Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1393/2023 05.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:pul tələbi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Zeytun Pharmaceuticals“ MMC-dən 28.700 (iyirmi səkkiz min yeddi yüz) manat məbləğində pulun Cavabdeh MMC-dən alınıb İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Oğuz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(054)-17/2015 nömrəli hökmü ilə Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 315.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. O, xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək həbsdə və ciddi rejimli çəzaçəkmə müəssisəsində olmuşdu. Həmin müddətdə və çəzaçəkmə müəssisəsindən azad olduğu gündən də 3 ay müddətində, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək cavabdeh onun mülkiyyətində olan obyektdən qanunsuz istifadə etmişdir. Bu Oğuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(054)-3/2021 saylı xüsusi qərardadı ilə də öz təsdiqini tapır. Belə ki, həmin qərardaddan göründüyü kimi onun verdiyi etibarnamə əsasında qardaşı X2 guya ki Cavabdeh MMC ilə bağladığı xx.xx.2016-cı il tarixli müqavilədəki imzanın qardaşı tərəfindən icra edilməməsi müəyyən olunmuşdur. Lakin həmin saxta müqavilə əsasında Cavabdeh MMC ona məxsus obyekti xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək istifadə etmiş və heç bir məbləğdə icarə haqqı ödəməmişdir. Cavabdeh MMC həmin obyektdən xx.xx.2018-ci il tarixdə çıxsa da vergi orqanlarında cəmiyyətin adı mənim obyektimdən çıxmadığı üçün mən xx.xx.2018-ci il tarixədək həmin obyekti başqa şəxsə icarəyə verə bilməmişdir. O, xx.xx.2018-ci il tarixdə həmin obyekti 1400 manata icarəyə vermişdir. Beləliklə, Cavabdeh MMC obyektdən 20 ay yarımdan artıq icarə haqqı ödəmədən istifadə etmişdir. Buna görə də Cavabdeh MMC tərəfindən ona 28.700 (20,5 ayX1400 manat) manat məbləğində pul ödəməlidir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh “Zeytun Pharmaceuticals“ MMC-nin nümayəndəsi Nümayəndə izahat verərək, iddiaya etiraz etdiyini və ərizə təqdim edərək, iddia müddəti keçdiyini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi - 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. - 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır.
8. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı məxsus olmuşdur. Qeyd edilən qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixdə İddiaçı tərəfindən X1 bağışlanmışdır.
9. Həmçinin işin digər mübahisələndirilməyən halı ondan ibarətdir ki, İddiaçı məxsus olmuş ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək Cavabdeh MMC-nin faktiki istifadəsində olmuşdur.
10. Hazırda iddiaçı ona məxsus olmuş qeyri-yaşayış sahəsinin xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək Cavabdeh MMC tərəfindən qanunsuz istifadə edildiyini, Cavabdeh MMC ilə hər hansı bir müqavilə bağlanmadığını, qardaşının adından bağlanmış olan icarə müqaviləsindəki imzanın qardaşına aid olmadığını, Cavabdeh MMC tərəfindən ona hər hansı pulun verilmədiyini, sonradan qeyri-yaşayış sahəsini 1.400 manat icarəyə verdiyini bildirərək, qeyd edilmiş aylar üçün aylıq 1.400 manat hesablanmaqla pulun tutulmasını xahiş edir.
11. Cavabdeh tərəf isə İddiaçı qardaşı ilə icarə müqaviləsinin bağlandığını, aylıq 150 manat pulun verildiyi bildirir, həmçinin də ərizə təqdim edərək iddia müddəti keçdiyini bildirir.
12. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam İddiaçı ilə Cavabdeh MMC arasında icarə hüquq münasibətlərinin yaranıb-yaranmamasıdır.
13. İş materiallarında olan xx.xx.2015-ci il tarixli Şəki Penitensiar müəssisəsinin rəisi tərəfindən təsdiq edilmiş etibarnamədən görünür ki, İddiaçı X4 onun əmlakının idarə edilməsini, sərəncam verilməsini və s. hərəkətləri həyata keçirməyi etibar etmişdir.
14. İş materiallarında olan xx.xx.2016-cı il tarixli “icarəyə verən” qrafasında Mabudov Mürvət, “icarəyə götürən” qrafasında Cavabdeh MMC əks olunmuş icarə müqaviləsindən görünür ki, icarəyə verən özünə məxsus olan 40 kvadrat metr sahəni icarəyə götürənə icarəyə verir, icarəyə götürən öz növbəsində icarəyə götürülmüş sahədən istifadə etmək hüququnu qazanır.
15. Müqavilənin 3-cü bəndinə əsasən icarəyə götürən icarəyə verənə 150 manat məbləğində icarə haqqını hər ayın əvvəli ödəməyi öhdəsinə götürür.
16. Həmin müqavilənin 9-cu bəndinə əsasən müqavilənin şərtləri tərəflərin imzası ilə təsdiqləndikdən sonra hüquqi qüvvəyə malik olur. Müqavilə imzalandığı gündən 5 il müddətinə qüvvədə olur.
17. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2016-cı il tarixli icarə müqaviləsində olan “icarəyə verən” qrafasında olan imza Mabudov Mürvət tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Bununla bağlı Oğuz rayon Məhkəməsi xüsusi qərardad qəbul etmişdir.
18. Göründüyü kimi, Cavabdeh MMC-nin istinad etmiş olduğu müqavilədə imza hazırkı iş üzrə iddiaçının qardaşı Mabudov Mürvət tərəfindən imza edilməmişdir.
19. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh MMC arasında hər hansı bir icarə hüquq münasibəti yaranmamışdır. Yəni Cavabdeh MMC qeyd edilmiş qeyri-yaşayış sahəsindən hər hansı bir hüquqi əsas olmadan (müqavilə) istifadə etmişdir.
20. Belə olan halda isə tərəflər arasında olan mübahisə Mülki Məcəllənin əsassız varlanma normalarına istinad olunmaqla həll edilməlidir.
21. Göründüyü kimi iddiaçı tərəf ona məxsus olan qeyri-yaşayış sahəsindən cavabdehin xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək qanunsuz olaraq istifadə etdiyini bildirərək, 28.700 manat pulun tutulmasını xahiş edir.
22. Cavabdeh tərəf isə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia müddətinin keçdiyini bildirir və iddianın rədd edilməsini xahiş edir.
23. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. (L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 8 may 2008-ci il tarixli Qərar).
24. Şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli Qərar)
25. Hazırda da, işin mübahisələndirilməyən hallarından da, göründüyü kimi İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək Cavabdeh MMC-nin faktiki istifadəsində olmuş və iddiaçı cəzaçəkmə müəssisəsindən azad olunduğu xx.xx.2018-ci il tarixdən bu barədə məlumatlı olmuş və Cavabdeh MMC-ni qeyd edilmiş qeyri-yaşayış sahəsindən xx.xx.2018-ci il tarixində çıxarmışdır.
26. Yəni iddiaçı tərəf artıq hüququnun pozulduğunu ən geci xx.xx.2018-ci il tarixində bilmişdir. Ona görə də, iddia müddətinin axımı qeyd edilən tarixdən hesablanmalıdır.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarında qeyd etmiş olduğu hüquqi mövqe ondan ibarətdir ki, “Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.
28. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 1095-ci maddədə qeyd edilmiş müddətin kəsici müddət deyil, iddia müddəti olduğu qənaətinə gəlmişdir.
29. İddia müddətinin tətbiqi üçün isə tərəfin ərizə verməsi mütləqdir.
30. Hazırda da, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edilmişdir.
31. Məhkəmə qeyd edir ki, İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
32. Göründüyü kimi, iddiaçı tərəf öz hüquqlarının pozulduğunu ən geci xx.xx.2018ci il tarixində bilsə də, qarşı tərəfə mediasiyanın tətbiqi barədə təklifi xx.xx.2022-ci il tarixində vermişdir.
33. Göründüyü kimi, iddiaçı tərəf təxmini 4 il 9 ay sonra mediasiyanın tətbiqi barədə təklifi göndərmiş və bununla da, qanunda nəzərdə tutulmuş 2 il müddəti ötürmüşdür.
34. Belə olan halda Məhkəmə hesab edir ki, iddia iddia müddəti keçdiyindən rədd edilməlidir. VI. Nəticə:
35. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov