Məhkəmə qərarları › İş №e-2-2(113)-1393/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1393/2025

27.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1393/2025 27.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: subroqasiya, sığorta hadisəsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Sığorta Şirkəti ASC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 171,70 manat məbləğində dəymiş zərər, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 151 saylı MKİBS-in vermiş olduğu xx.xx.2019-cu il tarixli akta əsasən, xx.xx.2019-cu il tarixdə ünvan 1-nin dam örtüyünün nasazlığından və damda olan istilik çəninin baxımsızlığından su axıntısı olmuş və evin tavanına, divarlarına, döşəməsinə zərər dəymişdir. İş materiallarına əlavə edilmiş daşınmaz əmlak barədə məlumatdan, internet çıxarışından göründüyü kimi ünvan 1 İddiaçı SŞ-da sığortalanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli əmlakın zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən, Bakı şəhəri Z.Tağıyev küçəsi, ev 2, mənzil 7-yə xx.xx.2019-cu il tarixində 422 manat (dörd yüz iyirmi iki manat) məbləğində zərər dəymişdir. İddiaçı Sığorta Şirkəti dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş 1985 nömrəli ödəniş tapşırığına əsasən, ünvan 1-yə xx.xx.2019-cu il tarixli dəymiş zərərə 171,70 manat züy) yetmiş bir manat yetmiş qəpik) sığorta ödənişi həyata keçirmişdir. Bildirilir ki, xx.xx.2019-cu il tarixli hadisə ilə əlaqədar Cavabdeh MMC-yə qarşı subroqasiya hüququmu yaranmışdır. Belə ki, 151 saylı MKİBS-in vermiş olduğu xx.xx.2020-ci il tarixli arayışına əsasən ünvan 1-nin dam örtüyünün tam yerinə yetirilməməsi səbəbilə hadisə baş vermiş, bununla əlaqədar "xxxx" ASC sığorta ödənişi həyata keçirmiş bu səbəbdən də subroqasiya hüququ yaranmışdır. Hesab edilir ki, ödənilmiş 171,70 manat züy) yetmiş bir manat yetmiş qəpik) sığorta ödənişi zərərvuran Cavabdeh MMC-dən İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq iclasın iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. 081889 nömrəli sığorta aktına görə xx.xx.2019-cu il tarixdə ünvan 1 ünvanında yerləşən X2 məxsus daşınmaz əmlak dam örtüyünün tam təmir edilməməsi nəticəsində zədələnmişdir. Dəymiş zərərin məbləği 422 manat, sığorta ödənişinin məbləği isə 250 manat franşiza və 0,30 manat bərpa məbləği çıxılmaqla 171,70 manat müəyyən edilmişdir.

8. 24.02.2020-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən X2 171,70 manat məbləğində ödəniş edilmişdir.

9. Bakı şəhər İcra hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsindən verilmiş qeydiyyat vəsiqəsinə görə ünvan 1 mülkiyyət hüququ ilə X2 məxsusdur.

10. 151 saylı MKİBS-in tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli akta əsasən, xx.xx.2019-cu il tarixdə ünvan 1-nin dam örtüyünün nasazlığından və damda olan istilik çəninin baxımsızlığından su axıntısı olmuş və evin tavanına, divarlarına, parket döşəməsinə zərər dəymişdir.

11. xx.xx.2019-cu il tarixli əmlakın zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən, Bakı şəhəri Z.Tağıyev küçəsi, ev 2, mənzil 7yə xx.xx.2019-cu il tarixində 422 manat (dörd yüz iyirmi iki manat) məbləğində zərər dəymişdir.

12. 151 saylı MKİBS-in tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışa əsasən Bakı şəhəri Z.Tağıyev küçəsi, ev 2 ünvanında dam örtüyünün təmiri "xxxx" Şirkəti tərəfindən tam yerinə yetirilməmiş, dayandırılmışdır. Təmir bina onların balansına verilməmişdən əvvələ bina "xxxx" Şirkətinin balansında olan zamana aiddir.

13. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.

14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

17. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

18. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

19. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

20. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

21. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.

22. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.

23. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.

24. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).

25. MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.

26. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.

27. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).

28. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.

29. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, MM-in 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.

30. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X1 məxsus daşınmaz əmlakla bağlı İddiaçı Sığorta Şirkəti ASC ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək sığorta müqaviləsi bağlamış, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində sığorta hadisəsi baş vermiş, hadisə nəticəsində sığortalının mülkiyyətində olan obyektə 422 manat məbləğində zərər dəymiş, həmin zərərə görə iddiaçı tərəfindən sığorta müqaviləsinin şərtlərinə əsasən 250 manat azadolma məbləği və 0,30 manat bərpa məbləği çıxılmaqla, ümumilikdə 171,70 manat məbləğində sığorta ödənişi ödənilmişdir.

31. İddiaçı tərəfindən məhkəməyə zərərin cavabdeh tərəfindən vurulmasını təsdiq edə biləcək sübut kimi yalnız 151 saylı MKİBS-in tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayış təqdim edilmişdir.

32. Həmin arayışda göstərilmişdir ki, Bakı şəhəri Z.Tağıyev küçəsi, ev 2 ünvanında dam örtüyünün təmiri "xxxx" Şirkəti tərəfindən tam yerinə yetirilməmiş, dayandırılmışdır. Təmir bina onların balansına verilməmişdən əvvələ 2000-ci illərə - bina "xxxx" Şirkətinin balansında olan zamana aiddir.

33. Məhkəmə hesab edir ki, həmin sənəd zərərin məhz cavabdeh tərəfindən vurulduğunu təsdiq edən mötəbər sübut qismində qəbul edilə bilməz.

34. Belə ki, həmin arayışa təmir işlərinin cavabdeh tərəfindən aparılmasını təsdiq edən müqavilə və sairə əlavə edilməmişdir.

35. İddiaçı həmin hadisənin cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verdiyini iddia etsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

36. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən əmlaka zərər dəyməsində cavabdehin təqsirli olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

37. Bu səbəbdən dəymiş zərərin cavabdehdən tələb edilməsi barədə iddia tələbi əsassızdır və təmin edilməməlidir.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Bu səbəbdən Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

40. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı Sığorta Şirkəti ASC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar