Məhkəmə qərarları › İş №e-2-2(113)-1299/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1299/2022

16.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1299/2022 16.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlu, Azərbaycan Respublikası Dövlət X3 Hüquqi Şəxsinin "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X3 Hüquqi Şəxsi "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən 147.205,12 (bir yüz qırx yeddi min iki yüz beş manat 12 qəpik) (ƏDV ilə) manat məbləğində borcun və ilkin mediasiya sessiyası üçün X4 tərəfindən ödənilmiş 400 (dörd yüz) manat məbləğində haqqın, ümumilikdə 147.605,12 (bir yüz qırx yeddi min altı yüz beş manat 12 qəpik) (ƏDV ilə) məbləğində vəsaitin X2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, ərizə geri qaytarılmalıdır. Mülki Məcəllənin 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” AR Qanununun 1-ci maddəsi də sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyət kimi xarakterizə edir. Göründüyü kimi, qanunvericiliyin sahibkarlıq fəaliyyətinə verdiyi anlayışın xüsusi dispozitiv şərti, başlıca meyarı bu fəaliyyətin əsas məqsədinin mənfəət (gəlir) götürülməsindən ibarətdir. Başqa ifadə ilə, əsas məqsədi mənfəət (gəlir) götürülməsi olmayan fəaliyyəti qanunvericiliyimiz sahibkarlıq fəaliyyəti, o cümlədən kommersiya fəaliyyəti kimi qəbul etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Dövlət X3 hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır. X6 haqqında Azərbaycan Respublikası qanununun 2.2-ci maddəsinə əsasən Publik hüquqi şəxs – dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır Həmin Qanunun 3.1-ci maddəsinə əsasən X6 sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Dövlət X3 hüquqi şəxsin nizamnaməsinin: 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının X4 (bundan sonra – Mərkəz) dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını) həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir 6.1-ci bəndinə əsasən Mərkəzin əmlakı nizamnamə fondundan, ona təsisçilər tərəfindən verilmiş digər əmlakdan, habelə dövlət vəsaitlərindən, fəaliyyət istiqamətlərinə uyğun olaraq gördüyü işlərdən, göstərdiyi xidmətlərdən əldə etdiyi daxilolmalardan, dövlət, hüquqi və fiziki şəxslər tərəfindən onun mülkiyyətinə və ya istifadəsinə verilən və bu Nizamnamədə öz əksini tapan fəaliyyəti nəticəsində əldə etdiyi əmlakdan ibarətdir. 6.3. Mərkəzin maddi-texniki bazasının möhkəmləndirilməsi və genişləndirilməsi dövlət vəsaiti və fəaliyyəti nəticəsində əldə etdiyi vəsait hesabına həyata keçirilir. 6.6. Mərkəz aşağıdakı mənbələrdən maliyyələşdirilir: - 6.6.1. dövlət vəsaitləri hesabına; - 6.6.2. imtahanların təşkili və keçirilməsindən əldə olunan vəsaitlər hesabına; - 6.3. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Mərkəzə verilən qrantlar, vəsiyyət olunan vəsaitlər, ianələr və yardımlar hesabına; - 6.6.4. dövlət orqanları, hüquqi və fiziki şəxslər ilə bağlanmış müqavilə əsasında əldə edilmiş vəsaitlər hesabına; - 6.6.5. Mərkəzin mülkiyyətindəki fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlığın, nəqliyyat vasitələrinin və yararsız halda olan digər əmlakın satışından əldə edilən vəsaitlər hesabına; - 6.6.6. bu Nizamnaməyə uyğun olaraq digər xidmətlərdən əldə etdiyi vəsaitlər hesabına. Məhkəmə qeyd edir ki, qanunla X6in sahibkarlıq fəaliyyəti ilə məşğul olması imkanı ancaq onun yaradılması zamanı qarşıya qqoyulmuş məqsədlərə çatması yönəldiyi halla məhdudlaşdırılmışdır. Belə olan halda müəyyən edilməli olan əsas məqam mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olub-olmaması ilə bağlı olubolmamasıdır. Hazırki halda iddia "xxxx" MMC-nin Azərbaycan Respublikası Dövlət X3 Hüquqi Şəxsinin inzibati binasında aparılmış tikinti quraşdırılma işlərinin aparılması nəticəsində yaranmış mübahisədir. Qeyd edilməlidir ki, "xxxx" MMC-nin gördüyü işlər və ona görə müqavilə üzrə müvafiq pulun alınması onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olsa da, Dövlət X3 Hüquqi Şəxsinin öz inzibati binasında təmir-tikinti işlərinin aparması nəticəsində yaranmış mübahisə, məhz X1 sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyildir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 21-ci bəndində qeyd edilir ki, Subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi zamanı məhkəmələr əlavə olaraq nəzərə almalıdır ki, qeyri-hökumət təşkilatlarının və X6in fəaliyyətini tənzimləyən qanunlarla (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “X6 haqqında” Qanunlar) onların ikili, yəni həm qeyri-sahibkarlıq, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları nəzərdə tutulmuşdur. Məhz bu fərqləndirici xüsusiyyət mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı qeyri-hökumət təşkilatları və X6ə münasibətdə fərqli yanaşmanın sərgilənməsini tələb edir. Həmin Qərarın 22-ci bəndində qeyd edilir ki, bu baxımdan məhkəmələrə izah edilir ki, qeyri-kommersiya qurumlarının, X6in və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir. Həmin Qərarın 25-ci bəndində qeyd edilir ki, Qeyri-kommersiya qurumlarının, X6in və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, X6in və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Göründüyü kimi adı çəkilən Plenum qərarında da, X6in iştirakı ilə bağlı olan mübahisələrin Kommersiya Məhkəməsində baxılması imkanı yalnız mübahisənin onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi nəticəsində yaranması ilə məhdudlaşdırmışdır. Hazırki halda isə, Dövlət X3 Hüquqi Şəxsinin öz inzibati binasında təmir-tikinti işlərinin aparması nəticəsində yaranmış mübahisə, məhz X1 sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyildir. Beləliklə hazırki mübahisənin X1 sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmadığından iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra aidiyyatı üzrə Ümumi Məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 25, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət X3 Hüquqi Şəxsinin "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar