Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1358/2025 27.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “Eren İnşaat Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, avans) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı “Eren İnşaat Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı “Eren İnşaat Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən bağlanılmış müqavilə əsasında qalıq 15000 manat pulun, vəsaitinin ödənilməsinin gecikməsinə görə 2237,67 manat, hüquq xidmətinə görə vəkilə ödənilmiş 300 manat və ödənilmiş 165 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “Eren İnşaat Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli podrat müqaviləsi və müqavilənin 1 saylı Əlavəsinə görə, iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixdə 30000 manat və 5400 manat ƏDV olmaqla, cəmi 35400 manat pul vəsaiti avans qismində ödənilmişdir. Davamında həmin müqavilə üzrə sifariş olmadığından, ödənilmiş avansın geri qaytarılması tələbinə əsasən, Cavabdeh MMC tərəfindən ödənilən mələğin ƏDV hissəsi xx.xx.2022 tarixdə və əsas məbləğin 15000 manat hissəsi isə xx.xx.2022-ci il tarixdə iddiaçıya geri ödənilmişdir. Qalıq 15000 manat məbləğində pul vəsaitinin ödənilməsi üçün cavabdehə dəfələrlə şifahi xəbərdarlıq edilmiş, habelə xx.xx.2024-cü il tarixli pretenziya məktubu e-məhkəmə portalı vasitəsilə göndərilmişdir. Lakin görülən tədbirlərə baxmayaraq, qalıq 15000 manat məbləğində pul vəsaitinin ödənilməsi bu günə kimi təmin edilməmişdir.
3. Cavabdeh xx.xx.2025-ci il tarixdə yazılı etiraz verib göstərmişdir ki, hazırki iddia ilə razı deyildir, iş üzrə heç bir elektron qaimə vurulmamışdır. İddianın tələbinin 2237.67 manat hissəsi ilə də razı deyildir. Belə ki, iddiaçı bu qədər müddət ərzində hazırda tələb etməli olduğu pulu tələb etməməklə vaxtı uzadaraq gecikdirilmiş gün üçün daha cox məbləğdə pul tələb etmək məqsədi güdmüşdür. Bu isə onsuz da maliyyə vəziiyyəti pis olan cavabdeh şirkətin daha da pis vəziyyətə düşməsi deməkdir. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
4. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək müqavilə əsasında qalıq 15000 manat, hüquq xidmətinə görə vəkilə ödənilmiş 300 manat və ödənilmiş 165 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Q.Şalıyev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini və xx.xx.2025-ci il tarixdə verdiyi ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı (sifarişçi) ilə cavabdeh (podratçı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli podrat müqaviləsinə görə podratçı müqaviləyə və layihə sənədlərində göstərilən şərtlər əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma protokolunda göstərilən işləri yerinə yetirməyi, sifarişçi isə həmin işləri qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada işin dəyərini podratçıya ödəməyi öhdəsinə götürür.
10. xx.xx.2021-ci il tarixli, **********68 nömrəli ödəmə qəbzinə görə 30000 (otuz min) manat məbləğində pul avans olaraq iddiaçı tərəfindən cavabdehə məxsus bank hesabına köçürülmüşdür.
11. İddiaçıya məxsus hesabdan çıxarışa görə xx.xx.2022-ci il tarixdə 15000 (on beş min) manat məbləğində ödənilmiş avans cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmışdır.
12. İddiaçıya məxsus ƏDV sub-uçot hesabından çıxarışa görə 5400 manat məbləğində ƏDV xx.xx.2021-ci il tarixində iddiaçı tərəfində cavabdehə ödənilmiş, xx.xx.2022-ci il tarixində isə cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmışdır.
13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli podrat müqaviləsi bağlanmış, iddiaçı tərəfindən cavabdehə həmin müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 30000 manat avans ödənilmiş, ödənilmiş avansın 15000 manat hissəsi cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə geri qaytarılmışdır.
14. Cavabdeh tərəfindən məhkəməyə tələb edilən avansın müqabilində hər hansı işin icra edildiyini, habelə həmin vəsaitin iddiaçıya geri qaytarıldığını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.
15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir (maddə 491.1). Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır (maddə 491.2). Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır (maddə 491.3).
16. Məhkəmə qeyd etmək istəyir ki, avans digər tərəfin qarşılıqlı öhdəliyin icra edilməsi üçün aparılan ödənişdir. Öhdəlik icra edilmədikdə bütün hallarda avans geri qaytarılmalıdır. Avansın öhdəliyi icra etməyən tərəfdə qalması əsassız varlanma kimi qiymətləndirilir.
17. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehə ödədiyi 15000 manat avansın geri qaytarılmalı olması barədə tələbi əsaslıdır və təmin edilməlidir. Bu səbəbdən iddia təmin edilməli, cavabdehdən 15000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
18. Bundan başqa, iddia ərizəsində 300 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən həmin xərc cavabehdən tutularaq iddiaçıya ödənilməlidir.
19. Belə ki, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına xx.xx.2024-cü il tarixli müqavilə üzrə 300 manat hüquqi xidmət haqqı köçürülmüşdür.
20. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 150 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
23. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 15000 manat məbləğində pul, 300 manat hüquqi yardıma görə xərc, 150 manat dövlət rüsumu, ümumilikdə 15450 (on beş min dörd yüz əlli) manat məbləğində pul tutularaq iddiaçı “Eren İnşaat Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova