Məhkəmə qərarları › İş №e-2-2(113)-141/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-141/2024

22.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-141/2024 22.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: sığorta hadisəsi, dəymiş zərər, sığorta məbləğinin ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 5171,58 manat məbləğində sığorta ödənişi, 100 manat məbləğində mediasiya xərci, 10 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 5281,58 manat pul vəsaitinin tutulub iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh2 ASC-yə məxsus olan və Cavabdeh1 tərəfindən idarə edilən “Toyota Camry” markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobillə "xxxx" ASC-də avtokasko risklərindən sığortalanmış “Skoda Rapid” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər vurulmuşdur. Baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində “Skoda Rapid” markalı, ** PU *** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləği 10171,58 manat məbləğində qiymətləndirilmiş, tərəfimizdən 200 manat azadolma məbləği çıxılmaqla 9971,58 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş **********2 saylı, xx.xx.2022-ci il tarixli sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “Skoda Rapid” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil ASC tərəfindən əmlak sığortası qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, xx.xx.2023cü il tarixdə “Toyota Camry” markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobil və “Skoda Rapid” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi törədilmiş, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan (forma 4) müəyyən olunur ki,“Toyota Camry” markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə "xxxx" ASC-yə məxsusdur. İddia ərizəsinə əlavə edilmiş "xxxx" tərəfindən verilmiş təmir aktından müəyyən olunur ki, yolnəqliyyat hadisəsi nəticəsində Skoda Rapid” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 10171,58 manat məbləğində qiymətləndirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli sığorta aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində“Skoda Rapid” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 200 manat azadolma məbləği çıxılmaqla 9971,58 manat məbləğində sığorta ödənişi həyata keçirilməlidir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, “Skoda Rapid” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ASC tərəfindən 9971,58 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş www.isb.az saytından çıxarışdan müəyyən olunur ki,“Toyota Camry” markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən icbari qaydada sığortalanmışdır. xx.xx.2023-cü il tarixli, BS-S-23/0014 saylı geriyə tələb məktubundan müəyyən olunur ki, ASC tərəfindən "xxxx" ASC tərəfindən ödənilməli məbləğ çıxıldıqdan sonra qalıq 2833,85 manat məbləğində sığorta ödənişinin geri ödənilməsi cavabdehdən tələb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, BS-S-23/0836 saylı geriyə tələb məktubundan müəyyən olunur ki, cavabdehlərlə mübahisənin məhkəməyə qədər nizama salınması üçün "xxxx" MMC tərəfindən ödənilmiş 4800 manat (200 azn məbləğində ASC tərəfindən qarşılanmamış azadolma məbləği həddində zərər vurandan tələb hüququ zərər çəkən şəxsə aiddir) çıxıldıqdan sonra qalan 5171,58 (beş min yüz yetmiş bir manat,əlli səkkiz qəpik) manat məbləğində pulun ASC-yə geri ödənilməsi onlardan müştərək qaydada tələb edilmişdir. Mübahisənin mediasiya qaydasında həlli mümkün olmamışdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 430.1, 459.1, 936.1, 936.2, 936.5, 1097, 1108.1, 1108.2, 1114-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdehlər tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. İddiaçı və Cavabdeh2 ASC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, ekspert rəyi ilə razı deyillər. Belə ki, həmin rəy "xxxx" MMC-nin verdiyi rəyə uyğun verilib, qiymətlər ən azı iki dəfə şişirdilib, həmin rəy sübut kimi qəbul oluna bilməz. İddianı qəbul etmirlər, iddia təmin olunsa belə, təxminən 1360 manat həddində təmin oluna bilər. Belə ki, hesab edirlər ki, vurulmuş ziyan təxminən 6300 manat həcmində ola bilər.

7. Məhkəmə iclasında dindirilmiş ekspert Fərəhnaz Hüseynova-Kamalzadə verdiyi rəyi müdafiə etdi.

8. **********2 saylı avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsi və ona əlavə olunan cədvəl 1-ə əsasən "xxxx" MMC-yə məxsus, “Skoda Rapid” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək dövr üzrə sığortalanmışdır.

9. xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “Toyota Camry” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və həmin maddənin tələbinə əsasən 40 manat məbləğində cərimə edilmişdir.

10. xx.xx.2023-cü il tarixli, AZ0015371 nömrəli ödəniş tapşırığından görünür ki, **- PU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir edilməsinə görə "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına 9971,58 manat məbləğinə ödəniş edilmişdir.

11. "xxxx" MMC-nin təmir aktından görünür ki, **-PU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir-bərpa xərcləri cəmi 10171,58 manat təşkil edir.

12. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 196.5 nömrəli qiymətləndirmə aktından görünür ki, **-PU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir-bərpa xərcləri cəmi 6369 manat təşkil edir.

13. xx.xx.2023-cü il tarixli, 353/23 nömrəli sığorta aktından görünür ki, sığortalı “Skoda Rapid” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil “Toyota Camry” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, zərərlə bağlı maddi ziyanın ümumi məbləği 10171,58 manat, çıxılmış şərti azadolma məbləği 200 manat və sığorta ödənişinin məbləği 9971,58 manat təşkil edir.

14. "Sərraf-M" Qiymətləndirmə və konsaltinq şirkətinin xx.xx.2023-cü il tarixli, 0325/23 nömrəli mütəxəssis rəyinə əsasən “Skoda Rapid” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi zamanı dəymiş ziyanın və üzərində aparılmış təmir-bərpa işləri nəticəsində meydana gələn qüsurların aradan qaldırılması üçün rəyin verilən günə olan xərclərin ümumi dəyəri 6050 manat təşkil edir.

15. "xxxx" MMC tərəfindən “Kəngərli və partnyorları” vəkil bürosunun vəkili Vəkil ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, 2021-2022-ci il buraxılışlı “Skoda Rapid” markalı avtomobilin ehtiyat hissələrinin qiyməti aşağıdakı kimidir: 1. A/C (Air Conditoner) radiatoru – 532,18 manat; 2. antifriz radiatoru – 375,24 manat; 3. qabaq şveller - 411,82 manat; 4. qabaq oblisovka xromu - 781 manat; 5. qabaq sağ fara sadə model – 1036,04 manat, full – 1484,44 manat; 6. elektrovintelatorun korpusu – 84,96 manat; 7. qabaq bufer – 868,48 manat.

16. İddiaçı tərəfindən cavabdehlərə göndərilmiş xx.xx.2023-ci il tarixli, BS-S-23/0836 nömrəli pretenziya məktubundan görünür ki, 5171,58 manat vəsaitin 5 (beş) gün müddətində "xxxx" ASC-yə ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-9/6963/2023 saylı ekspert rəyində qeyd olunur ki,nəzəri hesablama yolu ilə "xxxx" tərtib etdiyi xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən 2021-ci il buraxılışlı “Skoda Rapid” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9520 manat müəyyən edilir.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 fevral 2024-cü il tarixli, 3-16-16/2-9/9684/2023 saylı ekspert rəyində qeyd olunur ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı "Skoda Rapid" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 10172,0 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 8320,00 manat; təmir-bərpa işlərinin qiyməti - 1852,00 manat. Nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı "Skoda Rapid" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9520,0 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 7668,0 manat; təmir-bərpa işlərinin qiyməti - 1852,0 manat. 2. Nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı "Skoda Rapid" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 7801,0 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 6651,0 manat; təmir-bərpa işlərinin qiyməti - 1150,0 manat. Nəzəri hesablama yolu ilə iş materiallarında olan "Real Avto” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı "Skoda Rapid" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7279,0 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 6129,0 manat; təmir-bərpa işlərinin qiyməti - 1150,0 manat. 3. Nəzəri hesablama yolu ilə iş materiallarında olan "Bakı Sığorta” ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı "Skoda Rapid" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 10172,0 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 8320,00 manat; təmir-bərpa işlərinin qiyməti - 1852,00 manat. Nəzəri hesablama yolu ilə iş materiallarında olan "Bakı Sığorta” ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılış "Skoda Rapid" markalı, **- PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9520,0 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 7668,0 manat; təmir-bərpa işlərinin qiyməti - 1852,0 manat.

4. "xxxx" tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında və "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında 29 adda ehtiyyat hissələri qiymətləndirilmiş, lakin "xxxx" tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında 20 adda ehtiyyat hissələri qiymətləndirilmişdir və bu səbəbdən də qiymətlər arasında fərq yaranmışdır. 5. İş materiallarında olan "Sərraf-M" Qiymətləndirmə və konsaltinq şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında göstərilən işlər haqqında ətraflı məlumat (ehtiyyat hissələrinin miqdarı, dəyişilməli hissələrin və təmir-bərpa işlərinin ayrı-ayrılıqda qiyməti) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçi subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən, başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün), zərərin əvəzinin ödənilməsi nəzərdə tutular. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

20. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. 15.3.1-ci maddəsinə əsasən zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər əmlaka dəyən zərərin məbləğinə daxildir. 20.1-ci maddəsinə əsasən əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz. 22.1.5-ci maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada, o cümlədən məbləğdə və müddətdə sığorta ödənişini almaq sığortalının hüququdur. 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 52.2-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin istifadəsi dedikdə avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı nəzərdə tutulur. 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi

23. İşin faktiki hallarından göründüyü kimi, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh2 ASC-yə məxsus olan və Cavabdeh1 tərəfindən idarə edilən “Toyota Camry” markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobillə "xxxx" ASC-də avtokasko risklərindən sığortalanmış “Skoda Rapid” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər vurulmuş, həmin hadisənin törədilməsində Cavabdeh1 təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində “Skoda Rapid” markalı, ** PU *** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 10171,58 manat məbləğində qiymətləndirilmiş, iddiaçı tərəfindən 200 manat azadolma məbləği çıxılmaqla, 9971,58 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. “Toyota Camry” markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə "xxxx" ASC-yə məxsus olmuşdur. Eləcə də, “Toyota Camry” markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti icbari qaydada sığortalanmış və ödənilmiş 4800 manat (200 manat məbləğində ASC tərəfindən qarşısıalınmamış azadolma məbləği həddində zərər vurandan tələb hüququ zərər çəkən şəxsə aiddir) çıxıldıqdan sonra qalan 5171,58 (beş min yüz yetmiş bir manat,əlli səkkiz qəpik) manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması tələb edilmişdir. Sığorta hadisəsinin baş verməsi, nəticədə zərər dəyməsi, iddiaçı tərəfindən sığorta məbləğinin ödənilməsi işin mübahisəsiz hallarıdır. Avtomobilə dəymiş zərər məbləği ilə Cavabdeh1 razılaşmamışdır.

24. Məhkəmə işin faktiki hallarını və qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, sığorta ödənişini vermiş iddiaçı subroqasiya qaydasında həmin məbləğin ödənilməsini tələb etmək hüququna malikdir.

25. Cavabdeh tərəf dəymiş ziyanın məbləğini mübahisələndirdiyindən ekspertiza və təkrar ekspertiza təyin olunmuş və rəylər verilmişdir.

26. Son rəydən göründüyü kimi, "xxxx" və "xxxx" ASC tərəfindən tərtib edilmiş qüsur aktı məlumatlarına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı "Skoda Rapid" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə, təxminən 9520,0 manat müəyyən edilmişdir. Rəydən göründüyü kimi, "xxxx" və "xxxx" ASC tərəfindən tərtib edilmiş qüsur aktlarında 29 adda ehtiyyat hissələri, "xxxx" tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında 20 adda ehtiyyat hissələri qiymətləndirilmiş və bu səbəbdən də qiymətlər arasında fərq yaranmışdır. Rəydə qeyd olunur ki, "Sərraf-M" Qiymətləndirmə və konsaltinq şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında göstərilən işlər haqqında ətraflı məlumat (ehtiyyat hissələrinin miqdarı, dəyişilməli hissələrin və təmirbərpa işlərinin ayrı-ayrılıqda qiyməti) olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır.

27. Rəy verildikdən sonra cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə təqdim təqdim etdiyi, "xxxx" MMC tərəfindən ona ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 2021-2022-ci il buraxılışlı “Skoda Rapid” markalı avtomobilin 2 ehtiyat hissəsinin – A/C (Air Conditoner) radiatorunun qiymətinin 532,18 manat (rəydəki qiymət 910 manatdır), elektrovintelatorun korpusunun qiymətinin isə 84,96 manat (rəydəki qiymət 287 manatdır) olduğu qeyd olunmuşdur. Həmin ehtiyat hissəslərinin qiyməti rəydə (eləcə də qüsur aktlarında) müvafiq olaraq 910 və 287 manat göstərilmişdir (digər ehtiyat ehtiyat hissələrinin qiyməti rəydə daha aşağıdır). Məhkəmənin qənaətinə əsasən həmin fərqlər müəyyən olunmuş 9520 manatdan çıxılmalıdır. Fərqlər aşağıdakı kimidir: 910- 532,18=377,82; 287-84,96=202,04. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, dəymiş zərərin məbləği 8940,14 manat (9520-(377,82+202,04)=8940,14) olmuşdur.

28. Beləliklə, tutulacaq məbləğ 3940,14 manat (8940,14-200-5000=3940,14 manat) təşkil edir.

29. Məhkəmə hesab edir ki, müəyyən olunmuş məbləğ nəqliyyat vasitəsinə qanuni əsasla sahiblik edən Cavabdeh1 tutulmalıdır. Belə ki, digər cavabdeh mülkiyyətçi olsa da, hadisə baş verən zaman avtomobili idəarə edən Cavabdeh1 olmuşdur. Ona görə də məhkəmənin qənaətinə əsasən hazırkı halda iddia digər cavabdehə münasibətdə təmin olunmamalıdır.

30. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 3940,14 manat sığorta ödənişi iddiaçının xeyrinə tutulmalı, qalan hissədə təmin olunmamalıdır.

31. Eləcə də, iddiaçı 100 manat mediasiya xərci və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 84 manat mediasiya xərci Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir.

32. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun 152 manat hissəsi Cavabdeh1, 48 manat hissəsi isə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 3940,14 manat sığorta ödənişi, 84 manat mediasiya xərci olmaqla, cəmi 4024,14 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pulun 152 manat hissəsi Cavabdeh1, 48 manat hissəsi isə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar