Məhkəmə qərarları › İş №e-2-2(113)-1626/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1626/2025

01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1626/2025 01.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, müqavilə azadlığı, işgüzar praktika, sübutetmə) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, İddiaçının nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli liftlərə texniki xidmət müqaviləsi üzrə 12000 manat məbləğində pulun və ödənilmiş 128 manat dövlət rüsumunun, 500 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh 19 sentyabr 2022-ci il tarixdə liftlərə texniki xidmət müqaviləsi bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən cavabdehin 2022-ci il üzrə sentyabr, oktyabr, noyabr, dekabr, 2023-cü il üzrə yanvar və fevral ayları üzrə göstərilmiş texniki xidmətlərlə bağlı 18% ƏDV daxil 12000 manat borc öhdəliyi yaranmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı ünvan 1 ünvanında yerləşən “Hayat Palace” yaşayış kompleksində quraşdırılmış sərnişin-yük liftlərində mövcud qayda üzrə texniki xidmət göstərməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən hesabat ayının 3 iş günü ərzində cavabdeh tərəfindən liftlərin texniki xidmətinə dair irad olmazsa, göstərilən xidmətlər qəbul olunmuş sayılır. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən cavabdeh iddiaçı tərəfindən təqdim edilən aylıq aktlara əsasən hər ayın 10-dan gec olmayaraq keçən ay üçün hesablanmış xidmət haqqının ödənilməsini köçürmə qaydasında həyata keçirəcəkdir. 2.2. Cavabdehin hal-hazırda qeyd olunan xidmət müqaviləsinə əsasən 18% ƏDV daxil ümumilikdə 12000 manat borcu qalmışdır. Qeyd olunan borc məbləği müvafiq təhvil-təslim aktları və elektron qaimə-faktura ilə öz təsdiqini tapır. Cavabdeh hal-hazırkı vaxtadək qeyd olunan borc məbləğini ödəməmişdir. Borclu hüquqi şəxsin öz borcunu ödəməsi üçün xx.xx.2024-cü il tarixində pretenziya göndərilmişdir. Ancaq hər hansı bir etiraz daxil olmamışdır. Qanunvericiliyin göstərilən tələbinə əsasən, pretenziya məktubu onlayn kargüzarlıq vasitəsilə cavabdehə göndərilmişdir. Eyni zamanda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat da iddiaçı tərəfindən onlayn kargüzarlıq vasitəsilə cavabdehə göndərilmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən tərəflərin hər ikisinin üzərinə düşən icra hərəkətləri olub. İddiaçı həmin hərəkətləri müqavilə ilə müəyyən edilmiş vaxtda və qüsursuz şəkildə yerinə yetirməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb olmadan qarşılıqlı olaraq öz üzərinə düşən öhdəliklərini yerinə yetirmir və yaranmış borcu qəsdən ödəmir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 427.3, 441.1, 448.2-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, texniki xidmət göstərilməsi aktlarından görünür ki, cavabdehin qanuni təmsilçisi xidmətləri birbaşa özü təhvil alıb, aktı imzalayıb. Tərəflər arasında işgüzar münasibətlər belə olub.

6. İddiaçının nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə1 məhkəmə iclaslarında iştirak edərək bildirdi ki, servis aktını sahədə qarşı tərəfin əməkdaşı yoxlayır, xidmətlə razı olduğu təqdirdə akt imzalanırdı. 2023-cü ilin yanvar, fevral ayında təhviltəslim aktı göndərilmiş, lakin geri qaytarılmamışdır.

7. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz etdi və eyni zamanda göstərdi ki, tərəflər arasında işgüzar münasibətlər 2022-ci ilin dekabr ayından sonlandırılmışdır. Təqdim edilən liftlərə texniki xidmət göstərilməsi haqqında 27 fevral 2023-cü il tarixli və 30-31 yanvar 2023-cü il tarixli aktlarda cavabdehin möhürü yoxdur. Həmin aktlardakı imzalar da cavabdehin qanuni təmsilçisinin imzalarına oxşamır. Bu səbəbdən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməlidir.

8. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2 göstərdi ki, iddiaçının əməkdaşları ayda 1 dəfə gəlib ümumi texniki baxış keçirmiş, texniki baxışın nəticələri servis aktları ilə həyata keçirilmişdir. Təhvil-təslim aktları onun tərəfindən imzalanır, möhürlənməsi üçün baş ofisə göndərilirdi. İddiaçı tərəfindən 2022-ci ilin sonuna qədər xidmət göstərilib.

9. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi – qanuni təmsilçisi göstərdi ki, servis aktları onun tərəfindən imzalanmışdır. 2023-cü ilin yanvar və fevral ayları üçün elektron qaimələrin nə üçün ləğvə qaytarılmadığı barədə məlumatı yoxdur.

10. Cavabdeh məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan baxış iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Xidmət müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı

12. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

13. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

14. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli liftlərə texniki xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı ünvan 1 ünvanında yerləşən “Hayat Palace” yaşayış kompleksində quraşdırılmış sərnişin-yük liftlərinə mövcud qayda üzrə texniki xidmət göstərməyi, cavabdeh isə xidmətlərin dəyərini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin ödəniş şərtləri ilə 20 ədəd “Schindler” markalı liftə xidmət göstərilməsi, 1 lift üçün aylıq xidmət haqqının ƏDV daxil olmaqla 100 manat olması, liftlərə ayda ən azı bir dəfə texniki baxış keçirilməsi, hesabat ayının 3 iş günü ərzində liftlərə texniki xidmətə dair irad olmazsa, göstərilən xidmətlərin qəbul olunmuş hesab edilməsi, təqdim edilən aylıq aktlara əsasən hər ayın 10-dan gec olmayaraq keçən ay üçün hesablanmış xidmət haqqının köçürmə yolu ilə ödənilməsi razılaşdırılmışdır. Hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 01 nömrəli təhvil-təslim aktı ilə 2022-ci ilin sentyabr ayı üzrə ƏDV daxil olmaqla 2000 manat, xx.xx.2022-ci il tarixli 02 nömrəli təhvil-təslim aktı ilə 2022-ci ilin oktyabr ayı üzrə ƏDV daxil olmaqla 2000 manat, xx.xx.2022-ci il tarixli 03 nömrəli təhvil-təslim aktı ilə 2022-ci ilin noyabr ayı üzrə ƏDV daxil olmaqla 2000 manat, xx.xx.2022-ci il tarixli 04 nömrəli təhvil-təslim aktı ilə 2022-ci ilin dekabr ayı üzrə ƏDV daxil olmaqla 2000 manat dəyərində xidmət təhvil alınmışdır.

15. İddiaçı xx.xx.2022-ci il tarixli liftlərə texniki xidmət müqaviləsinin məcburi icrasını, yəni həmin müqavilə üzrə 6 ay göstərilmiş xidmətlərinin dəyərinin – 12000 manat məbləğində pulun tutulmasını tələb edir.

16. Cavabdeh xx.xx.2022-ci il tarixli liftlərə texniki xidmət müqaviləsi üzrə 2022-ci ilin sentyabr – dekabr ayları üçün göstərilmiş ƏDV daxil olmaqla 8000 manat dəyərində xidməti qəbul edir, lakin 2023-cü ilin yanvar və fevral ayları üçün təhvil-təslimin aparılmadığına, möhürlü hər hansı aktın yoxluğuna, texniki xidmət göstərilməsi haqqında aktlardakı imzaların qanuni təmsilçi tərəfindən icra olunmama ehtimalına istinad edərək iddianın rədd edilməsini xahiş edir.

17. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

18. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

21. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.

22. Mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.

23. Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.

24. Hazırkı iş üzrə müqavilədə tərəflər hər birinin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.

25. Cavabdehin etirazları ilə bağlı isə göstərilməlidir ki, hər iki tərəfin izahatları və təqdim edilən sübutlar əsasında müəyyən olunur ki, tərəflər arasında formalaşmış işgüzar praktikaya əsasən ayda bir dəfə cavabdehə məxsus 20 ədəd liftə iddiaçının əməkdaşları tərəfindən texniki baxış aparılır, bu barədə “servis aktları” imzalanır, sonra “liftlərə texniki xidmət göstərilməsi haqqında akt”lar tərtib edilərək hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanır. Daha sonra həmin aktlar cavabdehin baş ofisinə göndərilir, “təhvil-təslim aktları”na məhz baş ofisdə möhür vurulur. Belə ki, 2022-ci ilin sentyabr ayı üzrə əvvəla servis aktları tərtib edilmiş, daha sonra liftlərə texniki xidmət göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli akta imza edilmiş, 2022-ci ilin sentyabr ayı üzrə göstərilən xidmət yalnız 29 dekabr 2022-ci il tarixdə hər iki hüquqi şəxsin möhürü ilə təhvil alınmışdır. Eləcə də 2022-ci ilin oktyabr ayı üzrə əvvəla servis aktları tərtib edilmiş, daha sonra liftlərə texniki xidmət göstərilməsi haqqında xx.xx.2022-ci il tarixli akta imza edilmiş, 2022-ci ilin oktyabr ayı üzrə göstərilən xidmət yalnız 29 dekabr 2022-ci il tarixdə hər iki hüquqi şəxsin möhürü ilə təhvil alınmışdır. Analoji praktika mübahisələndirilməyən 2022-ci ilin noyabr və dekabr ayı üzrə göstərilmiş xidmətlərdə də özünü göstərmişdir.

26. Eyni zamanda 2022-ci ilin sentyabr – dekabr ayları üzrə xidmətlərin göstərilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli EBCM 224235, xx.xx.2022-ci il tarixli EBCM 224080, xx.xx.2022-ci il tarixli EBCM 224159, xx.xx.2022-ci il tarixli EBCM 305975 seriya və nömrəli elektron qaimələr tərtib edilərək cavabdehə göndərilmiş, həmin elektron qaimələr sistem tərəfindən təsdiq edilmişdir.

27. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, eyni praktika cavabdehin hazırda mübahisələndirdiyi 2023-cü ilin yanvar və fevral ayı üzrə xidmətlərin göstərilməsi ilə bağlı da özünü göstərmişdir. Belə ki, 2023-cü ilin yanvar ayı üzrə servis aktları tərtib edilmiş, daha sonra liftlərə texniki xidmət göstərilməsi haqqında 30-31 yanvar 2023-cü il tarixli akta imza edilmiş, 2023-cü ilin fevral ayı üzrə servis aktları tərtib edilmiş, daha sonra liftlərə texniki xidmət göstərilməsi haqqında 27 fevral 2023-cü il tarixli akta imza edilmişdir.

28. Cavabdeh liftlərə texniki xidmət göstərilməsi haqqında aktlardakı imzaların ona məxsusluğunu mübahisələndirsə də, servis aktlarına imza etdiyini qəbul etmişdir. Əgər həmin aylar üçün xidmətlər göstərilməmişdirsə, servis aktlarına imza edilməsinin səbəbləri isə cavabdeh tərəfindən izah edilə bilməmişdir.

29. Digər tərəfdən, cavabdeh tərəflər arasında möhürlü təhvil-təslim aktının olmadığını bildirsə də, nəzərə alınmalıdır ki, 2022-ci ilin sentyabr – dekabr ayları üzrə göstərilən xidmətlər üzrə də təhvil-təslim aktları uzun müddət sonra tərtib edilmişdir. Bu isə həmin xidmətlərin göstərilmədiyini təsdiq etmir.

30. Bununla yanaşı, 2023-cü ilin yanvar ayında göstərilən xidmətlərlə bağlı xx.xx.2023-cü il tarixli EBCN 757345 seriya və nömrəli elektron qaimə tərtib edilərək cavabdehə göndərilmiş, həmin elektron qaimədə əsas kimi xx.xx.2022-ci il tarixli müqaviləyə istinad edilmiş, əlavə qeyd kimi 2023-cü ilin yanvar ayı yazılmışdır. Adıçəkilən elektron qaimə sistem tərəfindən təsdiq edilmiş, ləğvə və ya düzəlişə qaytarılmamışdır. Halbuki 2022-ci ilin dekabr ayından xidmətlərin dayandırıldığına istinad edən cavabdeh 2023-cü ilin yanvar ayında dayandırılmış xidmət üzrə, aşkar rekvizitlərlə göndərilən elektron qaiməyə nə üçün etiraz edilmədiyini əsaslandıra bilməmişdir. Oxşar vəziyyət 2023-cü ilin fevral ayında da yaranmış, xx.xx.2023-cü il tarixli EBDA 667137 seriya və nömrəli elektron qaimə adıçəkilən müqaviləyə istinad edilməklə, fevral 2023 qeydi ilə cavabdehə göndərilmiş, sistem tərəfindən təsdiq edilmişdir.

31. Nəzərə alınmalıdır ki, kommersiya hüquqi şəxsləri təşkilati vahidlik, mülki dövriyyədə öz adından çıxış etmək, əmlak müstəqilliyi və s. ilə xarakterizə olunan, mülki dövriyyədə təşkilatlanmış formada iştirak edən sahibkarlıq fəaliyyəti subyektləridir. Bu mənada cavabdehin xidmətləri qəbul etməsi yalnız onun qanuni təmsilçisinin imzası ilə əlaqələndirilə bilməz. Elektron qaimələrin ləğv edilmək üçün qaytarılmaması, ötən dövr ərzində maliyyə-mühasibatlıq hesabatları tərtib edilərkən göstərilməyən xidmət üçün elektron qaimənin mövcudluğunun aşkar olunmaması, bu barədə keçən dövr ərzində hər hansı etiraz göndərilməməsi ağlabatan deyildir.

32. Belə olan halda, məhkəmə göstərir ki, cavabdehin göstərilmiş xidmətlər üzrə 12000 manat məbləğində borcu yaranmış, xx.xx.2022-ci il tarixli xidmət müqaviləsinin 4.3cü bəndində nəzərdə tutulmuş öhdəliyini – göstərilmiş xidmətin dəyərini ödəmək vəzifəsini icra etməmişdir.

33. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

34. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

35. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

36. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

37. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

38. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.

39. Beləliklə, məhkəmə cavabdehin xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, iddia tələbi ƏDV daxil olmaqla 12000 manat məbləğində pulun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, xx.xx.2022-ci il tarixli xidmət müqaviləsi üzrə 12000 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

40. İddiaçı həmçinin 128 manat dövlət rüsumunun, 500 manat hüquqi yardım xərcinin cavabdehdən tutulmasını xahiş edir.

41. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********98 nömrəli qəbzlə iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 128 manat dövlət rüsumu ödənilmişdir.

42. Məhkəməyə təqdim edilən 202449-1826e9b2-1c63-499f-9f90-f723aa95bfa2 identifikasiya nömrəli qəbzdən görünür ki, 500 manat məbləğində pul “Femida” vəkil bürosunun hesabına ödənilmişdir (xx.xx.2024-cü il tarixli EO-1927VK-11519/24 nömrəli order).

43. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

44. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.

45. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

47. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.) nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 500 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.

48. Bununla yanaşı, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.3-cü maddəsinə əsasən hazırkı iddianın qiymətinə (12000 manat) uyğun ödənilməli dövlət rüsumu 126 manat təşkil edir.

49. Beləliklə, yuxarıda göstərilənləri və iddia tələbinin təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 500 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

50. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli liftlərə texniki xidmət müqaviləsi üzrə 12000 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 500 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar