Məhkəmə qərarları › İş №e-2-2(113)-14/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-14/2023

03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-14/2023 03.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi ilə, iddiaçının vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MTK-nin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi, dəbbə pulunun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MTK Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi, dəbbə pulunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 04 noyabr 2019-cu il tarixli 02 saylı podrat müqaviləsindən irəli gələn öhdəliklərə əsasən hər gecikdirilmiş gün üçün işin həcminin 0,2 faizi olmaqla 366.000 manat məbləğində, "xxxx" MTK-nın işgüzar nüfuzuna cavabdeh tərəfindən vurulmuş zərər olaraq 150.000 manat məbləğində, əgər zərər vurulmasaydı əldə ediləcək gəlir (əldən çıxmış bəhər) kimi 100.000 manat məbləğində və qüsurlu işlərin sökülərək (tullantı materiallarının) binanın ərazisindən daşınmasına görə çəkiləcək xərclərin dəyərinin yəni, 120.000 manat məbləğində pulun, ümumilikdə 736.000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK ilə Cavabdeh arasında imzalanmış 04 noyabr 2019-cu il tarixli 02 saylı “PODRAT” müqaviləsinə əsasən m üqavilənin qüvvədə olduğu müddət ərzində, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 26 aprel 2012-ci il tarixli, 170 saylı sərəncamı və 12631 saylı inşaat pasportu əsasında Yasamal rayonu, A.Salamzadə küçəsindəki 593 saylı məhəllədə 0,13 ha torpaq sahəsində (torpaq sahəsinin çıxarışı: MN 0117201, qeydiyyat tarixi xx.xx.2007) 1 girişli, 10 mərtəbəli binanın tikintisini davam etdirilməsi və tamamlama işlərini yekunlaşdırılmaqla qeyriyaşayış və yaşayış sahələrini təmirə hazır vəziyyətdə təhvil verməyi öz öhdəsinə götürmuşdur. Həmin müqavilənin 3.2-cü bəndinə əsasən müqavilədə nəzərdə tutulan işlər podratçı tərəfindən 04 mart 2020-ci tarixədək çatdırılmalı və qeyri-yaşayış və yaşayış sahələri təmirə hazır vəziyyətdə sifarişçiyə təhvil verilməli idi. Lakin podratçı tərəfindən bu günə qədər görüləcək işlər başa çatdırılmamış, həmçinin görülən işlər isə tikinti norma və qaydalarını pozmaqla həyata keçirilmişdir. Belə ki, yaşayış binasının təsdiq edilmiş layihəsindən kənara çıxaraq, qanunda nəzərdə tutulmuş qaydada müvafiq dövlət qurumlarının və sifarişçinin razılığı olmadan özbaşına layihədə nəzərdə tutulmayan tikinti işlərini yerinə yetirmişdir. Məsələn, yaşayış binasının layihəsinə əsasən binanın daxilində kərpiclə hörgü hörməli və daxili suvaq işlərini görməli idi. Lakin həmin işləri yarımçıq və binanın layihəsinə uyğun aparılmamışdır. Bununla da müqavilə öhdəliklərini yerinə yetirməmiş, sifarişçi üçün gələcəkdə yaşayış binasının dövlət orqanının qəbul edilməsinə əngəllər yaratmışdır. Podratçı bu hərəkətləri ilə tikinti işlərinə az xərc sərf etməklə, daha çox qazanc əldə etmək məqsədi güdmüşdür. Bununla da sifarişçiyə hazırda qarşısı alınmaz maneələr yaratmışdır. Belə ki, layihəyə uyğun olaraq divarın eni 40 sm olan yerdə 30 sm və 30 sm olan hissədə 20 sm enində hörülmüşdür. Sifarişçi tərəfindən dəfələrlə qüsurlu işlərin aradan qaldırılması üçün podratçıya xəbərdarlıq edilsədə hec bir nəticə verməmiş, əksinə müqavilə öhdəlikləri yerinə yetirməməklə sifarişçiyə maddi və mənəvi zərər vurmuşdur. Onu da qeyd etmək lazımdır ki, podratçı ilə müqavilə ilə əlaqədar dəfələrlə müzakirələr aparılsa da, gördüyü işləri müqavilədə nəzərdə tutulmuş qaydada təhvil verməyinin vacibliyi diqqətinə çatdırılsa da buna əhəmiyyət verməmişdir. Hazırda isə müqavilə öhdəliklərini yerinə yetirmədən tikinti binasını tərk etmişdir. Hər hansı bir danışıq və razılaşmadan da imtina edir. Podratçı qeyd edilən hərəkətləri ilə sifarişçiyə binanın tikintisini başa çatdırmaqla vaxtında təhvil verilməsini əngəlləmiş, həmçinin yaşayış binasından mənzil və qeyri-yaşayış sahəsi alan şəxslərin qarşısında çətin durumda qoymuşdur. Podratçının yarıtmaz hərəkətləri sifarişçinin işgüzar nüfuzuna da zərər vurmuşdur. Yaşayış binasının vaxtında təhvil verilməməsi mənzil və qeyri-yaşayış sahəsi alan şəxslərin haqlı narazılığına səbəb olmuşdur. Bundan başqa, podratçıya yol verdiyi nöqsanları müqavilə şərtlərinə əsasən öz hesabına aradan qaldırmaq üçün vaxt verilməsinə baxmayaraq, bu istiqamətdə hər hansı bir addım atmamışdır. Cavabdehin hərəkətləri onu göstərir ki, ona qanuni əsaslarla tutulan iradlara əhəmiyyət vermir və müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək fikrində deyil. Tikinti qanun və qaydaları, həmçinin binanın layihəsinə uyğun gəlməyən görülən tikinti işlərini öz hesabına sökmək və yararsız mateialları tikinti ərazisindən daşımaq bağlanmış podrat müqaviləsinə görə podratçının üzərinə düşür. Lakin podratçı həmin işləri də yerinə yetirmək fikrindən uzaqdır və ya faktiki olaraq bundan imtina edir. Ona görə hesab edirlər ki, podrat müqaviləsinin 2.2.9-cu yarımbəndinə əsasən podratçının MTK-ya vurduğu maddi və mənəvi zərər, həmçinin cərimə faizləri onun tərəfindən iddiaçıya ödənilməlidir. Bildirirlər ki, Cavabdehla bağlanmış müqavilədə görüləcək işlərin dəyəri cəmi 305.000 manatdır. Belə ki, 15.000 kv.m. daxili hörgü işlərinin dəyəri 155.000 manat, binanın daxilinin suvanmasının dəyəri 150.000 manatdır. Müqavilənin 2.2.9-cu yarımbəndinə görə Podratçı öhdəsinə götürdüyü işlərin vaxtında yerinə yetirmədiyi halda gecikdirilmiş hər gün üçün işin ümumi həcmi üçün nəzərdə tutulan məbləğin 0,2 faizi qədərində cərimə ödəməlidir. Müqaviləyə əsasən podratçı bütün işləri 04 mart 2020-ci il tarixdə təhvil verməli olduğu halda buna əməl etməmişdir. Beləliklə, podratçı müqavilənin şərtlərinə görə 04 noyabr 2020-ci ilədək 366.000 manat cərimə ödəməlidir. Bundan başqa, müqvilənin 2.1.7-ci yarımbəndinə görə podratçı gördüyü işlərdə qüsuru olarsa bunları öz hesabına aradan qaldırmalı və ya bu mümkün olmadıqda sifarişçi tərəfindən başqa şəxs dəvət edilməklə podratçının hesabına həmin işlər yenidən görülməlidir. Yuxarıda göstərildiyi kimi, podratçı qüsurlu işlərini aradan qaldırmaq və işlərini təhvil-təslim etmək niyyətində deyildir. Podratçı binada yenidən söküntü işləri aparmaqla qüsurlu işləri aradan qaldırmaq niyyətində deyildir. Ona görə də hesab edirlər ki, aparılan tikinti işlərinin sökülməsi və daşınması podratçının hesabına aparılmalıdır. Tərəflər arasında imzalanmış podrat müqaviləsinin 7-ci bəndinə əsasən müqavilədən irəli gələn bütün mübahisələr qarşılıqlı danışıqlar vasitəsilə, öz aralarında, pretenziya irəli sürülməsi qaydası ilə həll edilir. Tərəflər arasında yaranmış mübahisələr göstərilmiş qaydada həll edilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin normaları ilə tənzimlənəcək və mübahisələrə Azərbaycan Respublikasının müvafiq məhkəmələrındə baxılır. Pretenziya ilə podratçıya müraciət etsələr də hələ də cavab ala bilməmişlər. Müqavilə şərtlərinə görə Podratçıya ünvanladıqları pretenziya heç bir nəticə vermədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Eyni zamanda yuxarıda qeyd etdikləri kimi, podratçının hərəkətləri nəticəsində MTK-nın formalaşmış imicinə və işgüzar nüfuzuna zərər dəymişdir. Ona görə ki, MTK yaşayış binasından yaşayış və qeyri-yaşayış sahəsi alan şəxslərin qarşısında çıxılmaz vəziyyətdə qoymuşdur. Binada işlər başlayan zaman həmin şəxslərə binanın yaxın zamanda təhvil veriləcəyini əminliklə bildirmişdir. Həmçinin, iddiaçı hesab etmişdir bina təmirə hazır vəziyyətdə təhvil veriləndən sonra, yeni alıcılar cəlb etməklə qazanc əldə edəcəkdir. Cavabdehin əməlləri nəticəsində işgüzar nüfuzuna zərər dəyməklə yanaşı, nəzərdə tutduğu qazancdan da məhrum olunmuşdur. İddiaçı işgüzar nüfuzuna vurulmuş zərərin dəyərini 150.000 manat, əldə edəcək gəliri isə 100.000 manat qiymətləndirir. Həmçinin tikinti qayda və normalarına uyğun olmayan tikintilərinin sökülməsi və söküntü nəticəsində yığılacaq tullantıların daşınması üçün 120.000 manat təşkil edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Nümayəndə məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, tikintinin məhz Cavabdeh tərəfindən edilməsi ilə bağlı cavabdeh müqaviləyə görə hər ay hesabat verilməli idi və heç bir sənəd təqdim etməyib. İlhama pul yox, natura şəklində ödəniş olub. Onlar layihəyə uyğun hörgü aparmayıblar, işlər görülməyib. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Cavabdeh (icraçı) və "xxxx" MTK (sifarişçi) arasında 02 saylı xx.xx.2019-cu il tarixli podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən sifarişçi Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi 593-cü məhəllədə inşa edilən 1 girişli 12 mərtəbəli binanın tikintisinin davam etdirilməsi və yekunlaşdırılmaqla qeyri-yaşayış və yaşayış sahələrim təmirə hazır vəziyyətdə təhvil verməyi bağlı işləri podratçıya sifariş edir. Sifarişçi razılaşdırılmış xidmət haqqını podratçıya ödəməyi, podratçı isə sifarişçinin müəyyən etdiyi qaydada və tələb olunan keyfiyyətdə işləri görməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən görülən işlərin dairəsi və dəyəri bu müqaviləyə əlavə edilən və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə (X1) göstərilir. 1.3-cü bəndinə əsasən bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə (X1) qeyd edilən işlərin müqabilində sifarişçi podratçıya sifariş edilən işlərin müqabilində pul ödənişi etməyi öhdəsinə götürür. 2.1.1-ci bəndinə əsasən sifarişçi podratçı tərəfindən işlərin yerinə yetirilməsi üçün işklərin görüldüyü obyektdəı podratçının maneəsiz şəxsində daxil olamsına şərait yaradır. 2.1.2-ci bəndinə əsasən sifarişçi işlərin görülməsinə nəzarət etmək məqsədilə məsul şəxs təyin edir. Məsul şəxs vasitəsilə görülən işlərin tikinti üzrə norma və qaydalarına və standartlarıma əməl etməklə vaxtında və keyfiyyətli aparılmasına nəzarət edir. 2.1.3-cü bəndinə əsasən sifarişçi işlərin yerinə yetirilməsi ilə əlaqədar ondan asılı olan bütün məlumatları podratçıya vaxtında təqdim edir. 2.1.6-cı bəndinə əsasən sifarişçi lazımi keyfiyyətə uyğun yerinə yetirilmiş işlərin nəticəsini bu müqavilə ilə müəyyən olunmuş müddətdə və qaydada təhvil-təslim aktına əsasən qəbul edir. 2.1.7-ci bəndinə əsasən y sifarişçi yerinə yetirilən işlərdə və ya podratın nəticəsinin yekun təhvilindən sonra ortaya çıxan qüsurların aradan qaldırılması üçün podratçıya heç bir ödəniş olmadan əlavə vaxt verə bilər. Həmin müddətdə qüsurlar aradan qaldırılmazsa və ya əlavə vaxta ehtiyac olmadan podratçı tərəfindən həmin qüsurların aradan qaldırılmasının qeyri-mümkün olduğunu müəyyən edərsə, sifarişçi həmin işləri üçüncü şəxslərə həvalə edə bilər. Bu zaman sifarişçinin bütün xərcləri podratçı tərəfindən dərhal qarşılanmalı və ya zərərin əvəzini sifarişçinin podratçıya ödəniləcək vəsaitdən tam həcmdə tutmaq hüququ vardır. 2.1.10-cu bəndinə əsasən sifarişçi mərhələ-mərhələ görülən işləri təhvil-təslim aktı ilə qəbul edir və təsdiqləyir. 2.2.9-cu bəndinə əsasən podratçı işlərin “İşlərin icra qrafiki”nə uyğun vaxtda və "Keyfiyyət Tələbnaməsi"nə uyğun keyfiyyətdə yerinə yetirilməməsinə, habelə digər səbəblərə görə onun təqsiri üzündən sifarişçinin məruz qaldığı bütün cərimələri, onlara görə dəbbə pulunu, iddiaları, maddi və mənəvi zərərləri, o cümlədən işgüzar nüfuza vurulmuş zərərləri, real və əldən çıxmış faydanın əvəzini sifarişçinin tələbi ilə 1 ay ərzində ödəməlidir. Öhdəsinə götürdüyü işlərin vaxtında yerinə yetirmədiyi halda gecikdirilmiş hər gün üçün işin ümumi həcmi üçün nəzərdə tutulan məbləğin 0,2 faizi qədərində cərimə ödəyir. 3.1-ci bəndinə görə bu müqavilə imzalandığı gündən qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam yerinə yetirdikdən sonra qüvvəsini itirir. 3.2-ci bəndinə görə bu müqavilədə nəzərdə tutulan işlər 04 mart 2020-ci il tarixədək həyata keçirilməlidir. Müqavilə tərəflərin imzası və sifarişçinin möhürü ilə təsdiq edilmişdir. 04 noyabr 2019-cu il tarixli podrat müqaviləsinə 1 saylı əlavə olan qiymət razılaşdırılma protokoluna əsasən sözügedən müqavilədə nəzərdə tutulmuş işlərin görülməsini üçün aşağıdakı qiyməti müəyyən edirlər: 1.Hörgü işləri: hər kv.m.üçün 13 manat; 2.Suvaq işləri: hər kv.m.üçün 6 manat. Əlavə 1 olan qiymət razılaşdırılma protokolu tərəflərin imzası və sifarişçinin möhürü ilə təsdiq edilmişdir. Sifarişçisi "xxxx" MTK olan Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi 593 saylı məhəllədə 1 girişli, 10 mərtəbəli+çardaq, 2 səviyyəli 1-ci mərtəbəsi və kürsü mərtəbəsi qeyri-yaşayış sahəsi olan yaşayış binasının işçi layihəsi "xxxx" MMC tərəfindən hazırlanmışdır. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2013-cü il tarixli 18/04-154 nömrəli məktubuna əsasən Bakı şəhəri, Yasamakl rayonu, A.Salamzadə küçəsi 593 saylı məhəllədə tikintisi nəzərdə tutulan yaşayış binasının (1 girişli, 10 mərtəbəli+texmərtəbə, 2 səviyyəli 1-ci mərtəbəsi və kürsü (-2.70m) mərtəbə-qeyri-yaşayış sahəsi, zirzəmi mərtəbəsi-yeraltı avtodayanacaq; "xxxx" MMC-nin işi, LBM M.Əsgərov) işçi layihəsinin memarlıq hissəsi razılaşdırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizalarının aparılmasından imtina edilməsi barədə xx.xx.2021-ci il tarixli məlumatına əsasən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə təyin olunmuş tədqiqat obyektinə gedilmiş, lakin tərəflər (məhkəmə xx.xx.2021-ci il tarixli məktubla məlumat vermişdir) iştirak etmədiyi üçün baxış keçirilməsi mümkün olmamışdır. Bu səbəbdən qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizalarının aparılmasından imtina edilməsi barədə xx.xx.2021-ci il tarixli məlumatına əsasən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə təyin olunmuş tədqiqat obyektinə gedilmiş, lakin tərəflər (məhkəmə xx.xx.2021-ci il tarixli məktubla məlumat vermişdir) iştirak etmədiyi üçün baxış keçirilməsi mümkün olmamışdır. Bu səbəbdən qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina edilməsi barədə xx.xx.2022ci il tarixli məlumatına əsasən müəyyən edilir ki, tədqiqat obyektinə həcmli olduğu nəzərə alaraq xx.xx.2022-ci, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə baxış keçirilmiş və müvafiq ölçü işləri aparılmış, vəsatətlə çoxmərtəbəli binanın layihə sənədlərinin təqdim olunması xahiş olunmuş, lakin bu günə qədər çoxmərtəbəli binanın layihə sənədləri (məhkəmə xx.xx.2021-ci il tarixli məktubla qeyd edilən sənədlərin təqdim edilməsi ilə bağlı tərəflərə məlumat vermişdir) mərkəzə təqdim olunmamış, bu səbəbdən qərardadda qoyulmuş suallar üzrə müqayisəli tədqiqat aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina edilməsi barədə xx.xx.2023cü il tarixli məlumatına əsasən müəyyən edilir ki, məhkəmənin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, vəsatətdə qeyd olunan əlavə sənədlərin təqdim edilməsi iş üzrə tərəflərdən tələb olunmuş, həmçinin tədqiqat obyektinə baxış keçirilməsi xx.xx.2022-ci il tarixə təyin edilmiş, lakin iş üzrə tərəflər məhkəmə binasına gəlmədiyindən, eləcə də yerinə yetirilmiş təmir-tikinti işlərinin aparılmasına dair smeta sənədləri təqdim edilmədiyindən, tədqiq olunan binaya baxış keçirilməsi və qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. "xxxx" MTK tərəfindən pretenziya məktubu ilə Cavabdeh müraciət edilərək müqavilədə nəzərdə tutulmuş işlər tam icra edildikdən sonra son hesablaşma aparılacağını bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, iddiaçı "xxxx" MTK (sifarişçi) ilə Cavabdeh (icraçı) arasında 02 saylı xx.xx.2019-cu il tarixli podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı "xxxx" MTK Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi 593-cü məhəllədə inşa edilən 1 girişli 12 mərtəbəli binanın tikintisinin davam etdirilməsi və yekunlaşdırılmaqla qeyri-yaşayış və yaşayış sahələrinin təmirə hazır vəziyyətdə təhvil verməyi bağlı işləri cavabdehə sifariş etməyi, eləcə də razılaşdırılmış xidmət haqqını cavabdehə ödəməyi, cavabdeh isə iddiaçının müəyyən etdiyi qaydada və tələb olunan keyfiyyətdə işləri görməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı "xxxx" MTK tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada icra edilmədiyini iddia edir və həmin öhdəliklərin icrasının gecikdirilməsinə görə 366.000 manat məbləğində dəbbə pulunun, öhdəliklərin pozulması nəticəsində vurulmuş maddi zərərin, o cümlədən "xxxx" MTK-nın işgüzar nüfuzuna cavabdeh tərəfindən vurulmuş zərər olaraq 150.000 manat məbləğində, əldən çıxmış fayda olaraq 100.000 manat məbləğində və real zərərin -qüsurlu işlərin sökülərək (tullantı materiallarının) binanın ərazisindən daşınmasına görə çəkiləcək xərclərin əvəzi olaraq 120.000 manat məbləğində pul vəsaitinin, ümumilikdə 736.000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını tələb edir. Mülki Məcəllənin: 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən 3-cü maddəsinə əsasən hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin: 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı halda iddiaçı mübahisəli podrat müqaviləsinə əsasən müvafiq işlərin görülməsini cavabdehə sifariş etməsini (məsələn, görülməsi razılaşdırılmış işlərin adlarını, həcmini və dəyərini müfəssəl şəkildə müəyyən edən sifariş məktubunu və ya hər iki tərəfin təsdiqlədiyi smetanı və s.), həmin sifariş əsasında cavabdeh tərəfindən işlərin görülməsi üçün zəruri şərait yaratmasını (cavabdehin tikinti sahəsinə geriş-çıxışın təmin edilməsi və s.), işlərin görülməsi üçün zəruri olan sənəd və məlumatları, o cümlədən binanın layihəsini cavabdehə təqdim etməsini, eləcə də cavabdeh tərəfindən həmin müqavilə üzrə işlərin icra edilməsinə başlanılmasını, işlərin bir qisminin görülməsini, görülmüş işlərin qüsurlu olmasını (məsələn, görülmüş işlərin təhvil-təslimi barədə aktlar, qüsur aktları və s.) təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda isə işdə olan sübutlar əsasında nəinki mübahisəli müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən pozulması barədə, hətta cavabdehin müqavilə üzrə konkret işləri icra etmək öhdəliyinin yaranması barədə (belə ki, ilkin olaraq cavabdehin müvafiq işlərin görülməsi öhdəliyinin yaranması iddiaçı tərəfindən işlərin görülməsinin sifariş edilməsi ilə şərtləndirilmişdir) əsaslı nəticəyə gəlmək qeyri-mümkündür. Eyni zamanda iş materiallarından göründüyü kimi, müqavilədə göstərilən binalarda cavabdeh tərəfindən icra edilmiş işlərin həcminin müəyyən edilməsi məqsədilə iş üzrə bir neçə dəfə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin sözügedən binalarda yerinə yetirilmiş təmir-tikinti işlərinə dair smeta sənədləri ekspertə təqdim edilmədiyindən, eləcə də tərəflər baxış keçirilməsi üçün məhkəməyə gəlmədiklərindən ekspertiza tədqiqatının keçirilərək cavabdeh tərəfindən faktiki görülmüş işlərin həcminin və dəyərinin müəyyən edilməsi mümkün olmamışdır. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, hazırkı halda cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin təqsirli pozuntusuna yol verilməsi, eləcə də cavabdehin hüquqazidd, təqsirli əməlləri nəticəsində iddiaçının işgüzar nüfuzunun ləkələnməsi iş materialları ilə öz təsdiqini tapmadığından iddiaçının həmin hallara əsaslanaraq irəli sürdüyü dəbbə pulu, maddi zərərin (real və əldən çıxmış fayda formasında), o cümlədən işgüzar nüfuza vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbləri əsassızdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri – hazırkı halda iddia verilərkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı "xxxx" MTK-nin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi, dəbbə pulunun tutulması tələbinə dair iddiası rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar