Məhkəmə qərarları › İş №e-2-2(113)-1569/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1569/2024

15.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1569/2024 15.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 ASC və Bakı şəhər Nizami Rayon İcra Hakimiyyətinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: subroqasiya, sığorta hadisəsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X7, Cavabdeh2 ASC-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 ASC və Cavabdeh1nə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2 ASC və Cavabdeh1nə (bundan sonra – cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 8700 manat əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 107 manat, ümumilikdə, 8807 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X1 məxsus ünvan 1 ünvanında yerləşən daşınar əmlaklara sığortaçı İddiaçı ASC tərəfindən sığorta təminatı verilmişdir. xx.xx.2023cü il tarixində Nizami rayonu, B.Nuriyev küç.,ev 24A ünvanında yerləşən daşınar əmlaklara binanın zirzəmisində mənzillərə qalxan istilik xəttinin, yəni dikdayağın istismar müddətinin keçdiyinə görə çürümə baş verməsi və istilik xəttindən axan suların zirzəmidə olan obyektə dolması nəticəsində qismən zərər dəymişdir. Müstəqil ekspert Zeynalov İlqar tərəfindən hazırlanan dəymiş zərərin ilkin hesabatına əsasən daşınar əmlaklara, ümumilikdə, 10300 (on min üç yüz) manat məbləğində maddi zərər dəymişdir. Fİ- 0008/2023/AKT956/23 saylı, xx.xx.2023-cü il tarixli sığorta aktına əsasən, 1600 (bir min altı yüz) manat məbləğində azadolma məbləği çıxıldıqdan sonra, 8700 (səkkiz min yeddi yüz) manat məbləğində sığorta ödənişi sığortaçı tərəfindən faydalanan şəxsin hesabına ödənilmişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, yuxarıda qeyd olunan sığorta hadisəsinin baş verməsi barədə 142 saylı MKİS-in əməkdaşları tərəfindən tərtib olunan xx.xx.2023-cü il tarixli aktda qeyd olunur: “xx.xx.2023-cü il tarixində həmin binanın zirzəmisindən mənzillərə qalxan istilik xəttinin, yəni dikdayağın istismar müddəti keçdiyinə görə çürümə baş vermiş, nəticədə istilik xəttindən axan sular zirzəmidə olan ticarət obyektinə dolmuşdur. Nəticədə obyektin sahibinə küllü miqdarda ziyan dəymişdir. İstilik kommunikasiya xətləri MKİS-in balansından çıxmışdır.” Beləliklə, Cavabdeh2 ASC-in təsdiq olunmuş Nizamnaməsinə və yuxarıda qeyd olunan məktublara əsasən istilik təchizatının normal fəaliyyət göstərməsinin təmin edilməsi onun fəaliyyətinə aid olsa da, bu funksiyanın onun tərəfindən həyata keçirilməməsi sığortalının əmlakına zərər dəyməsinə səbəb olmuşdur.

3. Cavabdeh2 ASC iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddianın ona aid hissədə rədd edilməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, binadaxili mühəndis kommunikasiyalarının, o cümlədən istilik sistemlərinin saxlanması, təmiri və bərpası mənzil mülkiyyətçisi və yaşayış binasının mülkiyyətçisi tərəfindən həyata keçirilməlidir. Belə ki, paylanılan istilik xətlərinin yalnız binanın girişinə qədər olan hissəsi Cəmiyyətin balans mənsubiyyətinə daxildir.

5. Cavabdeh Bakı şəhəri Cavabdeh1 də iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddianın ona aid hissədə rədd edilməsini xahiş etmişdir.

6. Etiraz onunla əsaslandırılmışdır ki, qanunvericilikdə çoxmənzilli binalarda kommunal xidmətlərin həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi ilə bağlı dəymiş zərərə görə Rayon İcra Hakimiyyətinin maddi məsuliyyəti qanunvericilikdə nəzərdə tutulmamışdır. İddia ərizəsi əsaslandırılmamış, onların hansı səbəbdən cavabdeh qismində cəlb edilmələri göstərilməmişdir. II. Tərəflərin mövqeləri:

7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.Həsənov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi R.Nəsirov iddia tələbinə etiraz edib yazılı etirazın məzmununa uyğun izahat verib iddianın onlara aid hissədə rədd edilməsini xahiş etdi.

9. Əvvəlki məhkəmə iclasında cavabdeh Bakı şəhəri Cavabdeh1 nümayəndəsi V.Əliyev iddia tələbinə etiraz edib yazılı etirazın məzmununa uyğun izahat verib iddianın onlara aid hissədə rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, sığorta hadisəsinin baş verdiyi bina ümumiyyətlə Bakı şəhəri Cavabdeh1 balansında deyildir.

10. Cavabdeh Bakı şəhəri Cavabdeh1 nümayəndəsi sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.

11. Sonuncu məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

13. 01.05.2023-cü il tarixli 005XOH********** nömrəli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən X3 hesabına 956123 saylı akta əsasən 8700 manat pul köçürülmüşdür.

14. AZ 082985 nömrəli əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnaməsinə əsasən X1 məxsus Bakı şəhəri, Nizami rayon, B.Nuriyev 24 A ünvanında yerləşən əmlak xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 80000 manat məbləğində sığortalanmışdır.

15. AZ 082985 saylı əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnaməsi üzrə 01 saylı Əlavə sığorta məbləğinin bölgüsünə əsasən mebel və ticarət avadanlıqları 5000 manat, mağazada olan mallar 60000 manat, anbarda olan mallar 10000 manat, digər avadanlıqlar 5000 manat məbləğində sığortalanmışdır.

16. xx.xx.2023-cü il tarixli Fİ-0008/2023/AKT956/23 saylı sığorta aktına əsasən ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsində xx.xx.2023-cü il tarixdə baş vermiş subasma hadisəsi nəticəsində obyektə 10300 manat məbləğində zərər dəymiş, 1600 manat azadolma məbləği müəyyən edilməklə, 8700 manat sığorta ödənişi hesablanmışdır.

17. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfat Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 142 saylı Mənzil-Kommunal İstismar sahəsi, həmçinin ticarət obyektinin sahibi X6 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, həqiqətən də xx.xx.2023-cü il tarixində həmin binanın zirzəmisindən mənzillərə qalxan istilik xəttinin, yəni dikdayağın istismar müddəti keçdiyinə görə çürümə baş vermiş, nəticədə istilik xəttindən axan sular zirzəmidə olan ticarət obyektinə dolmuşdur. Nəticədə obyekt sahibinə külli miqdarda ziyan dəymişdir. İstilik kommunikasiya xəttləri MKİS-nin balansından çıxmışdır.

18. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfat Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2024-cü il tarixli arayışına əsasən ünvan 5 ünvanında yerləşən bina onların balansındadır.

19. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

21. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

22. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

23. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

24. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).

25. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ilə X2 arasında sığorta müqaviləsi bağlanmış, sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə (binada olan dikdayağın çürüməsi nəticəsində) sığorta hadisəsi baş vermiş, sığortalıya dəymiş zərər 10300 manat müəyyən edilərək, sığortalıya iddiaçı tərəfindən 8700 manat sığorta ödənişi (azad olma məbləği çıxılmaqla) verilmişdir.

26. Məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi barədə iddiaçının irəli sürdüyü tələb Cavabdeh2 ASC-yə aid olan hissədə əsaslı deyildir.

27. Belə ki, Cavabdeh2 ASC-nin Nizamnaməsinin 3.1-ci bəndinə əsasən cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikasının ərazisində yerləşən yaşayış evləri və binalarına, sosial obyektlərə, mülkiyyət formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlara istilik və isti su təchizatı xidmətlərini göstərməkdən, istehlakçıların istilik enerjisinə olan tələbatının etibarlı və keyfiyyətli təminatını təşkil etməkdən ibarətdir.

28. Həmin Nizamnamədə yaşayış və qeyri-yaşayış binalarının daxilində (xüsusi mülkiyyətdə olan əmlak) olan istilik sistemlərinə nəzarətlə bağlı Cəmiyyətin üzərinə hər hansı vəzifə qoyulmamışdır.

29. Bundan əlavə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.

30. Həmin Məcəllənin 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur.

31. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.

32. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur.

34. Həmin Məcəllənin 235.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri birgə mülkiyyətin yüklülüklərinin ödənilməsində və birgə idarəetmə xərclərində öz dəyər paylarına mütənasib surətdə iştirak etməlidirlər.

35. Məhkəmə hesab edir ki, binanın daxilində olan ümumi istilik xətti (dikdayaq) cavabdehin balansında olmadığından, habelə həmin xətlərin salamatlığına, lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsinə həmin yaşayış binasının tərkib hissəsinin mülkiyyətçiləri məsuliyyət daşıdığından baş vermiş hadisəyə görə dəymiş zərərin cavabdehdən tələb edilməsi barədə iddia tələbi əsassızdır və təmin edilməməlidir.

36. Məhkəmə iddia ərizəsini cavabdeh Bakı şəhəri Cavabdeh1nə aid olan hissədə də əsassız hesab edir.

37. Belə ki, iddiaçı ünvan 5 ünvanında yerləşən binanın həmin İcra Hakimiyyətinin balansında olduğunu iddia etsə də, materiallarda olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfat Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2024-cü il tarixli arayışına əsasən ünvan 5 ünvanında yerləşən bina onların balansındadır.

38. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh Bakı şəhəri Cavabdeh1nə aid hissədə də əsassız olduğundan təmin edilməməlidir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Bu səbəbdən Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 107 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

48.Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 ASC və Cavabdeh1nə qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 107 (bir yüz yeddi) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar