Məhkəmə qərarları › İş №e-2-2(113)-1430/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1430/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1430/2021 20.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, “xxxx” QSC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 71.661,59 (yetmiş bir min altı yüz altmış bir manat əlli doqquz qəpik) manat, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə 300 (üç yüz) manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 (otuz bir) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 07-18/1 saylı, 10.07.2018-cu il tarixli X1 layihəsi çərçivəsində taxtabəndlərin təchizatlarına aid xidmətlərin və işlərin görülməsi barədə müqavilə bağlanılmışdır. Həmin müqavilə bağlandığı andan Cavabdeh X1 layihəsi çərçivəsində taxtabəndlərin təchizatlarına aid xidmətləri və işləri həyata keçirirdi. Qeyd olunan müqavilənin 1.1-ci bəndinə əsasən podratçı sirkət tərəfindən ediləcək ödənişlərin müqabilində xidmətlərin və işlərin görülməsini öz üzərinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə üzrə götürülmüş öhdəlikləri yerinə yetirməsinə baxmayaraq Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək 71661.59 manat pul vəsaitini ödəməmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehdən 47.730,16 manat, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə 300 (üç yüz) manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 (otuz bir) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil2 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq,tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10.07.2018-cu il tarixli, 07-18/1 saylı müqavilənin 1.1-ci bəndinə əsasən podratçı sirkət tərəfindən ediləcək ödənişlərin müqabilində xidmətlərin və işlərin görülməsini öz üzərinə götürmüşdür. -Xidmət Aktlarına əsasən, ümumilikdə göstərilmiş xidmətlərin dəyəri 67587.54 manat təşkil etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh tərəfindən həmin aktlar imzalanaraq möhürlənmişdir. -19.10.2018-ci il tarixli HV seriyalı 163992 nömrəli X2-Fakturadan görünür ki, iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 9974.04 manat təşkil etmişdir. -12.09.2019-cu il tarixli tərəflər arasında tərtib edilmiş qarşılıqlı borcların üzləşdirilməsi aktından görünür ki, həmin tarixə 10.07.2018-cu il tarixli, 07-18/1 saylı müqavilə əsasən icraçı tərəfindən yerinə yetirilmiş və sifarişçiyə təhvil verilmiş işlərə görə Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan borcu 60730.16 manat təşkil edir. Akt tərəflərin imzaları və İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin möhürü ilə təsdiq edilmişdir. -14.01.2020-ci il tarixli tərəflər arasında tərtib edilmiş qarşılıqlı borcların yekun hesablanması və ödənilməsi haqqında razılaşmasından görünür ki, tərəflər arasında qalıq borc 14.01.2020-ci il tarixə ƏDV daxil olmadan 60730.16 manat təşkil edir. Bundan başqa tərəflər yazılı olaraq təsdiq edirlər ki, 60730.16 manat borc 2020-ci ilin yanvar ayından etibarən ödənişə başlamaq şərti ilə hər ay 7500 manat və ödənişin son ayında 8230 manat olmaqla 8 ay ərzində Cavabdeh tərəfindən ödənilməsi təsdiq edilmişdir. Razılaşma hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanmış və İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin möhürü ilə təsdiq edilmişdir. -“xxxx” KB ASC Biznes Mərkəzi filialı tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ünvanlanmış 01.09.2020-ci il tarixli UBM KBX seriyalı 588 nömrəli məktubdan görünür ki, Cavabdeh tərəfindən 19.10.2018-ci il tarixdə 5000 manat və 10.03.2020-ci il tarixdə 5000 manat məbləğlərində ödəniş edilmişdir. -31.03.2021-ci il tarixli 3 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin bank hesabına 3000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 10.07.2018-cu il tarixli, 07-18/1 saylı X1 layihəsi çərçivəsində taxtabəndlərin təchizatlarına aid xidmətlərin və işlərin görülməsi barədə müqavilə bağlanmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam və lazımi qaydada yerinə yetirməyərək, öhdəlikləri pozmuşdur. Nəticədə cavabdehin 47.730,16 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquq və vəzifələrin yaranmasına əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 və 448.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tədqiqatı dövründə iddiaçı tərəfindən yuxarıda göstərilən müqavilə üzrə, öz üzərinə götürdüyü öhdəlikləri tam və ya lazıminca icra etməməsi barədə cavabdeh tərəfindən hər hansı bir dəlil və ya sübut məhkəməyə təqdim olunmamışdır. Bununla da, qeyd olunmuş müqavilənin tərəfi olan iddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklərin tam icra olunması təkzib olunmazdır. Eyni zamanda işin məhkəmə tədqiqatı dövründə cavabdeh tərəfindən həmin müqavilə üzrə qismən ödənişin edilməsi, sonuncu tərəfindən müqavilədən irəli gələn öhdəlikləri qəbul edilməsi kimi başa düşülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh 10.07.2018-cu il tarixli, 07-18/1 saylı müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin iddiaçıya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqaviləsi üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 121.1 maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı tərəfindən hüquqi yardıma görə 300 manat ödənilməsi ilə bağlı sübut təqdim edilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 31 manat dövlət rüsumunun 21 manatı cavabdehə, 10 manatı isə iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdehndən 47730,16 (qırx yeddi min yeddi yüz otuz manat on altı qəpik) manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 21 (iyirmi bir) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 47.730,16 (qırx yeddi min yeddi yüz otuz) manat (on altı) qəpik və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 21 (iyirmi bir) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 10 (on) manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar