Məhkəmə qərarları › İş №e-2-2(113)-146/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-146/2021

13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-146/2021 13.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı X3in Cavabdehnə qarşı pul tələbinə iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X4 Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı X4 ilə cavabdeh ”KAT Holdinq” MMC arasında bağlanmış 03.01.2019-cu il tarixli müqavilə üzrə faktiki görülmüş işlərə görə (145561 + 118367)= 263928 (iki yüz altmış üç min doqquz yüz iyirmi səkkiz) manat, müqavilə üzrə sifarişçinin öhdəliklərini pozduğuna görə əldən çıxmış gəlir kimi (6202+41300)=47502 (qırx yeddi min beş yüz iki) manat, ödənilmiş dövlət rüsumu qismində 30 (otuz) manat olmaqla, cəmi 311460 (üç yüz on bir min dörd yüz altmış) manat məbləğində pul vəsaitinin cavabdeh ”KAT Holdinq” MMC-dən iddiaçı X2 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sifarişçi Cavabdeh MMC ilə icraçı X4 arasında Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu – 8 ünvanda 27, 28 və 29 saylı yaşayış binalarında taxta, laminat və parket döşəmə və üzlüklərin quraşdırılması xidmətlərinin göstərilməsinə dair 19/008 saylı, 03.01.2019-cu il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən yuxarıda nəzərdə tutulmuş işlərin qiyməti hər 1 kvadrat metr üçün 54,229 (əlli dörd manat iyirmi iki qəpik) manat müəyyən edilmişdir. Həmçinin görülməli olan işin ümumi həcmi 9332 (doqquz min üç yüz otuz iki) kvadrat metr müəyyən edilmişdir. İcraçı müqavilə üzrə öhdəliklərini icra etməyə başlamışdır. 54,229 (əlli dörd manat iyirmi iki qəpik) manat məbləğin 40,229 (qırx manat iyirmi iki qəpik) manatı tikinti materialı və 14 (on dörd) manatı isə xidmət haqqı olmuşdur. Qeyd olunmalıdır ki, ümumi həcmi 9332 kvadrat metr müəyyən edilmiş sahə 27, 28, 29 saylı üç yaşayış binasından ibarətdir. Sonradan sifarişçi İcraçıya Müqavilənin 3.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliklərinin yerinə yetirməsinə mane olmuş və işlərin tam yerinə yetirilməsi üçün lazımi şəraiti yaratmamışdır. İşlərin görülməsi aşağıdakı qaydada müəyyən olunmuşdur. 1) 27 saylı binanın layihə ilə müəyyən edilmiş 3053 (üç min əlli üç) kvadrat metr sahəsi ayrılmış, podratçı tərəfindən yaşayış binasına taxta, laminat və parket döşəmə və üzlüklər quraşdırılmışdır. Müqavilənin 4.5-ci bəndinə əsasən nəzərdə tutulmuş işlərin qiyməti hər 1 kvadrat metr 54.229 (əlli dörd manat iyirmi iki qəpik) AZN müəyyən olunaraq, 3053 (üç min əlli üç) x 54,229 (əlli dörd manat iyirmi iki qəpik) manat = 165561 (yüz altmış beş min beş yüz altmış bir) manat təşkil etsə də, sifarişçi bunun ancaq 40000 (qırx min) manatını ödəmişdir. 20000 (iyirmi min) manat X2 hesabına və 20000 (iyirmi min) manat laminat döşəmə alınması üçün satış məntəqəsinin hesabına köçürülmüşdür. 27 saylı binanın layihə ilə müəyyən edilmiş 3053 (üç min əlli üç) kvadrat metr sahəsinin təhvil verilməsi Cavabdeh MMC tərəfindən (işlərin bitməsi) təsdiqlənmişdir. Həmin sənəd cavabdehə pretenziya məktubu vasitəsilə göndərilmişdir. 2) 28 saylı binanın layihə ilə müəyyən edilmiş sahəsi 3300 (üç min üç yüz) kvadrat metrdir. Həmin sahənin 433 (dörd yüz otuz üç) kvadrat metr hissəsi müqavilədə nəzərdə tutulsa da, işlər başqa şəxs tərəfindən görülmüşdür. Qalan 2867 (iki min səkkiz yüz altmış yeddi) sahədə işlərin bir çox hissəsi görülmüş, sifarişçinin öhdəliklərinin gecikdirilməsi nəticəsində tamamlama işlərinin aparılması mümkün olmamışdır. 28 saylı binanın 3300 (üç min üç yüz) kvadrat metr sahəsinin 2867 kv.m (iki min səkkiz yüz altmış yeddi) hissəsində 117547 (yüz on yeddi min beş yüz qırx yeddi) manat pul ödənilməyib və başqası tərəfindən görülmüş 433 kv.m (dörd yüz otuz üç) sahə üzrə müqavilə üzrə əldə edəcəyi gəlir 433 x 14 (on dörd) manat = 6202 (altı min iki yüz iki) manat təşkil edir. 3) 29 saylı binanın layihə ilə sahəsi 2950 (iki min doqquz yüz əlli) kvadrat metr müəyyən edilmişdir. Həmin sahədə işlərin müqavilədə podratçı tərəfindən görülməsinin nəzərdə tutulmasına baxmayaraq, işlərin görülməsinə maneçilik törədilmişdir. Müqaviləyə heç bir dəyişiklik və əlavə edilmədən, podratçıya məlumat vermədən həmin yaşayış binasında işlərin görülməsi üçün şərait yaradılmamışdır. Buna görə də 2950 kv.m (iki min doqquz yüz əlli) x 14 (on dörd) manat = 41300 (qırx bir min üç yüz) manat məbləğ ödənilməlidir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, iddiaçı X4 ilə cavabdeh ”KAT Holdinq” MMC arasında bağlanmış 03.01.2019-cu il tarixli müqaviləyə əsasən 1) 27-ci binada görülən işlərə görə ümumilikdə 125561 (yüz iyirmi beş min beş yüz altmış bir) manat; 2) 28 saylı binada görülən işlərə görə ümumilikdə 178955 (yüz yetmiş səkkiz min doqquz yüz əlli beş) manat və 3) 29-cu bina üçün əldən çıxmış fayda olaraq 41300 (qırx bir min üç yüz) manat olmaqla, cəmi 345816 (üç yüz qırx beş min səkkiz yüz on altı) manat və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu qismində 30 (otuz) manat olmaqla, cəmi 311460 (üç yüz on bir min dörd yüz altmış) manat məbləğində pul vəsaitinin cavabdeh ”KAT Holdinq” MMC-dən iddiaçı X2 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirərək göstərdi ki, tərəflər arasında 03.01.2019-cu il tarixli müqavilə bağlanmış və həmin müqavilə əsasında iddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu – 8 ünvanda inşa edilən 27 və 28 saylı yaşayış binalarında taxta, laminat və parket döşəmə və üzlüklərin quraşdırılması xidmətləri həyata keçirilmişdir. İddiaçı tərəfindən göstərilən xidmətlərin müqabilində 40000 manat məbləğində ödəniş edilmiş, qalan məbləğ isə müqavilədə qeyd edilən əvəzləşmə yolu ilə, yəni iddiaçıya mənzillər verilməklə ödənilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu – 8 ünvanda inşa edilən 29 saylı yaşayış binasında isə iddiaçı tərəfindən heç bir iş görülməmişdir. Ona görə də, iddia tələbi əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi X6 cavabdehin nümayəndəsi və vəkili X7 ilə eyni məzmunlu izahat verərək iddia tələbini qəbu etmədiyini və məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X9 izahat verərək bildirdi ki, onun işi subpodratçıların gördükləri işləri müvafiq sənədlər əsasında təhvil almaq və keyfiyyətlərinə nəzarət etməkdir. Cavabdeh tərəfindən görülmüş işlərin təhvil-təslim prosesində onlardan forma 2 arayışı tələb edilmişdir. Lakin qarşı tərəf həmin arayışı təqdim etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid verilən suallara cavab olaraq bildirdi ki, Cavabdeh MMC təsis edildiyi vaxtdan 2020-ci ilin yanvar ayına kimi həmin MMC-nin direktoru vəzifəsində işləmişdir. X4 ilə MMC arasında ilkin razılaşmaya əsasən üç binada işlər görülməli idi, lakin sonrakı razılaşmaya əsasən binalardan biri başqa şəxsə həvalə olundu və X4 iki binada işlədi. Müqavilə şərtləri ilə bağlı müqavilədə üç bina ilə bağlı razılaşma əldə olunmuşdu. Daha sonra iki bina ilə bağlı razılığa gəlindi. 29 saylı binada iş görmədilər. Görülən işlərə görə iki otaqlı 62 kv.m sahəsi olan dörd mənzil verildi. Hər kv.m 1265 manat olmaqla, əvəzləşdirmə aparıldı. İşlərin görülmə qaydası isə cari aktlarla həyata keçirilirdi. Sahə rəisi həmin aktları yoxlayaraq imzalayırdı. Bundan sonra isə o həmin aktları möhürlə təsdiq edirdi. O, işdən çıxanda 27 və 28 saylı binalarda işlər davam edirdi. Dörd mənzildən ikisi notarial qaydada bağlanmış alqı-satqı müqavilələri ilə satıldı. Bir mənzil isə kreditlə verildi. Həmin mənzil üzrə kredit üzrə ödənişləri S.Umarov qəbul edirdi. Qeyd olunan mənzillərin pulu S.Umarova verildi. Qalan bir mənzil isə X2 öz adına rəsmiləşdirildi. Mənzillər satıldıqdan sonra görülən işlərlə bağlı nağd 40000 manat məbləğində pul köçürülmüşdür. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını, şahid ifadələrini dinləyib, iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - X4 (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında 03.01.2019-cu il tarixdə 19/008 nömrəli xidmət göstərilməsinə dair müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi tapşırır, icraçı isə hazırki müqavilədə aşağıda göstərilən şərtlərlə Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu – 8 ünvanda 27, 28 və 29 saylı yaşayış binalarında taxta, laminat və parket döşəmə və üzlüklərinin quraşdırılması xidmətlərinin göstərilməsi öhdəliyini üzərinə götürür: 1) tikinti və təmir işlərinin yerinə yetirilməsi üçün mütəmadi olaraq görüləcək işlərə müvafiq işçi heyəti ilə təmin etmək; 2) Əmək qanunvericiliyinə əsasən işçilərlə əmək müqavilələrinin bağlamaq və elektron hökümət portalında qeydiyyata almaq, yeni işçilərin şəxsiyyət vəsiqələri və elektron bildirişlərini sifarişçiyə təqdim etmək; 3) Vergi Məcəlləsinə müvafiq olaraq işçilərin əmək haqlarını hesablamaq və ödəmək; 4) hazırki müqavilədən irəli gələn müvafiq vergiləri vaxtında ödəmək; 5) iş saatlarında işçilərin davamyyətini aylıq iş vaxtı cədvəli əsasında mütəmadi olaraq nəzarətdə saxlamaq və 6) işçiləri təhlükəsizlik texnikası qaydaları, həmçinin gördükləri işlər üzrə təlimatlandırmaq. Müqavilənin 4.1-ci bəndinə əsasən sifarişçi hazırki müqavilənin 1.1-ci bəndində göstərilmiş işlər üçün bank hesablaşma köçürülməsi yolu ilə və ya yaşayış və ya qeyri-yaşayış sahələri ilə əvəzləşdirmə yolu ilə həyata keçirilir. Müqavilənin 4.2-ci bəndinə əsasən ödəniş əvəzləşdirmə yolu ilə həyata keçirilikdə yaşayış sahələri üçün 1m2 – 1500 (min beş yüz) manat olaraq müəyyən olunur və müvafiq sahələrin göstəriciləri hazırki müqaviləyə əlavə olunmaqla tərəflər arasında tələb olunan sənədləşmə əməliyyatları icra olunur. Müqavilənin 4.5-ci bəndinə əsasən hazırki müqavilənin 1.1-ci bəndində göstərilmiş işlərin qiyməti 54,22 (əlli dörd manat iyirmi iki qəpik) manat müəyyən edilir (işin ümumi həcmi 9332 m2, əvəzləşdiriləcək yaşayış sahəsi 400 m2) və tərəflər arasında hazırki müqaviləyə əlavələr oolunmadığı təqdirdə dəyişilməz olaraq qalır. - 05 mart 2020-ci il tarixli Görülmüş işlərin qəbul aktından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu – 8 ünvanda yerləşən 27 nömrəli yaşayış binasında görülmüş işlərin ümumi məbləği 162389 manat təşkil etmişdir. Akt hər iki tərəfin nümayəndələri tərəfindən imzalanmışdır. - 19 mart 2020-ci il tarixli Görülmüş işlərin qəbul aktından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu – 8 ünvanda yerləşən 28 nömrəli yaşayış binasında görülmüş işlərin ümumi məbləği 170193 manat təşkil etmişdir. Aktda həmçinin qeyd olunmuşdur ki, 28 nömrəli binada bəzi işlər tamamlanmadığına görə ölçülərə və işlərə yenidən yerində baxmaq lazımdır. Akt hər iki tərəfin nümayəndələri tərəfindən imzalanmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2021-ci il tarixli, 10/3944 saylı ekspert rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu – 8 ünvanda inşa edilmiş 28 saylı yaşayış binasında yerləşən, baxış zamanı ölçü işləri aparılmış mənzillər üzrə X4 tərəfindən aparılmış işlərin ümmi həcmi (sahəsi) 1764,9 kv.m, həmin sahə üzrə yerinə yetirilmiş işlərin dəyəri isə 72360,9 manat məbləğində müəyyən olunur. - X4 tərəfindən 07.05.2020-ci il tarixdə pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh MMC-yə müraciət edilərək borcun ödənilməsi xahiş edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Podratçı olan iddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu – 8 ünvanda yerləşən 27 və 28 nömrəli yaşayış binalarında işlər görülmüşdür. Görülən işlərin dəyəri ilə bağlı sifarişçi olan cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 40000 manat məbləğində pul ödənilmiş, görülmüş işlərin dəyərinin qalan hissəsinin ödənilməsi ilə bağlı öhdəlik isə yerinə yetirilməmiş və cavabdehin iddiaçıya borcu yaranmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 760.2-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddia tələbini bir hissəsini X4 ilə ”KAT Holdinq” MMC arasında bağlanmış 03.01.2019-cu il tarixli müqaviləyə əsasən 27-ci binada görülən işlərə görə ümumilikdə 125561 (yüz iyirmi beş min beş yüz altmış bir) manat vəsaitin ödənilməsi təşkil edir. Məhkəmə qanunvericilik normalarını, eyni zamanda cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını və tərəflər arasında tərtib edilərək imzalanmış 05 mart 2020-ci il tarixli görülmüş işlərin qəbul aktını nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilərək, iddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu – 8 ünvanda inşa edilən 27 nömrəli yaşayış binasında görülən işlərin əvəzi olaraq cavabdehdən 122389 manat (162389- (20000+20000)=122389) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Belə qənaətə gələrkən nəzərə alınmışdır ki, iddiaçının tələbi Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu – 8 ünvanda inşa edilən 27 nömrəli yaşayış binasında görülən işlərin əvəzi olaraq 125561 manat olsa da, iş materiallarına əlavə edilən 05 mart 2020-ci il tarixli görülmüş işlərin qəbul aktında iddiaçı tərəfindən 27 saylı binada görülən işlərin dəyərinin 162389 manat təşkil etməsi göstərilmişdir. İddia tələbinin bir hissəsini də X4 ilə ”KAT Holdinq” MMC arasında bağlanmış müqaviləyə əsasən 28-ci binada görülən işlərə görə ümumilikdə 178955 (yüz yetmiş səkkiz min doqquz yüz əlli beş) manat vəsaitin ödənilməsi təşkil edir. İddia tələbinin bu hissəsinə münasibətdə məhkəmə yuxarıda qeyd edilmiş tələbə münasibətdə tətbiq edilən qanunvericilik normalarını analoji olaraq tətbiq edərək qeyd edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməli və iddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu – 8 ünvanda inşa edilən 28 nömrəli yaşayış binasında görülən işlərin əvəzi olaraq cavabdehdən 72360,9 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Belə qənaətə gələrkən nəzərə alınmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu – 8 ünvanda inşa edilən 28 nömrəli yaşayış binasında görülmüş işlərin dəyərini müəyyən etmək üçün məhkəmə tərəfindən tikinti-texniki ekspertiza təyin edilmiş, qeyd edilən binaya ekspert tərəfindən baxış keçirilmiş və 03 mart 2021-ci il tarixli, 10/3944 saylı ekspert rəyi tərtib edilərək iddiaçı tərəfindən 28 nömrəli yaşayış binasında görülən işlərin dəyərinin 72360,9 manat olması müəyyən edilmişdir. İddia tələbinin digər hissəsini X4 ilə ”KAT Holdinq” MMC arasında bağlanmış 03.01.2019-cu il tarixli müqaviləyə əsasən 29-cu bina üçün əldən çıxmış fayda olaraq 41300 (qırx bir min üç yüz) manat vəsaitin ödənilməsi təşkil edir. İddia tələbinin bu hissəsinə münasibətdə qeyd olunmalıdır ki, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. 29 saylı binada ümumiyyətlə işlər görülməmişdir. Qüvvədə olan qanunvericliyin imperativ tələbi olaraq tərəf ona vurulmuş ziyanın təsdiq edilməsi, habelə ziyanın dəyməsində qarşı tərəfin təqsirinin olması və ziyanın həcminin müəyyən edilməsi barədə sübutları məhkəməyə təqdim etməlidir. məhkəməyə isə belə sübutlar təqdim olunmamışdır. Ona görə də hər iki əldən çıxmış faydanın cavabdehdən tutulması tələbi əsassız olduğundan təmin edilməməlidir. Həmçinin cavabdehin nümayəndəsi qalan məbləğin müqavilədə qeyd edilən əvəzləşmə yolu ilə, yəni iddiaçıya mənzillər verilməklə ödənildiyini, eləcə də məhkəmə iclasında dindirilmiş ikinci şahid də görülmüş işlərin müqabilində cavabdehə 4 mənzilin verildiyini bildirsə də, bununla bağlı sübutlar məhkəmə təqdim edilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, müqavilənin 4.2-ci bəndinə əsasən ödəniş əvəzləşdirmə yolu ilə həyata keçirilikdə müvafiq sahələrin göstəriciləri hazırki müqaviləyə əlavə olunmaqla tərəflər arasında tələb olunan sənədləşmə əməliyyatları icra olunur. Belə sənədləşmə əməliyyatlarının aparılması barədə sübutlar məhkəməyə təqdim olunmamışdır. Cavabdehin nümayəndəsi məhkəməyə iddiaçı ilə aralarında bağlanmış 28.09.2018-ci il tarixli müqaviləni təqdim etmişdir. Həmin müqaviləyə əsasən sifarişçi X1 edir, podratçı ”KAT Holdinq” MMC isə 28 saylı binanın 2-ci girişində 43 saylı mənzilin tikintisini öz üzərinə götürür. Lakin həmin mənzilin hazırkı işlə bağlılığı, eləcə də həmin mənzilin görülmüş işlərin müqabilində cavabdehə əvəzləşmə yolu ilə verildiyini təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin iş materiallarından müəyyən olunur ki, həmin mənzil cavabdehin adına qeydiyyata alınıbdır. Beləliklə, qalan məbləğin müqavilədə qeyd edilən əvəzləşmə yolu ilə, yəni iddiaçıya mənzillər verilməklə ödənildiyi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 03.01.2019-cu il tarixli müqaviləyə əsasən 27 saylı binada görülən işlərə görə 122389 manat, 28 saylı binada görülən işlərə görə 72360,9 manat (yetmiş iki min üç yüz altmış manat doxsan qəpik) məbləğində pul X2 xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 13 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 17 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 03.01.2019-cu il tarixli müqaviləyə əsasən 27 saylı binada görülən işlərə görə 122389 manat (yüz iyirmi iki min üç yüz səksən doqquz), 28 saylı binada görülən işlərə görə 72360,9 manat (yetmiş iki min üç yüz altmış manat doxsan qəpik), ödənilmiş dövlət rüsumuna görə 17 manat olmaqla, cəmi 194766,9 manat (yüz doxsan dörd min yeddi yüz altmış altı manat doxsan qəpik) məbləğində pul X2 xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 13 manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar