Məhkəmə qərarları › İş №e-2-2(113)-1360/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1360/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1360/2025 05.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə əmlakın təhvil verilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, prosessual maraq, müqavilə azadlığı, podrat münasibətləri, muzdun naturada ödənilməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) “xidmət müqaviləsi üzrə əmlakın təhvil verilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli xidmət müqaviləsinə əsasən cavabdehdən əvəzləşmə olaraq 854 577 manat pul dəyərində 200 kv.m yaşayış sahəsinin (1 kv.m üçün 1265 manat) və 401 kv.m qeyri-yaşayış sahəsinin (1 kv.m üçün 1500 manat) alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 19/013 saylı xidmət müqaviləsinə görə iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu, 8 ünvanda 27, 28 və 29 saylı yaşayış binlarında daxili rəngsaz işləri və mərmər, qranit, keramik tavacıqlar, pilləkən-döşəmə üzlüklərinin quraşdırılması xidmətlərinin göstərilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Sözügedən işlər lazımi qaydada görülmüş və tərəflərin qarşılıqlı razılığı ilə imzalanmış xx.xx.2022-ci il tarixli aktla qəbul edilmişdir. İşlərin qiyməti 854 577 manat təşkil edir. Müqavilə üzrə nəzərdə tutulmuş işlərin görülməsi tərəflər arasında mübahisə predmeti deyildir. Müqavilənin 4.1-ci maddəsinə görə görülmüş işlər üçün ödəniş bank hesablaşma yolu ilə və ya yaşayış və ya qeyri-yaşayış sahələri ilə əvəzləşmə yolu ilə həyata keçirilir. Müqavilənin 4.2-ci bəndinə görə ödəniş əvəzləşmə yolu ilə həyata keçirildikdə yaşayış sahələri üçün 1 kv.m 1265 manat, qeyri-yaşayış sahələri üçün 1 kv.m 1500 manat olaraq müəyyən olunmuşdur. Həmçinin göstərilmiş işlərin qiyməti müqavilə üzrə, yəni müqavilənin 4.5-ci maddəsində konkret hər bir kv.m üzrə (33 manat, 32 manat və 12 manat) müəyyən edilmişdir. Göründüyü kimi, tərəflər müqavilə azadlığı prinspinə uyğun olaraq öz öhdəliklərinin həcmi və dəyəri, müqavilənin qiyməti barədə razılığa gələrək öz iradə ifadələrini bəyan etmişlər. Lakin icraçı olaraq iddiaçının müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri icra etməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini icra etməyərək nə görülmüş işlərini dəyərini pulla, nə də natura qaydasında əvəzləşmə yolu ilə icra etmişdir. Hazırda cavabdehin 854 577 manat məbləğində borcu qalmışdır. Həmin məbləğin ödənilməsi ilə bağlı dəfələrlə müraciət edilməsinə, müvafiq pretenziya göndərilməsinə baxmayaraq, edilən cəhdlər nəticəsiz qalmışdır.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 442, 752.1-ci, 769-cu və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.

II. İşdə iştirak edən şəxslərin mövqeləri:

7. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və göstərdi ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə iddiaçı öz mal-materialı və işçiləri ilə işlər görmüş, işlərin təhvil-təslimi cavabdehin rəsmi işçisi olmuş X5 ilə aparılmış, sonuncu təhvil-təslim aktlarına imza etmişdir.

8. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili göstərdi ki, cavabdehin əvvəlki qanuni təmsilçisi cinayət işi ilə bağlı həbs olunduğuna görə təhviltəslim aktı möhürlə təsdiq edilməmişdir. Ödəniş olmadığı halda vergi öhdəliyi yaranmasın deyə elektron qaimə də təqdim edilməmişdir.

9. İddiaçı əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, cavabdehlə bağlanmış müqavilə əsasında "xxxx" evlərində işlər görülmüşdür. Müqavilədə 3 bina qeyd olunsa da, faktiki olaraq 2 binada – 27 və 28 nömrəli binalarda işlər görülmüş, onlardan biri (27 nömrəli) tam təhvil verilmiş, digərində (28 nömrəli) isə işlər yarımçıq saxlanılmışdır. Müqavilə üzrə işlər 2019-cu ildən 2020-ci il tarixədək icra edilmiş, icra edilmiş işlər sahə rəisi X5 tərəfindən qəbul edilmişdir. Lakin cavabdehlərin təsisçiləri arasında problem yarandığından və qanuni təmsilçi həbs edildiyindən sənədləşmə işləri yekunlaşmamış və möhürlə hər hansı sənəd təsdiq edilməmişdir.

10. Məhkəmə bildirişləri cavabdeh tərəfin “Elektron məhkəmə” informasiya sistemində və X1 Sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməklə, cavabdehin hüquqi ünvanına göndərilməklə, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir.

11. Üçüncü şəxs məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Podrat müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

13. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi aidiyyəti, mümkün və mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

14. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

15. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki: – iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli 19/013 nömrəli xidmət göstərilməsinə dair müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı tikinti və təmir işlərinin yerinə yetirilməsi üçün mütəmadi olaraq görüləcək işləri müvafiq işçi heyəti ilə təmin etmək, əmək qanunvericiliyinə əsasən işçilərlə əmək müqavilələrini bağlamaq və elektron hökumət portalında qeydiyyata almaq, yeni işçilərin şəxsiyyət vəsiqələri və elektron bildirişlərini cavabdehə təqdim etmək, Vergi Məcəlləsinə müvafiq olaraq işçilərin əmək haqlarını hesablamaq və ödəmək, müqavilədən irəli gələn müvafiq vergiləri vaxtında ödəmək, iş saatlarında işçilərin davamiyyətini aylıq iş vaxtı cədvəli əsasında mütəmadi olaraq nəzarətdə saxlamaq, işçiləri təhlükəsizlik texnikası qaydaları, həmçinin gördükləri işlər üzrə təlimatlandırmaq şərtilə Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu, 8 ünvanda 27, 28 və 29 saylı yaşayış binalarında daxili rəngsaz işləri və mərmər, qranit, keramik tavacıqlar, pilləkən-döşəmə üzlüklərinin quraşdırılması xidmətlərinin göstərilməsini, cavabdeh isə həmin işləri qəbul edərək dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. – Müqavilənin qiymətlə bağlı şərtlərinə əsasən, sifarişçi görülmüş işlər üçün ödəniş bank köçürülməsi yolu ilə və ya yaşayış və ya qeyri-yaşayış sahələri ilə əvəzləşdirmə yolu ilə həyata keçirilir, ödəniş əvəzləşdirmə yolu ilə həyata keçirildikdə yaşayış sahələri üçün 1 kv.m 1265 manat, qeyri-yaşayış sahələri üçün 1 kv.m 1500 manat olaraq müəyyən olunur və müvafiq sahələrin göstəriciləri hazırkı müqaviləyə əlavə olunmaqla tərəflər arasında tələb olunan sənədləşmə əməliyyatları icra olunur, görülmüş işlərin qiyməti mərmər, qranit pilləkən-döşəmə üzlükləri quraşdırılmasının 1 kv.m üçün 33 manat, keramik tavacıqların 1 kv.m üçün 32 manat və rəngsaz işlərinin 1 kv.m üçün 12 manat müəyyən edilir. – Həmin müqavilə üzrə görülmüş işlərin qəbul aktlarına (Forma-2) əsasən, xx.xx.2020-ci il tarixli aktlarla 14 adda və 8 adda iş cavabdeh tərəfdən Quliyev Mais tərəfindən qəbul edilmişdir. Eyni məzmunlu 2 akt xx.xx.2022-ci il tarixdə də tərtib edilmişdir.

16. İddiaçı xx.xx.2019-cu il tarixli 19/013 nömrəli müqavilə üzrə görülmüş işlərin dəyərinin naturada – 200 kv.m yaşayış sahəsinin və 401 kv.m qeyri-yaşayış sahəsinin verilməsi yolu ilə ödənilməsini tələb edir.

17. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

18. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

19. Mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir.

20. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

21. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə təqdim edilən sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

22. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

23. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

26. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 19/013 nömrəli müqavilə xidmət müqaviləsi adlansa da, konkret işlərin görülməsinin müqavilənin predmeti olması, görülmüş işlərinin təhvil verilməsinin şərtləndirilməsi, görülmüş işlər üçün sifarişçinin muzd ödəməsi kimi elementlər həmin müqavilənin podrat müqaviləsi olduğunu göstərir. Belə ki, vaxtaşırı icra edilməli və ya icrası davamlı olan öhdəliklər qrupuna daxil olan xidmət müqavilələri üçün dövri olaraq xidmətlərin göstərilməsi, həmin xidmətlərin konkret nəticə ilə şərtlənməməsi, muzdun nəticə üçün deyil, xidmətin özü üçün ödənilməsi kimi əlamətlər xasdır. Hazırkı müqavilə isə bu əlamətlərdən məhrumdur. Bu isə mübahisənin məhz podrat müqaviləsini tənzimləyən mülki hüquq normaları əsasında həll edilməsini zəruri edir.

27. Mülki Məcəllənin 752-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir.

28. Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarı).

29. Podrat müqaviləsi üzrə yerinə yetirilmiş işin qəbul edilməsindən bəhs edən Mülki Məcəllənin 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

30. Məhkəmə işlərin görülüb-görülməməsinin müəyyən edilməsinin məqsədilə hər iki tərəfdən işlərin görülməsi zamanı iştirak etmiş şəxslərin şahid qismində dindirilməsi barədə vəsatətləri təmin etmiş, məhkəmə iclaslarında iddiaçının işçiləri X2, X4, cavabdehin işçisi X5 şahid qismində dindirilmişdir.

31. İddiaçının əmək müqaviləsi ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək işçisi olmuş X2 məhkəməyə ifadəsində sosial binada malyar, rəngsaz kimi işlədiyini, 2 bina üzrə işlərin görüldüyünü, tapşırıqları iddiaçının verdiyini, bütövlükdə 12 nəfər malyar, 4 nəfər digər ustanın işlərin görülməsində iştirak etdiyini göstərdi.

32. İddiaçının əmək müqaviləsi ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək işçisi olmuş X3 məhkəməyə ifadəsində sosial evlər layihəsi üzrə 27 nömrəli binada il yarım ərzində oboy işlərini, kosmetik işləri gördüyünü, 2020-ci il tarixdə işi başa çatdırdıqlarını, 27-ci binada tam işlədiklərini, lakin 28-ci binada bir neçə mənzil üzrə işlərin görüldüyünü bildirdi. Məhkəmənin suallarına cavab olaraq şahid X3 işləri cavabdehin sahə rəisi Mais adlı şəxsin yoxladığını qeyd etdi.

33. Məhkəmə iclasında şahid qismində dindirilmiş cavabdehin əmək müqaviləsi ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək iş icraçısı, mühəndis-inşaatçısı olmuş X5 öz izahatında göstərmişdir ki, cavabdehin sahə rəisi kimi işçiləri işə götürmək, nəzarət etmək, işləri bölmək, işlərə baxış keçirmək, işi qəbul etmək səlahiyyətlərinə malik olmuşdur. 27, 28 və 29-cu binalarda sahə rəisi olmuş, 27-ci binadan işlər tam olaraq iddiaçı tərəfindən görülmüş, 28 binada isə müəyyən işlər sonuncu tərəfindən icra edilmişdir. Forma-2 aktları onun tərəfindən imzalanmış, lakin təsisçilər arasında yaranan mübahisələrə görə Forma-3 aktı tərtib edilərək işlər möhür vurulmaqla təhvil alınmamışdır. Məhkəmənin suallarına cavab olaraq şahid X5 bildirdi ki, 2022-ci il tarixdə iddiaçının xahişi əsasında aktlara yenidən imza etmişdir, halbuki 2020-ci il tarixdə həmin aktlara artıq onun tərəfindən qol çəkilmişdi. İddiaçı tərəfindən görülmüş işlər aksessuarlar, santexnik işi, malyar, zirzəmiyə şebel vurulması və s.-dən ibarət olmuş, işlərin həcmi qəbul edilmişdir.

34. Beləliklə, şahid ifadələri ilə iddiaçının müqavilə ilə razılaşdırılan 27 və 28-ci binada işlər gördüyü, 27-ci binada razılaşdırılmış bütün işlərin görüldüyü, 28-ci binada isə işlərin hissəvi görüldüyü, işlərə nəzarət etmək və qəbul etmək səlahiyyətinə malik cavabdehin sahə rəisi tərəfindən xx.xx.2020-ci il tarixli 2 ədəd Forma-2 aktına imza edilməklə işlərin təhvil alındığı öz təsdiqini tapır.

35. İddiaçı tərəfindən təsdiq olunmuş görülmüş işlərin qəbul aktlarından görünür ki, görülmüş işlərin dəyəri 578758 manat və 275819 manat olmaqla ümumilikdə 854577 manat təşkil edir.

36. Belə olan halda iddiaçının görülmüş işlərin dəyərini tələb etmək hüququ yaranır. Məhkəmə qeyd edir ki, tərəflər xx.xx.2019-cu il tarixli 19/013 nömrəli xidmət göstərilməsinə dair müqavilədə ödənişlərin naturada edilməsi imkanı da nəzərdə tutmuşlar. Müqavilənin 4.1 – 4.2-ci bəndlərinə əsasən, sifarişçi hazırkı müqavilənin 1.1-ci bəndində göstərilmiş işlər üçün bank hesablaşma köçürülməsi yolu ilə və ya yaşayış və ya qeyri-yaşayış sahələri ilə əvəzləşdirmə yolu ilə həyata keçirilir. Ödəniş əvəzləşdirmə yolu ilə həyata keçirildikdə yaşayış sahələri üçün 1 kv.m - 1265 (bir min iki yüz altmış beş) AZN, qeyri-yaşayış sahələri üçün 1 kv.m – 1500 (bir min beş yüz) AZN olaraq müəyyən olunur və müvafiq sahələrin göstəriciləri hazırkı Müqaviləyə Əlavə olunmaqla, Tərəflər arasında tələb olunan sənədləşmə əməliyyatları icra olunur.

37. Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.

38. Göstərilənlər onu deməyə əsas verir ki, tərəflər öz azad iradələri ilə muzdun ödənilməsi formasını müəyyən etdiklərindən müqavilə azadlığı prinsipinə müvafiq olaraq ödənişin razılaşdırılan qaydası tətbiq edilməlidir.

39. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

40. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

41. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

42. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

43. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

44. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.

45. Beləliklə, məhkəmə cavabdehin podrat müqaviləsi üzrə görülmüş işlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 200 kv.m yaşayış sahəsinin (1 kv.m. 1265 manat) və 401 kv.m. qeyri-yaşayış sahəsinin (1 kv.m. 1500 manat) İddiaçı təhvil verilməsi öhdəliyi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmalıdır.

46. Eyni zamanda Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinə əsasən, Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.

47. Tərəflərin əmlakın qiyməti ilə bağlı razılığını nəzərə alaraq məhkəmə qeyd edir ki, qətnamə icra olunan vaxt alınmalı əmlaklar mövcud olmasa, həmin əmlakların dəyəriyaşayış sahəsinin 1 kv.m. üçün 1265 manat olmaqla cəmi 253000 manat, qeyri-yaşayış sahəsinin 1 kv.m. üçün 1500 manat olmaqla cəmi 601500 manat cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilməlidir.

b) Məhkəmə xərcinin tutulması ilə bağlı

48. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 1145 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

49. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

50. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

51. Beləliklə, yuxarıda göstərilənləri və iddianın təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1145 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilsin.

V. Nəticə:

52. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 233, 242- 244, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 19/013 saylı xidmət müqaviləsinə əsasən 200 kv.m yaşayış sahəsinin (1 kv.m. 1265 manat) və 401 kv.m. qeyri-yaşayış sahəsinin (1 kv.m. 1500 manat) İddiaçı təhvil verilməsi öhdəliyi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulsun. Qətnamə icra olunan vaxt alınmalı əmlaklar mövcud olmasa, həmin əmlakların dəyəri-yaşayış sahəsinin 1 kv.m. üçün 1265 manat olmaqla cəmi 253000 manat, qeyriyaşayış sahəsinin 1 kv.m. üçün 1500 manat olmaqla cəmi 601500 manat cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 1145 manat məbləğində pul cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar