Məhkəmə qərarları › İş №e-2-2(113)-1167/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1167/2020

02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1167/2020 02.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X2 Bağman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdehdən yerinə yetirilmiş işlərin (xidmətlərin) dəyəri olaraq 18912,1 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən yerinə yetirilmiş işlərin (xidmətlərin) dəyəri olaraq 18912,1 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2015-ci il tarixindən hüquqi şəxs kimi Azərbaycan Respublikasının müvafiq dövlət orqanında qeydə alınaraq, əsasən, sifarişlərə uyğun olaraq müxtəlif markalı məişət elektrik avadanlıqlarının təmiri, quraşdırılması (və ya servisi) xidmətlərini həyata keçirir. xx xxx 2018-cü ildə iddiaçı ilə cavabdeh arasında «Xidmətlər göstərilməsi haqqında» 115 saylı müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə cavabdeh sifarişçi, iddiaçı isə icraçıdır. Müqavilənin 1.1-ci bəndində nəzərdə tutulur ki, icraçı, sifarişçinin təqdim etdiyi layihə və obyektlərdə müxtəlif markalı məişət elektrik avadanlıqlarının təmiri, quraşdırılması (və ya xidmətini) işlərini təşkil edir. İcraçı 1.1-ci bənddə göstərilmiş işləri/xidmətləri sifarişçiyə bu müqavilənin şərtlərinə uyğun olaraq təhvil verməyi öz öhdəsinə götürür (1.2). Sifarişçi, müqavilənin şərtlərinə əsasən müqavilədə və onun tərkib hissəsi olan Əlavələrdə nəzərdə tutulmuş işlərin İcraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür (1.3.). Xidmət, işlərin yerinə yetirilməsi haqqında «İcraçı» tərəfindən təhvil-təslim aktının imzalanmasından sonra başa çatmış hesab olunur (1.4.). Müqavilənin 2.2.1-ci bəndində nəzərdə tutulmuşdur ki, Sifarişçi – İcraçının yerinə yetirdiyi xidmətin qiymətini bu müqavilədə müəyyən edilmiş qaydada vaxtda və məbləğdə ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuşdur ki, Yerinə yetirilmiş təmirə görə (və ya xidmətə) ödəniş Sifarişçi ilə razılaşdırılmış bu Müqavilədə nəzərdə tutulmuş təqdim olunmuş Hesab-fakturaya və tərəflər arasında imzalanmış işlərin yerinə yetirilməsi barədə İcra Aktına uyğun olaraq İcraçıya ödənilir. Müqavilənin 6.1-ci bəndində nəzərdə tutulur ki, Müqavilə Tərəflərin müqavilə öhdəlikləri bitənə qədər qüvvədədir. Aralarında olan müqaviləyə uyğun olaraq sifarişçi tərəfindən bir neçə dəfə işlərin (xidmətlərin) yerinə yetirilməsi sifariş olunmuş, icraçı olaraq iddiaçıya verilmiş sifarişlər vaxtında, müqavilənin şərtlərinə uyğun olaraq layiqincə yerinə yetirilmiş və görülmüş işlər (yerinə yetirilmiş xidmətlər) hər dəfə razılaşdırılmış qaydada, «Yerinə yetirilmiş işlərin qəbul aktı» ilə sifarişçiyə təhvil verilmiş, bir sıra aktlar üzrə cavabdeh tərəfindən ödənişlər aparılmışdır. Lakin, 2018-ci ilin iyun ayında 2 nömrəli Forma üzrə «Yerinə yetirilmiş işlərin qəbul aktı» ilə təhvil verilmiş işlərin (və xidmətlərin) dəyəri olan 1673.24 (ƏDV daxil) manat, 2018-ci ilin oktyabr ayında 2 nömrəli Forma üzrə «Yerinə yetirilmiş işlərin qəbul Aktı» ilə təhvil verilmiş işlərin (və xidmətlərin) dəyəri olan 10.700,25 (ƏDV daxil) manat və 6538,61 (ƏDV daxil) manat pul məbləği cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Hər bir Akt üzrə təhvil verilmiş işlər cavabdehin səlahiyyətli şəxslərinin imza və möhürü ilə təhvil alınmasına baxmayaraq, həmin vaxt maliyyə çatışmazlığı səbəb göstərilərək dərhal ödənilməsi ləngidilmişdir. Sonradan isə dəfələrlə müraciətlərə baxmayaraq, cavabdeh tərəfindən təhvil verilmiş işlərin (xidmətlərin) dəyəri ödənilməmişdir. Dəfələrlə müraciətlərə cavab olaraq ən qısa zamanda pulun ödənilməsi vəd olunsa da, 1673.24+10.700,25+6538,61=18912,1 manat borc məbləği hazırki vaxtadək cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş qalmışdır. Cavabdeh tərəfindən müqavilə öhdəliyinin yerinə yetirilməməsi, göstərilən aktlarla təhvil alınmış işlərin (xidmətlərin) dəyərinin ödənilməməsi iddiaçının maliyyə vəziyyətinin pisləşməsinə səbəb olur, üçüncü şəxslər qarşısında öhləliklərinin icra edilməsinə maneçilik törədir. Cavabdeh ilə iddiaçı arasındakı müqavilə üzrə sifariş verilmiş işlərin iddiaçı tərəfindən icrası, yəni, razılaşdırılmış işlərin görülməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyində nəzərdə tutulmuş podrat münasibətlərinə aiddir. Beləliklə, görülmüş işlərin dəyərini ödəmək vəzifəsi cavabdehin müqavilə öhdəliyindən irəli gələn tələbdir. İddiaçı tərəfindən cavabdehə borc məbləğinin ödənilməsinə dair sonuncu dəfə xx.xx.2020ci il tarixdə Təklif (Pretenziya) göndərilərək borcun bu təklifi aldıqdan 5 gün müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Təklif (Pretenziya) xx.xx.2020-ci il tarixdə cavabdehə çatdırılmış, lakin 5 gündən də artıq müddətin keçməsinə baxmayaraq, hazırki vaxtadək borc məbləği cavabdeh tərəfindən ödənilməmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxx 2018-cü il tarixli 115 saylı «Xidmətlər göstərilməsi haqqında» müqavilədən görünür ki, iddiaçı cavabdehin təqdim etdiyi layihə və obyektlərdə müxtəlif markalı məişət elektrik avadanlıqlarının təmiri, quraşdırılması (və ya xidmətini) işlərini cavabdehə bu müqavilənin şərtlərinə uyğun olaraq təhvil verməyi, cavabdeh isə müqavilənin şərtlərinə əsasən müqavilədə və onun tərkib hissəsi olan Əlavələrdə nəzərdə tutulmuş işləri iddiaçıdan qəbul etməyi və dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İyun 2018-ci il tarixli və oktyabr 2018-ci il tarixli “Yerinə yetirilmiş işlərin qəbul” Aktlarının surətlərindən görünür ki, iddiaçı tərəfindən 2018-ci ilin iyun ayında 1673,24 manat, 2018-ci ilin oktyabr ayında 6538,61 manat və 10700,25 manat dəyərində görülmüş işlər cavabdeh tərəfindən təhvil alınmışdır. xx xxx 2020-ci il tarixli EBAK seriyalı 050070 saylı, EBAK seriyalı 043441 saylı və EBAK seriyalı 042803 saylı elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyəri müvafiq olaraq 10700,26 manat, 6538,62 manat, 1673,24 manat təşkil etmişdir. xx xxxxxx 2020-ci il tarixli Maliyyət arayışından görünür ki, iddiaçı tərəfindən görülmüş işlərə görə cavabdehin iddiaçıya ümumilikdə 18912,10 manat borcu qalmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxx 2018-cü il tarixli 115 saylı «Xidmətlər göstərilməsi haqqında» müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehin təqdim etdiyi layihə və obyektlərdə müxtəlif markalı məişət elektrik avadanlıqlarının təmiri, quraşdırılması (və ya xidmətini) işlərini cavabdehə bu müqavilənin şərtlərinə uyğun olaraq təhvil verməyi, cavabdeh isə müqavilənin şərtlərinə əsasən müqavilədə və onun tərkib hissəsi olan Əlavələrdə nəzərdə tutulmuş işləri iddiaçıdan qəbul etməyi və dəyərini ödəməyi öhdələrinə götürmüşlər. iddiaçı tərəfindən 2018-ci ilin iyun ayında 1673,24 manat, 2018-ci ilin oktyabr ayında 6538,61 manat və 10700,25 manat dəyərində işlər görülmüş və həmin işlər cavabdeh tərəfindən təhvil alınaraq “Yerinə yetirilmiş işlərin qəbul” Aktları tərtib edilmişdir. İddiaçı tərəfindən görülmüş işlərə görə cavabdehin iddiaçıya ümumilikdə 18912,10 manat borcu qalmışdır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilədə nəzərdə tutulmuş işi icra etmiş, iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəliyi yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx xxx 2018-cü il tarixli 115 saylı «Xidmətlər göstərilməsi haqqında» müqaviləyə və “Yerinə yetirilmiş işlərin qəbul” Aktlarına əsasən iddiaçı tərəfindən 2018-ci ilin iyun və 2018-ci ilin oktyabr aylarında görülmüş işlərin dəyəri ümumilikdə 18912,10 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və iddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən yerinə yetirilmiş işlərin (xidmətlərin) dəyəri olaraq 18912,1 (on səkkiz min doqquz yüz on iki manat on qəpik) manat pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar