Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1589/2023 06.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, qanuni faiz, elektron qaimə, mediasiya xərci, prosessual maraq) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlamış 20 iyul 2022-ci il tarixli xidmət müqaviləsi üzrə 3944,53 manat əsas borc, gecikdirilmiş günlər üçün 200 manat pulun və 60 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixində AD_SE xx.xx.2022 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı razılaşma protokoluna əsasən, iddiaçı cavabdehə çöl reklamlarının yerləşdirilməsi, dizayn və video istehsalı xidmətləri göstərməyi, cavabdeh isə iddiaçı tərəfindən yerinə yetirilmiş işləri qəbul etməyi və müqavilənin dəyərini müəyyən edilmiş şərtlərə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Adıçəkilən müqavilə üzrə ödənişlərin xidmətlərin cavabdeh tərəfindən seçilib və cavabdeh tərəfindən təsdiq edilməsindən sonra 39% öncədən və 61% sonradan (5-6 avqust 2022-ci il tarixində) həyata keçirilməsi razılaşdırılmışdır (qiymətlərə əlavə dəyər vergisi daxil deyil və e-qaimə faktura təqdim ediləndə 18% ƏDV əlavə olunur). 2.2. İddiaçı müqavilə üzrə yaranan öhdəliklərini yerinə yetirib xidmətin nəticələrini təhvil verməsinə baxmayaraq, cavabdeh xx.xx.2022-ci il tarixli 560190 saylı elektron qaimədə göstərilən məbləği tam ödəməmişdir. Belə ki, cavabdeh müqavilə ilə müəyyən edilmiş ilkin ödəniş məbləği olan 39%-i, yəni ƏDV daxil olmaqla 3587,79 manatı ödəniş etmiş, lakin ödənişin qalan 61%-i üzrə müəyyən edilmiş məbləğdən cəmi 1700 manat ödəmişdir. Nəticədə cavabdehin xx.xx.2022-ci il tarixli xidmət müqaviləsi üzrə ödənilməmiş 3944,53 manat xidmət haqqı borcu qalmışdır. 2.3. Bu barədə caavbdehə dəfələrlə məlumat verilməsinə baxmayaraq, heç bir ödəniş olunmamışdır. 26 yanvar 2023-cü il tarixli MŞB/18/2023-00013 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdehin nümayəndəsi mediasiya sessiyasında iştirak etmədiyinə görə sessiyaya xitam verilmişdir. xx.xx.2023-cü il tarixində iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmiş və 3 gün müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin həmin müddət ərzində də cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445.7, 448-ci və s. maddələri göstərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-XXXX/2023 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi.
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili bildirdi ki, tərəflər arasında göstərilmiş xidmətlərin təhvili ilə bağlı akt imzalanmamışdır. Belə ki, aktı tərtib etmək üçün cavabdehi tapa bilməmişlər. Cavabdeh müqaviləyə uyğun olaraq 39% ödənişi, yəni ƏDV daxil olmaqla 3587,79 manat pulu nağdsız qaydada qabaqcadan etmişdir. Bank hesabından çıxarışdan görünür ki, cavabdeh 3040,50 manat pul köçürmüş, həmin məbləğin ƏDV-sini də ödəmişdir. Bundan başqa, nağd qaydada da 1800 manat ödəniş etmişdir. Qeyd olunan ödənişlər çıxıldıqdan sonra cavabdehin ödənilməmiş 3845 manat borcu qalmışdır. İddia ərizəsində 3944,53 manat əsas borc göstərilsə də, iddia əsas borca müasibətdə 3845 manat hissəsində müdafiə edilir. Məhkəməyə təqdim edilən cavabdehin iddiaçıya yazdığı "mail" yazışmasından da görünür ki, cavabdeh borcu mübahisələndirməmişdir. İddia tələbinin digər hissəsi (200 manat pulun tutulması) Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmışdır. Cavabdehlə barışıq sazişi imzalamaq barədə razılıq əldə etmişlər. Barışıq sazişi imzalanacağı təqdirdə 845 manat güzəşt olunması nəzərdə tutulmuşdur. Lakin cavabdeh barışıq sazişini imzalamaqdan yayındığı üçün edilməsi nəzərdə tutulan güzəşti etməmişlər.
7. Cavabdehin hüquqi ünvanına və iddia ərizəsində qeyd edilmiş faktiki ünvanına məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş, AVİS-də yaradılan elektron kabinetinə məhkəmə bildirişləri yerləşdirilmiş, elektron sistemində qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmış, telefonoqram ötürülmüşdür. Lakin məhkəmə iclaslarında cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Xidmət müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İddia ərizəsinə əlavə olunmuş iddiaçı (“Agentlik” və “İcraçı” qismində) ilə cavabdeh (“Sifarişçi” qismində) arasında bağlanmış xx.xx.2022-ci il tarixli AD_SE xx.xx.2022 saylı xidmət müqaviləsinin 1-ci bəndinə əsasən, müqavilə qüvvədə olduğu müddət ərzində qarşılıqlı əməkdaşlıq çərçivəsində “Agentlik” müştərinin sifarişi ilə özünün vəsaiti, təcrübəsi və biliklərindən istifadə etməklə, Sifarişçinin Azərbaycan Respublikası hüdudlarında mal və xidmətləri haqda məlumat yaya bilər, həmçinin bu ərazidə mal və xidmətlər daimi və davamlı istehlakçı tələbatını inkişaf etdirə bilər.
12. Adıçəkilən müqavilənin 2-ci bəndinə əsasən, bununla, tərəflər qeyd edirlər ki, “İcraçının” Sifarişçinin müxtəlif sifarişlərinin yerinə yetirilməsinin konkret şərtləri, tərəflərin qaimə-faktura ilə razılaşmasında müəyyən ediləcəkdir (2.1). Bu müqavilə çərçivə xarakterli olub, tərəflərin bu müqavilə müddətində əməkdaşlıq prinsiplərini müəyyən edir (2.2).
13. Qeyd edilən müqavilənin 8-ci bəndində göstərilmişdir ki, İcraçı təklif etdiyi və sifarişçi seçdiyi xidmətlərin qiymətini hər yeni sifarişdən qabaq Tərəflərin iştirakı ilə yazılı şəkildə tərtib ediləcək və bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab ediləcək X2 göstərilir (8.1). Bu Müqavilə üzrə ödənişlər, xidmətlərin Sifarişçi tərəfindən seçilib və Sifarişçi tərəfindən təsdiq edilməsindən sonra 39% (otuz doqquz) öncədən və qalan 61% (altmış bir) 5-6 Avqust 2022-ci il tarixində həyata keçirilməlidir. Qiymətlərə əlavə dəyər vergisi daxil deyil və e-qaimə fakturanın təqdim ediləndə 18% ƏDV əlavə olunur (8.3). Bu Müqavilə üzrə bütün hesablaşmalar Azərbaycan Respublikasının milli valyutası – Azərbaycan manatı ilə aparılır (8.4).
14. Məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli AD_SE xx.xx.2022 saylı müqavilənin X1 görünür ki, tərəflər ümumilikdə 7824 manat dəyərində (ƏDV xaric) xidmətlərin göstərilməsi üçün razılığa gəlmişlərdir.
15. İş materiallarına əlavə edilən EBCB 560190 seriya və nömrəli elektron qaiməfakturadan görünür ki, ƏDV daxil olmaqla 9232,32 manat xidmətin göstərilməsi üçün iddiaçı tərəfindən elektron qaimə tərtib edilərək cavabdehə təqdim edilmişdir.
16. İş materiallarında olan iddiaçıya məxsus AZ03PAHA40060AZNHC********** bank hesabından çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 3040,50 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya köçürülmüşür.
17. Cavabdehin qanuni təmsilçisi Asfer Saeed tərəfindən xx.xx.2022-ci il tarixdə göndərilən elektron poçt yazışmasından görünür ki, iddiaçı tərəfindən göstərilmiş 9232 manat dəyərində xidmət üzrə qalıq borcun ödənilməsi üçün vaxt istənilmişdir.
18. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehə çöl reklamlarının yerləşdirilməsi, dizayn və video istehsalı xidmətləri göstərməyi, cavabdeh isə iddiaçı tərəfindən yerinə yetirilmiş işləri qəbul edib xidmətin dəyərini təşkil edən 9232,32 manat pulun 39%-ni əvvəlcədən, qalan 61% hissəsini isə 06 avqust 2022-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh adıçəkilən müqavilə üzrə xidmətin dəyərindən 5387,79 (köçürmə yolu ilə 3587,79 manat+1800) manatını ödəmişdir.
19. İddiaçı xx.xx.2022-ci il tarixli xidmət müqaviləsinə əsasən göstərilmiş xidmətin qalıq dəyəri olan 3845 manat pulun ödənilməsini tələb edir.
20. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.
21. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xarvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
23. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin qeyd edir ki, kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
24. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
25. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə xidmət müqaviləsidir, lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.
26. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
27. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
28. Bu baxımdan iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 752.1 və 753.1-ci maddəsi təşkil edir. Həmin Məcəllənin 752.1-ci maddəsinin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
29. Hazırkı iş üzrə iddiaçı yuxarıda qeyd edilən maddələrdən və xx.xx.2022-ci il tarixli xidmət müqaviləsindən irəli gələn göstərilmiş xidmətin dəyərinin ödənilməsi hüququnu realizə edir.
30. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi elektron qaimə-fakturalar, hesabdan çıxarış, iddiaçının izahatı və cavabdehlə olan mail yazışmasından çıxarış ilə borc məbləği 3844,53 manat (9232,32-5387,79) hissədə təsdiqlənir. Eyni zamanda iddiaçının hər hansı sənəd təqdim etmədən etiraf etdiyi ödənişlər isə cavabdehin xeyrinə olduğundan nəzərə alınır.
31. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
32. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
33. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
34. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
35. Beləliklə, məhkəmə qeyd edir ki, xidmət müqaviləsi üzrə göstərilmiş xidmətin dəyərini ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
36. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən xidmət müqaviləsi üzrə pulun tutulması tələbi qismən əsaslı olduğundan iddia qismən təmin edilməli, 3844,53 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Xidmət müqaviləsi üzrə qanuni faizin tutulması tələbi ilə bağlı
37. İddia ərizəsində iddiaçı əsas borca illik 5 faizlə hesablanan 200 manat məbləğində pulun da cavabdehdən tutulmasını xahiş etmişdir.
38. Mülki Məcəllənin 445.2-ci maddəsinə görə, aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi (445.2.1); icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi (445.2.2).
39. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
40. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma həmin Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Qərar).
41. Məhkəmə qeyd edir ki, cavabdeh xx.xx.2022-ci il tarixli xidmət müqaviləsi üzrə ödənişləri 06 avqust 2022-ci il tarixədək ödəməyi öhdəsinə götürmüş, lakin qalıq 3844,53 manatı ödəməmişdir.
42. Belə olan halda məhkəmə hesab edir ki, 07 avqust 2022-ci il tarixdən iddia ərizəsi ilə məhkəməyə müraciət olunan tarixədək (xx.xx.2023-cü il) 197 gün üçün əsas borca (3844,53 manat) illik 5 faizlə hesablanmaqla 103,75 manat pul (3844,53 manat*5 % /100/365 gün*197 gün) Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
43. İddiaçı həmçinin 60 manat mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.
44. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/18/2023-00013 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında iştirak etməmiş, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini iddiaçı tərəfindən ödənmişdir.
45. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “Mediasiya haqqında” Qanun) 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.
46. “Mediasiya haqqında” Qanunun “mediasiya xərcləri” adlanan 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).
47. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
48. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
49. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 20 iyul 2022-ci il tarixli xidmət müqaviləsi üzrə 3844 (üç min səkkiz yüz qırx dörd) manat 53 (əlli üç) qəpik əsas borc, əsas borca illik 5% ilə hesablanan 103 (bir yüz üç) manat 75 (yetmiş beş) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova