaçıya ümumilikdə (1.274346,02 - 230001,60) 1.044344,42 manat məbləğində borcu ödənilməmiş qаlmışdır. Tərəflər аrаsındа münаsibətləri məhkəmədən kənаr qаydаdа həll еtmək məqsədi ilə iddiaçı tərəfindən cavabdehə pretenziya göndərilmiş, lаkin təəsüflər olsun ki, bundаn sоnrа dа müqаvilənin şərtləri cavabdeh tərəfindən yеrinə yеtirilməmiş və öhdəliklər lаzımıncа icrа еdilməmişdir.
3. Eyni zamanda iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı MMC-yə qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə xidmətin icrası qarşılığında ödənilmiş 71587 manat və dəymiş zərərin əvəzi olaraq 180000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə cavabdeh İddiaçı MMC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli AVX №008\102' saylı xidmət müqaviləsinə əsasən Cavabdeh MMC-yə torpaq qazılması-daşılması işlərinin görülməsi xidmətlərini həyata keçirmək öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, müqavilə əsasında üzərinə götürdüyü işlərin 1\3 hissəsini icra etmişdir. Bundan əlavə, xx.xx.2021-ci il tarixində tərəflər arasında 1 illik müqavilə bağlanılmasına baxamayaraq icraçı ilk işinin aktını 2022-ci ilin yanvar ayının sonunda təqdim etmişdir, və bu da özlüyündə 2021-ci ilin oktyabr, noyabr və dekabr aylarında işlərin görülməməsini təsdiq edir. Cavabdeh tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixində AVX №008\1021 saylı xidmət müqaviləsinin 2.3-cü bəndini tam olaraq pozmuşdur.Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1159/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pul” tələbinə dair e-2-2(113)-1159/2023 saylı iş baxılması üçün hazırkı işlə bir icraatda birləşdirilmişdir.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək ilk iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini, qarşılıqlı iddianın əsassız olduğundan rədd edilməsini Məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən işlərin icrası ilə bağlı sifariş daxil olduqdan dərhal sonra işlərin icrasına başlanılmış, görülmüş işlər forma 2 və forma 3 əsasında cavabdehə təhvil verilmiş, lakin dəyəri tam şəkildə ödənilməmişdir. Ödənişlərin edilməməsi səbəbindən işlərin icrası tərəflərindən 2022-ci ilin iyul ayında dayandırılmışdır. Bundan əlavə, görülmüş işlərlə bağlı cavabdehə göndərilmiş bəzi elektron qaimələr cavabdeh tərəfindən təsdiqlənməmişdir. Qarşılıqlı iddia ərizəsi ilə bağlı bildirdi ki, həmin iddia əsassızdır, belə ki, müqavilənin qiymətinə yalnız görülmüş işlərin dəyəri daxildir, müqavilənin tələblərinə əsasən Cavabdeh MMC onları zəruri şərait və materialla təmin etməli idi. Tərəflərindən borcun onlara deyil, kənar şəxslərə ödənilməsi ilə bağlı hər hansı göstəriş verilməmiş, ödəniş birbaşa onlara ödənilməli idi.
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 qarşılıqlı iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini, ilk iddianın əsassız olduğundan rədd edilməsini Məhkəmədən xahiş etdi.
8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Qanuni nümayəndə qarşılıqlı iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini, ilk iddianın əsassız olduğundan rədd edilməsini Məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, Kalyon şirkəti ilə aralarında podrat müqaviləsi imzalanmış, həmin müqavilə üzrə işlərin 1 il müddətində tamamlanması razılaşdırılmışdır. Həmin müqavilə üzrə razılaşdırılmış işlərin icra edilməsi hazırkı müqavilə üzrə İddiaçı MMC-yə həvalə edilmiş, həqiqətən də ilk iddia ərizəsinə əlavə edilmiş forma 2 və forma 3 əsasında işlər tərəflərindən təhvil alınmışdır. Lakin həmin müqaviləyə edilmiş Əlavə 2-yə əsasən işlər vaxtında, yəni 2022-ci ilin oktyabr ayında yekunlaşdırılmamış, işlərin yalnız 35 %-i icra edilmiş, bu səbəbdən görülmüş işlərin dəyəri Əlavə 1-lə deyil, Əlavə 2 ilə hesablanmalıdır. İşlərin vaxtında başlanılmaması və ləng icra edilməsi ilə bağli iradlar həmişə şifahi qaydada edilmişdir. Onların hazırda həmin müqavilə üzrə "xxxx" MMC-yə hər hansı borcu yoxdur. Belə ki, İddiaçı MMC-yə pulun bir qismi nağdsız qaydada ödənilmiş, qalan hissəsi isə həmin MMC-nin şifahi tapşırığı əsasında onların bank hesablarına sərəncam qoyulduğu üçün kənar şəxslərə (həmin layihədə istifadə ediləcək mal-material və istifadə edilmiş texnika ilə bağlı müqavilələr İddiaçı MMC-nin tapşırığı ilə İddiaçı MMC ilə digər şəxslər arasında bağlanmalı olduğu halda, Cavabdeh MMC ilə digər şəxslər arasında bağlanmışdır) ödənilmişdir. Belə ki, həmin şəxslərə pulu onlar deyil, məhz Cavabdeh MMC ödəmişdir. Həmin ödənişlər də nəzərə alındıqda onlar tərəfindən iddiaçıya 71587 manat məbləğində pulun artıq ödənildiyi məlum olur. Bundan əlavə, işlər vaxtında icra edilmədiyi üçün onlara 180000 manat məbləğində zərər dəymişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli AVX 008/1021 nömrəli xidmət müqaviləsinə əsasən sifariş yol-təmir-tikinti asfalt işlərinin görülməsi zamanı torpaq qazılması – daşınması işlərinin görülməsi xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada torpaq qazılması – daşınması işlərini görülməsi xidmətləri göstərməyi öhdəsinə götürür.
11. Müqavilənin 1.2-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən xidmət aktı ilə müəyyənləşdirilir. Bu Müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair hesab-fakturada qeyd edilir.
12. Müqavilənin 2.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətin sifarişi sifarişçi tərəfindən verilir.
13. Müqavilənin 2.2-ci bəndinə əsasən icraçı sifarişçinin sifariş verdiyi torpaq qazılması – daşınması işlərinin görülməsi xidmətlərini həyata keçirir.
14. Müqavilənin 4.1-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi tərəflərin razılaşdırdığı aktlar əsasında müəyyən edilir. Müqavilənin Əlavələrində göstərilən həcmlərlə, aktlarda göstərilən həcmlər arasında fərq yaranarsa, bu zaman aktlarda qeyd olunmuş həcmlər nəzərə alınacaqdır. Xidmətlərin göstərilməsinə dair xidmət haqqı müqavilənin tərkib hissəsi olan Əlavə 1-də qeyd edilir.
15. Müqaviləyə 02 saylı xx.xx.2021-ci il tarixli 02 nömrəli qiymətlərin razılaşdırılması protokolundan görünür ki, bu müqavilə müddəti bitənədək (xx.xx.2021-xx.xx.2022) işlər tam icra olunmadıqda sifariş veriləcək xidmətin adı və xidmət haqqı həmin Əlavəyə əsasən hesablanacaqdır.
16. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2022-ci ilin yanvar ayı üçün yerinə yetirilmiş işlər haqqında arayışdan görünür ki, cavabdeh tərəfindən verilmiş sifarişlərin yekun ƏDV ilə birlikdə məbləği tikintinin əvvəlindən hesabat ayı daxil olmaqla 84956,26 manat, ilin əvvəlindən hesabat ayı daxil olmaqla 84956,26 manat, hesabat ayında tikinti quraşdırma işlərinin məbləği 84956,26 manat təşkil edir.
17. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2022-ci ilin yanvar ayında yerinə yetirilmiş işlərin qəbul aktından görünür ki, işlərin ümumi məbləği ƏDV daxil 84956,26 manat təşkil edir.
18. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2022-ci ilin fevral ayı üçün yerinə yetirilmiş işlər haqqında arayışdan görünür ki, cavabdeh tərəfindən verilmiş sifarişlərin yekun ƏDV ilə birlikdə məbləği tikintinin əvvəlindən hesabat ayı daxil olmaqla 240139,72 manat, ilin əvvəlindən hesabat ayı daxil olmaqla 240139,72 manat, hesabat ayında tikinti quraşdırma işlərinin məbləği 155183,46 manat təşkil edir.
19. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2022-ci ilin fevral ayında yerinə yetirilmiş işlərin qəbul aktından görünür ki, işlərin ümumi məbləği ƏDV daxil 155183,46 manat təşkil edir.
20. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2022-ci ilin mart ayı üçün yerinə yetirilmiş işlər haqqında arayışdan görünür ki, cavabdeh tərəfindən verilmiş sifarişlərin yekun ƏDV ilə birlikdə məbləği tikintinin əvvəlindən hesabat ayı daxil olmaqla 552385,03 manat, ilin əvvəlindən hesabat ayı daxil olmaqla 552385,03 manat, hesabat ayında tikinti quraşdırma işlərinin məbləği 312245,30 manat təşkil edir.
21. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2022-ci ilin mart ayında yerinə yetirilmiş işlərin qəbul aktından görünür ki, işlərin ümumi məbləği ƏDV daxil 312245,30 manat təşkil edir.
22. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2022-ci ilin aprel ayı üçün yerinə yetirilmiş işlər haqqında arayışdan görünür ki, cavabdeh tərəfindən verilmiş sifarişlərin yekun ƏDV ilə birlikdə məbləği tikintinin əvvəlindən hesabat ayı daxil olmaqla 898071,82 manat, ilin əvvəlindən hesabat ayı daxil olmaqla 898071,82 manat, hesabat ayında tikinti quraşdırma işlərinin məbləği 345686,79 manat təşkil edir.
23. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2022-ci ilin aprel ayında yerinə yetirilmiş işlərin qəbul aktından görünür ki, işlərin ümumi məbləği ƏDV daxil 345686,79 manat təşkil edir.
24. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2022-ci ilin may ayı üçün yerinə yetirilmiş işlər haqqında arayışdan görünür ki, cavabdeh tərəfindən verilmiş sifarişlərin yekun ƏDV ilə birlikdə məbləği tikintinin əvvəlindən hesabat ayı daxil olmaqla 1118909,80 manat, ilin əvvəlindən hesabat ayı daxil olmaqla 1118909,80 manat, hesabat ayında tikinti quraşdırma işlərinin məbləği 220837,98 manat təşkil edir.
25. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2022-ci ilin may ayında yerinə yetirilmiş işlərin qəbul aktından görünür ki, işlərin ümumi məbləği ƏDV daxil 220837,98 manat təşkil edir.
26. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2022-ci ilin iyun ayı üçün yerinə yetirilmiş işlər haqqında arayışdan görünür ki, cavabdeh tərəfindən verilmiş sifarişlərin yekun ƏDV ilə birlikdə məbləği tikintinin əvvəlindən hesabat ayı daxil olmaqla 1333895,49 manat, ilin əvvəlindən hesabat ayı daxil olmaqla 1333895,49 manat, hesabat ayında tikinti quraşdırma işlərinin məbləği 214985,70 manat təşkil edir.
27. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2022-ci ilin iyun ayında yerinə yetirilmiş işlərin qəbul aktından görünür ki, işlərin ümumi məbləği ƏDV daxil 214985,69 manat təşkil edir.
28. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2022-ci ilin iyul ayı üçün yerinə yetirilmiş işlər haqqında arayışdan görünür ki, cavabdeh tərəfindən verilmiş sifarişlərin yekun ƏDV ilə birlikdə məbləği tikintinin əvvəlindən hesabat ayı daxil olmaqla 1503728.30 manat, ilin əvvəlindən hesabat ayı daxil olmaqla 1503728,30 manat, hesabat ayında tikinti quraşdırma işlərinin məbləği 169832,81 manat təşkil edir.
29. İddiaçı ilə cavabdeh arasında bağlanmış 2022-ci ilin iyul ayında yerinə yetirilmiş işlərin qəbul aktından görünür ki, işlərin ümumi məbləği ƏDV daxil 169832,81 manat təşkil edir.
30. İddiaçı tərəfindən cavabdehə EBBS 918670 nömrəli xx.xx.2022-ci il tarixli, EBBX 333843 nömrəli xx.xx.2022-ci il tarixli, EBCC 274102 nömrəli xx.xx.2022-ci il tarixli, EBBP 465971 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimələr göndərilmişdir.
31. İddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 230.001,60 manat məbləğində vəsait ödənilmişdir.
32. Məhkəmə ilk növbədə ilk iddia ərizəsinə və qarşılıqlı iddia tələbinin 71587 manat pulun tutulması hissəsinə münasibət bildirməyi zəruri hesab edir.
33. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki: - tərəflər arasında xx.xx.2021-ci il tarixli müqavilə bağlanmış; - həmin müqavilə üzrə 2022-ci ilin yanvar ayından 2022-ci ilin iyul ayına qədər iddiaçı tərəfindən görülmüş işlər cavabdeh tərəfindən təhvil alınmış; - cavabdeh tərəfindən iddiaçıya həmin müqavilə üzrə ümumilikdə 230.001,60 manat məbləğində əsas, 41400,29 manat məbləğində əlavə dəyər vergisi ödənilmişdir.
34. İddiaçı hazırda müqavilə üzrə ödənilməmiş qalıq borcun 1232326,40 manat təşkil etdiyini, cavabdeh isə iddiaçıya hər hansı borcunun olmadığını, əksinə həmin müqavilə üzrə iddiaçıya 71587 manat məbləğində artıq vəsait ödənildiyini iddia edir.
35. Cavabdeh etirazının əsası kimi, işlərin vaxtında icra edilmədiyini, bu səbəbdən görülmüş işlərin dəyərinin Əlavə 1 ilə deyil, Əlavə 2 ilə hesablanmalı olduğunu bildirir.
36. Məhkəmə cavabdehin həmin dəlili ilə razılaşmır, belə ki, materiallardan görünür ki, işlər sonuncu dəfə cavabdeh tərəfindən 2022-ci ilin iyul ayında təhvil alınmış, iddiaçı həmin tarixdə işlərin ödənişlərin edilməməsi səbəbindən tərəflərindən dayandırıldığını bildirmişdir.
37. Belə ki, materiallardan görünür ki, 2022-ci ilin iyul da daxil olmaqla iddiaçı tərəfindən görülmüş işlərin ümumi dəyəri təqdim edilmiş təhvil-təslim aktlarına əsasən 1.274.346,02 manat (ƏDV daxil olmamaqla) təşkil etmiş, cavabdeh tərəfindən isə həmin dövr üzrə cəmi 230.001,60 manat məbləğində vəsait ödənilmiş, sonuncu ödəniş – 50000 manat isə ümumiyyətlə işlər dayandırıldıqdan sonra 2022-ci ilin avqust ayında edilmişdir.
38. Cavabdeh tərəfindən Məhkəməyə təqdim edilmiş müqaviləyə 02 saylı xx.xx.2021-ci il tarixli 02 saylı qiymətlərin razılaşdırılması protokoluna əsasən, həmin müqavilə müddəti bitənədək (xx.xx.2021-xx.xx.2022) işlər tam icra olunmadıqda sifariş veriləcək xidmətin adı və xidmət haqqı həmin Əlavəyə əsasən hesablanacaqdır.
39. Bu səbəbdən məhkəmə cavabdehin görülmüş işlərin dəyərinin həmin 02 saylı qiymətlərin razılaşdırılması protokoluna əsasən hesablanmalı olması barədə dəlilini əsassız hesab edir.
40. Bundan əlavə, cavabdeh borcların bir qisminin iddiaçıya deyil, iddiaçıya məxsus bank hesablarının üzərinə sərəncam qoyulması səbəbindən iddiaçının göstərişi əsasında digər şəxslərə ödənildiyini, həmin digər şəxslərin tərəflər arasında olan podrat müqaviləsi üzrə iddiaçı tərəfindən istifadə edilmiş texnika və material alışı ilə əlaqədar müqavilə bağladığı şəxslər olduğunu, həmin ödənişlərin də nəzərə alınmalı olduğunu bildirir.
41. Məhkəmə cavabdehin həmin dəlilini də əsassız hesab edir.
42. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
43. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.
44. Həmin Məcəllənin 433.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır.
45. Məhkəmə cavabdeh tərəfindən bununla əlaqədar təqdim edilmiş elektron qaimələr və ödəniş sənədləri ilə bağlı bildirir ki, təqdim edilmiş elektron qaimələrdən görünür ki, həmin qaimələr iddiaçıya deyil, cavabdehin bilavasitə özünə təqdim edilmiş, həmin qaimələr üzrə borclu qismində İddiaçı MMC deyil, Cavabdeh MMC göstərilmiş, ödənişlərin təyinatı qismində hazırkı müqaviləyə deyil, digər müqavilələrə (həmin müqavilələrin tərəfi qismində cavabdehin özünün bildirdiyinə görə cavabdeh və ödənişi alan şəxslər çıxış edir) istinad edilmişdir.
46. Bu səbəbdən məhkəmə həmin ödənişlərin nəzərə alınmalı olması və bu səbəbdən artıq ödənilmiş 71587 manat məbləğində pulun geri qaytarılmalı olması barədə qarşılıqlı iddia tələbini əsassız hesab edir.
47. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia əsas borcun tutulması hissəsində əsaslıdır və həmin hissədə təmin edilməli, qarşılıqlı iddia 71587 manat pulun tutulması hissəsində isə təmin edilməməlidir.
48. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
49. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
50. Materiallardan görünür ki, ilk iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 52217,22 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
51. İddiaçı iddia tələbində cavabdehdən hər il üçün gecikdirilmiş illik beş faiz hesablanmaqla 52217,22 manat faiz borcunun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi faiz borcunun məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən 52217,22 manat faiz borcu tutması mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, hazırda tələb olunan bu məbləğin əsaslı olubolmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmadığından və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən bu hissədə iddia tələbi təmin olunmamalıdır.
52. Məhkəmə qarşılıqlı iddia ərizəsini vurulmuş 180000 manat ziyanın ödənilməsi hissəsində də əsassız hesab edir.
53. Belə ki, qarşılıqlı iddiaçı qarşılıqlı iddia ərizəsində vurulmuş zərərin nədən ibarət olmasını ümumiyyətlə göstərməmiş, məhkəmə iclasında cavabdehin nümayəndəsi Qanuni nümayəndə öz izahatında işlərin vaxtında yekunlaşdırılmaması ilə bağlı onlara zərər dəydiyini bildirmişdir.
54. Məhkəmə qarşılıqlı iddia ərizəsinin həmin tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
55. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
56. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
57. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
58. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
59. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
60. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).
61. MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
62. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
63. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
64. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
65. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
66. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.
67. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
68. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
69. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).
70. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq iddiaçının vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün iddiaçının cavabdehə birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.
71. Hazırkı halda qarşılıqlı iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, MM-in 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi həmin hissədə də əsassızdır və təmin edilməməlidir.
72. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair ilk iddiası qismən təmin edilməli, Cavabdeh MMC-dən 1232326,4 manat (ƏDV daxil) məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməli, ilk iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia təmin edilməməlidir.
73. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
74. Məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edildiyindən ilk iddia ərizəsi verilərkən ödənilmiş 1406,16 manat dövlət rüsumu cavabdehə, ödənilmiş 133 manat dövlət rüsumu isə iddiaçıya aid edilməli, ilk iddia ərizəsi verilərkən artıq ödənilmiş 333,84 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən ilk iddiaçının özünə qaytarılmalı, qarşılıqlı iddia ərzəsi verilərkən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia təmin edilmədiyindən qarşılıqlı iddiaçının özünə aid edilməlidir.
75. Bundan əlavə, ilk iddia ərizəsində 510 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir.
76. Belə ki, ilk iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən ilk iddiaçı tərəfindən “LCG” Vəkil Bürosonun hesabına hüquqi xidmət haqqına görə 510 manat pul ödənilmişdir.
77. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
V. Nəticə:
96. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair ilk iddiası qismən təmin edilsin. Cavabdeh MMC-dən 1232326,4 (bir milyon iki yüz otuz iki min üç yüz iyirmi altı manat qırx qəpik) manat (ƏDV daxil) məbləğində pul, ödənilmiş 1406,16 (bir min dörd yüz altı manat on altı qəpik) manat dövlət rüsumu və 510 (beş yüz on) manat hüquqi yardıma görə xərc tutularaq İddiaçı MMC-yə ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 133 (bir yüz otuz üç) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. İlk iddia ərizəsi verilərkən artıq ödənilmiş 333,84 (üç yüz otuz üç manat səksən dörd qəpik) manat dövlət rüsumu İddiaçı MMC-yə qaytarılsın. İddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçı Cavabdeh MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova