Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1226/2024 29.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: tapşırıq müqaviləsi, təhvil aktı, elektron qaimə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndələri X3 və X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 3.484,56 manat dəyərində xidmət haqqı üzrə qalıq borcu məbləğinin, faiz borcu olaraq 83,9 manat; ilkin mediasiya sessiyası xərci kimi mediasiya təşkilatına ödənilmiş 70 manat olmaqla, cəmi 3.638,46 manat məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh yazılı xidmət müqaviləsi üzrə iddiaçının xidmətlərindən yararlanmasına, o cümlədən, həmin xidmətlər nəticəsində borclu şəxslərdən ona pul vəsaitlərinin daxil olmasına baxmayaraq, 3 ayın xidmət haqqını ödəməkdən yayınır. Cavabdeh ona göndərilmiş pretenziyaya məhəl qoymamış, ilkin mediasiya sessiyasına gəlməmişdir. İddiaçı ilə cavabdeh arasında 12 iyul 2023-cü il tarixində “Müqavilə əsasında yaranmış borcların qaytarılması üzrə xidmət göstərilməsi haqqında” 12/07-23-01 №-li Xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə görə iddiaçı cavabdehə, sonuncuya müqavilələr əsasında borcu olan şəxslərə dair kommunikasiya, informasiya və digər zəruri tədbirlər görüməyi, cavabdeh isə həmin borclu şəxslərdən mədaxil olunacaq pul vəsaitlərindən iddiaçıya müqavilədə müəyyən edilmiş faizlərə uyğun xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndində aylıq xidmət haqqıməbləğinin hesablanması qaydası nəzərdə tutulmuşdur (ƏDV-siz): Sifarişçi ilə mövcud müqavilələri olan borclu şəxslərin borcları üzrə: - Sifarişçinin hesabına aylıq mədaxilin 10 (on) faizi; - əgər aylıq mədaxil 10 000 AZN və ya daha çox olarsa, Sifarişçinin hesabına aylıq mədaxilin 12 faizi; Sifarişçi ilə mövcud müqavilələri olmayan borclu şəxslərin borcları üzrə: - Sifarişçinin hesabına mədaxilin 18 faizi; - əgər borclularla bağlanan və borcunun ödənişi təmin edilmiş müqavilələrin aylıq sayı 50 ədəd və ya daha çox olarsa, Sifarişçinin hesabına aylıq mədaxilin 20 faizi. 5. Müqavilənin 3.3–cü bəndinə görə, icrasının aylıq vəziyyətinə dair hər ayın ilk 5 iş günü ərzində İcraçı tərəfindən Akt tərtib edilib, Sifarişçiyə təqdim olunur. Aktda icra edilmiş işlər, borclar üzrə Sifarişçiyə və ya İcraçıya daxil olmuş məbləğlər göstərilir. 6. Müqavilənin 3.4–cü bəndinə görə, Tərəflər arasında Akt tərtib olunduqdan və hər ikisinin imzalamasından sonra İcraçı xidmət haqqının ona ödənilməsi üçün Sifarişçiyə elektron qaimə və hesab-faktura göndərir. Sifarişçielektron qaimə və hesab-fakturanın təqdim olunmasından ən geci 5 iş günü müddətində tələb olunan məbləği İcraçıya köçürmə yolu ilə ödəməlidir. 7. Cavabdeh Müqavilənin bağlanma tarixindən sonrakı bir-neçə ay üzrə Aktları imzalamış, xidmət haqqını lazımi qaydada ödəmişdir. Lakin 2023-cü ilin sentyabr-oktyabr-noyabr ayları üzrə xidmət haqqını ödəməkdən boyun qaçırmışdır. Halbuki sentyabr və oktyabr aylarına aid Aktlarını hər iki Tərəf imzlamışdır. Bu müddətlərdə danışıq gedərkən Cavabdeh artıq 2023-cü ilin noyabr ayına aid Aktı da imzalamaqdan yayınmışdır. İddiaçı Cavabdehin Aktı imzalamaqdan boyun qaçırdığını gördükdə, müvafiq Aktı özü imzalanıb, Cavabdehə təqdim etmişdir. Uzun sürən zənglərə baxmayaraq, Cavabdeh Aktı imzalayıb, geri qayıtmamışdır. Belə olduqda İddiaçı 2023-cü ilin noyabr ayında göstərilmiş xidmətlər üzrə 927,64manat xidmət haqqına dair Cavabdehə elektron qaimə də göndərmişdir. Həmin eqaimə Cavabdeh tərəfindən ləğv edilməmiş, sistem tərəfindən təsdiq edilmiuşdir. Sözügedən borc məbləği bu günədək ödənilməmişdir. 8. Aktlar, göndərilmiş elektron qaimələr və ödənilməli xidmət haqqıməbləğlərinə dair məlumatlar Cədvəl 1-də əks etdirilir. Beləliklə, Cavabdehin Müqavilə üzrə ödəmədiyi xidmət haqqı 3.484,56 manat (üç min dörd yüzsəksən dörd manat 56 qəp.) təşkiledir. 10.İddiaçının rəhbərindən tutmuş şöbə müdirləri Cavabdehlə dəfələrlə danışsalar da, görüşlər təyin olunsa da borcun yaranmasından sonra heç bir görüş baş tutmamışdır. Cavabdeh ödənişlərietməməsinimüxtəlif və bir-birinə zidd səbəblərlə izah etməyə çalışır, lakin borc bu günədək ödənilməmiş qalır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi E.Səfərov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən iddiaçıya hər iki tərəfin nümayəndələrinin daxil olduğu vatsap qrupu yaradılmış, həmin proqram üzərindən onlara cavabdehin borcuları barəsində siyahı şəklində məlumat təqdim edilmiş, iddiaçı həmin borclularla telefon vasitəsilə əlaqə saxlayaraq borclar barədə xatırlatma etmiş, daha sonra hər iki tərəfindən nümayəndələrinin iştirakı ilə görülmüş işlər barədə akt tərtib edilmiş, daha sonra cavabdehə elektron qaimə təqdim edilmişdir. Cavabdeh sonuncu aktı imza etməkdən imtina etmişdir.
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi N.Məmmədzadə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, materiallarda olan təhvil aktları cavabdeh tərəfindən təsdiq edilsə də, sonradan həmin aktlar cavabdeh tərəfindən araşdırılmış, aktların əsassız olması tərəflərindən müəyyən edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya müqavilə üzrə sonuncu tapşırıq 2023-cü ilin avqust ayında verilmiş, aktlarda göstərilən hüquqi şəxslərdən cavabdehə olan borcun alınması istiqamətində iddiaçıya tapşırıq verilməmişdir. Bu səbəbdən iddia tələbi əsassızdır.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (icraçı) və cavabdeh (sifarişçi) arasında bağlanmış 12 iyul 2023-cü il tarixli 12/07-23-01 nömrəli müqavilə əsasında yaranmış borcların qaytarılması üzrə xidmət göstərilməsi haqqında xidmət müqaviləsinə əsasən sifarişçi icraçıya xidmət müqavilələri əsasında ona ödənilməli olan borcların ödənilməsi üzrə aidiyyəti borclu şəxslərlə kommunikasiyasının təşkilini tapşırır, həmin işlər üzrə nümayəndəlik hüquqlarını, o cümlədən, borc məlumatlarını bildirmək və bilmək səlahiyyətlərini verir.
8. Müqavilənin 1.3-cü bəndinə əsasən icraçının bu müqaviləyə əsasən sifarişçiyə göstərəcəyi xidmət borcların icrası məqsədi ilə aidiyyəti borclu şəxslərlə kommunikasiya, informasiya və digər zəruri tədbirlər görülməsini nəzərdə tutur.
9. Müqavilənin 3.1-ci bəndinə əsasən xidmət haqqının məbləği aşağıdakı qaydada müəyyən olunur (bu xidmət haqqının məbləğinə ƏDV daxil deyil):
10. Müqavilənin 3.1.1-ci bəndinə əsasən sifarişçi ilə mövcud müqavilələri olan borclu şəxslərin borcları üzrə sifarişçinin hesabına aylıq mədaxilinin 10 %; əgər aylıq mədaxil 10000 manat və ya daha çox olaraq, sifarişçinin hesabına aylıq mədaxilin 12 %; sifarişçi ilə mövcud müqavilələri olmayan borclu şəxslərin borcları üzrə sifarişçinin hesabına mədaxilin 18 %; əgər borclularla bağlanan və borcunun ödənişi təmin edilmiş müqavilələrin aylıq sayı 50 ədəd və ya daha çox olarsa, sifarişçinin hesabına aylıq mədaxilin 20 %.
11. Müqavilənin 3.4-cü bəndinə əsasən tərəflər arasında akt tərtib olunduqdan və hər ikisinin imzalanmasından sonra icraçı xidmət haqqının ona ödənilməsi üçün sifarişçiyə elektron qaimə və hesab-faktura göndərir.
12. İddiaçı tərəfindən cavabdehə EBDS 018907 nömrəli xx.xx.2023-cü il tarixli 1525,84 manat məbləğində, EBDP 822423 nömrəli xx.xx.2023-cü il tarixli 1031,08 manat məbləğində elektron qaimələr göndərilmişdir.
13. İddiaçı və cavabdeh arasında tərtib olunmuş 03 noyabr 2023-cü il tarixli kredit borcların qaytarılması üzrə xidmət göstərilməsi haqqında 05/06-23-01 nömrəli xx.xx.2023cü il tarixli xidmət müqaviləsi üzrə görülmüş işlərin 03 noyabr 2023-cü il tarixli qəbul aktından görünür ki, icraçının sifarişçiyə göstərdiyi xidmətlər nəticəsində 2023-cü ilin oktyabr ayı ərzində ümumilikdə 12715,30 manat mədaxil olunmuş, iddiaçıya ödənilməli olan borc 1525,84 manat təşkil edir.
14. İddiaçı və cavabdeh arasında tərtib olunmuş 03 noyabr 2023-cü il tarixli kredit borcların qaytarılması üzrə xidmət göstərilməsi haqqında 05/06-23-01 nömrəli xx.xx.2023cü il tarixli xidmət müqaviləsi üzrə görülmüş işlərin 05 oktyabr 2023-cü il tarixli qəbul aktından görünür ki, icraçının sifarişçiyə göstərdiyi xidmətlər nəticəsində 2023-cü ilin sentyabr ayı ərzində ümumilikdə 10310,82 manat mədaxil olunmuş, iddiaçıya ödənilməli olan borc 1031,08 manat təşkil edir.
15. Belə ki, iddia ərizəsi üç hissədən ibarətdir: 1. 3484,56 manat borcun tutulması;
2. borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış 33,80 manat vəsaitin tutulması; 3. borcun ödənilməsinin gecikdirilməsinə görə 50,10 manat məbləğində əldən çıxmış faydanın tutulması.
16. Məhkəmə iddia tələbini birinci hissədə əsaslı hesab edir.
17. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı və cavabdeh arasında 12 iyul 2023-cü il tarixli 12/07-23-01 nömrəli müqavilə bağlanmış, həmin müqavilə üzrə iddiaçı cavabdehin tapşırıqlarını icra etmiş, nəticədə 2023-cü ilin sentyabr ayında cavabdehə borclu şəxslər tərəfindən ümumilikdə 10310,82 manat, 2023-cü ilin oktyabr ayında isə ümumilikdə 12715,30 manat məbləğində vəsait ödənilmişdir.
18. Məhkəmə cavabdehin həmin aktlar imzalandıqdan sonra tərəflərindən aktlarda göstərilənlərin həqiqətə uyğun olmamasının müəyyən edilməsi barədə dəlilini əsassız hesab edir.
19. Belə ki, tərəflər arasında bağlanmış 12 iyul 2023-cü il tarixli müqavilənin 2.1.7-ci bəndində tərəflər arasında hesablaşma aparılması üçün icraçının təqdim etdiyi aktda borclar üzrə ona edilmiş ödənişlər barədə məlumatların düzgünlüyünü yoxlamaq sifarişçinin vəzifəsi kimi müəyyən edilmişdir.
20. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdehdən 2023-cü ilin sentyabr və oktyabr ayları üzrə yaranmış ümumilikdə 2556,92 manat məbləğində pul (1031,08 manat + 1525,84 manat) tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməlidir.
21. Məhkəmə 2023-cü ilin noyabr ayına görə 927,64 manat xidmət haqqının cavabdehdən tutulması hissəsində iddia tələbini əsassız hesab edir.
22. Belə ki, iddiaçı tərəfindən bununla bağlı təqdim edilmiş 2023-cü ilin 4 dekabr tarixli aktı (həmin akt iddiaçı və cavabdeh tərəfindən təsdiq edilməmişdir) məhkəmə mötəbər sübut hesab etmir.
23. Belə ki, həmin aktda borcluların adları və həmin borclular tərəfindən cavabdehə ödənilmiş məbləğlər, ödəniş tarixləri qeyd edilsə də, aktın hansı qaydada tərtib edilməsi, aktda göstərilmiş məlumatların iddiaçı tərəfindən hansı qaydada alınması, habelə həmin məlumatların doğruluğu barədə iddiaçı tərəfindən məhkəməyə mötəbər və təkzibedilməz sübut təqdim edilməmiş, habelə həmin hissədə iddiaçının ümumiyyətlə tapşırığının olması məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir.
24. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 33,80 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
25. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
26. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
27. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
28. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
29. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...
30. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”
31. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
32. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
33. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdehin öz öhdəliklərini vaxtında icra etmədiyi müəyyən edildiyindən iddiaçının tələbi ödənilməsi gecikdirilən ümumilikdə 2556,92 manat məbləğində vəsaitə görə illik 5 faiz hesablanmaqla 27,70 manat faiz borcunun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.
34. Məhkəmə hesab edir ki, ödənilməsi gecikdirilən borcun məbləği 2556,92 manat müəyyən edildiyindən cavabdehdən əlavə 6,10 manat faiz borcu tutulması hissəsində iddia tələbi isə təmin edilməməlidir.
35. Məhkəmə iddia tələbini üçüncü hissədə əsassız hesab edir.
36. Belə ki, iddiaçı əldən çıxmış fayda qismində (bank uçot dərəcəsi nəzərə alınmaqla) cavabdehdən ümumilikdə 50,10 manat məbləğində pulun ödənilməsini tələb edir.
37. MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
38. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
39. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
40. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
41. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
42. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).
43. MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
44. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
45. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
46. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
47. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
48. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.
49. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
51. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).
52. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehin iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.
53. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, MM-in 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir.
54. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 2556,92 manat məbləğində əsas borc, 27,7 manat faiz borcu tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
56. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 70 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 2556,92 manat əsas borc, 27,7 manat faiz borcu, ödənilmiş 70 manat məbləğində dövlət rüsumu, ümumilikdə 2654,62 (iki min altı yüz əlli dörd manat altmış iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova