Məhkəmə qərarları › İş №e-2-2(113)-1188/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1188/2022

03.02.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1188/2022 03.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, Bakı Kommersiya Məhkəməsinin 07 may 2020-ci il tarixli, e-2-2(113)-1415/2020 nömrəli qərardadından kreditor X2 tərəfindən verilmiş şikayəti iş materialları ilə birlikdə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Kreditor borcluya qarşı baxılmamış saxlama barədə qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün təyin edilməsi barədə əmr verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 07.05.2020-ci il tarixli, e-2-2(113)-1415/2020 nömrəli qərardadı ilə kreditor X1 borclu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı baxılmamış saxlama barədə qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün təyin edilməsi barədə məhkəmə əmrinin verilməsinə dair ərizənin qəbulundan imtina edilmişdir. Hazırda Bakı Kommersiya Məhkəməsinin 07.05.2020-ci il tarixli, e-2-2(113)- 1415/2020 nömrəli qərardadından X2 tərəfindən verilmiş şikayət məhkəməyə daxil olmuşdur. Məhkəmə X2 tərəfindən verilmiş şikayəti iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Həmin Məcəllənin 279.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu Məcəllənin 153-cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda imtina edir. Həmin Məcəllənin 279.2-ci maddəsinə əsasən bundan başqa, verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa, bu hallar da imtina üçün əsasdır. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Göründüyü kimi qanunvericilik məhkəmə əmri haqqında ərizənin qəbul edilməsindən imtina barədə qərardaddan şikayət verilməsini nəzərdə tutmur. Lakin ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində apellyasiya şikayətində hansı məlumatların hansı ardıcıllıqla göstərilməli olması müəyyən edilmişdir. Belə ki, Əlavə ilə tələb olunmuşdur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli; şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli; məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməli; məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli; apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Lakin hazırki şikayətdən görünür ki, prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişlərinə əməl edilməyib, şikayət “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavə ilə tələb olunan forma və məzmuna uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267-268, 357, 360, 363, 279-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Kommersiya Məhkəməsinin 07 may 2020-ci il tarixli, e-2-2(113)-1415/2020 nömrəli qərardadından X2 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar