Məhkəmə qərarları › İş №e-2-2(113)-1265/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1265/2025

04.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1265/2025 04.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, Cavabdeh2, Cavabdeh1 iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərdən subroqasiya qaydasında 3374,52 manat və ödənilmiş 54 manat dövlət rüsumu, 1 manat xidmət haqqının müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh2 sahibliyində olan “Kia Optima minik” markalı 77XE487 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən Bakı şəhəri, 28 May küçəsində idarə olunan zaman yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də “avtomobillərin tam sığortası” qaydasında sığortalanmış, “Hyundai Elantra” minik markalı 77PL130 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. BDYPİ-nin polis kapitanı X1 xx.xx.2024-cü il tarixli TP 658618 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh1 təqsirkar bilinmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 327.1-cimaddəsinə əsasən barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İddiaçının xx.xx.2024-cü il tarixli “zərərin hesablanması aktı”na əsasən xx.xx.2024-cü il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Elantra” minik markalı 77PL130 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərər 6228 manat məbləğində müəyyən edilmişdir. Hadisə baş verən anda “Kia Optima” minik markalı 77XE487 dövlət qeydiyyat nişanlı avtomobilin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti icbari qaydada "xxxx" ASC tərəfindən sığorta olunmuşdur. Bu əsasla iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli BS-S-24/1564 saylı tələb məktubu ilə "xxxx" ASC-yə müraciət edərək ödənilmiş sığorta ödənişinin 5000 manat məbləğində olan hissəsinin geri ödənilməsi tələb edilmişdir. Lakin hadisə nəticəsində Cavabdeh1 tərəfindən bir neçə əmlaka zərər vurduğu və sığortalanmış əmlakın sığorta müqaviləsi üzrə razılaşdırılmış azadolma məbləği nəzərə alınmaqla "xxxx" ASC tərəfidnən xx.xx.2024-cü il tarixli sığorta aktına əsasən zərərlə bağlı iddiaçının hesabına yalnız 2753,48 manat məbləğində sığorta ödənişi geri ödənilmişdir. Beləliklə, ödənilmiş 6128 manat məbləğində sığorta ödənişindən "xxxx" ASC tərəfindən ödənilmiş hissəsi çıxılmaqla 3374,52 manat məbləğində hissəsini iddiaçı cavabdehlərdən tələb etmək hüququna yiyələnmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahında bildirdi ki, “Kia Optima minik” markalı 77XE487 dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətində olmuşdur və şəxsi məqsədlərlə istifadə üçün qardaşının oğlu Cavabdeh1 idarəetməsinə vermişdir. Nəqliyyat vasitəsindən sahibkarlıq məqsədləri üçün istifadə olunmamışdır. İşin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahında bildirdi ki, hadisə baş verən zaman “Kia Optima minik” markalı 77XE487 dövlət qeydiyyat nişanlı avtomobili şəxsi məqsədlər üçün istifadə etmişdir. İşin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etiraz etmir. İddiaçının nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq hazırlıq iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. - 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. - 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndinə əsasən, MPMin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Qeyd olunan normaların müqayisəli təhlilindən və Ali Məhkəmə Plenumunun qərarından belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Adıçəkilən Qərarın 14-cü bəndində həmçinin göstərilmişdir ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı və cavabdehlər sahibkarlıq fəaliyyəti subyektidir və mübahisə baş vermiş yol-nəqliyyat hadisəsi və hadisədə maddi məsuliyyət daşıyan şəxslərə qarşı subroqasiya qaydasında pulun tutulması tələbi ilə bağlıdır. İddiaçının kommersiya hüquqi şəxsi kimi sahibkarlıq fəaliyyətindən kənar fəaliyyəti olmadığından hazırkı işin kommersiya məhkəməsinə aidiyyətini də məhz hadisə baş verən zaman – delikt törədilərkən cavabdehlərin sahibkarlıq fəaliyyətini həyata keçiribkeçirməməsi müəyyən edəcək. Cavabdehlər məhkəməyə verdiyi izahatda “Kia Optima minik” markalı 77XE487 dövlət qeydiyyat nişanlı avtomobilin minik vasitəsi kimi şəxsi məqsədlə istifadə edildiyini bildirmişlər. Məhkəmə həmçinin qeyd edir ki, hazırda iş materiallarına əlavə edilmiş Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsi tərəfindən aparılmış araşdırma materiallarından da hadisə baş verərkən “Kia Optima minik” markalı 77XE487 dövlət qeydiyyat nişanlı avtomobildən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün istifadə edildiyi öz təsdiqini tapmır. Başqa sözlə, mübahisə cavabdehlərin sahibkarlıq fəaliyyətindən irəli gəlməmiş və ya onların sahibkarlıq fəaliyyəti ilə bağlı olmışdır. Belə olan halda, hazırkı mübahisəyə kommersiya məhkəmələrində baxılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) aid olmadığından və qanunvericiliyin tələbinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmalı olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün ümumi məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh2 və Cavabdeh1 rəsmi qeydiyyata alındığı yer Bakı şəhəri, Nərimanov rayonu ərazisindədir. Məhkəmə şərh olunanlara əsasən hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24-26, 32, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar