Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1553/2025 01.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının qanuni təmsilçisi Nümayəndə1, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra-iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra-cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 213720,80 (iki yüz on üç min yeddi yüz iyirmi manat səksən qəpik) manat məbləğində borcun və 503,72 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında təmir işlərinin görülməsinə dair 01 may 2023-cü il tarixli 001 saylı müqavilə bağlanmışdır. Müqavilə üzrə xx.xx.2023-cü il tarixli 01 saylı, xx.xx.2023-cü il tarixli 02 saylı, xx.xx.2023cü il tarixli 03 saylı və xx.xx.2023-cü il tarixli 04 saylı qiymət razılaşma protokolları imzalanmış və təsdiq edilmiş xidmətlərin siyahısı üzrə işlər görülmüşdur. Görülmüş işlərin təhvil-təsliminə dair xx.xx.2023-cü il tarixli 01 saylı, xx.xx.2023-cü il tarixli 02 saylı, xx.xx.2023-cü il tarixli 03 saylı və xx.xx.2023-cü il tarixli 04 saylı təhvil-təslim aktları rəsmiləşdirilmişdir. xx.xx.2023-cü il tarixli 01 saylı qiymət razılaşma protokolu özrə ödənişlər tam edilsə də, görülmüş işlər təhvil alınmış xx.xx.2023-cü il tarixli 02 saylı və xx.xx.2023-cü il tarixli 03 saylı qiymət razılaşma protokolları üzrə ödənişlər qismən icra edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli 02 saylı qiymət razılaşma protokolu üzrə ƏDV daxil 17459,19 manat, xx.xx.2023-cü il tarixli 03 saylı qiymət razılaşma protokolu üzrə ƏDV daxil 45922,77 manat ödənilməmiş borc qalmış, xx.xx.2023-cü il tarixli 04 saylı qiymət razılaşma protokolu üzrə isə heç bir ödəniş olmamış ƏDV daxil 150338,84 manat borc qalmışdır. Beləliklə müqavilə üzrə cavabdehin iddiaçıya cəmi ƏDV daxil 213720,80 (iki yüz on üç min yeddi yüz iyirmi manat səksən qəpik) manat borcu qalmışdır. Borcun ödənilməsi məqsədi ilə cavabdehə pretenziya göndərilmiş, borcun ödənilməsi yazılı şəkildə tələb edilsə də müsbət nəticə əldə edilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi Nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 001 saylı podrat müqaviləsinə görə, sifarişçi təmir işlərin görülməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada xidmətləri göstərməyi öhdəsinə götürür.
9. Müqavilənin 1.2-ci bəndinə görə göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən xidmət aktı (və ya aktları) ilə müəyyənləşdirilir. Bu müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair hesab-fakturada qeyd edilir.
10. Müqavilənin 2.4-cü bəndinə görə icraçının yerinə yetirdiyi işlər işlərin icra olunma aktı (Forma 2) imzalanmaqla sifarişçi tərəfindən təhvil alınır.
11. Müqavilənin 4.1-ci bəndinə görə göstərilən xidmətlərin həcmi hər ay icraçı tərəfindən tərtib olunan işlərin icra olunma aktına (Forma 2) əsasən xidmət haqqı müqavilənin tərkib hissəsi olan hesab-fakturada qeyd edilir.
12. Müqavilənin 4.2-ci bəndinə görə icraçının xidmət haqqı sifarişçi tərəfindən 10 (on) təqvim günü müddətinə icraçının bank hesabına köçürülür və ya nağd qaydada icraçının özünə və ya səlahiyyətli nümayəndəsinə ödənilir.
13. Tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 01 nömrəli qiymətlərin razılaşdırılması protokoluna əsasən görüləcək işlərin ümumi məbləği 207218,74 manat, xx.xx.2023-cü il tarixli, 02 nömrəli qiymət razılaşma protokoluna əsasən görüləcək işlərin ümumi məbləği 116579,20 manat, xx.xx.2023-cü il tarixli, 03 nömrəli qiymət razılaşma protokoluna əsasən görüləcək işlərin ümumi məbləği 76098,32 manat, xx.xx.2023-cü il tarixli, 4 nömrəli qiymət razılaşma protokoluna əsasən görüləcək işlərin ümumi məbləği 150338,84 manat təşkil edir.
14. Tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 01 nömrəli, xx.xx.2023-cü il tarixli 02 nömrəli, xx.xx.2023-cü il tarixli 03 nömrəli və xx.xx.2023-cü il tarixli 04 nömrəli təhvil təslim aktlarına əsasən ümumilikdə 550235,10 manat həcmində görülmüş işlər cavabdeh tərəfindən təhvil alınmışdır.
15. İddiaçıya məxsus ədv sub-uçot hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə 990 manat, xx.xx.2024-cü il tarixdə 7219,64 manat, xx.xx.2024-cü il tarixdə 3613,05 manat, xx.xx.2024-cü il tarixdə 14400 manat, xx.xx.2023-cü il tarixdə 720 manat, xx.xx.2023-cü il tarixdə 1890 manat, xx.xx.2023-cü il tarixdə 2700 manat, xx.xx.2023-cü il tarixdə 9000 manat, xx.xx.2023-cü il tarixdə 10800 manat məbləğində ƏDV ödənilmişdir.
16. İddiaçıya məxsus bank hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə 15000 manat, xx.xx.2023-cü il tarixdə 10500 manat, xx.xx.2024-cü il tarixdə 20072,50 manat, xx.xx.2024-cü il tarixdə 5500 manat məbləğində ödəniş edilmişdir.
17. İddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli MT2501 10687407 nömrəli 150338 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDL 559740 nömrəli 207218,74 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBEB 601479 nömrəli 17895,88 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBEB 601495 nömrəli 5789,67 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBEB 601499 nömrəli 15099,04 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBEB 601511 nömrəli 2208,25 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBEB 601530 nömrəli 3722,31 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBEB 601535 nömrəli 4248 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBEB 601541 nömrəli 759,33 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBEB 601549 nömrəli 3766,56 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBEB 601555 nömrəli 4248 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBEB 601582 nömrəli 1719,26 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBEB 601590 nömrəli 8585,68 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT 2501 ******* nömrəli 40992,846 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDO 594084 nömrəli 116579,19 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.
18. Məhkəmə iddiaçının nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
19. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 001 saylı podrat müqaviləsi imzalanmış, həmin müqavilənin əlavələri üzrə cavabdehin sifarişi əsasında ümumilikdə 550235,10 manat həcmində işlər iddiaçı tərəfindən icra edilmiş, görülmüş işlərin müqabilində qalıq 213720,80 manat borc ödənilməmişdir.
20. Belə ki, müqavilənin 1 saylı əlavəsi ilə razılaşdırılmış işlərə görə borc tam şəkildə cavabdeh tərəfindən ödənilmiş, müqavilənin 2 saylı əlavəsi ilə razılaşdırılmış işlərə görə cavabdeh tərəfindən 99120 manat vəsait ödənilmiş, qalıq 17459,19 manat ödənilməmiş, müqavilənin 3 saylı əlavəsi ilə razılaşdırılmış işlərə görə cavabdeh tərəfindən 30175,55 manat vəsait ödənilmiş, qalıq 45922,77 manat ödənilməmiş, müqavilənin 4 saylı əlavəsi ilə razılaşdırılmış işlərə görə cavabdeh tərəfindən ümumiyyətlə ödəniş edilməmiş, yaranmış 150338,84 manat borc ödənilməmişdir.
21. Cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 001 saylı podrat müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.
22. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
24. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
25. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
26. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
27. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
28. Həmin Məcəllənin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
29. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
30. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin podrat müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 213720,80 manat (17459,19 manat + 45922,77 manat + 150338,84 manat) borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, cavabdehdən 213720,80 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 503,72 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 213720,80 manat məbləğində pul, 503,72 manat dövlət rüsumu, ümumilikdə 214224,52 (iki yüz on dörd min iki yüz iyirmi dörd manat əlli iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova