Məhkəmə qərarları › İş №e-2-2(113)-1387/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1387/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1387/2025 03.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: tapşırıq müqaviləsi, podrat münasibətləri, qüsurlu icra olduqda əlavə icra tələbi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 70706 manat məbləğində pulun və ödənilmiş 302,2 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. ünvan 1 ünvanında yerləşən 1234,5 kv.m sahəsi olan qeyri-yaşayış obyekti fiziki şəxs Qanuni nümayəndə mülkiyyətindədir. Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən qeyd olunan obyekt iddiaçı tərəfindən xx.xx.2033-cü il tarixədək aylıq 15500 manat icarə haqqı ödənilməklə icarəyə götürülmüşdür. Obyekt icarəyə götürüldükdən sonra “Karaca” adı altında ticarət obyekti kimi Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən uçota alınmışdır. Obyekt təmirsiz halda qəbul edilmiş, təmirə başlandıqdan sonra iddiaçının direktoru Qanuni nümayəndə ilə cavabdeh arasında bağlanmış şifahi müqaviləyə əsasən əsasən, cavabdeh ünvan 1 ünvanında, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 2 ünvanında və ünvan 3 iddiaçıya aid qeyriyaşayış sahələrinin təmir-tikinti işlərinin yerinə yetirməsini öhdəsinə götürmüşdür. 2.2. İddiaçı ilə cavabdeh arasında bağlanmış şifahi razılıq əsasında təmir-tikinti işlərinin yerinə yetirilməsi məqsədi ilə ayrı-ayrı vaxtlarda cavabdehə ümumilikdə 70706 manat məbləğində pul vəsaiti verilmiş, lakin həmin pulun müqabilində cavabdeh podratçı kimi üzərinə düşən öhdəliyi tam, düzgün və keyfiyyətli yerinə yetirməmişdir. Belə ki, cavabdeh ünvan 1 ünvanında yerləşən 1234,5 kv.m sahəsi olan qeyri-yaşayış sahəsində təmir-tikinti işlərinin bir qismini görsə də, çox keyfiyyətsiz iş görmüş, sonradan gördüyü işlər iddiaçı tərəfindən sökülərək həmin işlərin görülməsi başqa podratçılara tapşırılmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində və Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən iddiaçıya aid qeyri-yaşayış sahələrində isə heç bir iş görməmişdir. Razılaşmaya əsasən görüləcək işlər üçün ümumikdə cavabdehə 70706 manat pul vəsaiti verilmişdir. Danışıqlara əsasən görüləcək işlər 3 aya yekunlaşmalı idi. Lakin müqavilə bağlandığı müddətdən 10 aydan artıq müddət keçməsinə baxmayaraq, cavabdeh işləri yerinə yetirməmiş, ona ödənilmiş pulun geri qaytarılması barədə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, ödənilmiş pul vəsiti geri qaytarılmamışdır. Tərəflər arasında yaranan mülki hüquq münasibətləri podrat müqaviləsindən irəli gəlir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 752.1, 453, 759, 767, 769, 1096-cı və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmənin iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, cavabdeh iddiaçıya məxsus ünvan 4 ünvanında yerləşən qeyriyaşayış sahəsində təmir-tikinti işləri, Bakı şəhəri, Xətai rayonu, Zabrat qəsəbəsi 101C ünvanında yerləşən anbarda arakəsmələrin inşası, elektrik sisteminin çəkilməsi və s., ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsində dizayn işləri görüməli idi. Lakin cavabdeh tərəfindən görülən bütün işlər qüsurlu olmuş, iyun ayından işlər dayandırılmışdır. İddiaçı qüsurların aradan qaldırılması üçün cavabdehə müraciət etməmişdir. Belə ki, nəticə verməyəcəyini bilmişdir. Cavabdeh tərəfindən görülmüş işlər sökülmüş, başqa şəxslərə işlər yenidən gördürülmüşdür. Ona görə də iddiaçı verdiyi pulların cavabdehdən tutulmasını tələb edir. Cavabdeh Afiyəddin Cəlilov küçəsində olan obyektdə işi tam başa çatdırdığı təqdirdə ona 15000 manat ödəniş edilməli idi. Əlavə olaraq, Lənkəran şəhərində yerləşən qeyri-yaşayış sahəsinin və iddiaçının direktorunun şəxsi mənzilinə aid layihə və dizayn işlərinin hazırkı mübahisəyə aidiyyəti yoxdur.

6. Məhkəmənin iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X1 məhkəmənin suallarına cavab olaraq izahında bildirdi ki, cavabdeh 2024-cü ilin iyun ayına qədər işlər görmüş, cavabdeh tərəfindən işlər görüldükcə ona məlumat verilmiş, dəyəri tələb olunmuş, o isə bu barədə direktora məlumat vermişdir. Həmçinin rəhbərliyin tapşığı əsasında Afiyəddin Cəlilov küçəsində görülən işlərə gedib yerdində baxış keçirərək ölçmüş, ölçülərə uyğun görülmüş işlərin dəyərini müəyyən edərək “excel” cədvəldə ətraflı şəkildə qeyd etmiş, direktora bu barədə mütəmadi məlumat vermişdir. Rəhbərliyin qərarına əsasən cavabdehə ödənişlər etmişdir. Rəhbərlik özü də əraziyə mütəmadi gedib baxmışdır. Cavabdehə təqdim olunan yekun “excel” cədvəldə qeyd olunan “cəmi iş həcmi” – 80110,71 manat görülməli ümumi işlərin dəyərini, “cəmi görülmüş iş” – 34933,15 manat cavabdeh tərəfindən görülmüş işlərin dəyərini əks etdirir. Ödəniş qəbzlərində adı yazılan şəxslərə pul görülən işin dəyəri kimi yox, əməkhaqqı kimi verilmişdir. Həmin məbləğlər 34933,15 manata daxil deyildir. Cavabdeh tərəfindən 2000 manatlıq boya obyektdə qoyulmuşdu, qaytarılması barədə onda məlumat yoxdur.

7. Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz edərək rədd olunmasını məhkəmədən xahiş etdilər. Cavabdeh izahatında bildirdi ki, iddiaçının direktoru ilə aralarında ilk növbədə Afiyəddin Cəlilov küçəsində olan obyektdə işlərə ümumi nəzarətin həyata keçirilməsi barədə razılaşma olmuş, əməkhaqqı olaraq 15000 manat razılaşdırılmışdır. Obyektdə iddiaçının fəhlə və ustaları işləmişdir. Daha sonra iddiaçı tərəf ondan işlərin görülməsi üçün usta gətirilməsini də xahiş etmişdir. İşlər hissə-hissə görülmüş, iddiaçı tərəf mütəmadi nəzarəti həyata keçirmiş, görülən işlər ölçülmüş, hissəhissə ödəniş edilmiş, iddiaçının əməkdaşı tərəfindən görülmüş işlərin dəyərinin əks olunduğu “excel” cədvəl ona göndərilmişdir. Bundan başqa, iddiaçı Zabrat qəsəbəsində yerləşən anbar sahəsində müəyyən işlərin görülməsini tapşırmış, həmin işlər tam şəkildə görülmüşdür. 5300 manat görülmüş işin dəyəri olmuş, iddiaçının direktoru həmin işlərə nəzarətə görə pul verəcəyini bildirmişdir. Əlavə olaraq, iddiaçı Nərimanov rayonunda iddiaçıya məxsus qeyri-yaşayış binasının dizayn işlərinin görülməsini ondan xahiş etmiş, daha sonra ancaq 4-cü mərtəbənin dizayn işlərini ona həvalə etmişdir. Dizayn işinin nəticəsi bir neçə variantda görülərək iddiaçıya təqdim olunmuşdur. Daha sonra iddiaçı Lənkəran şəhərində tikiləcək hotelin layihələndirmə-smeta işlərinin görülməsini və şəxsi mənzilinin dizayn işinin görülməsini ondan xahiş etmiş, həmin işlər də görülmüş, iddiaçı Lənkəran şəhərində işləri yarımçıq saxlamışdır. Ümumilikdə 2024-cü ilin yanvar ayından işə başlanmış, iddiaçının direktoru mart ayında işlərin dayandırılmasını istəmiş, daha sonra davam etdirilməsini xahiş etmiş, iyun ayına kimi işlər icra edilmişdir. Afiyəddin Cəlilov küçəsində olan obyektdə havalandırma sistemini qurmalı olan şəxslər işləri vaxtında görməmiş, ona görə də ümumi işlər gecikmişdir. İddiaçı tərəfindən edilmiş ödənişlərin bir qismi orada işləyən işçilərinə əməkhaqqı kimi verilən vəsait olmuşdur. İddiaçı may ayında işçilərinə verməli olduğu əməkhaqqını, obyektdə qalan boyanın dəyərini təşkil edən 2000 manatı, ona ödənilməsi razılaşdırılmış 15000 manatı və dizayn/layihələndirmə işlərinin dəyərinin bir hissəsini verməmişdir. İddiaçı ona işlərdə qüsurların olması barədə pretenziya irəli sürməmiş, aradan qaldırılmasını tələb etməmişdir. İddiaçının ona borcu qalmışdır.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) İddia tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İşin müəyyən olunan halları ondan ibarətdir ki, tərəflər arasında şifahi bağlanmış müqavilələrdən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı ona məxsus ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsində təmir-tikinti işlərinin, Bakı şəhəri, Xətai rayonu, Zabrat qəsəbəsi 101C ünvanında yerləşən anbarda tikintiquraşdırma işlərinin və ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsində dizayn işlərinin görülməsini, Lənkəran şəhəri, X4 küçəsi 110 ünvanında yerləşən binanın eksiz layihəsinin hazırlanmasını cavabdehə həvalə etmiş, cavabdeh qeyd olunan işlərin görülməsini, tapşırıqların icra edilməsini öz öhdəsinə götürmüş, işlərin görülməsi və tapşırıqların yerinə yetirilməsinə görə iddiaçı tərəfindən ümumilikdə 70706 manat cavabdehə ödəniş edilmişdir.

12. İddiaçı cavabdeh tərəfindən bütün işlərin qüsurlu görüldüyünü bildirir və ödədiyi 70706 manat pulun cavabdehdən tutulmasını tələb edir.

13. Cavabdeh bildirir ki, iddiaçının direktoru ilə aralarında ilk növbədə Afiyəddin Cəlilov küçəsində olan obyektdə işlərə ümumi nəzarətin həyata keçirilməsi barədə razılaşma olmuş, əməkhaqqı olaraq 15000 manat razılaşdırılmışdır. Obyektdə iddiaçının fəhlə və ustaları işləmişdir. Daha sonra iddiaçı tərəf ondan işlərin görülməsi üçün usta gətirilməsini də xahiş etmişdir. İşlər hissə-hissə görülmüş, iddiaçı tərəf mütəmadi nəzarəti həyata keçirmiş, görülən işlər ölçülmüş, hissə-hissə ödəniş edilmiş, iddiaçının əməkdaşı tərəfindən görülmüş işlərin dəyərinin əks olunduğu “excel” cədvəl ona göndərilmişdir. Bundan başqa iddiaçı Zabrat qəsəbəsində yerləşən anbar sahəsində müəyyən işlərin görülməsini tapşırmış, həmin işlər tam şəkildə görülmüşdür. 5300 manat görülmüş işin dəyəri olmuş, iddiaçının direktoru həmin işlərə nəzarətə görə pul verəcəyini bildirmişdir. Əlavə olaraq iddiaçı Nərimanov rayonunda iddiaçıya məxsus qeyri-yaşayış binasının dizayn işlərinin görülməsini ondan xahiş etmiş, daha sonra ancaq 4-cü mərtəbənin dizayn işlərini ona həvalə etmişdir. Dizayn işinin nəticəsi bir neçə variantda görülərək iddiaçıya təqdim olunmuşdur. Daha sonra iddiaçı Lənkəran şəhərində tikiləcək hotelin layihələndirmə-smeta işlərinin görülməsini və şəxsi mənzilinin dizayn işinin görülməsini ondan xahiş etmiş, həmin işlər də görülmüş, iddiaçı Lənkəran şəhərində işləri yarımçıq saxlamışdır. Ümumilikdə 2024-cü ilin yanvar ayından işə başlanmış, iddiaçının direktoru mart ayında işlərin dayandırılmasını istəmiş, daha sonra davam etdirilməsini xahiş etmiş, iyun ayına kimi işlər icra edilmişdir. İddiaçı tərəfindən edilmiş ödənişlərin bir qismi orada işləyən işçilərinə əmək haqqı kimi verilən vəsait olmuşdur. İddiaçı may ayında işçilərinə verməli olduğu 2700 manat əməkhaqqını, obyektdə qalan boyanın dəyərini təşkil edən 2000 manatı, ona ödənilməsi razılaşdırılmış 15000 manatı və dizayn/layihələndirmə işlərinin dəyərinin bir hissəsini verməmişdir. İddiaçı ona işlərdə qüsurların olması barədə pretenziya irəli sürməmiş, aradan qaldırılmasını tələb etməmişdir.

14. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

15. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

17. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının direktoru Qanuni nümayəndə ilə cavabdeh arasında aparılan “vatsap” yazışmalarından və tərəflərin izahatlarından aydın olur ki, iddiaçı ilk növbədə ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsində təmirtikinti işləri ilə bağlı görülən işlərə nəzarət edilməsi, malların alınması, görülmüş işlərin qəbul edilməsi, dəyərinin hesablanması və s. ilə bağlı cavabdehə tapşırıqlar vermiş, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsində dizayn işlərinin görülməsini həvalə etmişdir. Daha sonra ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsində təmir-tikinti işlərinin, Bakı şəhəri, Xətai rayonu, Zabrat qəsəbəsi 101C ünvanında yerləşən anbarda tikintiquraşdırma işlərinin görülməsini sifariş etmiş, Lənkəran şəhəri, X4 küçəsi 110 ünvanında yerləşən binanın eksiz layihəsinin hazırlanmasını cavabdehə həvalə etmişdir.

18. İşin mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 4 ünvanında yerləşən qeyriyaşayış sahəsində təmir-tikinti işləri ilə bağlı iddiaçının tapşırığının icrasına görə cavabdehə işlər başa çatdıqdan sonra 15000 manat muzdun ödənilməsi razılaşdırılmışdır.

19. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

20. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

21. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

22. Göründüyü kimi, podrat və tapşırıq müqavilələri mülki qanunvericiliyin işin və xidmətlərin göstərilməsi (görülməsi) kateqoriyasına aid müqavilələr olmaqla, şifahi və ya yazılı formada bağlana bilər. Tapşırıq müqaviləsində isə tapşırığın məzmununun bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilməsi mümkündür. Hazırki iş üzrə tərəflər arasında olan münasibətləri təhlil etdikdə aydın olur ki, tərəflər arasında şifahi yaranmış müqavilə münasibətləri özündə tapşırıq (görülən işlərə nəzarət edilməsi, mal-materialın alınması, görülmüş işlərin qəbul edilməsi, dəyərinin hesablanması və s.) və podrat (dizaynın, eksiz layihənin hazırlanması, təmir-tikinti və tikinti-quraşdırma işləri) müqavilələrinin ünsürlərini ehtiva etmişdir.

23. Mülki Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

24. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

25. Həmin Məcəllənin 783.1-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir.

26. İddiaçı tərəfindən təqdim olunan ödəniş qəbzlərindən görünür ki, cavabdehə xx.xx.2024-cü il tarixdə “Nərimanov Residence layihə-dizayn və təmir kv 10 azn-dən avans verildi” qeydi ilə 10000 manat, xx.xx.2024-cü il tarixdə “Afiyəddin Cəlilov” qeydi ilə 10000 manat, xx.xx.2024-cü il tarixdə “nəzarət üzrə işçilərə ödəniş (anbar nəzarətçisi, eyni zamanda ölçülər çıxaran Rəşad), mexaniki nəzarət (Ruslan))” qeydi ilə 2200 manat, xx.xx.2024-cü il tarixdə “Zabrat anbar təmiri” qeydi ilə 5000 manat, xx.xx.2024-cü il tarixdə “aylıq ödəniş: mexanik (Ruslan), sahə rəisi (Fariz), anbardar və ölçü işləri (Rəşad) fevral ayı üçün” qeydi ilə 3600 manat, xx.xx.2024-cü il tarixdə “Zabrat anbar” qeydi ilə 1000 manat, xx.xx.2024-cü il tarixdə 3270 manat, xx.xx.2024-cü il tarixdə “malyar işləri 1ci mərtəbə tavan, mansarda beton şapın verilməsi, -1 beton şapın verilməsi” qeydi ilə 7936 manat, xx.xx.2024-cü il tarixdə “Həziyev Fariz (sahə rəisi)-1400 manat, Ruslan (mexanik)-1300 manat” qeydi ilə 2700 manat, xx.xx.2024-cü il tarixdə “Afiyəddin Cəlilov” qeydi ilə 15000 manat, xx.xx.2024-cü il tarixdə “Afiyəddin Cəlilov” qeydi ilə 10000 manat pul verilmişdir.

27. Göründüyü kimi, ödənişlər işlərin görülməsi, işçilərə pulların ödənilməsi üçün, həmçinin cavabdehə muzd olaraq verilmişdir. İddiaçı isə görülmüş işlərin qüsurlu olduğuna istinad edərək ödənilmiş pul vəsaitlərini geri tələb edir. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə Mülki Məcəllənin tapşırıq və podrat müqaviləsinə aid vəkalət verənə dəyən zərər üçün məsuliyyət və qüsurlu icranı tənzimləyən müddəaları əsasında həll edilməlidir.

28. Mülki Məcəllənin 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

29. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

30. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.

31. Həmin Məcəllənin 764.1-ci maddəsinə əsasən, əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.

32. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

33. Yuxarıda qeyd edilən normaların müqayisəli təhlilindən görünür ki, vəkalət alan yalnız tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmçinin sifarişçi aşkara çıxan qüsurla bağlı əvvəla əlavə müddət təyin etməli (Mülki Məcəllənin 763.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla), əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edib ödənilmiş muzdu tələb etmək hüququndan istifadə edə bilər. Lakin iddiaçının qüsurlarla bağlı cavabdehə müraciət etməsi, əlavə icra tələb etməsi, bununla bağlı əlavə müddət təyin etməsi iş materiallarında olan sübutlarla təsdiqini tapmır. İddiaçının nümayəndəsi/vəkili belə müraciətin edilmədiyini bildirmiş və səbəbini onunla izah etmişdir ki, nəticə verməyəcəyi onlara məlum olmuşdur. Həmçinin bildirmişdir ki, iddiaçı cavabdehin gördüyü işlərin nəticəsini aradan qaldırmış, başqa şəxslərə işləri gördürmüşdür.

34. Məhkəməyə təqdim olunan cavabdeh ilə iddiaçının nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə və nümayəndəsi (mühasibi) X1 arasında aparılan “vatsap” yazışmalarından görünür ki, cavabdeh tərəfindən görülmüş işlər barədə məlumatlar, fotovideo görüntülər, hesabatlar mütəmadi olaraq iddiaçının nümayəndələrinə təqdim edilmişdir. Həmçinin iddiaçının nümayəndəsi X1 da bu faktı məhkəmə iclasında təsdiq edərək görülmüş işlərə onun tərəfindən yerdində baxış keçirilərək ölçüldüyünü, ölçülərə uyğun görülmüş işlərin dəyərini müəyyən edərək “excel” cədvəldə ətraflı şəkildə qeyd etdiyini, direktora bu barədə mütəmadi məlumat verdiyini, rəhbərliyin qərarına əsasən cavabdehə ödənişlər etdiyini, rəhbərliyin özünün də əraziyə mütəmadi gedib baxdığını bildirmişdir. Bununla yanaşı qeyd etmişdir ki, onun tərəfindən cavabdehə təqdim olunan yekun “excel” cədvəldə təsbit olunan “cəmi iş həcmi” – 80110,71 manat görülməli ümumi işlərin dəyərini (Afiyəddin Cəlilov küçəsində yerləşən obyektdə), “cəmi görülmüş iş” – 34933,15 manat cavabdeh tərəfindən görülmüş işlərin dəyərini əks etdirir. Ödəniş qəbzlərində adı yazılan şəxslərə verilən pul görülən işin dəyəri kimi yox, əməkhaqqı kimi verilmiş, həmin məbləğlər 34933,15 manata daxil olmamışdır.

35. Bundan başqa cavabdeh ilə iddiaçının nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə arasında xx.xx.2024-cü il tarixdə aparılan “vatsap” yazışmalarından görünür ki, cavabdeh “İlqar m göndərdi mənə hesabatları, orda bizdə 2000 dekorativ boyadan (nə vaxt desən gelib davam edecək işini) qalıb, bir də may ayının maaşları qalıb (2700). Zəhmət olmasa onu deyərsən bu gün göndərsinlər” qeyd etmiş, Qanuni nümayəndə “Sənin mənə borcun var. 20000 pul vermişəm. Ortada heç nə yox. Onun hesabatın edək. Bütün işləri də yarımçıq etdin. Görüşək danışaq bunları. 15000 yaxın işçilərin alıb, 33000 təmirə pul alınıb, 20000 sən almısan, qalan xırım-xırdaları demirəm” bildirmiş, cavabdeh “20000 hesabatını atım sənə baxarsan. 1600 sənin evinin dizaynı. 7000 Nərimanovda olan obyektin aıxırıncı mərtəbə ofis dizaynı.5400 Lənkəran şəhərsalma eskiz çöl fasad dizayn. 5 ay mənim gəlib nəzarət etməyim 15000. Xırım-xırdaları saymıram və s.” qeyd etmiş, Qanuni nümayəndə “Qardaş sən mənimlə məzələnirsən 7000 salırsan. Afiyəddin öz göndərdiyin qiymətlə 30 faiz işin görməmisən. Sən cəmi 84000 yazmısan.....”, cavabdeh “Mənlə birinci bütün binanı danışdın axırda yuxarını verdin mənə” bildirmiş, Qanuni nümayəndə “Danışdım 2 şəkil göndərdin mənə dedim” qeyd etmiş, cavabdeh “2 şəkil yox 3-4 variant göndərdim sənə” Qanuni nümayəndə “7500 hesablayıram. Afiyəddin yarısı 2500 azn əgər nəsə iş görmüsən. Ona 10000 azn borclusan. Zabratda 700 azn sənin orda işinə artıq pul vermişdim”, cavabdeh “mən orda fəhlə işləyirdim 2500-ə?” bildirilmişdir.

36. Beləliklə aydın olur ki, bildirdiklərinin əksinə iddiaçı tərəf işlərə mütəmadi nəzarət etmiş, ödənişləri görülən işlərə mütənasib hissə-hissə etmiş, Afiyəddin Cəlilov küçəsində yerləşən obyektdə yekun görülməli və görülmüş işlərə dair hesabatı da özü tərtib edərək cavabdehə təqdim etmiş, işlərin keyfiyyəti ilə bağlı cavabdehə irad bildirməmiş və işlərdə mövcud hər hansı qüsurun aradan qaldırılmasını tələb etməmişdir. Həmçinin iddiaçının qanuni təmsilçisi Zabrat qəsəbəsində görülən işlərə görə 5300 manat hesablanmış, dizayn və layihələndirmə işlərinə görə 7500 manat nəzərə almış, cavabdehin 2000 manat dekorativ boyanın dəyəri və may ayında işçilərə ödənilməli haqq ilə bağlı bildirdiklərinə etiraz bildirməmiş, işlərin keyfiyyəti ilə bağlı cavabdehə irad bildirməmişdir. İddiaçının qanuni təmsilçisi yalnız dizayn işi ilə bağlı ilkin etirazını bildirmiş, ümumilikdə isə cavabdehə 10000 manat və Zabrat qəsəbəsində olan anbara görə 700 manat borclu olduğunu qeyd etmişdir.

37. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

38. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

39. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;

40. Konstitusiya Məhkəməsi göstərmişdir ki, Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır (M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 aprel 2023-cü il tarixli qərar).

41. Mülki Prosessual Məcəllənin 47.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.

42. Məhkəmə qeyd edir ki, iddiaçı işlərin qüsurlu icra edilməsinə istinad edərək pulun tutulmasını xahiş etmişdir. Lakin işin müəyyən olunan hallarından iddiaçının işlərə nəzarət etdiyi, hesabat tərtib edərək cavabdehə göndərdiyi, hissə-hissə ödənişlər etdiyi, dizayn işi istisna olmaqla işlərdə qüsurların olması ilə bağlı cavabdehə müraciət etmədiyi, cavabdehdən ödənişin yalnız bir hissəsini geri tələb etdiyi görünür. Bu isə onu deməyə əsas verir ki, iddiaçı öz maddi və prosessual hüquqlarından sui-istifadə edərək öz davranışı ilə şübhəsiz olaraq qəbul etdiyi işləri məhkəmə icratında mübahisələndirmişdir.

43. Qeyd olunanlara əsasən məhkəmə işlərin qüsurlu icra edilməsinə dair iddiaçının bildirdikləri ilə razılaşmır və mövqeyini əsassız hesab edir.

44. Məhkəmə cavabdeh tərəfindən görülmüş işlərə qiymət verməmişdən öncə bildirir ki, şifahi podrat müqaviləsindən irəli gələn işlər ilə bağlı tərəflər arasında razılaşdırılmış konkret qiymətlərin mövcudluğu iş materialları ilə öz təsdiqini tapmır. Görülmüş işlərin bir qisminin dəyərini dolayı sübutlar – tərəflər arasında olan yazışmalardan, təqdim olunan yekun qiymət cədvəlindən, digər qismini isə orta bazar dəyəri ilə müəyyən etmək mümkündür.

45. Belə ki, qiymətlə bağlı münasibətləri ilə tənzimləyən Mülki Məcəllənin 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Həmin Məcəllənin 398.3-cü maddəsinə əsasən, əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir.

46. İddiaçının işçisi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi yerləşən qeyri-yaşayış sahəsində görülmüş işlər ilə bağlı cavabdehə “vatsap” vasitəsilə göndərilmiş “excel” cədvəldən (məhkəməyə kağız formatda da təqdim olunmuşdur) görünür ki, cavabdeh tərəfindən görülmüş işlərin dəyəri 34933,15 manat təşkil etmişdir. Həmçinin xx.xx.2024-cü il tarixdə edilmiş 2200 manat, xx.xx.2024-cü il tarixdə edilmiş 3600 manat, xx.xx.2024-cü il tarixdə edilmiş 2700 manat ödəniş ayrı-ayrı işçilərin adları qeyd edilməklə edilmiş, iddiaçının nümayəndəsi də görülmüş işlərin dəyəri olan 34933,15 manata işçilərə ödənilən vəsaitin daxil olmadığını bildirmişdir. Beləliklə, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi yerləşən qeyri-yaşayış sahəsində cavabdehin gördüyü işlərin dəyərinin 34933,15 manat olduğu, həmin sahədə işlərin görülməsinə görə cavabdehin adına qeyd olunan 8500 manat (2200 manat+3600 manat+2700 manat) ödənişin işçilərə verilməsi üçün təqdim olunduğu aydın olur.

47. Bundan başqa, cavabdeh tərəfindən alınan 2000 manat dəyərində boyanın iddiaçıda olması işin müəyyən olunan halıdır. Belə ki, iddiaçının nümayəndəsi X1 cavabdehə məxsus qeyd olunan dəyərdə boyanın iddiaçı qaldığını təsdiq etmiş, lakin qaytarılıb-qaytarılmamasından məlumatsız olduğunu bildirmişdir. Həmçinin cavabdehin iddiaçının qanuni təmsilçisi ilə apardığı yazışmada da boyanın hesabatda əks olunmadığı qeyd olunmuş, qanuni təmsilçi buna etiraz etməmişdir. Məhkəməyə isə boyanın qaytarılması ilə bağlı sübut təqdim olunmamışdır. Odur ki yekun hesablaşma zamanı boyanın dəyərini təşkil edən 2000 manat nəzərə alınmalıdır.

48. Bununla yanaşı, yuxarıda göstərildiyi kimi, cavabdehin adı qeyd olunaraq təqdim olunan vəsaitlərin bir qismi Afiyəddin Cəlilov küçəsində yerləşən qeyri-yaşayış sahəsində işlərin görülməsi ilə bağlı işçilərə ödənilməli haqq olmuşdur. İşçilərə görə sonuncu ödəniş 03 may 2024-cü il tarixdə 2700 manat olmuş, cavabdeh iddiaçının qanuni təmsilçisindən may ayı üçün işçilərə ödənilməli haqq olaraq 2700 manatın ödənilməsini tələb etmişdir. Cavabdeh tərəfindən iyun ayına qədər Afiyəddin Cəlilov küçəsində yerləşən qeyri-yaşayış sahəsində işlərin görülməsi işin mübahisəsiz halıdır. Belə olan halda, məhkəmə hesab edir ki, işçilərə ödənilmiş sonuncu haqq 2700 manat may ayı üçün ödənilməli haqq olaraq da nəzərə alınmalıdır.

49. Təqdim olunan ödəniş sənədlərindən Zabrat qəsəbəsində görülməli işlərlə bağlı 6000 manat ödəniş edildiyi işin mübahisəsiz halıdır. İddiaçının qanuni təmsilçisinin Zabrat qəsəbəsində 5300 manat dəyərində işi qəbul etdiyi yuxarıda adıçəkilən yazışmalardan təsdiq olunur. Cavabdeh isə işin dəyərinin daha yuxarı olmasını iddia etməmiş, işlərə nəzarət üçün iddiaçının ona pul verəcəyini bildirmiş, lakin belə bir razılaşmanın olmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki məhkəmə hesab edir ki, Zabrat qəsəbəsində görülmüş işlərin dəyəri 5300 manat olaraq nəzərə alınmalıdır.

50. Cavabdehə ödənilməli muzd ilə bağlı məhkəmə bildirir ki, Afiyəddin Cəlilov küçəsində yerləşən qeyri-yaşayış sahəsində işlər tam görüldükdən sonra cavabdehə tapşırıq müqaviləsindən irəli gələn 15000 manat muzdun ödənilməsinin razılaşdırılması işin mübahisəsiz halı, görülməsi razılaşdırılan 80110,71 manat dəyərində işin 34933,15 manat hissəsinin görülməsi isə işin müəyyən olunan halıdır. Belə olan halda, məhkəmə hesab edir ki, 80110,71 manat üçün şərtləşdirilmiş muzdun görülmüş işə nisbətində hissəsi cavabdehə ödənilməli idi. Bu isə 6540 manat (34933,15/80110,71*100=43,6%; 15000*43,6%) təşkil edir.

51. Dizayn işinin görülməsi və eksiz layihəsinin hazırlanması və onların dəyəri ilə bağlı məhkəmə qeyd edir ki, ünvan 6 və Lənkəran şəhəri, X4 küçəsi, 110 ünvanında yerləşən hər iki əmlak iddiaçının qanuni təmsilçisinin adına olmuş, görülməli işlər isə ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin dizaynı, Lənkəran şəhəri, X4 küçəsi 110 ünvanında yerləşən torpaq sahəsində inşa ediləcək hotelin eksiz layihəsinin hazırlanması ilə bağlı olmuşdur. İddiaçının nümayəndəsi/vəkili Lənkəran şəhərində inşa ediləcək hotel ilə bağlı görülmüş işlərin iddiaçıya aid olmadığını bildirsə də, tərəflər arasında olan yazışmalardan görünür ki, Ak. H.Əliyev küçəsi və Lənkəran şəhərində yerləşən binalarla bağlı sifarişi qanuni təmsilçi vermiş, hər iki əmlakın çıxarışı qanuni təmsilçinin adına olmuş və binalar müvafiq olaraq sahibkarlıq fəaliyyətinin obyekti olmuş və olması planlaşdırılmışdır. Belə olan halda, iddiaçının cavabdehin güvənmiş olduğu əvvəlki rəftarına zidd hüququnu hazırda həyata keçirməyə çalışması əsassızdır. Lakin məhkəmə qanuni təmsilçinin şəxsi mənzili ilə bağlı görülmüş dizayn işinin hüquqi şəxsin sifarişi ilə əhatə olunmadığına dair iddiaçı tərəfin mövqeyi ilə razılaşır. Belə ki, cavabdeh tərəf bazarın peşəkar subyekti olaraq hüquqi şəxsin direktorunun şəxsi mənzili ilə bağlı görülməsini sifariş etdiyi işin hüquqi şəxsin fəaliyyəti ilə əhatə olunmadığını, direktorun öhdəliyə görə fərdi məsuliyyət daşıdığını bilməli idi.

52. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan və tərəflər arasında aparılan “vatsap” yazışmalarından cavabdeh tərəfindən iddiaçıya təqdim edildiyi təsdiq olunan ünvan 6 ünvanında yerləşən əmlakın 4-cü mərtəbəsinin dizaynına dair sxemdən 750 kv.m. sahənin dizaynına dair işlərin görüldüyü, Lənkəran şəhəri, X4 küçəsi 110 ünvanında inşa ediləcək qeyri-yaşayış sahəsinin eskiz-memarlıq planlaşdırılması işlərinə dair sxemdən əmlakın eni 16 metr, uzunluğu 16 metr olmaqla 256 kv.m (16*16) sahənin eskizmemarlıq planlaşdırılması işlərinin görüldüyü aydın olur.

53. Məhkəmə ünvan 6 və Lənkəran şəhəri, X4 küçəsi 110 ünvanında yerləşən əmlaklarla bağlı dizayn və layihələndirmə-smeta işlərinin orta bazar qiymətinin müəyyən edilməsi, həmin işlərin keyfiyyəti ilə bağlı orta bazar standartları ilə əlaqədar zəruri texniki, digər bilik və düşüncəyə malik olan mütəxəssisin iştirakının təmin olunması üçün Azərbaycan Qiymətləndiricilər Palatasının qiymətləndiricilərinin reyestrinə daxil edilmiş, “xidmətlərin qiymətləndirilməsi” sahəsi üzrə fəaliyyət göstərməsinə icazə verilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət olunmuş, mütəxəssisin xx.xx.2025-ci il tarixli iclasda iştirakı təmin olunmuş, müvafiq işlərin nəticəsi kağız və elektron daşıyıcıda mütəxəssisə təqdim olunmuş, mütəxəssis tərəfindən baxış keçirilmişdir.

54. Məhkəmə tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət olunaraq mütəxəssis tərəfindən bir sıra sualların cavablandırılması xahiş olunmuşdur: ünvan 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 4-cü mərtəbəsinin dizaynı ilə bağlı işlər Cavabdeh tərəfindən tam görülmüşdürmü? Qeyd olunan işlərin tam görüldüyü müəyyən edilmirsə, görülməmiş işlər nədən ibarətdir? Qeyd olunan işlərin tam görüldüyü müəyyən edilmirsə, görülmüş işlərin 2024-cü ilin orta bazar qiyməti əsas götürülməklə dəyəri nə qədər təşkil edir? Lənkəran şəhəri, X4 küçəsi, ev 110 ünvanında yerləşən fərdi yaşayış evinin yerində tikiləcək qeyri-yaşayış binasının layihələndirmə-smeta işləri Cavabdeh tərəfindən tam görülmüşdürmü? Qeyd olunan işlərin tam görüldüyü müəyyən edilmirsə, görülməmiş işlər nədən ibarətdir? Qeyd olunan işlərin tam görüldüyü müəyyən edilmirsə, görülmüş işlərin 2024-cü ilin orta bazar qiyməti əsas götürülməklə dəyəri nə qədər təşkil edir?

55. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunan xx.xx.2025-ci il tarixli UNİ/İ 05-335/2025 nömrəli rəyə əsasən, ünvan 11 ünvanında yerləşən qeyriyaşayış sahəsinin 4-cü mərtəbəsinin dizaynı ilə bağlı işlər Cavabdeh tərəfindən qismən görülmüşdür. Görülməmiş işlər kommunal xətlərin planlanması işləridir. Görülmüş islərin dəyəri 1 kv.m. üçün 10 (on) – 12 (on iki) manat təşkil edir. Bu zaman binanın tam deyil, yalnız 4-cü mərtəbəsinin dizayn işləri olduğu nəzərə alınmışdır. Lənkəran şəhəri, X4 küçəsi, ev 110 ünvanında yerləşən fərdi yaşayış evinin yerində tikiləcək qeyri-yaşayış binasının layihələndirmə-smeta işləri deyil, eskiz-memarlıq planlaşdırılmasıdır. Eskiz planlaşdırma işlərinə daxil olan xidmət təqdim edilən layihədə icra edilmişdir. Lakin təqdim edilən layihədə smeta işləri mövcud deyil. Memarlıq planlaşdırma həlli müvafiq olaraq lisenziyalı şirkət tərəfindən təsdiq edilməlidir. Şirkətin lisenziyası olduğu təqdirdə icra edilə bilər. Qeyd olunan işlərin 2024-cü ilin orta bazar qiyməti 1 kv.m. üçün 2 (iki) – 5 (beş) manat təşkil edir.

56. Cavabdeh tərəfindən işlərin bir neçə formada iddiaçıya təqdim edildiyi, iddiaçı tərəfindən etiraz edilmədiyi, yalnız mübahisə yarandıqdan sonra etiraz edildiyi, həmçinin iddiaçının qanuni təmsilçisinin dizayn və eskiz-memarlıq planlaşdırılması işlərinə görə muzd olaraq 7500 manatı nəzərə alması ilə bağlı mövqeyinə əsasən məhkəmə hesab edir ki, görülmüş işlərin dəyəri cavabdehə edilən ödənişin tərkib hissəsi kimi nəzərə alınmalıdır.

57. İşlərin dəyəri ilə bağlı isə məhkəmə bildirir ki, mütəxəssis tərəfindən orta bazar qiyməti təxmini qeyd edildiyindən mütəxəssisin qeyd etdiyi qiymətin orta dəyəri nəzərə alınmaqla dizayn işinin dəyəri 11 manat ((10+12)/2), eskiz-memarlıq planlaşdırılması işlərinin dəyəri 3,5 manat ((2+5)/2) götürülməklə yekun qiymət hesablanmalıdır. Belə olan halda ünvan 11 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 4-cü mərtəbəsinin dizaynı ilə bağlı görülmüş işin dəyərinin 8250 manat (11 manat*750 kv.m), Lənkəran şəhəri, X4 küçəsi, ev 110 ünvanında yerləşən fərdi yaşayış evinin yerində tikiləcək qeyri-yaşayış binasının eskiz-memarlıq planlaşdırılması ilə bağlı görülmüş işin dəyərinin 896 manat olduğu (256 kv.m.*3,5 manat) müəyyən olunur.

58. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

59. Beləliklə, məhkəmə müəyyən edilir ki, cavabdeh tərəfindən ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsində 34933,15 manat dəyərində təmir-tikinti işləri, Bakı şəhəri, Xətai rayonu, Zabrat qəsəbəsi 101C ünvanında yerləşən anbarda 5300 manat dəyərində tikinti-quraşdırma işləri, ünvan 11 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 4-cü mərtəbəsi ilə bağlı 8250 manat dəyərində dizayn işi, Lənkəran şəhəri, X4 küçəsi, ev 110 ünvanında yerləşən fərdi yaşayış evinin yerində tikiləcək qeyri-yaşayış binası ilə bağlı 896 manat eskiz-memarlıq planlaşdırılması işi görülmüşdür. Bundan başqa, görülmüş işlərə uyğun cavabdehə ödənilməli muzdun məbləği 6540 manat, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsində işlərin görülməsinə görə işçilərə təqdim olunan haqq 8500 manat, cavabdeh tərəfindən alınaraq iddiaçıya təqdim olunan boya 2000 manat təşkil etmiş, may ayı üzrə işçilərə ödənilməmiş haqq 2700 manat olmuş, yekun olaraq görülmüş işlərin dəyəri 69119,15 manat olmuşdur.

60. Belə olan halda, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 70706 manat puldan cavabdehə ödənilməli muzd məbləğini təşkil edən 69119,15 manat çıxılmaqla qalan 1586,85 (70706 – 69119,15) manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

b) Məhkəmə xərcləri ilə bağlı

61. İddiaçı həmçinin ödənilmiş 302,2 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

62. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbz əsasında müəyyən olunur ki, 302,2 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmişdir.

63. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi ekspertiza xərclərinə dair bildirişindən görünür ki, xx.xx.2025-ci il tarixli rəy üzrə aparılmış tədqiqatın dəyəri 600 manat təşkil edir.

64. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

65. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

66. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

67. Yuxarıda qeyd olunanları, mütəxəssis rəyinin görülmüş işin bir qismi ilə bağlı olmasını, rəy ilə müəyyən olunan halların işin nəticəsinə təsirini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 7 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya, ekspertiza xərci olaraq 300 manat məbləğində pul İddiaçı MMC-dən, 300 manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir.

V. Nəticə:

68. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1586,85 manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun əvəzi olaraq 7 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Ekspertiza xərci olaraq 300 manat məbləğində pul İddiaçındən, 300 manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ("xxxx" ASC Bravo 3 filialı, Kod 201296, VÖEN – **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, VÖEN – **********, hesab AZ77AİİB400600C**********218) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar