Məhkəmə qərarları › İş №e-2-2(113)-1523/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1523/2024

04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1523/2024 04.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı cavabdehdən 322324,75 manatın, 5000 manat zərərin, vəkilə xidmət haqqı olaraq ödənilmiş 360 manat pulun, ümumilikdə 327684,75 manat pulun və iş üzrə ödənilmiş 400 manat mediasiya xərcinin, 220 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı cavabdehdən 322324,75 manatın, 5000 manat zərərin, vəkilə xidmət haqqı olaraq ödənilmiş 360 manat pulun, ümumilikdə 327684,75 manat pulun və iş üzrə ödənilmiş 400 manat mediasiya xərcinin, 220 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında xx.xx.2022ci il tarixdə YP1/422 saylı podrat müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən podratçı Azərbaycan Respublikası bölgələrində ofis-anbar tikintisini həyata keçirməyi, sifarişçi isə görülən işləri təhvil almağı və müqavilə üzrə razılaşdırılmış məbləğdə muzd ödəməyi öhdəsinə götürmüşdür. Müxtəlif vaxtlarda cavabdehə ümumilikdə 491850 manat pul ödənilmişdir. Cavabdeh isə həmin pulun müqabilində Biləsuvar rayon Əskərabad kəndi Ələt-Astara magistral yolunun 114-cü km ünvanında təcrübə mərkəzləri, ofis binası və anbar, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 436 D saylı sahədə anbar binası, Ağdam şəhərində mağaza işləri görməli idi. Yuxarıda adları çəkilən öhdəliklər üzrə cavabdeh yalnız Ağdam şəhərində mağazaya 9000 manat xərcləməklə tam təhvil vermişdir. Qalan iki öhdəliklərlə bağlı isə işləri yarımçıq qoyaraq davam etdirməmişlər. Cavabdeh tərəfindən görülmüş işlərin dəyərləndirilməsi məqsədi ilə “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC-yə müraciət edilmiş və qiymətləndirici tərəfindən görülmüş işlər barəsində hesabat təqdim edilmişdir. Hesabata əsasən müəyyən edilmişdir ki, cavabdeh Biləsuvar rayon Əskərabad kəndi Ələt-Astara magistral yolunun 114-cü km ünvanında təcrübə mərkəzləri, ofis binası və anbarın yarımçıq vəziyyətdə olan inşasına 95116,05 manat, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 436 D saylı sahədə isə 65409,20 manat xərc çəkmişdir. Göründüyü kimi cavabdeh ona ödənilmiş ümumilikdə 491850 manat puldan 169525,25 manat pul xərcləmiş və əsassız olaraq 322324,75 manat pulu özündə saxlamaqla işləri davam etdirməmişdir. Dəfələrlə cavabdehdən işləri davam etdirməyi və işləri davam etdirməyəcəyi təqdirdə onda qalmış 322324,75 manat pulu geri qaytarmasını tələb edilsə də, hər dəfə müxtəlif bəhanələr gətirməklə pulu geri qaytarmamışdır. Pulun ödənilməsi ilə əlaqədar qanunvericiliyin tələbinə əsasən Bakı 1 saylı Mediasiya təşkilatına müraciət edilmişdir. Mediasiya ilkin iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, cavabdeh mediasiya iclasında iştirak etməmiş və mediator Şahin Məmmədrzalı tərəfindən xx.xx.2023-cü il tarixli İlkin mediasiya iclasında iştirak edilməməsi barədə MŞB/1/2023-00281-1 saylı arayış təqdim edilmişdir. Mediasiya xidmətinin göstərilməsinə görə 400 manat haqq ödənilmişdir. Hazırda cavabdehdən 322324,75 manat pul məbləğini başqa qayda da ala bilmədiyindən məhkəməyə müraciət edir. Cavabdeh yuxarıda sadaladığı öhdəliklərin yerinə yetirilməsi üçün aldığı 491850 manat puldan 322324,75 manat pulunu qanunsuz olaraq özündə saxlamaqla iddiaçıya zərər vurmuşdur. Bu zərəri 5000 manat olaraq dəyərləndirir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur.

9. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

10. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

11. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehə 491850 manat pul ödənildiyini qeyd etsə də, iş materiallarında olan ödəniş tapşırıqlarından məlum olur ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 491848,79 manat pul ödənilmişdir.

12. İşin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə YP1/422 saylı podrat müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdeh Azərbaycan Respublikası bölgələrində ofis-anbar tikintisini (Biləsuvar rayon Əskərabad kəndi Ələt-Astara magistral yolunun 114-cü km ünvanında təcrübə mərkəzləri, ofis binası və anbar, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 436 D saylı sahədə anbar binası, Ağdam şəhərində mağaza) həyata keçirməyi, iddiaçı isə görülən işləri təhvil almağı və müqavilə üzrə razılaşdırılmış məbləğdə muzd ödəməyi öhdələrinə götürmüşlər. İşlərin müqabilində iddiaçı tərəfindən cavabdehə ümumilikdə 491848,79 manat pul ödənilmiş, cavabdeh Ağdam şəhərində mağazanı tam təhvil vermiş, qalan Biləsuvar rayon Əskərabad kəndi Ələt-Astara magistral yolunun 114-cü km ünvanında təcrübə mərkəzləri, ofis binası və anbarı və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 436 D saylı sahədə anbar binası ilə bağlı işləri yarımçıq qoyaraq davam etdirməmişdir.

13. Məhkəmə qeyd edir ki, podrat müqaviləsi iki tərəfin, podratçının və sifarişçinin birbiri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən sifarişçi işi qəbul etmək hüququ və onun razılaşdırılmış muzdunu ödəmək öhdəliyi, podratçı üçün müqavilədə nəzərdə tutulan işi icra etmək öhdəliyi və onun razılaşdırılmış muzdunun ödənilməsini tələb etmək hüququ yaranır.

14. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, muzd ödənilmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir.

15. Buna görə də məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı, cavabdeh tərəfindən yarımçıqü saxlanılmış işlər üzrə nə qədər iş görülməsi ilə bağlı “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC-yə müraciət edilmiş və qiymətləndirici tərəfindən görülmüş işlər barəsində hesabat təqdim edilmişdir.

16. Hesabata əsasən müəyyən edilmişdir ki, cavabdeh Biləsuvar rayon Əskərabad kəndi Ələt-Astara magistral yolunun 114-cü km ünvanında təcrübə mərkəzləri, ofis binası və anbarın yarımçıq vəziyyətdə olan inşasına 95116,05 manat, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 436 D saylı sahədə isə 65409,20 manat xərc çəkmişdir. Göründüyü kimi cavabdeh ona ödənilmiş ümumilikdə 491848,79 manat puldan 169525,25 manat pul xərcləmiş və 322323,54 manat pulu özündə saxlamaqla işləri davam etdirməmişdir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

18. Məhkəmə vəkilin göstərdiyi yardıma görə 360 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir.

19. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, iddiaçı tərəfindən 400 manat məbləğində pul Bakı 1 saylı Mediasiya təşkilatına ödənilmişdir.

20. Məhkəmə hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 400 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

21. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 322323,54 manat, vəkilə xidmət haqqı olaraq ödənilmiş 360 manat, 400 manat mediasiya xərci və 220 manat dövlət rüsumu alınıb iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir.

VI. Nəticə:

22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdehndən 322323,54 manat, vəkilə xidmət haqqı olaraq ödənilmiş 360 manat, 400 manat mediasiya xərci və 220 manat dövlət rüsumu alınıb, İddiaçı Qapalı Səhimdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar