Məhkəmə qərarları › İş №e-2-2(113)-1506/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1506/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1506/2024 02.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Qasımov Fərid Fərzalı oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 10 aprel 2023-cü il tarixli 002\23 nömrəli podrat müqaviləsinə əsasən yaranmış və ödənilməmiş 28257,72 manat, habelə ödənilmiş dövlət rüsumuna görə 175 manat məbləğində vəsait olmaqla, ümumilikdə 28433,72 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 10 aprel 2023-cü il tarixli, 002\23 saylı podrat müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq, icraçı-İddiaçı MMC sifarişçinin-Cavabdeh MMC-nin sifarişi əsasında Binə qəsəbəsi ərazində yerləşən idman kompleksinin dam örtüyünün sökülməsi və 50 mm PUR sendviç panellə yenidən vurulması, eləcə də Müşfiqabad qəsəbəsi ərazində yerləşən idman kompleksinin dam örtüyünün sökülməsi və 50 mm PUR sendviç panellə yenidən vurulması xidmətləri\işləri göstərməyi öhdəsinə götürmüşdür. Görülmüş işlərin ümumi dəyəri ƏDV daxil olmaqla 57754,71 manat təşkil etmişdir. Görüləcək işlərin dəyəri və həcmi qabaqcadan razılaşdırılmış, işlər icraçı tərəfindən tam olaraq icra olunmuş, görülmüş işlərə görə e-qaimələr verilmiş və tərəflər arasında işlərin təhvil-təslimi aparılmaqla üzləşmə aktı təsdiq edilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin qeyd olunan müqavilə üzrə iddiaçıya görmüş olduğu və təhvil verdiyi işlər üzrə ümumilikdə ƏDV daxil olmaqla 28257,72 manat borcu qalmaqdadır. Görülmüş işlərin kəmiyyəti və keyfiyyəti barədə heç bir iddia irəli sürülməmişdir. Borcun ödənilməsinə dair 26 dekabr 2023-cü il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə pretenziya məktubu göndərilməsinə baxmayaraq, qeyd olunan borc məbləği ödənilməmişdir.

3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, Cavabdeh MMC-dən 10 aprel 2023-cü il tarixli 002\23 nömrəli podrat müqaviləsinə əsasən yaranmış və ödənilməmiş 28254,72 manat, habelə ödənilmiş dövlət rüsumuna görə 175 manat məbləğində vəsait olmaqla, ümumilikdə 28429,72 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1, 448.2, 462.1-ci maddələrinə istinad olunmuşdur.

5. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

6. Cavabdeh MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

7. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icraçı qismində İddiaçı MMC ilə sifarişçi qismində Cavabdeh MMC arasında xx.xx.2023-cü tarixli, 002/23 nömrəli podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinə uyğun olaraq icraçı sifarişçinin sifarişi əsasında müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də öz əksini tapmış xidmətləri göstərir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən icraçı bu müqavilənin şərtlərinə əsasən yuxarıda qeyd olunan xidmətləri həyata keçirir, sifarişçi isə öz növbəsində bu müqavilədən irəli gələn ödənişləri vaxtında təmin edir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri və onun ödənilmə şərtləri və qaydası müqavilənin ayrılmaz hissəsi olan Əlavə 1-də öz əksini tapmışdır.

9. xx.xx.2023-cü tarixli 1 nömrəli qiymətlərin razılaşdırılması protokolundan görünür ki, tərəflər arasında miqdarı və qiyməti müəyyənləşdirilmiş mal(lar)ın ümumi dəyəri 29791,49 manat (ƏDV daxil) təşkil edir.

10. İddiaçı MMC və Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, ümumi dəyəri 29791,49 manat (ƏDV daxil) məbləğində olan mallar satıcı tərəfindən sifarişçiyə təhvil verilmişdir. Təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. xx.xx.2023-cü tarixli 2 nömrəli qiymətlərin razılaşdırılması protokolundan görünür ki, tərəflər arasında miqdarı və qiyməti müəyyənləşdirilmiş mal(lar)ın ümumi dəyəri 27963,22 manat (ƏDV daxil) təşkil edir.

12. İddiaçı MMC və Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, ümumi dəyəri 27963,22 manat (ƏDV daxil) məbləğində olan mallar satıcı tərəfindən sifarişçiyə təhvil verilmişdir. Təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

13. xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 743291 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 29791,49 manat (ƏDV daxil) təşkil edir.

14. xx.xx.2023-cü il tarixli, EBDF seriyalı, 125479 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 27963,22 manat (ƏDV daxil) təşkil edir.

15. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 005 nömrəli maliyyə arayışında qeyd edilmişdir ki, tərəflər arasında imzalanmış 002/23 nömrəli, 10 aprel 2023ci il tarixli podrat müqaviləsinə əsasən Binə və Müşfıqabad qəsəbəsi ərazisində yerləşən idman kompleksinin dam örtüyünün sökülməsi və 624.8 m2 həcmində 57754,71 manat (ədv daxil) məbləğində olan 50 mm PUR Pendviç Panellə yenidən vurulması üzrə xidmət göstərmişdir. Sifarişçi müqavilə üzrə müəyyən olunmuş məbləğdən 29500 manat (ədv daxil) podratçıya ödəmiş, xx.xx.2023 tarixində sifarişçinin podratçıya 28257,72 (ədv daxil) manat borcu qalmaqdadır.

16. İddiaçı MMC və Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixə İddiaçı MMC-yə 28254,72 manat borcunun olduğu qeyd edilmişdir. Qarşılıqlı borcların üzləşdirilməsi barədə akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

17. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləğinin 5 (beş) təqvim günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi

20. İddia tələbini Cavabdeh MMC-dən 10 aprel 2023-cü il tarixli 002\23 nömrəli podrat müqaviləsinə əsasən yaranmış və ödənilməmiş 28257,72 manat pulun tutulması təşkil edir.

21. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2023-cü tarixli, 002/23 nömrəli podrat müqaviləsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları və üzləşmə aktı ilə öz təsdiqini tapır.

22. Məhkəmə müqavilə şərtlərini, qanunvericilik normalarını, cavabdehin tərəflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımi qaydada tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən 28254,72 manat (iyirmi səkkiz min iki yüz əlli dörd manat yetmiş iki qəpik) əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

23. Eləcə də, iddiaçı 175 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

24. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 175 (yüz yetmiş beş) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 28254,72 manat (iyirmi səkkiz min iki yüz əlli dörd manat yetmiş iki qəpik) əsas borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 28429,72 manat (iyirmi səkkiz min dörd yüz iyirmi doqquz manat yetmiş iki qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar