Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1391/2023 14.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutunun Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutu (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış 961/20 müqavilə üzrə 23833,80 manat və ilkin mediasiya sessiyası ilə əlaqədar ödənilmiş 200 manat xidmət haqqı, ümumilikdə 24033,80 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya müraciət olunaraq, Bakı şəhəri, Xətai rayonu X2 küçəsi 42 ünvanında yərləşən “Yaşayış ” binasının tikintisində istifadə edilən inşaat materiallarının sınaq işləri aparılmışdır. Həmin müraciət əsasında yuxarıda qeyd edilən ünvanda inşa edilən yaşayış binasının tikintisində istifadə edilən materialların sınağı ilə əlaqədar, tərəflər arasında 961/20 nömrəli müqavilə bağlanılmışdır. Müqavilələrin şərtlərinə əsasən, iddiaçı tərəfindən öhdəliklər tam yerinə yetirilərək yaşayış binalarının tikintisində istifadə edilən inşaat materiallarının keyfiyyətinin sınaq işləri aparılmışdır. Sınaq işlərinin aparılması ilə əlaqədar 961/20 nömrəli müqavilə üzrə 23 833,80 manat (18% ƏDV ilə birlikdə) bu günədək iddiaçının hesabına ödənilməmişdir. Cavabdeh ilə görülmüş işlərin qalıq dəyərinin ödənilməsi barədə uzun müddət aparılan danışıqlar nəticəsiz qalmışdır. Mövcud problem uzun müddətdir ki, davam edir və iddiaçı təsərrüfat hesablı müəssisə olduğu üçün debitor borcların yığılması İnstitutun üçüncü şəxslər qarşısında öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməməsinə səbəb olub ki, bu da müəssisənin mənafeyinə və işgüzar nüfuzuna mənfi təsir göstərir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, müqavilə üzrə ümumilikdə cavabdehə iddiaçı tərəfindən 25836,80 manat məbləğində xidmət göstərilmiş, həmin borcun bir qismi, yəni 2003 manat artıq ödənilmiş, qalan borc – 23833,80 manat ödənilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış 09 oktyabr 2020-ci il tarixli 961/20 nömrəli sınaq işlərinin aparılmasına dair müqaviləyə əsasən icraçı tərəfindən Azərbaycan Respublikasında qüvvədə olan normativ-texniki sənədlərin, standartların tələblərinə uyğun olaraq, sifarişçinin yerinə yetirdiyi tikinti-quraşdırma işlərində istifadə ediləcək tikinti materiallarının keyfiyyət göstəricilərinin və konstruksiyalarının layihəyə uyğunluğunun müəyyən edilməsi nəzərdə tutur. Müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi həvalə edir, icraçı isə Bakı şəhəri, Xətai rayonu, X3 küçəsi, 42 ünvanında inşa olunacaq eyni tipli, 3 ədəd, 1 bloklu, zirzəmili, 12 mərtəbəli (+maşın zalı) yaşayış binalarının tikintisində istifadə ediləcək tikinti materiallarının keyfiyyətinin və konstruktiv elementlərin betonunun naturada möhkəmlik göstəricilərinin layihəyə uyğunluğunun təyin edilməsi üçün sınaq işlərinin həyata keçirilməsini öz öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən binalar üzrə ümumi sınaq sahəsi – 21895,89 m2dır. Sınaq işlərinin qiyməti hər 1 m2 üçün 1 manat dəyərində razılaşdırılır və (ƏDV-siz) – 21895,89 manat ƏDV 3940,91 manat, cəmi 25836,80 manat təşkil edir. Müqavilənin 3.2-ci bəndinə əsasən sifarişçi görüləcək sınaq işlərinə görə icraçının hesabına ümumi məbləği 30 %-i avans şəklində əvvəlcədən ödəyir. Ödənilən avansın həcmində işlər icrası tərəfindən yerinə yetirildikdən sonra sifarişçi onları təhvil-qəbul aktı ilə qəbul edir. Müqavilənin 3.3-cü bəndinə əsasən müqavilə qiymətinin qalan hissəsinin (70%) ödənişi görülmüş işlərin həcmindən asılı olaraq ayrı-ayrılıqda təqdim edilmiş təhvil-qəbul aktına və hesab-fakturaya uyğun aparılır. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2-3/2/2023 saylı maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixədək həmin müqavilə üzrə xx.xx.2021-ci ildə 1003 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat ödəniş olunub. Cəmi (ƏDV 18 %) daxil olmaqla 2003 manat ödəniş olunub, sifarişçinin (ƏDV – 18%) ilə birlikdə 23834,15 manat + (200 manat mediasiya xərci) manat borcu qalıb. İddiaçı ilə cavabdeh arasında bağlanmış 59/22 saylı, xx.xx.2022-ci il tarixli yoxlamasınaq işlərinin təhvil-qəbulu üçün aktından görünür ki, tikinti sahəsində istifadə olunmuş tikinti materiallarının keyfiyyət göstəricilərinin yoxlanılması ilə bağlı inşaat materiallarının sınağına görə sentyabr, oktyabr aylarına görə 1525,42 manat ƏDV olmaqla, ümumilikdə 10.000 manat iş görülmüşdür. İddiaçı ilə cavabdeh arasında bağlanmış 391/21 saylı, xx.xx.2021-ci il tarixli yoxlamasınaq işlərinin təhvil-qəbulu üçün aktından görünür ki, tikinti sahəsində istifadə olunmuş tikinti materiallarının keyfiyyət göstəricilərinin yoxlanılması ilə bağlı inşaat materiallarının sınağına görə aprel ayına görə 762,71 manat ƏDV olmaqla, ümumilikdə 5000 manat iş görülmüşdür. İddiaçı ilə cavabdeh arasında bağlanmış 114/22 saylı, xx.xx.2022-ci il tarixli yoxlamasınaq işlərinin təhvil-qəbulu üçün aktından görünür ki, tikinti sahəsində istifadə olunmuş tikinti materiallarının keyfiyyət göstəricilərinin yoxlanılması ilə bağlı inşaat materiallarının sınağına görə fevral ayına görə 1347,53 manat ƏDV olmaqla, ümumilikdə 8833 manat iş görülmüşdür. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 09 oktyabr 2020-ci il tarixli 961/20 nömrəli sınaq işlərinin aparılmasına dair müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya sınaq işlərinin aparılmasına dair müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin sınaq işlərinin aparılmasına dair müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi tam şəkildə icra etmədiyini nəzərə alaraq hesab edir ki, 23833,80 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 23833,80 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli MŞB/13-00155 nömrəli arayışa əsasən, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat mediasiya xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 23833,80 (iyirmi üç min səkkiz yüz otuz üç manat səksən qəpik) manat pul və ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumu tutularaq iddiaçı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstitutuna ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1391/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1391/2023
14.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver