Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1431/2021 10.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh “xxxx” Şirkətinə qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh “xxxx” Şirkətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” Şirkətindən İddiaçı MMCnin xeyrinə 14 yanvar 2019-cu il tarixli “Avadanlığın çatdırılmasına və işlərin yerinə yetirilməsinə dair” müqaviləyə əsasən yaranmış 11.933,18 (10.848,38 manat əsas borc, 1.084,8 manat penya borcu) manat pulun tutulması və ödənilmiş dövlət rüsumuna görə 30 manat vəsaitin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” Şirkətindən İddiaçı MMC-nin xeyrinə 14 yanvar 2019-cu il tarixli “Avadanlığın çatdırılmasına və işlərin yerinə yetirilməsinə dair” müqaviləyə əsasən yaranmış 10.848,38 manat əsas borc, 1.084,8 manat penya borc olmaqla cəmi 11.933,18 manat pulun və ödənilmiş dövlət rüsumuna görə 30 manat vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh “xxxx” şirkəti arasında 14 yanvar 2019-cu il tarixli “Avadanlığın çatdırılmasına və işlərin yerinə yetirilməsinə dair” müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, iddiaçı cavabdehin ofis binasının təmirini yerinə yetirməyi və adı, sayı və xarakteristikaları Müqaviləyə 1 saylı Əlavədə göstərilən texniki Spesifikasiyada müəyyən edilmiş materialları və avadanlığı Müqaviləyə 2 saylı Əlavədə göstərilən Təqvim planına uyğun olaraq çatdırmağı, cavabdeh isə çatdırılan avadanlığı Müqavilənin şərtlərinə uyğun olaraq qəbul etməyi və ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı, Müqavilə üzrə öhdəliyini lazımınca icra etmişdir. Bundan sonra, iddiaçı Müqavilənin 3.1.1-ci bəndinin sonuncu cümləsinə müvafiq olaraq, hazırlanmış 26 avqust 2019-cu il tarixli Təhvil-təslim aktını və 10.848,38 manat pulun ödənilməsi barədə eyni tarixli 003 saylı Hesab-fakturanı cavabdehə göndərmişdir. Lakin keçən müddət ərzində cavabdeh Təhvil-təslim aktını imzalamamış, imzalamasının səbəbləri barədə də hər hansı pretenziya irəli sürməmişdir. Təmir işləri, Bakı şəhəri, Nobel prospekti 25 ünvanında yerləşən cavabdehə məxsus ofis binasında aparılmışdır ki, cavabdeh keçən müddət ərzində həmin ofis binasında fəaliyyət göstərməkdədir. Eyni zamanda, cavabdeh 10.848,38 manat pulun ödənilməsini də həyata keçirməmişdir. Halbuki Müqavilənin 3.1.1-ci bəndinə görə, həmin məbləğ 3 bank günü ərzində ödənilməli idi. Bundan başqa. Müqavilənin 7.2-ci maddəsinə görə, əgər cavabdeh ödənişi Müqavilədə göstərilən məbləğdə və müddətlərdə həyata keçirməzsə cavabdeh vaxtı keçmiş hər günə görə gecikmiş məbləğin 0,1 faizi, lakin gecikmiş ödəniş məbləğinin 10 faizindən çox olmayan məbləğdə penyanı iddiaçıya ödəyəcəkdir. Gecikdirilən dövr (01.09.2019-21.08.2020, cəmi 330 gün) üzrə penya məbləği, gecikdirilən ödəniş məbləğinin 10 faizindən çox (3.577,2 manat) təşkil edir. Lakin Müqavilənin 7.2-ci bəndinə əsasən, 1084,8 manat penya məbləği tələb edilir. Göründüyü kimi, iddiaçının 10.848,38 manat əsas borc, 1.084,8 manat penya borcu, cəmi 11.933,18 manat pul tələbi əsaslıdır və Müqaviləyə əsaslanır. Keçən müddət ərzində cavabdeh 11.933,18 manat məbləğində pul vəsaitini hansı səbəbdən ödəmədiyinə dair hər hansı əsaslandırmaya yer verə bilməmişdir. Cavabdeh həmin məbləği ödəməməklə Müqavilədən irəli gələn öhdəliyini pozur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iş qüsurlu deyil sadəcə tamamlanmayıbdır. İşlər görülməli, təhvil-təslim aktı imzalanmalı idi. Təhvil-təslim aktı imzalanmayıb. İddia tələbi əsassızdır. Sonda cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Satıcı İddiaçı MMC ilə alıcı “xxxx” Şirkəti arasında imzalanmış 14 yanvar 2019-cu il tarixli “Avadanlığın çatdırılmasına və işlərin yerinə yetirilməsinə dair” müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, iddiaçı cavabdehin ofis binasının təmirini yerinə yetirməyi və adı, sayı və xarakteristikaları Müqaviləyə 1 saylı Əlavədə göstərilən texniki Spesifikasiyada müəyyən edilmiş materialları və avadanlığı Müqaviləyə 2 saylı Əlavədə göstərilən Təqvim planına uyğun olaraq çatdırmağı, cavabdeh isə çatdırılan avadanlığı Müqavilənin şərtlərinə uyğun olaraq qəbul etməyi və ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən X2 43 393,52 (qırx üç min üç yüz doxsan üç) manat 52 qəpiL o cümlədən 6 619,35 (altı min altı yüz on doqquz) manat 35 qəpik məbləğində 18% ƏDV təşkil edir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən Avadanlığın dəyəri 15 937,99 (on beş min doqquz yüz otuz yeddi) manat 99 qəpik, o cümlədən 2 431,22 (iki min dörd yüz otuz bir) manat 22 qəpik təşkil edir və qablaşdırmanı, markalanmanı, yüklənməni, Avadanlığın gömrük rəsmiləşdirilməsi ilə bağlı olan bütün xərcləri, Avadanlığın hazırkı Müqavilənin 4.2ci bəndində göstərilən ünvan üzrə Sifarişçinin anbarına çatdırılmasını özündə birləşdirir. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən Spesifikasiyada istənilən dəyişiklik Müqavilənin Qiymətinin və ya çatdırılma müddətlərinin dəyişməsinə gətirib çıxaracaqdır, hansı ki, zərurət olduğu halda. Tərəflərin razılığı ilə müvafiq qaydada dəyişdiriləcəkdir. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən işlərin dəyəri 27 455,53 (iyirmi yeddi min dörd yüz əlli beş) manat 53 qəpik, o cümlədən 4 188,13 (dörd min yüz səksən səkkiz) manat 13 qəpik məbləğində 18% ƏDV təşkil edir və İcraçının bütün xərclərini, məsrəflərini və mükafatlarını əhatə edir. Həmin Müqavilənin 3.1.1-ci bəndinə əsasən tərəflər hazırkı Müqaviləni imzaladığı və işlərə başlanıldığı gündən sonrakı 3 (üç) bank günündən gec olmayaraq 21 696,76 (iyirini bir min altı yüz doxsan altı) manat 76 qəpik məbləğində Müqavilə Qiymətinin 50%-i, o cümlədən 3 309.67 (üç min üç yüz doqquz manat altmış qəpik) manat məbləğində 18% ƏDV ödənilməlidir. 15 (on beş) bank günündən gec olmayaraq 10 848,38 (on min səkkiz yüz qırx səkkiz manat otuz səkkiz qəpik) manat məbləğində Müqavilə Qiymətinin 25%-i, o cümlədən 1 654,84 (min altı yüz əlli dörd manat səksən dörd qəpik) manat məbləğində 18% ƏDV ödənilməlidir. Müqavilə Qiymətinin 10848.38 (on min səkkiz yüz qırx səkkiz manat otuz səkkiz qəpik) manat məbləğində qalan 25%-i, o cümlədən 1654,84 (min altı yüz əlli dörd manat səksən dörd qəpik) manat məbləğində 18% ƏDV Tərəflərin Mal qaiməsini və yerinə yetirilən işlərin qəbul Aktını imzaladığı tarixdən sonrakı 3 (üç) bank günü ərzində ödənilməlidir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən işlərə başlamaq üçün materiallar və avadanlıq hazırkı Müqavilənin imzalandığı tarixdən sonrakı 10 (on) təqvim günü ərzində İcraçı tərəfindən çatdırılmalıdır. Materialların və avadanlığın çatdırılma tarixi olaraq, 4.2-ci bənddə göstərilən ünvan üzrə Avadanlığın qəbul edilməsi barədə Sifarişçinin qeydi olan nəqliyyat qaiməsində göstərilən tarix hesab olunur. Avadanlığın təhvil verilməsi ilə yanaşı İcraçı onun ləvazimatlarını, habelə ona aid olan, qanunla, digər hüquqi aktlarla və hazırkı Müqavilə ilə nəzərdə tutulan sənədləri (texniki pasport, keyfiyyət sertifikatı, istismar üzrə təlimat və sairi) Sifarişçiyə təhvil verməlidir. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən icraçı Avadanlığın təhlükəsiz daşınmasını təmin edən seçiminə uyğun olaraq istənilən nəqliyyatla materialların və avadanlığın Sifarişçinin Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1025, Nobel prospekti 25 ünvanında yerləşən ofisinə çatdırılmasını həyata keçirir. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən materiallar və avadanlıq daşınma, hərəkət yolunda boşaldılıb yüklənmə, saxlanma və mexaniki vasitələrlə və ya əllə boşaldılma zamanı materialların və avadanlığın mühafizəsini təmin edən lazımi qablaşdırmada İcraçı tərəfindən çatdırılır. Bu zaman tara geri qaytarılmır. İcraçı Sifarişçinin adını, materialların və avadanlığın adını və sayını, etiketlərin vurulma tarixini göstərən etiketlərin vurulması yolu ilə materialları və avadanlığı eyniləşdirməlidir. Həmin Müqavilənin 4.6-cı bəndinə əsasən İcraçı İşləri aşağıdakı müddətlərdə yerinə yetirməyi öhdəsinə götürür: İlkin müddət: 14 yanvar 2019-cu il Son müddət: 15 fevral 2019-cu il Həmin Müqavilənin 4.7-ci bəndinə əsasən icraçı işlərin yerinə yetirilməsi üçün vacib olan bütün materialları və/və ya avadanlığı çatdırmağı öhdəsinə götürür. Belə materiallann və/və ya avadanlığın adı və sayı, habelə onların keyfiyyətinə qarşı tələblər “Sifarişçinin tapşırığı" adlı 1 Ma-li Əlavədə göstərilir. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən Avadanlığın çatdınlma tarixi olaraq Avadanlığın Sifarişçi tərəfindən İcraçıdan (və ya daşıyıcıdan) nəqliyyat qaiməsində göstərilən ünvan üzrə alındığı təqvim tarixi hesab olunur. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən Avadanlığın yoxlanılması və qəbulu üçün Sifarişçinin sərəncamında Avadanlığın çatdırıldığı tarixdən sonrakı 30 təqvim günü var. Avadanlığın qəbulu zamanı Sifarişçi say, keyfiyyət və nomenklatura üzrə hazırkı Müqaviləyə 1 nömrəli Əlavədə göstərilən Spesifikasiyaya uyğunluq predmeti üzrə Avadanlığı yoxlayır. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən əgər təhvil verilən Avadanlıq və yerinə yetirilən İşlər say, keyfiyyət və nomenklatura üzrə Sifarişçinin tələblərinə uyğun olarsa. Sifarişçi qəbul Aktını imzalayır və bir nüsxəsini İcraçıya göndərir. Kəsir, Müqavilənin tələblərinə uyğunsuzluq aşkar edildiyi və/və ya çatdırılmış Avadanlıqda nasazlıqlar olduğu halda, göstərilən bütün nöqsanlar nöqsanlara dair Aktda əks olunur. Həmin Müqavilənin 7.1-ci bəndinə əsasən Əgər Avadanlığın 4.1-ci maddədə göstərilən çatdırılma müddətləri İcraçının ucbatından pozularsa. İcraçı vaxtı keçmiş hər günə görə gecikmə ilə çatdırılmış Avadanlığın dəyərinin 0,1% məbləğində penyanı Sifarişçiyə ödəyəcəkdir. Həmin Müqavilənin 7.2-ci bəndinə əsasən əgər Sifarişçi ödənişi hazırkı Müqavilədə göstərilən məbləğdə və müddətlərdə həyata keçirməzsə. Sifarişçi vaxtı keçmiş hər günə görə gecikmiş məbləğin 0,1 %-i, lakin gecikmiş ödəniş məbləğinin 10%-dən çox olmayan məbləğdə penyanı İcraçıya ödəyəcəkdir. 14 yanvar 2019-cu il tarixli “Avadanlığın çatdırılmasına və işlərin yerinə yetirilməsinə dair” müqaviləsinə edilmiş Əlavə 1-Sifarişçi tapşırığından görünür ki, “xxxx” Şirkəti tərəfindən ümumi dəyəri ƏDV daxil 43393,52 manat avadanlıq və işlər sifariş olunmuşdur. 14 yanvar 2019-cu il tarixli “Avadanlığın çatdırılmasına və işlərin yerinə yetirilməsinə dair” müqaviləsinə edilmiş Əlavə 2 Avadanlığı çatdırılmasına (və işlərin yerinə yetirilməsinə) dair Təqvim planından görünür ki, İddiaçı MMC tərəfindən işlərin görülməsi müddətləri müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 26.08.2019-cu il tarixli Təhvil-Təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən verilmiş avadanlıqlar və görülmüş işlərin ümumi dəyəri 43393,52 manat təşkil edir. Qeyd olunan akt İddiaçı MMC tərəfindən imzalanmasına baxmayaraq cavabdeh tərəfindən imzalanmamışdır. İş materiallarına əlavə edilmiş 26.08.2019-cu il tarixli 003 nömrəli Hesab- Fakturadan görünr ki, İddiaçı MMC tərəfindən satılmış avadanlıqlar və görülmüş işlər üzrə ödənilməmiş məbləğ 10848,38 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Satıcı İddiaçı MMC ilə alıcı “xxxx” Şirkəti arasında 14 yanvar 2019-cu il tarixli “Avadanlığın çatdırılmasına və işlərin yerinə yetirilməsinə dair” müqavilə imzalanmışdır. Müqaviləyə edilmiş əlavələr üzrə müqavilənin dəyəri, görüləcək işlərin həcmi, satılacaq avadanlıqların miqdarı və dəyərləri müəyyən edilmişdir. İddiaçı tərəfindən müqavilə üzrə işlərin görülməsi və avadanlıqların təhvil verilməsi halı işin mübahisəsiz halıdır belə ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdeh tərəf işlərin qüsurlu görülməsi deyil tam yerinə yetirilməməsi səbəbindən müqavilə ilə nəzərdə tutulmuş sənədləri imzalamamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Göründüyü kimi tərəflər arasında müqavilədən irəli gələn hüquq və vəzifələr yaranmışdır. Satıcı müqavilələr üzrə öhdəliyini tam yerinə yetirmiş və malı alıcıya təhvil vermişdir. Alıcı isə malın dəyərinin ödənilməsinə dair öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və nəticədə satıcıya borcu yaranmışdır. Hazırda iddiaçı cavabehin müqavilə üzrə yaranmış 11933.18 manat əsas borcunun tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi 14 yanvar 2019-cu il tarixli “Avadanlığın çatdırılmasına və işlərin yerinə yetirilməsinə dair” müqavilə üzrə cavabdeh “xxxx” Şirkətindən əsas qalıq borcun iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Cavabdeh tərəf müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsinə səbəb olaraq iddiaçı tərəfindən işlərin tamamlanmamasını göstərsə də, qeyd olunan halları təsdiq edəcək sübutları məhkəmə araşdırması zamanı məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Xəmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 18 aprel 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 9 dekabr 2013-cü il tarixli qərarında qeyd olunur ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırılması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək bir sıra qərarlarında bununla bağlı öz hüquqi mövqeyini ifadə etmişdir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Belə olan halda cavabdeh tərəfindən tamamlanmamış işlər barədə tərəflər arasında bağlanmış müqavilənin və ya qanunverciliyin tələblərinə əsasən aktların tərtib edilməsi iddiaçıya müvafiq formada müraciət edilməsi və. s hərəkətlərə dair müvafiq sübutları məhkəməyə təqdim edilməsi zəruridir. Qeyd olunan hallar üzrə yuxarıda göstərilən maddi hüquq normasının tələbləri cavabdeh tərəfindən məhkəmə araşdırması zamanı yerinə yetirilmədiyindən məhkəmə iddiaçı tərəfindən görülmüş işlərin tamlandığı qənatəinə gəlir. Məhkəmə iddia tələbinin 1084,8 manat cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq, tələb olunan 1084,8 manat cərimənin qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh “xxxx” Şirkətindən 14 yanvar 2019-cu il tarixli “Avadanlığın çatdırılmasına və işlərin yerinə yetirilməsinə dair” müqaviləyə əsasən yaranmış 10.848,38 manat əsas borc, 1.084,8 manat penya borc olmaqla cəmi 11.933,18 manat pulun və ödənilmiş dövlət rüsumuna görə 30 manat vəsaitin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh “xxxx” Şirkətindən 14 yanvar 2019-cu il tarixli “Avadanlığın çatdırılmasına və işlərin yerinə yetirilməsinə dair” müqaviləyə əsasən yaranmış 10.848,38 (on min səkkiz yüz qırx səkkiz manat otuz səkkiz qəpik) manat əsas borc, 1.084,8 ( bir min səksən dörd manat səksən qəpik) manat penya borcu olmaqla cəmi 11.933,18 (on bir min doqquz yüz otuz üç manat on səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1431/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1431/2021
10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver