Məhkəmə qərarları › İş №e-2-2(113)-1220/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1220/2020

02.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1220/2020 02.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı LTD-nin Azərbaycan Respublikasındakı filialının Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı LTD-nin Azərbaycan Respublikasındakı filialı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2017-ci il tarixli RTAZB0201 saylı müqavilə üzrə 59.558,19 ABŞ dolları məbləğində borcun, özgə vəsaitindən istifadə üçün 8.552,99 ABŞ dolları faizlərin, cəmi 68.111,18 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehdən tutulub İddiaçı LTD-nin Azərbaycan Respublikasındakı filialının hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,İddiaçı LTD-nin Azərbaycan Respublikasındakı filialı ilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialıarasında “Quad neytron xidmətlərinin təmin edilməsi haqqında” xx xxxxxx 2017-ci il tarixli RTAZB0201 saylı müqavilə bağlanmışdır. Müqavilə əsasında Muradxanlı, Cəfərli və Zərdab yataqlarında Quad Neytron karotaj işləri lazımi qaydada İddiaçı tərəfindən icra edilmiş, işlərin dəyəri 66158,19 ABŞ dolları təşkil etmiş, bu barədə 0xx-xx/2017-AOOC saylı hesab xx.xx.2018-ci il tarixində cavabdehə təqdim edilsə də, xidmət haqqı ödənilməmişdir. Borcun ödənilməsi üçün uzun müddət tərəflər arasında yazışmalar aparılmış, lakin borc məbləğindən yalnız 6600 ABŞ dolları xx.xx.2019-cu il tarixində köçürmənin təyinatında 0xx-xx/2017-AOOC saylı hesaba istinadla bank hesabına ödənilmiş, qalıq məbləğ bu günə qədər ödənilməmiş, bunun nəticəsində cavabdehin cəmi 59558,19 ABŞ dolları ödənilməmiş borcu qalmışdır. Bundan sonra da borcun ödənilməsi üçün uzun müddət tərəflər arasında yazışmalar aparılaraq qarşı tərəfdən ödəniş ediləcəyinə dair söz verilsə də, müsbət nəticə əldə edilməmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixli məktubla xx.xx.2020-ci il tarixində cavabdehə müraciət edilmiş və xx xxxxxx 2017-ci il tarixli RTAZB0201 saylı müqavilənin 10.2-ci bəndinə əsaslanaraq tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Əlavə olaraq xx.xx.2020-ci il tarixində borcun ödənilməsi yazılı şəkildə tələb edilsə də, müsbət nəticə əldə edilməmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı bank hesablarına həbs qoyulması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddianın təmini tədbiri olaraq Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının “xxxx” ASC-də olan hesabının üzərinə iddia tələbi həcmində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının “xxxx” ASC-də olan SKB AZ05RBTA******************** saylı hesabında olan pul vəsaitinin üzərinə 68.111,18 (altmış səkkiz min yüz on bir ABŞ dolları 18 sent) ABŞ dolları həcmində həbs qoyulmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək filialın direktorunun ölkə xaricində olması və “Covid- 19” pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına gələ bilməməsi, yalnız direktorun məhkəmədə iştirak etmək üçün etibarnamə vermək səlahiyyətinə malik olmasını əsas göstərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdehin xx.xx.2020-ci ildə də eyni əsaslarla məhkəməyə ərizə verərək məhkəmə iclasının 1 ay müddətinə təxirə salınmasını xahiş etdiyini, məhkəmə tərəfindən etibarnamə verilməsi ilə bağlı çətinliyin aradan qaldırılması məqsədilə cavabdehə 1 ay müddət verildiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, cavabdehin ikinci ərizəsində göstərilmiş hallar məhkəmə iclasının yenidən təxirə salınması üçün əsas vermir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı LTD-nin Azərbaycan Respublikasındakı filialı (podratçı) ilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı (Şirkət) arasında xx xxxxxx 2019-ci il tarixdə RTAZB0201 saylı “Quad Neytron Xidmətlərinin Təmin Edilməsi haqqında” Müqavilə bağlanmışdır. Həmin müqavilənin: 3.1-ci bəndinə görə hazırki müqavilə xx xxxxxx 2017-ci il tarixdə qüvvəyə minəcək və xx xxxxxx 2017-ci il tarixə qədər etibarlı olacaqdır. 7.1.1-ci bəndinə əsasən şirkət vaxtında işləri qəbul edəcək və işlərin razılaşdırılmış zaman ərzində və lazımi şəkildə icra edilməsi şərti ilə hazırki müqavilədə nəzərdə tutulmuş qaydada ödənişlərə təzminat verəcəkdir. 7.1.4-cü bəndinə görə şirkət podratçının işinə maneə törətməyəcək və işlərin normal şəkildə icra edilməsi üçün lazımi şərait yaradacaqdır. 7.1.6-cı bəndinə əsasən icra edilməli olan iş sifarişi 72 saat öncədən e-mail və ya kuryer vasitəsi ilə şirkət tərəfindən imza və təsdiq edilməklə yazılı şəkildə podratçıya təqdim ediləcəkdir. 7.3.1-ci bəndinə görə şirkət tərəfindən nəzərdə tutulduğu və tələb edildiyi kimi Podratçı işləri yalnız Şirkətin adından və onun mənfəəti çərçivəsində həyata keçirəcəkdir. Podratçı diqqətli operator kimi işləri vaxtında, lazımınca, diqqətlə, ləyaqətlə, təhlükəsiz, səmərəli qaydada bacarıqla icra edəcəkdir. Podratçı şirkətə təqdim ediləcək məlumatların keyfiyyətini təmin edəcəkdir. 7.3.2-ci bəndinə əsasən podratçı iş üçün təmin etməlidir: Podratçının şəxsi heyətini, materialları, Cədvəl “A”-da qeyd edilən avadanlıq və təchizatları. 7.3.3-cü bəndinə görə podratçı işin tamamlanmasından sonra 24 saat ərzində ilkin hesabatı təqdim edəcəkdir. İşin tamamlanmasından sonra 72 saat ərzində Podratçı yekun hesabatı Şirkətə təqdim edəcəkdir. 7.3.9-cu bəndinə əsasən hazırkı Müqaviləyə müvafiq olaraq Podratçı öz öhdəliklərini vaxtında və lazımi şəkildə icra edəcəkdir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı LTD-nin Azərbaycan Respublikasındakı filialı (podratçı) ilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı (Şirkət) arasında bağlanmış xx xxxxxx 2019-ci il tarixli, RTAZB0201 saylı “Quad Neytron Xidmətlərinin Təmin Edilməsi haqqında” Müqaviləyə xx xxxxxxx 2017-ci il tarixli, 1 nömrəli əlavə razılaşmaya əsasən podratçı, RTAZB0201 nömrəli müqavilə çərçivəsində 1-ci uğurlu sınaq işini həyata keçirdiyini və müqavilənin 8.1-ci maddəsini nəzərə alaraq "Tərəflər" gələcəkdə şirkət tərəfindən tələb oluna biləcək işin qiymətini razılaşdırdı. "Tərəflər" aşağıdakı göstərilmiş qiymətlərin Müqavilə qüvvədə olduğu müddətdə dəyişilməz qalacağı barədə razılaşır, lakin xidmətin qiyməti bazarda dəyişildiyi halda, "Tərəflər" qiymətləri yenidən tənzimləyib, yeni əlavə ilə düzəliş edəcəklər. Göstərilən qiymətlərə hər hansı bir vergi və 3-cü tərəfin xidmətləri daxil deyil. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı LTD-nin Azərbaycan Respublikasındakı filialı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına xx xxxxxx 2017-ci il tarixli, 0xx-xx/2017-AOOC saylı invoys təqdim edərək QUAD Neutron log-C-21 (25-Sep-2017), 170925-AS1 saylı xidmətə görə 1.330,00 ABŞ dolları, QUAD Neutron log-C-26 (13-Oct-2017),171013- AS1saylı xidmətə görə 33.664,60 ABŞ dolları, QUAD Neutron log Z-28 (18-Oct-2017), 171018-AS1 saylı xidmətə görə 31.163,59 ABŞ dolları, cəmi 66.158,19 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsini tələb etmişdir. “xxxx” ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı xx xxxxxx 2017-ci il tarixli, HF N 001 11 saylı invoys əsasında İddiaçı LTD-nin Azərbaycan Respublikasındakı filialına 11.220 manat (6.600 ABŞ dolları) məbləğində ödəniş etmişdir. İddiaçı LTD-nin Azərbaycan Respublikasındakı filialı pretenziya qaydasında məktubla Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına müraciət edərək, 59.558,19 ABŞ dolları məbləğində borcun xx xxxx 2020-ci il tarixə saat 18:00-dək ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı LTD-nin Azərbaycan Respublikasındakı filialı ilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında xx.xx.2017-ci il tarixli, RTAZB0201 saylı “Quad Neytron Xidmətlərinin Təmin Edilməsi haqqında” Müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı LTD-nin Azərbaycan Respublikasındakı filialı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmiş, lakin cavabdeh göstərilmiş xidmət haqqını ödəməməklə müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya qeyd olunan “Quad Neytron Xidmətlərinin Təmin Edilməsi haqqında” Müqavilə üzrə 59.558,19 ABŞ dolları (66.158,19 - 6.600) məbləğində borcu yaranmışdır. Mülki Məcəllənin 385.1, 386, 442 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdeh müqavilənin şərtlərinə əsasən göstərilmiş xidmət haqqının bir hissəsini - 59.558,19 ABŞ dolları məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 59.558,19 ABŞ dolları məbləğində əsas borc ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla tutularaq iddiaçıya ödənilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin özgə vəsaitindən istifadə üçün hesablanmış 8552,99 ABŞ dolları (66.158,19 ABŞ dolları məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Həmin tələblə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxx 2009-cu il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 449.1-ci maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanmış olur:- qanunsuz saxlama;- qaytarmaqdan boyun qaçırma;ödənilməsini digər şəkildə gecikdirmə;- başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Qeyd edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda formalaşdıdığı hüquqi mövqeyə görə pul öhdəliklərinin icra edilməməsi ilə bağlı Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş qaydada faydalanması tələb olunur. Hazırkı işdə isə cavabdehin vaxtında ödəmədiyi pul vəsaitindən faydalanması ilə bağlı heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Buna görə də cavabdehin ödəməsini gecikdirdiyi pul məbləğinə Mülki Məcəllənin 449.1-ci maddəsi ilə faizin hesablanması üçün əsas müəyyən edilmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 5 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 25 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialından 59.558,19 ABŞ dolları (əlli doqquz min beş yüz əli səkkiz dollar on doqquz sent) məbləğində əsas borc ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı LTD-nin Azərbaycan Respublikasındakı filialına ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 5 (beş) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar