Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-123/2021 28.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə (MMC) qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən əsas borc üzrə 213906 manat, əldən çıxmış fayda kimi 20000 manat, hüquqi yardım xərcləri üzrə 3000 manat və dövlət rüsumu 30 manat olmaqla, ümumilikdə ödənilməli olan 236936 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, sifarişçi - Cavabdeh MMC ilə fiziki şəxs olaraq icraçı - İddiaçı arasında hər iki tərəfin razı olduğu və qəbul etdiyi şərtlər daxilində 01 oktyabr 2018-ci il tarixdə «Xidmət göstərilməsinə dair» 015 saylı müqavilə bağlanılmışdır. Müqavilə sifarişçi və icraçı tərəfindən imzalanaraq Cavabdeh MMC-nin möhürü ilə təsdiqlənmişdir. Tərəflər arasında bağlanmış 01 oktyabr 2018-ci il tarixli «Xidmət göstərilməsinə dair» 015 saylı müqavilənin predmetinə görə tərəflər təsdiq etmişlər ki, icraçı müqavilədə göstərilmiş şərtlərlə Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu-8 ünvanında inşa olunmuş 27 saylı yaşayış binasında su, kanalizasiya və istilik xətt və avadanlıqların quraşdırılması xidmətlərini göstərir. Bundan başqa 27,28 və 29-cu binalarda da elektrik işləri görülmüş, avadanlıqlar alınmışdır. İddiaçı icraçı kimi qeyd olunan müqavilə üzrə üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirmişdir. Bundan başqa iddiaçı əlavə işlər görmüş, ancaq haqqı ödənilməmişdir. Uzun müddət keçməsinə baxmayaraq Cavabdeh MMC tərəfindən heç bir ödəniş aparılmamış, 213906 manat borc yaranmışdır. İddiaçının nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Vəkil2 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, Cavabdeh MMC-nin İddiaçı borcu yoxdur. Azərbaycan Respublikası Mənzil X2 və Cavabdeh MMC-nin təsisçisi Postyus Povilasın müraciətləri əsasında digər təsisçi X3 və cəmiyyətin keçmiş direktoru X4 barəsində cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. Həmin cinayət işinin istintaqı zamanı İddiaçı şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu-8 ünvanında inşa olunmuş 27 saylı yaşayış binasının tam şəkildə elektrik, 27, 28 və 29-cu binaların elektrik şitlərinin alınması və quraşdırılması xidmətlərini yerinə yetirmiş, bunun müqabilində 28 saylı binanın 46 və 71 saylı mənzilləri ona verilmişdir. İş materiallarında olan: - 01 oktyabr 2018-ci il tarixli 015 saylı xidmət göstərilməsinə dair müqaviləyə əsasən icraçı İddiaçı müqavilədə göstərilmiş şərtlərlə su, kanalizasiya və istilik xətt və avadalıqlarını quraşdırılması xidmətinin göstərilməsini, sifarişçi Cavabdeh MMC isə qarşılıqlı təsdiq edilmiş akta əsasən icraçının haqqını ödəməyi öhdəsinə götürmüşdür. - Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Cavabdeh MMC-yə ünvanlanmış 21 may 2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, X1 və qeyrilərinin cinayət işi üzrə İddiaçı şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu-8 ünvanında inşa olunmuş 27 saylı yaşayış binasının tam şəkildə elektrik və santexnika, 27, 28 və 29cu binaların elektrik şitlərinin alınması və quraşdırılması, su, kanalizasiya, istilik xətt və avadanlıq quraşdırılması xidmətlərini yerinə yetirmiş, bunun müqabilində 28 saylı binanın 46 və 71 saylı mənzilləri ona verilmiş, mənzillər sonuncu tərəfindən Cavabdeh MMC vasitəsilə rəsmiləşdirmə aparılaraq ayrı – ayrı şəxslərə satılmaqla əldə edilmiş pul vəsaiti onun tərəfindən alınmışdır. İşin faktiki hallarından görünür ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 759.1 və 759.2-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinin məzmununa və tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə sifarişçinin razılaşdırılmış muzd ödəmək öhdəliyi müqavilədə nəzərdə tutulan işi icra etmə öhdəliyinin yerinə yetirilməsindən sonra yaranır, yəni, iddianın təmin olunması üçün iddiaçı tərəfindən məhkəməyə işlərin görülməsini təsdiq edən sübutlar təqdim olunmalıdır. Bakı Kommersiya Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, e-2-2(113)-1387/2020 saylı və 25 may 2021-ci il tarixli, e-2-2(113)-123/2021 saylı qərardadlarına əsasən görülən işlərin həcmi və işlərin görülməsinə sərf edilmiş materialların ayrı – ayrılıqda qiymətinin nə qədər təşkil etməsini müəyyən olunması üçün məhkəmə tikinti – texniki ekspertizaları təyin edilsə də, sənədlər təqdim olunmadığından ekspertizanın keçirilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən məhkəməyə də nəinki işlərin görülməsini, hətta işlərin görülməsinə sərf edilmiş materialların alınmasına dair heç bir sübut təqdim olunmamışdır. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən məhkəməyə müxtəlif tarixli aktların kserosurətləri verilsə də MPM-in 89.3-cü maddəsinə əsasən məhkəməyə sübut qismində qəbzin əsli və ya təsdiq edilmiş surəti təqdim edilməli idi. Bundan başqa, həmin aktlara sübut kimi istinad edilsə belə, aktı Cavabdeh MMC tərəfindən imzalamış şəxsin həmin hüquqi şəxsə aidiyyatı, aktı imzalamağa səlahiyyətinin olub - olmamasını müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Cavabdeh MMC-yə ünvanlanmış 21 may 2021-ci il tarixli məktubu ilə də təsdiq olunur ki, İddiaçı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu-8 ünvanında inşa olunmuş 27 saylı yaşayış binasının tam şəkildə elektrik və santexnika, 27, 28 və 29-cu binaların elektrik şitlərinin alınması və quraşdırılması, su, kanalizasiya, istilik xətt və avadanlıq quraşdırılması xidmətlərini yerinə yetirmiş, bunun müqabilində 28 saylı binanın 46 və 71 saylı mənzilləri ona verilmiş, mənzillər sonuncu tərəfindən Cavabdeh MMC vasitəsilə rəsmiləşdirmə aparılaraq ayrı – ayrı şəxslərə satılmaqla əldə edilmiş pul vəsaiti onun tərəfindən alınmışdır. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, 213906 manat dəyərində işlərin görülməsinə dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim ollunmadığına görə iddia rədd edilməli, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-123/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-123/2021
28.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver