Məhkəmə qərarları › İş №e-2-2(113)-141/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-141/2023

21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-141/2023 21.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik, ipoteka predmetinə tutmanın yönəldilməsi, qanuni faiz, müqavilə müddətindən sonra faiz, prosessual maraq, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 12439,6 manat əsas borc, 1374,25 manat faiz borcu, müqavilənin bitmə tarixdən sonra 17513,37 manat faiz məbləği, əsas borca illik beş faizlə hesablanmış 3679,89 manat əldən çıxmış fayda olmaqla ümumilikdə 35007,11 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 40 manat rüsumun, 200 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, tələbin Cavabdeh2 xüsusi mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 124,04 kv.m olan mənzilə yönəldilməsi, adıçəkilən mənzilin ilkin satış qiyməti müəyyən edilməklə hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına qeyd edilən 35007,11 manat borcun və 240 manat məbləğində rüsumun iddiaçıya ödənilməsi, ipoteka predmeti olan sözügedən mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 və Cavabdeh4, X3, Cavabdeh6 və yetkinlik yaşına çatmayan X8, X9 və X4 ipoteka predmetindən çıxarılması, cavabdeh və digər şəxslər tərəfindən ipoteka predmetinin boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli NSBK-194 saylı kredit müqaviləsinə əsasən illik 20 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 28 000 manat məbləğində kredit verilmişdir. 2.2. Bundan başqa, Cavabdeh1 iddiaçı qarşısında öhdəliklərinin icrasının təmini üsulu kimi Cavabdeh2 və Cavabdeh3 ilə iddiaçı arasında xx.xx.2019-cu il tarixli NSBK-194 saylı zaminlik müqavilələri bağlanılmışdır. 2.3. Həmçinin xx.xx.2019-cu il tarixli NSBK-194 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh2 xüsusi mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 124,04 kv.m olan mənzil iddiaçı qarşısında xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. 2.4. xx.xx.2019-cu il tarixli NSBK-194 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdeh dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Cavabdehlərə mediasiya prosesinin tətbiqi barədə təklif məktubu göndərilmiş və qarşılıqlı razılıq əsasında mediator seçilmişdir. İlkin mediasiya sessiyası keçirilməsi xx.xx.2022-ci il tarixinə təyin edilmiş, lakin ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib olunmuşdur.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 295, 427, 442, 445-ci və s. maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “İpoteka haqqında” Qanun) 34, 39.1-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə cavabdehlər tərəfindən iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-141/2023 nömrəli qərardadı ilə iddia tələbinin “ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 124,04 kv.m. olan mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh2 və digərlərinin ipoteka predmetindən çıxarılması, cavabdehlər tərəfindən ipoteka predmetinin boşaldılmış vəziyyətdə təhvil verilməsi” hissəsində iş üzrə icraata xitam verilmişdir.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndələri iddianın məzmununa uyğun izahat verdilər və iddianın təmin olunmasını xahiş etdilər.

7. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi X5 və X6 14 iyun 2023-cü il tarixli məhkəmə-mühasibatlıq və 03 oktyabr 2023-cü il tarixli məhkəmə-iqtisad ekspertizalarının rəyini mübahisələndirmədiklərini bildirdilər. Həmçinin Cavabdeh1 xx.xx.2023-cü il tarixli 7000 manat ödənişinin əsas borca silindiyi, müqavilənin bitmə tarixdən sonra faiz məbləğinin tutulmasının faktiki əsasının 10 sentyabr 2019-cu il tarixli NSBK-194 nömrəli kredit müqaviləsinin 2.7-ci bəndinin təşkil etdiyi qeyd edildi.

8. Cavabdeh1 məhkəmə iclaslarında iştirak edərək, əsas və faiz borcla razı olduğunu, 14 iyun 2023-cü il tarixli məhkəmə-mühasibatlıq və 03 oktyabr 2023-cü il tarixli məhkəmə-iqtisad ekspertizalarının rəyinə etiraz etmədiyini qeyd etdi və borcu hissə-hissə 5 ay ərzində ödəyəcəyini bildirdi.

9. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X3, Cavabdeh6 məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri yaşayış yeri üzrə qeydiyyatda olduqları ünvana göndərilməklə, mobil telefon nömrələrinə “SMS” bildiriş çatdırılmaqla məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə adıçəkilən cavabdehlərin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı

11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

13. İddia ərizəsinə əlavə olunmuş İddiaçı ASC (Borc verən qismində) ilə Cavabdeh1 (Borc alan qismində) arasında bağlanmış (həmçinin zaminlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən imzalanmış) 10 sentyabr 2019-cu il tarixli NSBK-194 nömrəli kredit müqaviləsinin şərtlərindən görünür ki, Borc verən bu Müqavilənin şərtləri daxilində Borc alana tikinti və inşaat məqsədilə 28000 manat məbləğdə kredit verməyi, Borc alan isə aldığı krediti bu Müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “Kreditin ödəniş cədvəli”nə (1 saylı Əlavə) uyğun olaraq Borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür (1.1). Kredit digər valyutaya çevrilib verildikdə Borc verənin öz alqı-satqı məzənnəsi əsas götürülür və bu halda Borc verən özünün müəyyən etdiyi miqdarda əməliyyat haqqı (komisyon haqqı) tuta bilər. Xarici valyutada verilən kredit üzrə istənilən ödəniş Borc alan tərəfindən ya kreditin verildiyi valyutada, yaxud ödəniş gününə uyğun Borc verənin müəyyən etdiyi məzənnə üzrə manatla ödənilməlidir. Azərbaycan manatının xarici valyutaya qarşı dəyəri dəyişərsə, xarici valyutada olan Borc verənə ödənilməmiş kreditin (borcun) və ona hesablanmış faizlərin, dəbbənin və digər xərclərin məbləğləri Borc verənin ödəniş gününə müəyyən etdiyi məzənnə ilə ödənilməlidir (2.1). Kredit 24 ay müddətinə verilir. Borc alana kredit bir dəfə və ya hisssə-hissə verilir. Kreditin ilk dəfə verilən məbləği 28000 manatdan çox olmamalıdır. Kredit Borc alan tərəfindən bir dəfəyə və ya hissə-hissə istifadə oluna bilər (2.2). Kreditə görə illik 20% hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 21% təşkil edir (2.3). Kreditdən istifadə müddəti dedikdə, kredit vəsaitlərinin Borc alana verildiyi və onun müvafiq bank hesabına köçürüldüyü andan, faktiki olaraq Borc alanın Borc verəndə olan müvafiq bank hesabına qaytarılan anadək olan müddət hesab edilir. Kreditin Borc verənə tam qaytarıldığı (bağlandığı) gün faiz hesablanmır (2.4). Kredit faizləri hesablanarkən hər ayda 30 günün, hər ildə 360 günün olduğu qəbul edilir (2.5). Kredit faizləri kreditin verildiyi gündən (həmin gün daxil olmaqla) hesablanır (2.6).

14. Məhkəməyə təqdim edilən ödəniş qrafikindən görünür ki, 10 sentyabr 2019-cu il tarixli NSBK-194 nömrəli kredit müqaviləsi üzrə ilk ödəniş tarixi xx.xx.2019-cu il, sonuncu ödəniş tarixi xx.xx.2021-ci il olmaqla ümumilikdə 28000 manat əsas məbləğ, 6201,6 manat faiz məbləğinin ödənilməsi razılaşdırılmışdır.

15. İş materiallarında olan iddiaçı (Borc verən, Bank qismində), Cavabdeh1 (Borc alan qismində) və Cavabdeh2 (Zamin qismində) arasında bağlanmış xx.xx.2019-cu il tarixli NSBK-194 nömrəli zaminlik müqaviləsinin şərtlərinə əsasən, Zamin Cavabdeh2 Cavabdeh1 ilə Kreditor (Bank) arasında bağlanmış NSBK-194 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən kredit almış Borc alanın Kreditor (Bank) qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (1.1). Zamin müqavilənin 1.1.-ci bəndində qeyd edilmiş Kredit Müqaviləsinin aşağıda göstərilmiş şərtlər daxil olmaqla, bütün şərtləri ilə tanış olmuş və Borc alanın bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyət daşımağa razıdır: kreditin məbləği (kredit xəttinin limiti) 28000 manat, kreditin qaytarılması müddəti 24 ay; kreditin faiz dərəcəsi 20%; kreditin ödənilməsi (qaytarılma) qaydası – aylıq; kreditin məqsədi tikinti və inşaat (1.2). Zamin Borc verənin (Bank) qarşısında Borc alanın öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (2.1). Borc alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə Zamin və Borc alan Borc verən (Bank) qarşısında birgə məsuliyyət daşıyırlar (2.2).

16. İş materiallarına əlavə edilmiş iddiaçı (Borc verən, Bank qismində), Cavabdeh1 (Borc alan qismində) və Cavabdeh3 (Zamin qismində) arasında bağlanmış xx.xx.2019-cu il tarixli NSBK-194 nömrəli zaminlik müqaviləsinin şərtlərinə əsasən, Zamin Cavabdeh2 Cavabdeh1 ilə Kreditor (Bank) arasında bağlanmış NSBK-194 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən kredit almış Borc alanın Kreditor (Bank) qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (1.1). Zamin müqavilənin 1.1.-ci bəndində qeyd edilmiş Kredit Müqaviləsinin aşağıda göstərilmiş şərtlər daxil olmaqla, bütün şərtləri ilə tanış olmuş və Borc alanın bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyət daşımağa razıdır: kreditin məbləği (kredit xəttinin limiti) 28000 manat, kreditin qaytarılması müddəti 24 ay; kreditin faiz dərəcəsi 20%; kreditin ödənilməsi (qaytarılma) qaydası – aylıq; kreditin məqsədi tikinti və inşaat (1.2). Zamin Borc verənin (Bank) qarşısında Borc alanın öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (2.1). Borc alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə Zamin və Borc alan Borc verən (Bank) qarşısında birgə məsuliyyət daşıyırlar (2.2).

17. İddiaçı tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən 10 sentyabr 2019-cu il tarixli NSBK-194 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə Cavabdeh1 əsas borcu 12439,6 manat, müqavilənin bitmə tarixinə faiz borcu 1374,25 manat, müqavilənin bitmə tarixindən sonra faiz borcu 17513,37 manatdır.

18. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5233/2022 nömrəli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış 19 yanvar 2023-cü il tarixli 9/8251 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, 10 sentyabr 2019-cu il tarixli NSBK-194 nömrəli kredit müqaviləsi üzrə müqavilə müddətinin bitmə tarixinə (xx.xx.2021ci il) Cavabdeh1 iddiaçıya olan əsas borcu 21779,95 manat, faiz borcu isə 986,22 manat təşkil edir. Həmçinin görünür ki, borc məbləğinin hesablanma tarixi müqavilə müddətinin bitmə tarixinə göstərildiyindən həmin tarixdən sonra edilmiş 2005,25 ödəniş hesablama zamanı nəzərə alınmamışdır.

19. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-141/2023 nömrəli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış 14 iyun 2023-cü il tarixli 9/3478 nömrəli əlavə məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, 10 sentyabr 2019-cu il tarixli NSBK-194 nömrəli kredit müqaviləsi üzrə müqavilə müddətinin bitmə tarixinə (xx.xx.2021ci il) Cavabdeh1 iddiaçıya olan əsas borcunun 21779,95 manat, faiz borcunun isə 986,22 manat olduğu, həmin tarixdən sonra 2005,25 manat ödəniş edildiyi, ödənişdən 986,22 manatın əsas borca, 1019,03 manat faiz borcuna silindiyi nəzərə alınmaqla Cavabdeh1 iddiaçıya olan əsas borcu 20760,92 manat, faiz borcu isə 0 manat təşkil edir.

20. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə Cavabdeh1 arasında 10 sentyabr 2019-cu il tarixli NSBK-194 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı 28000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu razılaşmada göstərilən şərtlərlə Cavabdeh1 verməyi, cavabdeh isə aldığı pul vəsaitini hissə-hissə olmaqla xx.xx.2021-ci il tarixinədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq isə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit məbləğini təşkil edən 28000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.

21. İddiaçı adıçəkilən kredit müqaviləsi üzrə 12439,6 manat əsas borc, 1374,25 manat faiz borcunun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir.

22. Cavabdeh1 borc məbləği ilə razı olduğunu, hissə-hissə ödəyəcəyini bildirir.

23. Digər cavabdehlər hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən, iddiaya heç bir etiraz etmir.

24. Məhkəmə cavabdehlərin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

26. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

27. Buna görə də məhkəmə cavabdehlərin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında onlardan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqelərini ifadə etməmələrini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

28. Məhkəmə mübahisənin həllində tətbiq ediləcək hüquq normaları ilə bağlı aşağıdakıları qeyd edilməsini zəruri hesab edir. Məhkəmə həmçinin göstərir ki, borc müqaviləsi və kredit müqaviləsi üzrə münasibətləri tənzimləyən Mülki Məcəllənin müvafiq normaları yeni redaksiyada verildiyindən aşağıda həmin Məcəllənin kredit müqaviləsi bağlanan və müqavilə üzrə öhdəliklər icra edilən zaman qüvvədə olan redaksiyasına istinad edilir.

29. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

30. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

31. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

32. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

33. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun (əsas və müqavilə müddətinə faiz) məbləği ilə bağlı qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, əlavə ekspert rəyi məhkəməyə daxil olduqdan sonra iddiaçı və cavabdehlər ekspert rəyinə etiraz etməmiş, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verməmişlər.

34. 14 iyun 2023-cü il tarixli 9/3478 nömrəli ekspert rəyinə əsasən müqavilənin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixə əsas borc 21779,95 manat olmuş, həmin tarixdən sonra edilmiş 2005,25 manatdan 986,22 manat faiz borcuna, 1019,03 manat əsas borca silinmiş və ödənilməmiş əsas borc məbləği 20760,92 manat, faiz borcu isə 0 manat qalmışdır.

35. Həmçinin Cavabdeh1 tərəfindən 11 dekabr 2023-cü il tarixli SA910246521 nömrəli orderlə 7000 manat ödəniş edilmiş, həmin ödəniş iddiaçının təqdim etdiyi kreditin tarixçəsinə əsasən əsas borca silinmiş, iddiaçının nümayəndələri də bu halı təsdiq etmişdir.

36. Belə olan halda aydın olur ki, 10 sentyabr 2019-cu il tarixli NSBK-194 nömrəli kredit müqaviləsi üzrə əsas borc 13760,92 manat, faiz borcu isə 0 manat təşkil edir, iddiaçı isə hazırda 12439,6 manat məbləğində əsas borcu tələb edir.

37. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və iddia tələbindən çıxmamaq şərtilə məhkəmə bu qənaətə gəlir ki, 10 sentyabr 2019-cu il tarixli NSBK-194 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 12439,6 manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır.

38. Məhkəmə müqavilənin bitmə tarixdən sonra 17513,37 manat faiz borcunun tutulması tələbi ilə bağlı isə aşağıdakıları qeyd edir.

39. 10 sentyabr 2019-cu il tarixli NSBK-194 nömrəli kredit müqaviləsinin 2.7-ci bəndinə əsasən, Borc alan hesablanmış kredit faizlərini və əsas borc qalığını annuitet qaydada (“Kreditin ödəniş cədvəli”nə əsasən) aylıq olaraq ödəməyi öhdəsinə götürür. Əsas borc kredit müddətinin son gününədək (sonuncu gün daxil olmaqla) ödənilməlidir. Müqavilənin müddəti bitdikdə və Borc alan kredit borcunu ödəmədikdə, kreditin ödənilməyən əsas məbləği üçün faizlər bu Müqavilənin 2.3-cü bəndində göstərilən faiz dərəcəsinin 2 (iki) qatı həcmində, yəni (40%) faiz, borc tam ödənilən günədək hesablanır və Borc alan tərəfindən tam ödənilməlidir.

40. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə görə, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərar).

41. Lakin həmin Qərarda Konstitusiya Məhkəməsi göstərmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ Mülki Məcəllənin 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir.

42. Beləliklə, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən çıxış edərək məhkəmə qeyd edir ki, iddiaçı yalnız müqavilənin 2.7-ci maddəsinə istinad etməklə müqavilə müddətindən sonra üçün faiz məbləğinin tutulması tələbi ilə çıxış etməkdə haqlı olmamış, Mülki Məcəllənin 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərinə uyğun olaraq zərərin dəyməsi ilə bağlı hər hansı sübut (kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarının təsviri və s.) təqdim etməmiş, dəymiş zərərin yalnız kreditor tərəfindən müvafiq sübutlar təqdim edildiyi halda mücərrəd qaydada hesablanma əsasında, qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsi formasında tutula biləcəyi ilə bağlı hüquqi mövqeyi nəzərə almamışdır.

43. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi müqavilənin bitmə tarixdən sonra 17513,37 manat faiz məbləğinin tutulması hissəsində əsassızdır və təmin edilməməlidir.

44. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

45. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

46. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

47. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, 10 sentyabr 2019cu il tarixli NSBK-194 nömrəli kredit müqaviləsi üzrə 12439,6 əsas borc cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

b) Kredit müqaviləsi üzrə əsas borca illik 5 faizin tutulması tələbi ilə bağlı

49. İddiaçı 10 sentyabr 2019-cu il tarixli NSBK-194 nömrəli kredit müqaviləsi üzrə illik 5 faizlə hesablanmış 3679,89 manat pulun cavabdehlərdən tutulmasını xahiş edir.

50. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

51. Konstitusiya Məhkəməsi göstərmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin – gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarlar).

52. Yuxarıda qeyd olunan hüquqi mövqeyə əsasən məhkəmə qeyd edir ki, müqavilə üzrə annuitet ödənişlərin həyata keçirilməli olduğu müddət xx.xx.2021-ci il tarixdə başa çatdığından həmin dövrdən sonra hesablanan əsas borca illik beş faizlə hesablanmış məbləğ tutulmalıdır.

53. Qanuni faizin məbləğini qiymətləndirərkən məhkəmə qeyd edir ki, iddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra xx.xx.2023-cü il tarixdə Cavabdeh1 tərəfindən 7000 manat ödəniş edildiyindən həmin tarixədək sözügedən məbləğə də illik 5 faizlə hesablama aparılmalıdır. Bu halda qanuni faizin məbləği tələb edilən 12439,6 manat məbləğində əsas borca illik 5 faizlə xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2023-cü il tarixə 829 gün üçün 1412,66 (12439,6*5/100/365*829) manat, 7000 manat məbləğində ödənilmiş əsas borca illik 5 faizlə xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2023-cü il tarixədək 821 gün üçün 787,26 (7000*5/100/365*821) manat təşkil edir.

54. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, əsas borca illik 5 faizlə hesablanmaqla 2199,92 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

c) Tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı

55. İddiaçı eyni zamanda tutmanın Cavabdeh2 xüsusi mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 124,04 kv.m olan mənzilə yönəldilməsi, adıçəkilən mənzilin ilkin satış qiyməti müəyyən edilməklə hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına qeyd edilən 35007,11 manat borcun və 240 manat məbləğində rüsumun iddiaçıya ödənilməsi, tələbini də irəli sürmüşdür.

56. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

57. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

58. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

59. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.

60. Həmin Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

61. “İpoteka haqqında” Qanunun 34-cü maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

62. Həmin Qanunun 41-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

63. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.

64. Məhkəməyə təqdim edilən RX ******* seriya və nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 124,04 kv.m olan mənzil mülkiyyət hüququ ilə Cavabdeh2 məxsusdur.

65. İddiaçı (ipoteka saxlayan qismində) ilə Cavabdeh2 (ipoteka qoyan qismində) və Cavabdeh1 (borc alan qismində) arasında notarial qaydada bağlanmış xx.xx.2019-cu il tarixli NSBK-194 nömrəli ipoteka müqaviləsinin şərtlərindən görünür ki, bu müqavilənin 3.1-ci bəndində göstərilən müqavilə (müqavilələr) üzrə yaranmış öhdəliklərin təminatı olaraq bu Müqavilənin 2.1-ci bəndində qeyd olunmuş əmlak(lar) ipoteka ilə yüklü edilir (1.1). İpoteka saxlayanın razılığı olduğu halda ipoteka predmetinin və ya onun natural formasının dəyişdirilməsinə bu şərtlə yol verilir ki, təklif edilən yeni ipoteka predmetinin dəyəri bu Müqavilədə nəzərdə tutulmuş dəyərdən az olmasın. Tərəflər ipoteka predmetinin dəyişdirilməsi barədə razılığa gəldikdə, qanunvericiliklə nəzərdə tutulmuş qaydada Tərəflər arasında yeni ipoteka müqaviləsi bağlanmalıdır (1.2). İpoteka ilə yüklü edilmiş əmlak İpoteka qoyanın sahibliyində və istifadəsində qalır (1.3). İpoteka qoyan ipoteka ilə yüklü edilmiş əmlakın bu Müqavilənin müddəti bilənədək ilkin vəziyyətində saxlanılması üçün tədbirlər görməlidir (1.4). İpotekanın predmeti: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi RX seriyalı, 0168189, ********** qeydiyyat nömrəli, **********20- 05301-093227 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 xüsusi mülkiyyət hüququ üzrə məxsus olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 124,04 kv.m olan mənzil (2.1). İpoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; dəbbə pulu; vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinin saxlanılması və salamatlığının təmin edilməsi xərclərinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə və digər xərclərin ödənilməsi (4.1).

66. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixli NSBK-194 nömrəli kredit müqaviləsi üzrə 24 ay müddətinə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 124,04 kv.m olan mənzilin iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır.

67. İş materiallarından görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2021-ci il tarixdə ipoteka qoyana çatdırılmış (ünvan üzrə göndərilmişdir), ipoteka saxlayan bildirişin qeydə alınması barədə xx.xx.2021-ci il tarixdə ərizə ilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etmişdir.

68. Məhkəməyə təqdim edilən müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, xx.xx.2021-ci il tarixli təsdiqetmə bildirişinin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödənilmişdir.

69. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.

70. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

71. Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir

72. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli 01 nömrəli qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

73. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5233/2022 nömrəli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış 03 oktyabr 2023-cü il tarixli 10/4960-9/5208 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Seyidzadə küçəsi, ev 38 ünvanında yerləşən mənzilin bazar dəyəri təqribən 234 000 manat, likvid dəyəri isə təqribən 217500 manat təşkil edir.

74. Məhkəmə ekspertiza rəyini və tərəflərin həmin rəyə etiraz etmədiklərini nəzərə alaraq hesab edir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 124,04 kv.m olan mənzilin ilkin satış qiyməti 217 500 manat müəyyən edilməlidir.

75. “İpoteka haqqında” Qanunun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.

76. Məhkəmə ipoteka ilə təmin edilmiş öhdəliyin Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyini nəzərə alaraq hesab edir ki, tutma Cavabdeh2 xüsusi mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 124,04 kv.m olan mənzilə yönəldilməli, adıçəkilən mənzil ilkin satış qiyməti 217 500 manat müəyyən edilməklə açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait xx.xx.2019-cu il tarixli NSBK-194 saylı kredit müqaviləsinə əsasən 14639,52 borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat, dövlət rüsumu kimi ödənilmiş pulun əvəzi olaraq 10 manat və 200 manat mediasiya xərcinin ödənilməsinə yönəldilməlidir.

d) Məhkəmə xərcləri ilə bağlı

77. İddiaçı eləcə də 200 manat mediasiya xərcinin və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat xidmət haqqının, dövlət rüsumu kimi ödənilmiş 10 manat pulun cavabdehlərdən tutulmasını xahiş etmişdir.

78. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB/9-00219 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdehlər xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak etməmiş və iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərcini ödənmişdir.

79. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, 19 yanvar 2023-cü il tarixli 9/8251 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 200 manat, 14 iyun 2023-cü il tarixli 9/3478 nömrəli tədqiqatın dəyərini isə 200 manat, 03 oktyabr 2023-cü il tarixli 10/4960-9/5208 nömrəli tədqiqatın dəyərini isə 100 manat təşkil edir.

80. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

81. Həmin Məcəllənin 115.0, 115.0.4 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

82. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

83. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

84. Digər tərəfdən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat xidmət haqqı, dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul işə məhkəmədə baxılması ilə əlaqədar xərclər olmadığından, eləcə də məhkəmə xərclərinə daxil edilmədiyindən cavabdehlərdən müştərək qaydada tutulması (bax §65,68, 75-76) mümkün deyildir.

85. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

86. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

87. İş materialları ilə müəyyən olunur ki, kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə əlaqədar cavabdehlərə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tam olaraq cavabdehlərdən tutulmalıdır.

88. Beləliklə, məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməli, ekspertiza xərci olaraq 500 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

V. Nəticə:

89. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli NSBK-194 saylı kredit müqaviləsinə əsasən 12439 (on iki min dörd yüz otuz doqquz) manat 60 (altmış) qəpik əsas borc, əsas borca illik 5 % ilə hesablanan 2199 (iki min yüz doxsan doqquz) manat 92 (doxsan iki) qəpik olmaqla ümumilikdə 14639 (on dörd min altı yüz otuz doqquz) manat 52 (əlli iki) qəpik məbləğində pul müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli NSBK-194 saylı kredit müqaviləsi üzrə tutma ilkin satış qiyməti 217500 (iki yüz on yeddi min beş yüz) manat müəyyən edilməklə Cavabdeh2 tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 3 ünvanında yerləşən 124,04 kv.m ümumi sahədən ibarət 194A nömrəli mənzilə yönəldilərək əmlak açıq hərracda satılsın. Satışdan əldə olunan vəsait İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli NSBK-194 saylı kredit müqaviləsinə əsasən 14639 (on dörd min altı yüz otuz doqquz) manat 52 (əlli iki) qəpik, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat, dövlət rüsumu kimi ödənilmiş pulun əvəzi olaraq 10 (on) manat və 200 (iki yüz) manat mediasiya xərcinin ödənilməsinə yönəldilsin. Ekspertiza xərci olaraq 500 (beş yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar