Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1211/2021 03.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı qanuni təmsilçisi X2, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehin hesabından görülmüş işlərin dəyəri olan 194931 manat pulun və iddiaçıya dəymiş zərərə görə 20000 manat, cəmi 214931 manat pulun iddiaçının hesabına köçürülməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehin hesabından görülmüş işlərin dəyəri olan 194931 manat pulun və iddiaçıya dəymiş zərərə görə 20000 manat, cəmi 214931 manat pulun iddiaçının hesabına köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış podrat müqaviləsinə əsasən iddiaçı tərəfindən 2010-12-ci illərdə Xəzər rayonu, Zirə qəsəbəsi, Şirvani küçəsinin sol tərəfində kanalüstü yaşayış sahəsində qaz təchizatının yaxşılaşdırılması 3-229-10 nömrəli sifariş üzrə 162406.62 manatlıq, Qala qəsəbəsində 4a597-10 nömrəli sifariş üzrə 26762.17 manatlıq və Zirə qəsəbəsi, Şirvani küçəsi 28 May QRS istiqamətinin sağ tərəfində yerləşən ərazidə qaz təchizatının yaxşılaşdırılması 3-231- 10 nömrəli sifariş üzrə 5762.41 manatlıq, cəmi 194931.2 manatlıq (ƏDV-siz) iş görülərək forma-1 aktları ilə cavabdehə təhvil verilmiş və Dövlət Komissiyasının aktı ilə istismara qəbul edilmişdir. Cavabdeh tərəfindən 2012-ci ilin iyun ayında "Alyans" Birliyi yaradılaraq "xxxx" MMC baş podratçı operator təyin edilmişdir. Cavabdeh tərəfindən bildirilmişdir ki, Azərbaycan Dövlət Neft Şirkətinin tapşırığına əsasən "Alyans" yaradıldığına görə "Alyans"ın üzvü olan şirkətlər vasitəsilə ödənilməlidir. Ona görə də iddiaçı tərəfindən görülmüş işlərin dəyəri 194931 manat, "Alyans"ın üzvü olan xxxx tərəfindən iddiaçının hesabına köçürülmüşdür. Lakin xxxx MMC tərəfindən onların hesabına köçürülmüş 194931 manat vəsait götürülmədiyindən iddiaçı tərəfindən məhkəmədə pul tələbinə dair iddia qaldırılmışdır. Həmin iddiaya Bakı İnzibati-İqtisadi Məhkəməsi və eləcə də Bakı Apellyasiya Məhkəməsi tərəfindən iddiaçının xeyrinə qətnamə qəbul edilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası qeyd edilən qazlaşdırılma işlərinin xxxx MMC tərəfindən yerinə yetirilməsi qənaətinə gələrək iddiaçının iddiası rədd edilmişdir. İddiaçı tərəfindən bu məsələ ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə müraciət edilmiş və bu müraciətlə bağlı cavabdeh tərəfindən 19.09.2019-cu il tarixdə şikayət məktubunun araşdırılması barədə rəsmi cavab verilmişdir. Həmin rəsmi cavabda qeyd edilmişdir ki, Xəzər rayonu, Zirə qəsəbəsi, Şirvani küçəsinin sol tərəfində kanalüstü yaşayış sahəsinin qaz təchizatının yaxşılaşdırılması (Sifariş N23-229-10) və Xəzər rayonu, Zirə qəsəbəsi, Şirvani küçəsi 28 May QPS istiqamətində sağ tərəfdə yerləşən ərazinin qaz təchizatının yaxşılaşdırılması (Sifariş N23-231-10) obyektlərində 2010-2012-ci illərdə iddiaçı və xxxx MMC tərəfindən tikinti-quraşdırılma aparılmışdır. Hər 2 podratçı təşkilat tərəfindən yerinə yetirilmiş iş həcmlərinə uyğun forma F3 və F2 aktları qəbul olunmuş və cavabdeh tərəfindən təsdiq olunmuşdur. Obyektin istismara qəbul edilməsi üçün podratçı təşkilat iddiaçı və xxxx MMC tərəfindən ayrı-ayrılıqda tərtib və təsdiq olunmuş, "Texniki İcra Sənədləri"ndə yerinə yetirilmiş işlər (istifadə olunmuş mal və materiallar) öz əksini tapmışdır. Hər 2 obyektdə adları qeyd olunan podratçılar tərəfindən 2015-ci ilin oktyabr ayında istismara qəbul aktı hazırlanmış və qəbul komissiyasına təqdim olunmuşdur. Təqdim olunmuş istismara qəbul aktını iddiaçının və "xxxx" MMC-nin direktorları R.Həsənov və S.Aİmaslı imzalamış və imzaları idarələrin möhürləri ilə təsdiq edilmişdir. Adları qeyd olunan Xəzər rayonu, Zirə qəsəbəsi, Şirvani küçəsininin sol tərəfində kanalüstü yaşayış sahəsinin qaz təchizatının yaxşılaşdırılması (sifariş N23-229- 10) və Xəzər rayonu, Zirə qəsəbəsi, Şirvani küçəsi 28 May QPS istiqamətində sağ tərəfdə yerləşən ərazinin qaz təchizatının yaxşılaşdırılması (sifariş N23-231-10) obyektlər 28 oktyabr 2015-ci il tarixli SOCAR/15-2900/02-06-000662 nömrəli əmri ilə istismara qəbul edilmişdir. İddiaçı tərəfindən cavabdehə müraciət edilərək Xəzər rayonunda aparılmış qazlaşdırma işlərinin ödənilməməsini hansı səbəbdən ödənilməməsinin araşdırılması və 194931 manatın iddiaçının hesabına köçürülməsi xahiş edilmişdir. Lakin cavabdeh tərəfindən müraciətdə qeyd olunan görülmüş qazlaşdırma işlərinin dəyərinin ödənilməməsinin səbəbləri araşdırılmamış və müraciətə bundan əvvəl cavab verilməsini qeyd etməklə kifayətlənmişdir. Cavabdeh ilə iddiaçı arasında bağlanmış podrat müqaviləsinin şərtləri iddiaçı tərəfindən tam yerinə yetirilmiş və cavabdehə təhvil verilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 769-cu maddəsinin tələbləri kobud surətdə pozularaq görülmüş işlərin dəyəri olan 194931 manat vəsaitinin ödənilməsi təmin edilməmiş, müxtəlif bəhanələrlə pulun ödənilməsindən imtina edilmişdir. İddiaçıya çatası pulun uzun müddət ödənilməməsi nəticəsində iddiaçı böyük sıxıntılar keçirmiş və uzun müddətdir ki, fəaliyyətini dayandırmışdır. İddiaçının qanuni təmsilçisi X4 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, cavabdehin 2010-2012-ci illər üzrə qaz təchizatın yaxılaşdırması üzrə N 3-229-10, N 4a597-10, N 3-231-10 nömrəli sifarişlər üzrə iddiaçı və “xxxx” MMC tərəfindən tikinti quraşdırma işləri aparılmış 20 oktyabr 2015-ci il tarixli SOCAR /15-2900/02-06-000662 nömrəli əmri ilə istismara qəbul edilmişdir. Bununla belə iddiaçı mövcud qanunvericiliyə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il olduğundan iddia müddətini ötürmüşdür. Bundan başqa, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, nəticəsində zərər vurulmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının cavabdehə qarşı pula dair iddia tələbinin heç bir sübuta söykənmir. Sonda cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı 09.11.2001-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2018-ci il tarixli 2-2(102)- 187/18 saylı qərarının surətindən görünür ki, İddiaçı cavabdehlər «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə və «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ümumilikdə 462043,65 manat məbləğin tutulması barədə iddia tələbi rədd edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının qanuni təmsilçisinin və cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin Məcəllənin 372.1-ci və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1, 373.2-ci və 373.3-cü maddələrinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın həmin maddəsinin İİİ hissəsinin müddəalarına əsaslanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq, işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir”. Bundan başqa, həmin Qərarda iddia müddəti anlayışının tətbiqi ilə bağlı qeyd edilir ki, “iddia müddətinin əhəmiyyəti bunlardır: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli və Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarlarında göstərmişdir, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdehin 2010-2012-ci illər üzrə qaz təchizatın yaxılaşdırması üzrə N 3-229-10, N 4a597-10, N 3-231-10 nömrəli sifarişlər üzrə iddiaçı və “xxxx” MMC tərəfindən tikinti quraşdırma işləri aparılmış 20 oktyabr 2015-ci il tarixli SOCAR /15-2900/02-06-000662 nömrəli əmri ilə istismara qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı, iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Bundan başqa, iddiaçı ilə cavabdeh arasında mübahisə müqavilə tələblərinin yerinə yetirilməsi ilə bağlı olmasını nəzərə aldıqda, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Hazırki iş üzrə iddia müddətinin keçib-keçməməsini müəyyən etmək üçün ilk növbədə iddia müddətinin axımının başlanma anı araşdırılmalıdır. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi tərəflər arasında müqavilə münasibətləri 2010-2012-ci illərdə olmuşdur ki, iddia müddətinin axımı həmin tarixlərdən başlanmışdır. İddiaçı isə hazırki iddia tələbi ilə məhkəməyə 03.02.2021ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilədən irəli gələn tələblər üzrə iddia müddətinin üç il olmasını nəzərə aldıqda, tərəflər arasında bağlanmış 2010-2012-ci illəri əhatə edən podrat müqavilələri üzrə iddia müddətləri keçmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.1.maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Mülki Məcəllənin 375.2 maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiq olunması barədə ərizə məhkəmə tərəfindən qəbul olunmalı və iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia rədd edilməli, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı cavabdehin hesabından görülmüş işlərin dəyəri olan 194931 manat pulun və iddiaçıya dəymiş zərərə görə 20000 manat, cəmi 214931 manat pulun iddiaçının hesabına köçürülməsi barədə iddiası rədd edilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçınə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1211/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1211/2021
03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver